Məhkəmə qərarları › İş №2(009)-1424/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1424/2024

26.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1424/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvana istifadə hüquqları itirilmiş hesab olunması və bunun qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 3/5, 55 saylı mənzili, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə almışdır. Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. Mənzil lazımi qaydada alqı-satqı edildikdən sonra cavabdehlər bütün əşyalarını götürərək, mənzili ona təhvil verib başqa ünvana getmişlər. Lakin həmin vaxt mülkiyyətinə verilmiş evə iş üzrə olan cavabdeh qeydiyyatda qalmışdır. Cavabdehin mübahisəli mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Dəfələrlə cavabdehə qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 3/5, 55 saylı mənzilin mülkiyyətçisi olan İddiaçıdır və o, hal-hazırda xaricdə işləyir. O, qızının ona verdiyi etibarnamə əsasında qızının xəbəri olmadan, rəfiqəsinin yaxın qohumu olan cavabdehi rəfiqəsinin xahişi ilə işə düzəlməsi adı ilə bir aylıq müddətə mənzildə qeydiyyata düşməsinə razılıq vermiş, lakin bir ay keçəndən sonra cavabdeh mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmiş və ona məhkəməyə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 3/5 saylı evin, 55 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına, kirayə verilməsinə etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev,mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan AA5183620 xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1955-ci ildə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş 7 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, faktiki yaşamır, harada yaşaması barədə məlumatları yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 3/5 saylı evin 55 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə Cavabdeh qeydiyyatdadır, lakin mənzildə yaşamır, uzun müddətdir başqa ünvanda yaşamaqla mənzillə əlaqələrini kəsmişdir, həmin mənzildə cavabdehə məxsus əmlak yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPMnin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 3/5 saylı evin 55 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Rəsul-Rza küçəsi, 3/5 saylı evin 55 saylı mənzilində qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar