Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1450/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sökülmüş hasarın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda olan torpaq sahəsinə onun tərəfindən çəkilmiş daş hasarın Cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilərək, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1999-cu ildəki 648 saylı sərəncamı ilə ona fərdi ev tikmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu ərazisindəki Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi ayrılmış, torpağın naturada yeri müəyyən edilməklə verilən sahə daş hasarla əhatəyə alınaraq sərhədləri müəyyən edilmişdir. Həm bu torpaq sahəsinin, həm də qonşuların yolu bəlli olmaqla yerləşmə cizgisi və torpaq sahəsinin plan ölçüsündə bu fakt öz əksini tapmışdır. Qonşu torpağın sahibi Cavabdeh mülkiyyət hüququnu 26 yanvar 2022-ci il tarixdə qeydiyyata aldırmış, torpağın yerləşmə cizgisi və torpaq sahəsinin, həm də qonşuların yolu bəlli olmaqla yerləşmə cizgisi və torpaq sahəsinin plan ölçüsü də var. Lakin, o, faktiki yolu olduğu halda onun mişar daşdan olan hasarını uçurmuş, ona maddi ziyan vurmuş, özü də torpağını zəbt edərək özünə yeni yol çəkmişdir. Özbaşına zəbt etdiyi özgə torpağından çəkdiyi yolla mütəmadi tikinti materialları daşımaqla geniş tikinti işləri aparır. Onun qanunsuz hərəkətlərindən rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, mübahisə edilən ərazidən yuxarıda iki qardaşına məxsus, aşağıda isə ona məxsus torpaq sahəsi var. Neçə illər bundan qabaq hamının iştirakı ilə orada 8 metr enində gediş-gəliş üçün yol çəkilmişdir. Yolun 4 metr məsafəsi köndələn istiqamətdə qapanmış, 3 metr məsafə isə saxlanmışdır. Cavabdeh faktiki yolu olduğu halda mişar daşdan olan hasarın yarısını sökmüşdür. Həmin ərazi ilə yuxarıdakı yer arasında 2 metr məsafə var. O ərazi çoxdan alınıb və 2 ildir ki, satılmışdır. Lakin köhnə daş hasar əvvəldən mövcuddur. Cavabdeh həmin ərazini Telman adlı şəxsdən almışdır. Sözügedən ərazidə hasar olduğu üçün torpaqlar ayrı-ayrıdır, bələdiyyədən də nümayəndə gəlib baxmış və həmin əraziyə aid sənəd vermişdir. Onlara aid olan ərazidə isə dam kimi tikili vardır. Torpaq sahəsindəki köndələn hasar əvvəllər bütöv şəkildə idi. 23 il bundan qabaq Telman bacısına torpaq sahəsi almış, orada yol olmadığı üçün ona yol verməyi xahiş etmişdir. Qonşularla birlikdə ona 4 metr yol vermişlər. Həmçinin bildirmişdir ki, hasarın sökülməsini bilən zaman bələdiyyə nümayəndəsi Məhəbbət adlı şəxs və İcra nümayəndəsi bir yerdə gedib baxmışlar. Onlar baxan zaman hasar artıq sökülmüşdür. Hər il həmin ərazinin torpaq vergisini ödəyir. Cavabdehə verilən ərazidə olan hasar sökülmüş və oradan qapı kimi istifadə olunur. Həmçinin yuxarıdan da özünə yol açıb oradan istifadə edir. Yəni buradan görünür ki, cavabdehin öz torpaq sahəsinə yolu olduğu halda iddiaçıya məxsus daş hasarı sökmüşdür. Özünə məxsus olan 3 sot torpaq sahəsində elektrik xətti olduğu üçün Çıxarış almaq mümkün olmamışdır. Bununla bağlı müraciət etmişdir ki, oradan elektrik xətti götürülsün. Təqdim olunan sənədlərdən görünür ki, cavabdehin aldığı torpaq sahəsi qardaşı Hacıyev İlqarın adınadır. Şəhriyarın aldığı torpaq sahəsi isə X2 adınadır. 2022-ci ilin yanvar ayında cavabdeh oradan torpaq sahəsi almışdır. Həmin ərazi də Telmana satılıb və Telman oranı 3 yerə bölmüşdür. Buna görə yuxarı tərəfə yol aça bilmirlər, onun üçün də o, kiminsə ərazisini zəbt edib yol açmağa məcburdur. H.Sabirə məxsus torpaq sahəsinə heç kim gəlib-getmir. Buna görə də fürsətdən istifadə ediblər. Telman onun yerinin hesabına torpağı hissələrə bölüb başqa şəxslərə satır, bizneslə məşğul olur. A.Qiyamət 2022-ci ilin yanvar ayında yer alıb və onun yerinə daş düzmüş və Reyetsr İdarəsindən gələn şəxslərə də oranı yol kimi göstərib aldadır. Bələdiyyədə hər bir topaq sahəsinin kodu var. Həmin kodlarla torpaq sahəsini müəyyən etmək olur. Sözügedən torpaq sahəsində 3-4 metr məsafədə yer qoyulub sonra darvaza yeri vardır. Buna görə də həmin sahə sənəddə trapesiya kimi görünür. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh bildirmişdir ki, özünə məxsus olan torpaq sahəsində tikinti aparır. Onun tərəfindən heç bir hasar sökülməmişdir. İddiaçının təqdim etdiyi 1999-cu il sərəncamında həmin torpaq sahəsi iki il müddətində fərdi evin tikintisi üçün verilmiş və qeyd edilmişdir ki, qeyd edilən müddət ərzində tikinti olmazsa, torpaq sahəsi vətəndaşın əlindən alınsın. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2170 trapesiya şəklindədir. İddiaçı iddia edir ki, torpaq sahəsinə çıxış sonradan qoyulmuşdur, amma buna aid hər hansı sübutu yoxdur. iddaçının mübahisə etdiyi torpaq sahəsinin ona məxsus olması barədə heç bir sübutu yoxdur. H.Sabirin qeyd etdiyi 1999-cu il sənədlə iddia etdiyi topaq sahəsi arasında heç bir əlaqə yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. X5rdaşının qonşusudur. H.Sabiri bu mübahisə ilə əlaqədar tanıyır. Mövcud torpaq sahəsindəki hasarın sökülməsini H.Sabirə o demişdir. O, torpaq sahəsini kimin alıb satdığını bilmir. Sadəcə hasarın sökülməsini bilir. Qabaq girişdə olan hasarın hündürlüyü 2 metrdən çox idi. Hasarın iki hissəsi sökülmüşdür. Yer orada trapesiya şəklindədir. Hasarın bir hissəsi hündür yerdə olduğu üçün o biri tərəfindən fərqlənir. Hasarın giriş və girişdən sağ tərəfdə yerləşən hissəsinin söküldüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, o torpaq sahəsini internetdə yerləşən elan vasitəsilə Şəhriyar adlı şəxsdən almışdır. 53 saylı Notariat Ofisində alğısatqı müqaviləsi ilə öz adına alıb. 6 sot torpaq sahəsi hər biri 3 sot olmaqla iki yerə bölünmüşdür. Həmin ərazidən yuxarı küçəyə 2 çıxış vardır. İddiaçının qeyd etdiyi ərazidə kanalizasiya xətti var. Torpaq sahəsini alanda orada daşlar yox idi. Orada yolu bir yerdə çəkiblər. Həmin ərazidə yerləşən tikili iddiaçıya məxsusdur. Oradakı üçbucaq yerdə elektrik xətti vardır. Qeyd edilən ərazidə yerləşən torpaqların əksəriyyəti H.Sabirin adınadır. Həmin torpaqları müxtəlif insanlara satıb pul qazanır. Məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 648 saylı, 12 may 1999-cu il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AN-Ə ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən 0.025 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə məxsus olan X1 almışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 648 saylı, 12 may 1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. 26 yanvar 2005-ci il tarixdə torpaq sahəsinin cizgisi verilmişdir. AN-Ə ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən 0.025 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə məxsus olan X1 almışdır. Sonuncu sonradan həmin torpaq sahəsində tikinti işləri aparır. Həmçinin məhkəmənin yerli baxış iclasında Səbail rayon İcra Hakimiyyətinin 648 saylı, 12 may 1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi trapesiya formasında olmasına baxmayaraq iddiaçının yerli baxışda göstərdiyi torpaq sahəsinin üçbucaq formasında olduğu müəyyən edilmişdir. Həmçinin yerli baxış iclasında iddiaçının göstərdiyi torpaq sahəsində işıq dayağı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 25 metr mühafizə zonası kimi müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan, pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə tərəfindən icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə tərəfindən iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, İddiaçı torpaq sahəsinin ona məxsus olması və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda qanunvericiliyin yuxarıda göstərilən tələblərdən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1450/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1450/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver