Məhkəmə qərarları › İş №2(009)-1424/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1424/2020

14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1424/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi F.R.Ələkbərovun iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X10” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomaşınını Quba rayonunun 2-ci Nüqədi kəndi ərazisində başqa bir maşın vuraraq nəqliyyat hadisəsi törətmiş və həmin hadisədən onun təqsiri müəyyən edilmədiyinə görə, maşınını əzmiş və ona maddi ziyan vurmuş sürücünün sığorta etdirdiyi “xxxxxxxxxxxxx” şirkəti tərəfindən ona vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. Hadisə günü telefonla “xxxxxxxxxxxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış və yaşadığı Quba rayonuna şirkətin əməkdaşları gələrək maşına baxış keçirmişlər. Lakin maşının xarici görünüşündə baş vermiş dəyişiklik maşınını Quba rayonunda təmir edilməsini qeyri-mümkün etdiyi üçün o, məcbur olub təkrarən “xxxxxxxxxxxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış və o, söhbət zamanı ona bildirmişdir ki, “sənin maşınının təmirinə 1500 manat məbləğində pul ayrılmışıq”. O, etirazını bildirmiş və demişdir ki, əzilmiş maşınının təmiri üçün ən azı 4-5 min manat xərci var. Bunu da ona mütəxəssislər maşına baxış keçirərək bildirmişlər. O, buna etirazını bildirdikdə “xxxxxxxxxxxxx”dan ona dedilər ki, “onda maşınını “xxxxxxxxxxxxx”ya gətir və biz maşına baxış keçirib dəyərini müəyyən edək”. O, da maşınını evakuatorla qeyd edilən “xxxxxxxxxxxxx”ya aparmışdır. Lakin maşınına baxmadılar və bildirdilər ki, maşınını Bakı şəhəri, Babək prospektində yerləşən “X8 Azərbaycan” servisinə aparıb, orada onlar düzəltdirəcəklər. O, da razı olub maşınını evakuatorla servisə aparmışdır. Orada mütəxəssislər maşınına baxış keçirtdilər, qeydiyyat apardılar və dedilər ki, onlar necə lazımdırsa maşınını düzəltdirəcəklər. O, maşını həmin servisdə saxlamış və təxminən iki həftə maşın həmin servisdə qalmışdır. O, dəfələrlə “xxxxxxxxxxxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış maşınının təmir edilmədiyini, dəymiş ziyanın həqiqi qiymətinin çıxarılmadığını, süründürməçiliyə yol verilərək şirkət tərəfindən maşınının təmir edilmədiyini bildirsə də, “X8 Azərbaycan“ servisi tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirmə aktı verilmiş və həmin akta maşınına dəymiş ziyanın məbləği 4557 manat müəyyən edilmişdir. O, idarə etdiyi maşını xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə aparıb, yuxarıda qeyd etdiyi servisə təqdim etmişdir. 10 gün gözlədikdən sonra ona servisdən bildirildi ki, “maşının burada ən azı bir ay qalmalıdır. Yaxşısı odur ki, maşınını buradan apar”. O, da məcbur olub maşınını servisdən götürüb aparmışdır. O, fikirləşmişdir ki, onsuzda maşınsız hərəkət edə bilmir və o, servisdən ilkin olaraq bir ədəd dəyəri 270 manat olan ön adi fara, dəyəri 320 manat olan ön bufer, dəyəri 15 manat olan ön buferin sol salaskası, dəyəri 15 manat olan ön buferin sağ salaskasını, cəmi 620 manat dəyərində ehtiyyat hissələrini nağd pulu ilə almış və həmin tarixdə də, yəni xx.xx.2019-cu il tarixdə ehtiyyat hissələrini alıb Quba rayonuna qayıtmışdır. Bu barədə həmin gün ona “X8 Azərbaycan” servisi tərəfindən xx.xx.2019-cu il tarixli iş kartı verilmişdir. Bununla bağlı ona “X8 Azərbaycan” servisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ilkin qiymətləndirmə aktına əsasən ona xx.xx.2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə həmin bank tərəfindən 2487,56 manat məbləğində pul verilmişdir. O, təkrarən məcbur olub avtoservisə getmiş və onlardan dəymiş ziyanla bağlı baxış aktını tələb etmişdir. Onlar tərəddüd edib aktı vermədilər və dedilər ki, onların “xxxxxxxxxxxxx” Şirkəti ilə müqaviləsi var, ona görə göstərə bilmirlər. Daha sonra o, görmüşdür ki, təmirə ehtiyacı olan avtomaşınına dəymiş ziyanı “xxxxxxxxxxxxx” Şirkəti tam həcmdə ödəmək istəmir və cürbəcür bəhanələrlə onu get-gələ salır. O, da məcbur olub təmirə ehtiyacı olan avtomaşınına dəymiş ziyanın dəqiq qiymətini müəyyən etmək məqsədilə xx.xx.2019-cu il tarixdə Quba şəhərində fəaliyyət göstərən “xxxxxxxx” MMC-yə müraciət edərək dəymiş ziyanla əlaqədar ziyan aktı almışdır. Həmin aktda maşınına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir. Qeyd edilmiş ziyan aktına görə ona dəymiş ziyan hal-hazıra kimi ona ödənilməmiş və idarə etdiyi maşın təmir edilməmişdir. İdarə etdiyi avtomaşına vurulmuş maddi ziyanın dəqiqləşdirilməsi məqsədi ilə maşınına mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini təşkil edib, ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxx” Şirkətinin idarə heyətinin sədri cənab Aqşin Cahandirovun adına müraciət etmişdir. “xxxxxxxxxxxxx” Şirkətinin idarə heyətinin üzvü Gülnarə Cavadova tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli 121 saylı cavab məktubunda qeyd edilir ki, hadisə nəticəsində maşınına 2500 manat məbləğində ziyanın vurulduğu müəyyən edildiyinə görə həmin məbləğ ona verilərək bu barədə tərtib edilmiş akta imza etmişdir və bununla da “xxxxxxxxxxxxx” Şirkəti tərəfindən maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyi tam yerinə yetirmişdir. Hadisədən dörd aydan artıq bir müddətin keçməsinə baxmayaraq, idarə etdiyi maşın “xxxxxxxxxxxxx” Şirkəti tərəfindən təmir edilərək ona təqdim edilməmişdir. “xxxxxxxxxxxxx” Şirkəti tərəfindən ona 2500 manat məbləğində pul təqdim edilərkən, yəni bank vasitəsilə ödənilərkən bildirilmişdir ki, həmin 2500 manat məbləği ilkin qiymətləndirmə aktına əsasən verilir. Lakin, o, idarə etdiyi avtomaşınını tam təmir edib işlək vəziyyətə gətirmək məqsədilə maşınını təkrarən mütəxəssislərə göstərərkən, avtomaşına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, “xxxxxxxxxxxxx” Şirkəti avtomaşına dəymiş 4657 manat məbləğində olan ziyandan yalnız 2497,56 manat məbləğində pulu ödəmiş və qalıq qalmış 2170,56 manat pulu ona ödəmək istəmir. Beləliklə, cavabdeh “xxxxxxxxxxxxx” Şirkəti maşınının əzilməsi ilə ona dəymiş 4657 manat-2497,56 manat = 2170,56 manat məbləğində ziyanın ödənilməsi məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün, eləcə də ona maşının təmiri ilə bağlı mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməyə məcburdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “xxxxxxxxxxxxx” Şirkəti tərəfindən maşınının əzilməsi ilə ona dəymiş 4657 manat-2497,56 manat=2170,56 manat məbləğində ziyanın, eləcə də maşının təmiri ilə bağlı ona vurulmuş maddi və mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o avtomobillər bağlı heçnə bilmir. Sığorta təşkilatı əvvəl ona ziyana görə 1500 manat verəcəyini demiş, sonra isə 2500 manat verməsini bildirmişdir. O, 2500 manatı ona görə almışdır ki, Bakıdan ehtiyat hissələri alıb avtomaşını Quba rayonunda təmir etdirsin. 2500 manat avtomaşının real ziyan məbləğinin heç yarısı deyil. ona görə də çəkdiyi xərcin ödənilməyən hissəsini tələb edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh «xxxxxxxxxxxxx» ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, “xxxxxxxxxxxxx” ASC-də xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmış “VAZ-21074” markalı, 10HM989 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı tərəfindən idarə olunan “xxxxxxxxxx” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. İddiaçı məxsus “xxxxxxxxxx” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Sığorta Şirkəti tərəfindən 2500 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Bununla əlaqədar qanuna müvafiq olaraq Sığorta Aktı tərtib olunmuş və həmin akta İddiaçı imza edərək təsdiq etmişdir ki, “bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir”. İddiaçı müəyyən edilmiş zərər məbləği ilə razı olmamaq hüququ olmuş, lakin o, məbləği mübahisələndirilməmişdir. Sığorta aktına imza etdikdən sonra İddiaçı 2500 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və xx.xx.2019-cu il tarixdə o, həmin məbləği hesabından çıxararaq qəbul etmişdir. Bunlardan sonra İddiaçı şirkətə qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən “X11 M2” markalı, 99EK148 dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə X2 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnamənin kserosurətinə əsasən G.Allahverdiyevaya məxsus “X11 M2” markalı, 99EK148 dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi İddiaçı xx.xx.2022-ci il tarixədək etibar edilmişdir. İş üzrə “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən “X11” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 2500 manat ziyan dəymişdir. İş üzrə X9 Azərbaycan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ilkin qiymətləndirmə aktının kserosurətindən görünür ki, “X11 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomaşına 4557 manat ziyan dəymişdir. İş üzrə «xxxxxxxxxxxxx» ASC tərəfindən verilmiş edilmiş xx.xx.2019-cu il tarixli, PGQ-191837 saylı sığorta aktından görünür ki, PGU********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxxxxxxxxxxx» ASC sığorta edilən X3 məxsus «VAZ 21074» markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2019-cu il tarixdə sığortalanmış avtomobil İddiaçı idarə etdiyi “xxxxxxxxxx M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 2500 manat ziyan dəymiş və bununla bağlı 2500 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin aktından həmçinin görünür ki, zərərçəkən üçüncü şəxs İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir. İş üzrə xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «xxxxxxxxxxxxx» ASC tərəfindən İddiaçı sığorta aktına əsasən 2500 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə “xxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ziyan aktının kserosurətindən görünür ki, “X11” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomaşına yolnəqliyyat hadisəsi zamanı 4657 manat ziyan dəymişdir. İş üzrə “xxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Quba rayonu ərazisində İddiaçı tərəfindən idarə olunan “xxxxxxxxxx” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-21074” markalı, 10HM989 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Cəmiyyət tərəfindən İddiaçı idarə etdiyi “xxxxxxxxxx” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı sığorta ödənişi aktına imza edərək zərər məbləği ilə razılaşmış, 2500 manat məbləği qəbul etmişdir. Bununla da, Cəmiyyət baş vermiş sığorta hadisəsinə görə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxx” ASC-də icbari sığorta üzrə sığortalanmış «VAZ-21074» markalı 10HM989 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən idarə olunan “X11 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X11 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər “xxxxxxxxxxxxx” ASC tərəfindən 2500 manat məbləğində qiymətləndirilmiş, iddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. “xxxxxxxxxxxxx” ASC tərəfindən “X11 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərər cavabdeh təşkilat tərəfindən 2500 manat məbləğində qiymətləndirilmişdir və həmin məbləği ona ödənilmişdir. Lakin o, avtomobilini tam təmir edib işlək vəziyyətə gətirilməsi məqsədi ilə təkrarən mütəxəssislərə göstərmiş və “xxxxxxxx” MMC tərəfindən avtomaşına dəymiş ziyan 4657 manata müəyyən edilmişdir. Cavabdeh təşkilatı avtomaşına dəymiş 4657 manat ziyan məbləğindən 2497,56 manat ödənilmiş və qalıq qalmış 2170,56 manat məbləğində ona ödəmək istəmir. Bu səbəbdən iddiaçı avtomobilə dəyən zərərin əvəzi kimi 2170,56 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. Məhkəmə hesab edir ki, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqilyyat hadisəsi zamanı avtomaşınına 4657 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin göründüyü kimi iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Digər tərəfdən sığortaçı sığortalı tərəfindən təqdim edilən ziyan məbləği ilə razı deyil və bu səbəbdən yenidən sığortaçı üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması qanunun pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Yuxarıda qeyd olunduğu kimi sığorta ödənişi ya tərəflərin razılığı ilə müəyyən edilir, mübahisə halında isə məhkəmə tərəfindən. Hazırki iş üzrə göründüyü kimi iddiaçı ziyan məbləğini mübahiləndirmədiyi üçün, o hazırda sığorta ödənişi kimi cavabdeh tərəfindən ödənilməmiş 2170,56 manat məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 2170,56 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində konkret olmadığından və belə bir ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilmədiyindən, təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı sığorta hadisəsi ilə bağlı ödənilməmiş qalmış 2170,56 manat məbləğində ziyanın, həmçinin maşının təmiri ilə bağlı ona vurulmuş maddi və mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar