Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1419/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 avqust 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X3 ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanına dair yaşayış-istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanı onun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh mənzildə yaşamır, Fransa Respublikasında yaşayır, lakin formal olaraq evdə qeydiyyatdadır.Cavabdehin evdə qeydiyyatda qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. Cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu əraziyə aid olan 144 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin həmin mənzildə yaşamadığına dair qeyd yazılmış məktub olduğundan məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyəti kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN Baş pasport, qeydiyyat və miqrasiya İdarəsinin 17 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzildə qeydiyyatdadır. 144 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzildə yaşamır, mənzili tərk etmişdir. Məhkəmə iclasında Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanında yaşamadığı iddiaçının izahatı ilə yanaşı işin digər sübutları ilə tam təsdiq olundu. İddiaçının izahatından və iş materiallarından aydın olur ki, cavabdeh mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildə 2005-ci ildən pasport qeydiyyatı olduğundan və 2000-ci il sentyabrın 1-dən sonra mübahisəli yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr məhz Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll olunmalı olduğundan, hazırda eyni qaydada öz həllini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2005-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmış, cavabdehin uzun müddətdir daimi yaşayış yerini dəyişərək mənzildən getməsi və həmin mənzildə formal olaraq qeydiyyatda qalması, iddiaçının bilavasitə mülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Beləliklə, məhkəmə yekun nəticəyə gəlir ki, sözügedən mənzil iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2005-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin hazırda sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il il tarixli, 55- İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh istifadə hüquqlarına xitam verildiyi halda onun himayəsində olan yetkinlik yaşına çatmayan uşağı X1 da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və yetkinlik yaşına çatmayan uşağı X1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh və X1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi ev 1, 20 saylı mənzilə, yeni qaydalarla: Bakı şəhəri, ünvan 1 ünvanına olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1419/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1419/2024
16.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver