Məhkəmə qərarları › İş №2(009)-141/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-141/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-141/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva X5 Vüqar Əlövsət oğlu Cavabdeh-a qarşı “maddi və mənəzi ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dan səriştəsiz və qeyripeşəkar səviyyədə keçirilmiş cərrahiyə əməliyyatına görə ödədiyi 2500 manat ziyanın, mənəvi ziyana görə 80000 manat və ödədiyi dövlət rüsumunun dəyəri 30 manat, cəmi 82530 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə burnunun forması xoşuna gəlmədiyi üçün Cavabdeh-a müraciət etmişdir. X17 analizlərini müayinə etdikdən sonra bildirdi ki, onun burun çəpərinin əyriliyi var, bunu cərrahiyə yolu ilə düzəltmək mümkündür. Bündan əlavə V.Fərhadov bildirdi ki, burnumun formasını da dəyişəcək. 12 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən cavabdehin binasında üzərində cərrahiyyə əməliyyatı keçirildi. Həmin əməliyyatı X17 keçirdi. Əməliyyatdan əvvəl 2500 (iki min beş yüz) manat xəstəxananın kassasına ödədi və bu barədə hesab-faktura aldı. Cərrahiyyə əməliyyatından sonra bir gecə klinikada qaldı, səhərisi evinə qayıtdı. Özünü çox narahat hiss edirdi. Həkim V.Fərhadov və tibb bacısı ilə mütəmadi telefon əlaqəsi saxlayırdı (telefon nömrəsi: *** *** ** **) və mesaj vasitəsilə yazışırdı. Əməliyyatdan 9 gün sonra onu xəstəxanaya dəvət edib, bildirdilər ki, burnundan silikonu çıxarmalıdırlar. Lakin, V.Fərhadov gipsi açdıqda özü bildirdi ki, silikon qoymağı yaddan çıxarıb. Bundann sonra 3 ay müddətində həkim V.Fərhadovun qəbuluna düşə bilmirdi. Yalnız mesajla məhkəmə məsuliyyəti barədə xəbərdarlıq etdikdən sonra həkim V.Fərhadov onu qəbul etdi, o narazılığını bildirdi ki, burnunun sümüyü qırılıb, burnu əyilib, şişib və burnunun formasında dəyişiklik yoxdur. V.Fərhadov bildirdi ki, hələ əməliyyatdan az müddət keçib, təxminən 1 il ərzində cərrahiyyə əməliyyatının izləri keçəcək, sümüyün qırıq olması xaricdən görünmür və şişkinlik sovrulacaq. Eyni zamanda həkim V.Fərhadov bildirdi ki, əməliyyat zamanı həkimlərdən kimsə ona irad tutub ki, nəyə görə yaşlı xanımı əməliyyat edirsən? Bu sözləri V.Fərhadov özü ona dedi. Əməliyyatdan 1 il keçdikdən sonra yenə də V.Fərhadova müraciət etdikdə o, bildirdi ki, burnu elə əvvəldən əyri idi, bunun ona heç bir aidiyyəti yoxdur. O dedikdə ki, başqa həkimlərə müraciət etmək istəyir V.Fərhadov cavab verdi ki, heç bir həkim ondan yaxşı əməliyyat keçirə bilməyəcək. Əgər ondan yaxşı cərrahiyyə əməliyyatı keçirən olsa ödədiyi pulu geri qaytaracaq. Bundan sonra o 4 nəfər həkimlərə müraciət etdi və onların dördü də yekdilliklə bildirdilər ki, burnunun üzərində keçirilmiş əməliyyat çox keyfiyyətsiz olub. Nəhayət, 19 noyabr 2019-cu il tarixdə «Bakı Sity Hospital»da üzərində yenidən cərrahiyyə əməliyyatı keçirildi, həmin əməliyyat çox uğurlu oldu. Həmin hospitalda ona bildirdilər ki, əvvəlki əməiiyyat qeyri-professional tərəfindən icra olunub və burnumu pis günə qoyublar. Bundan sonra həkim V.Fərhadovla tibb bacısı vasitəsilə dəfələrlə əlaqə saxladı, hər dəfə ona bildirirdi ki, ödədiyi pulunun bir hissəsini qaytaracaq, lakin, yenə də sözünün üstündə durmadı. Nəhayət, 19 fevral 2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək, ödədiyi məbləğin ona qaytarılmasını xahiş etdi. Yenə də V.Fərhadovun tibb bacısı əlaqə saxlayaraq, məhkəməyə müraciət etməməyini, pulu ödəyəcəyini bildirdi, lakin, 5 aydan artıq müddət keçməsinə baxmayaraq, nə cavabdehə ödədiyi 2500 manatı ona qaytarmadılar, nə də ki, cavabdehdən bir cavab ala bilmədi. «Bakı Sity Hospital»ın 20 noyabr 2019-cu il tarixdə verdiyi ******* saylı epikrizindən görünür ki, o 19.11.2019-cu il tarixdə klinikaya xarici burunun deformasiyalı olması, kosmetik deffekti, baş ağrısı və burun tənəffüsünün pozulması şikayətləri ilə daxil olmuş, daxil olarkən aparılan klinik anamnestik laborator müayinələrdən keçmiş, «Xarici burun deformasiyası», «Burun çəpər əyriliyi», «Xroniki hipertrofik rinit» diaqnozu qoyulmuşdur. Cərrahi əməliyyata əks göstəriş olmadığı halda 19.11.2019-cu il tarixdə ümumi anesteziya altında «Reviziyon Septorinoplastika» və «Konxa RF» cərrahi əməliyyatları icra olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə postoreasiyon müalicə aparılmışdır, hal-hazırda xəstənin vəziyyəti kafidir, şikayətləri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1. maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 rıoyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci maddəsində deyilir ki, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 2-ci maddəsində göstəriş var - Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «insan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Cavabdehin qeyri-professional hərəkətləri nəticəsində ona elə bir ziyan vurulmuşdur ki, o bir ildən artıq müddət ərzində dost-tanış, qohum-əqrəba arasına çıxa bilmir, xeyir-şər məslislərində iştirak edə bilmirdi. Bu da ona pis təsir edir, sarsıntı keçirmişdir. Aşağı səviyyədə, qeyri-peşəkar səviyyədə keçirilən cərrahiyə əməliyyatı nəticəsində nəfəs almağı çətinləşmiş, burnumun çəpəri əyilmişdir, daim burnum axırdı, burnumun xarici görünüşü deformiasiyaya uğramış, nəticədə daimi baş ağrıları əmələ gəlmişdir. Buna görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı o 80.000 (səksən min) manat miqdarında müəyyən etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq Cavabdeh-dan səriştəsiz və qeyripeşəkar səviyyədə keçirilmiş cərrahiyə əməliyyatına görə ödədiyi 2500 manat ziyanın, mənəvi ziyana görə 80000 manat və ödədiyi dövlət rüsumunun dəyəri 30 manat, və ekspertiza zamanı keçirilmiş həkim müayinəsi üçün ödədiyi 54 manat, cəmi 82584 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X9 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı üzərində cərrahi əməliyyat keçirmiş X17 ilə X2 MMC arasında işci və işəgötürən münasibətləri mövcud olmamışdır. Bu səbəbdəndə X17 tərəfindən iddiaçının üzərində keçirlən cərrahi əməliyyat zamanı iddiaçıya maddi zərər vurulmuş olsa belə X2 MMC heç bir məsuliyyət daşımır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mü]ki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindəndə göründüyü kimi işəgötürən yalnız öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə daşıyır. Yuxarıda da qeyd etdiyim kimi X17 ilə X2 MMC arasında işci və işəgötürən münasibəti mövcud olmadığından o mülki hüquq pozuntusu törətmiş olsa belə buna görə X2 MMC heç bir məsuliyyət daşımır. O cümlədən qeyd edir ki, İddiaçı üzərində Vüqar Fərhadov tərəfindən keçirilmiş cərrahi əməliyyat zamanı əməliyyat taktikası düzgün seçilərək həkim tərəfindən edilməli olan bütün hərəkətlər edilmiş və görülməli olan bütün tədbirlər görülmüşdür. Cavabdeh təşkilat olaraq yuxarıda qeyd səbəblərdən dolayı iddianı qəbul etmir iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Mənəvi zərər tələbi ilə bağlı cavabdeh təşkilat olaraq bildirir ki, iddiaçının sağlamlığında yaranmış problemdə Klinikanın və X17un heç bir təqsirinin olmaması və bundan dolayı qarşı tərəfə maddi zərər vurmamağı səbəbi ilə mənəvi zərər tələbinin də heç bir hüquqi əsası yoxdur və təmin edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh X4 MMC-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X16 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X7 izahat verərək bildirmişdir ki, ideal burun deyə bir anlayış yoxdur. Elə burun var ki, şiş 2-3 ilə çəkilir. İddiaçının burnu qalın dərili idi, eyni zamanda 63 yaşı var idi. Elə burun olur ki, silikon qoyulur, eləsinə isə ehtiyac olmur. Yaşı ilə bağlı olaraq demək olar ki, əməliyyat zamanı heç sümüklərini qırmamışdır. Əməliyyatdan sonra mütləq ki, şişkinlik olur, sadəcə biraz səbr etmək lazımdır. Şişkinliyin getməyi üçün iynə vurmuşdur. Lakin xanım səbr etmək istəmədi. İkinci dəfə əməliyyat etməyi öhdəsinə götürsə də xanım razı olmadı. Başqa həkim maddi maraq üçün onun işini pisləyərək yenidən əməliyyat edib. Xanım biraz səbr etsə idi, düzələcəkdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X10 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Epikrizindən görünür ki, İddiaçı 12.10.2018-ci il tarixdə burun çəpərinin əyriliyi (xarici burunda deformasiyadan, donqarlıqdan, burun çəpərinin çətinləşməsindən, ağız açıq yatmadan şikayət) diaqnozu ilə müayinə edilmişdir. Xəstəyə Septorinoplastika əməliyyatı olunmuşdur. İş materiallarında olan Cavabdeh hesab-fakturasından görünür ki, əməliyyatın ümumi dəyəri 2.500 manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Baku CİTY Hospitalın Epikrizindən görünür ki, İddiaçı 19.11.2019-cu il tarixdə xarici burun deformasiyası burun çəpər əyriliyi, xroniki hipertrofik rinit diaqnozu ilə müayinə edilmişdir. X1 və Konxa RF cərrahi əməliyyatları icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 12.10.2018-ci il tarixdə burun çəpərinin əyriliyi diaqnozu ilə əməliyyat olunmasına baxmayaraq əməliyyatdan sonra eyni diaqnoz ilə başqa klinikada yenidən 20.11.2019-cu il tarixdə Baku CİTY Hospitalında əməliyyat olunmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziyadan (icazədən) yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bu mənada, tibbi xidmətin göstərilməsi üçün lisenziya almış müəssisə (özəl klinika) faktiki hüquq münasibətində olmadığı şəxslərə həmin lisenziya ilə ona icazə verilmiş fəaliyyəti öz müəssisəsində görülməsinə icazə verməsi, qanunvericiliyin tələblərinin kobud pozuntusudur. Özəl tibbi yardımın göstərilməsi tibbi xidmətin göstərən subyektlə vətəndaş arasında bağlanan müqaviləyə əsasən həyata keçirilməli, həmçinin bu müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini, həmçinin müqavilə şərtlərinin pozulması üzrə tərəflərin məsuliyyətini əks etdirməlidir (“Özəl tibbi fəaliyyət haqqında” Qanun 7-ci maddə). Tibb xidməti göstərən şəxsin məsuliyyəti həmçinin hüquqazidd əməl nəticəsində digər şəxsin sağlamlığına zərər vurduqda da yaranır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Müqavilə şərtlərinin pozulmasından fərqli olaraq mülki hüquqi pozuntu üzrə məsuliyyətin yaranması üçün ilk növbədə tibb xidmət göstərən şəxsin müdaxiləsinin hüquqazidd olmalıdır. Həmçinin təqsirli olaraq yol verilən hüquqazidd əməl nəticəsində şəxsin həyat və sağlamlığına zərər vurulmuş olması məsuliyyətin yaranması üçün digər əsaslardır. Məhkəmə hesab edir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika isə öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçının eyni diaqnoz ilə təkrar əməliyyat olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirtdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 300 manat hissəsində təmin olunmalı qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qoyulmuş diaqnoz ilə edilən əməliyyatın eyni diaqnoz ilə yenidən əməliyyat olunması nəticəsində İddiaçı ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 300 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin həkim müayinəsi üçün ödənilən 54 manat tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə 54 manat öz əksini tapmadığından təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən cərrahiyə əməliyyatına görə ödənilən 2500 manat, mənəvi ziyana görə 300 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən cərrahiyə əməliyyatına görə ödənilən 2500 manat, mənəvi ziyana görə 300 manat və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar