Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1454/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesab sahibi olmaqla onun "xxxx" ASC-də olan bank hesabından akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən alınaraq onun bank hesabına geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı, Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş, etibarlılıq müddəti xx.xx.2023-cü il tarixinədək olan MYİ seriyalı, 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayan X3 "xxxx" ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüşdür. Bundan sonra, "xxxx" ASC tərəfindən bank hesabının sahibi olmaqla verilmiş müvafiq məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********039300 saylı məktubunu nəzərə alaraq "xxxx" ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank, Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən həmin Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borclu olduğunu nəzərə alaraq, vəsaitlər köçürülən zaman bu barədə ona məlumat vermədən 2022-ci ilin mart ayında ödənilmiş vəsaitdən 10 faiz dərəcə ilə vergi tutaraq onun "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini silərək dövlət büdcəsinə köçürmüşdür. Hesab edir ki, "xxxx" ASC qanunvericiliyin tələbini pozmaqla Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat vermədən "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini qanunsuz silərək dövlət büdcəsinə köçürmüşdür. Halbuki, "xxxx" ASC vergi agenti qismində çıxış etdiyi səbəbdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə məlumatı ödənişdən əvvəl hesab sahibi olmaqla ona bildirməli idi. Qeyd olunan məbləğdə pul vəsaitinin onun "xxxx" ASC-də olan bank hesabından onun məlumatı olmadan silinərək dövlət büdcəsinə köçürülməsinin qanunsuz və əsassız olması ilə bağlı bir neçə dəfə "xxxx" ASC-yə müraciətlər etsə də, həmin müraciətləri nəticəsiz qalmışdır. Hətta, "xxxx" ASC-yə ünvanladığı 08 may 2023-cü il tarixli, 202/18xx-xx/3665-23 nömrəli Pretenziya məktubuna da cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin, bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə mallar (işlər, xidmətlər), o cümlədən, daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin qeyd olunan maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildirir ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılı müraciətə verilmiş cavab məktubunda da güzəştli vergi tutulan ölkələrə ödənişlər aparılarkən bank tərəfindən verginin tutulması barədə hesab sahibinə əvvəlcədən məlumatın verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyini bildirilməklə, müraciətdə qeyd etdiykləri məsələlərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü, 125-1-ci və 150-ci maddələri ilə tənzimləndiyi qeyd olunmuşdur. Odur ki, onun "xxxx" ASC-də olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitləri Azərbaycan mənbəyindən əldə edilməmişdir, həmin pul vəsaitləri xarici ölkələrdə olan hesablarından daxil olmuşdur. Belə ki, bu faktı onun adına "xxxx" ASC-də olan hesab dövriyyəsini əldə etməklə təsdiqləmək mümkündür. Beləliklə də, "xxxx" ASC tərəfindən onun həmin bankda olan bank hesabından 360.446,45 manat məbləğində pul vəsaitini akseptsiz qaydada silməklə dövlət büdcəsinə ödənilməsi halını Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyi maddələrinin tələblərinə cavab vermədiyindən qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbi üzrə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşmar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddəsini iddiaçı düzgün təfsir etməmişdir. Belə ki, həmin maddədə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı ödənişin Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə edilməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, X3 Cavabdeh ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421, ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448.81 Azərbaycan manatının ekvivalenti olan 941.475.00 Avro, ümumilikdə 3.604.464.51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenştendə olan bank hesabına Cavabdeh ASC-də köçürmüşdür, beləliklə, ödəniş Azərbaycan Respublikasında icra edilmişdir. Qeyd edilən məsələ ilə bağlı, Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə müraciət verilmiş və xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərin həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli Bank, Azərbaycan mənbəyindən gəlirə görə aid edilməyən Məcəllənin 13.2.16.14-1 -ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borcludurlar. Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Vergi orqanında uçotda olmayan fiziki şəxsin ödənişi şəxsi istehlak məqsədilə olmadığından, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır. Həmçinin, xx.xx.2022-ci il tarixində X2 etibarnamə üzrə nümayəndəsi Nail Şahverdiyev ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 3.604.464.51 manat məbləğindən vəsaitin Cavabdeh ASC-də olan hesabına ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan göründüyü kimi, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlərin edildikdə həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, qeyd olunan maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Qeyd olunanlara əsasən vergi orqanında uçotda olan olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən bank tərəfindən ödəmə mənbəyindən 10 faiz dərəcə ilə vergi tutulur. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərin Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Bu sahədə ixtisaslaşmış orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən Bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmasını tərəflərə izah etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh ASC Vergi Məcəlləsinin 150.1.6-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxsin 13.2.16.14-1-ci maddəsində qeyd edilən ödənişini həyata keçirən zaman hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə borclu olmuşdur. Odur ki, X2 Cavabdeh ASC-də olan bank hesabından ümumilikdə 360.446,45 (üç yüz altmış min dörd yüz qırx altı manat, 45 qəpik) manat məbləğində pul vəsaitinin akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilməsi qanunvericiliyin tələblərinə əsasən qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı X2 Cavabdeh ASC-yə qarşı qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəməyə iddia tələbi üzrə etiraz təqdim edərək qeyd etmişdir ki, X2 iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə istinad edərək həmin maddənin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə malların (işlərin, xidmətlərin), o cümlədən, daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyini bildirmişdir. İddiaçı həmin maddənin dispozisiyasından belə nəticəyə gəlmişdir ki, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyindən verginin tutulması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Həmçinin iddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1 -ci maddəsinin 3-cü hissəsinə istinad edərək həmin maddədə nəzərdə tutulduğu halda ödənilən vəsaitlərin ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlərin Azərbaycan mənbəyindən gəlirlər aid edilmədiyini qeyd etmişdir. İlk növbədə, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir. Vergi Məcəlləsinin həmin maddəsinin normasından irəli gələn tələblərdən istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, aşağıda göstərilən hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir: alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla); rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda; həmin Məcəllənin 13.2.16.14-1 ci maddəsinə uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda; vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda; vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə; borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə; Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə; güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə; səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə; qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə). İddiaçı apardığı əməliyyatın həmin maddənin 5-ci hissəsinin təsiri altına düşdüyü qənaətinə gəlsə də, maddənin normasında görünür ki, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Lakin iddiaçı ərizəsində vəsaitin “PAŞA Bank" ASC-də olan bank hesabından Lixtenşteyndə olan bank hesabına köçürüldüyünü bildirmişdir. Yəni güzəştli vergi tutulan ölkəyə ödəniş Azərbaycan Respublikasından edilmişdir. Həmçinin ödənişin şəxsi istehlak məqsədləri üçün edildiyi faktı hər hansı formada öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı ziddiyyətli bir mövqe tutaraq eyni əməliyyatın həm də 13.2.16.14-1-ci maddənin 3-cü hissəsinin təsiri altına düşdüyünü bildirmişdir. Lakin sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Ödənişin xx.xx.2022-ci il tarixində edilməsi təsdiq olunsa da, ödənilən vəsaitin ödəniş tarixindən hesaba 1 il müddətində qaytarılması faktı da öz təsdiqini tapmır. İddiaçının “PAŞA Bank" ASC-də olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitlərinin Azərbaycan mənbəyindən əldə edilmədiyi, həmin pul vəsaitlərinin xarici ölkələrdə olan hesablarından daxil olması dəlilinə münasibətdə isə bir daha bildiririhlər ki, aparılan əməliyyatdan verginin tutulmaması ilə bağlı istisnalar Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-10-cu hissələrində öz əksini tapmışdır. İddiaçının qeyd etdiyi hal isə qeyd olunan istisna hallarının heç birinə uyğun olmamışdır. Nəticədə, iddiaçı istinad etdiyi normaların ona tətbiq edilməli olduğunu həm hüquqi cəhətdən, həm də ki, konkret sübutlarla əsaslandıra bilməmişdir. Bu isə öz növbəsində iddia tələbinin rədd edilməsinə əsasdır. Odur ki, iddiaçı X2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli LUNA20220301 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********3 saylı tapşırıqdan görünür ki, İddiaçı tərəfindən 1.069.421,00 ABŞ dolları məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli LUNA20220401 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********1 saylı tapşırıqdan görünür ki, İddiaçı tərəfindən 941.475,00 Avro məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür. - Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-6 və 150.1.16-cı maddələrinə əsasən fiziki şəxslər 'tərəfindən güzəştli vergi tutulan ölkələrə Vergi Məcəlləsinin 13.2.16.14-1 -ci maddəsində qeyd edilən ödənişlərin icrası zamanı bank ödəmə mənbəyində vergi (ÖMV) hesablamağa və hesablanmış vergini büdcəyə köçürməyə görə öhdəlik daşıyır. Qanunvericiliyin bu tələbinin icra edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödənilməmiş vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulur. Yuxarıda qeyd ediləndən irəli gələrək, sözügedən əməliyyat üzrə 360,446.45 (üç yüz altmış min dörd yüz qırx altı manat qırx beş qəpik) manat həcmində ödəmə mənbəyində vergi Bank tərəfindən hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür. Vergi qanunvericiliyinin tətbiqinə dair müddəaların düzgün tətbiq edilib-edilməməsi məsələsi üzrə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə edilmiş, Bank tərəfindən həm şifahi və həm də yazılı formada bu məsələ ilə bağlı Vergi xidməti ilə müzakirə aparılmış və xidmət tərəfindən verginin tutulmalı olduğu barədə rəy verilmişdir. Pul köçürülən hesabdan (yerdən) bir il ərzində geri qaytarıldığı təqdirdə tutulmuş ödəmə mənbəyindən vergi məbləği qısa vaxt ərzində bank hesabına geri qaytarılacaqdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 Cavabdeh ASC-də olan hesabından silinərək dövlət büdcəsinə ödənilmiş vəsaitin həmin hesaba geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətdə fiziki şəxsin Cavabdeh ASC-də olan hesabı vasitəsilə müəyyən məbləğdə vəsaitin özünəməxsus nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürüldüyü, bank tərəfindən hesab sahibinə məlumat verilmədən ödənilmiş vəsaitdən 10 faiz vergi tutulduğu, vətəndaşın əldə etdiyi vəsaitlərin Azərbaycan mənbəyindən əldə edilmədiyi bildirilmiş və dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılması xahiş edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmçinin, həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, qeyd olunan maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, vergi orqanında uçotda olmayan rezident fiziki şəxs tərəfindən güzəştli vergi tutulan ölkədə yaxtanın təmiri ilə bağlı aparılan ödənişdən bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1 -ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildiririk ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Əlavə olaraq, güzəştli vergi tutulan ölkələrə ödənişlər aparılarkən bank tərəfindən verginin tutulması barədə hesab sahibinə əvvəlcədən məlumatın verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyi tövsiyə olunmuşdur. - xx.xx.2020-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə GTC16/212PB saylı Razılıq ərizəsindən görünür ki, Farkhad X4 xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində http://www.pashaprivate.az/financial_services,827/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasını) diqqətlə oxuduğunu, onun bütün şərtlərini, Müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair şərtlərə riayət olunmasına görə Müştəri olaraq məsuliyyət daşıyır və bu xidmətlərlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq özü və öz hesabına daşıyır. - Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun 2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir. - Həmin müqavilənin İİ.2.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; İİ.2.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur. - xx.xx.2015-ci il tarixli 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin 3.2.2. və 3.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir. - Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3795/2023 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 "xxxx" ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüş, vəsait köçürüldükdən sonra bank tərəfindən akseptiz qaydada ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaiti iddaçının "xxxx" ASC-də olan hesabından silinərək dövlət büdcəsinə köçürülmüşdür. İddiaçı hazırda bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat vermədən "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitini qanunsuz silərək dövlət büdcəsinə köçürməsinin qanunsuzluğunu mübahisələndirir və bu halın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü, 125-1-ci və 150-ci maddələrinin tələblərinə zidd olması ilə əsaslandırır. Cavabdeh isə iddiaya etirazının əsası kimi iddiaçı ilə arasında bağlanmış bank hesabı müqaviləsinin mövcud olmasına, tutulmanın da qanunvericiliyin tələblərinə uyğun olaraq, həmçinin aralarında bağlanmış sözügedən bank heasbı müqaviləsi əsasında həyata keçirilməsinə istinad etmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı Razılıq ərizəsinə əsasən qəbul etdiyi Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun (xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının) İİ.2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 13.2.5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti hesab edilən fiziki şəxs tərəfindən (təqvim ili ərzində üst üstə 182 gündən artıq Azərbaycan Respublikasında qalan) köçürülən vəsaitdən 10 faiz dərəcə ilə vergi tutulur. - 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. - 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşmar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. - 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. - 17.2-ci maddəsinə əsasən, Vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. - 17.3-cü maddəsinə əsasən, Vergi agenti: müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə; vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa; vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur. - 17.4-cü maddəsinə əsasən, vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. - 17.5 -ci maddəsinə əsasən, vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. - 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. - 86.0-ci maddəsinə əsasən vergi aşağıdakı yerlərdə ödənilir: bildirişdə göstərilən yerdə; Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu yer üzrə; vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə; bu Məcəllədə verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə. - 150.1.6-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar. - 150.3-6-ci maddəsinə əsasən Bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa, hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Həmçinin müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Məhkəmə tərəflər arasında yaranmış hazırki mübahisəyə iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı Razılıq ərizəsinə əsasən qəbul etdiyi Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun və xx.xx.2015-ci il tarixli 2015/044HM saylı bank hesabı müqaviləsinin şərtləri baxımından qiymət verməklə hesab edir ki, cavabdeh bank tərəfindən vəsait köçürüldükdən sonra ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitin akseptiz qaydada iddaçının "xxxx" ASC-də olan bank hesabından silinərək dövlət büdcəsinə köçürülməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə tərəflər arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Müştərinin (iddiaçının) Bankda mövcud olan bütün hesablarından pul vəsaitinin akseptsiz qaydada silinməsi qaydası müəyyən edilmiş və iddiaçı onun şərtləri ilə razılaşmasını bu müqaviləni və şərtlərlə razılaşmasını göstərən müvafiq ərizəni imzalamaqla təsdiq etmişdir. Həmin müqavilənin şərtlərinə əsasən qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulması hallarına yol verilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə istinad etməsinə qiymət verərək qeyd edir ki, işin materiallarından iddiaçının həyata keçirdiyi ödənişin xx.xx.2022-ci il tarixində edilməsi təsdiq olunsa da, ödənilən vəsaitin ödəniş tarixindən hesaba 1 il müddətində qaytarılması faktı öz təsdiqini tapmadığından məhkəmə iddianın bu əsası üzrə qiymətləndirmə aparılmasına zərurət görmür. Məhkəmə iddiaçı tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsi ilə bağlı qeyd edir edir ki, həmin normanın məzmununda şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı ödənişin Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə edilməsi nəzərdə tutulmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, İddiaçı Cavabdeh ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421, ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448.81 Azərbaycan manatının ekvivalenti olan 941.475.00 Avro, ümumilikdə 3.604.464.51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün pulun müvafiq hesaba köçürülməsinə dair əməliyyat Azərbaycan Respublikasında Cavabdeh ASC-də aparılmışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunvericiliyin mənasına görə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyindən verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması ilə yanaşı Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Məhkəmə hesab edir ki, ödəniş Azərbaycan Respublikasında icra edildiyi üçün cavabdeh "xxxx" ASC qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən ödəmə mənbəyindən vergini tutmağa borclu olmaqla ödənilmiş vəsaitin 10 faizi həcmində pul vəsaitini iddaçının bank hesabından silərək dövlət büdcəsinə köçürməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, vergi agentinin ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıması qanunvericilikdə birbaşa əks olunmuşdur. Məhkəmə, iddiaçının – onun "xxxx" ASC-də olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitlərinin Azərbaycan mənbəyindən əldə edilməməsi, həmin pul vəsaitlərinin xarici ölkələrdə olan hesablarından daxil olması, bank hesabından 360.446,45 manat məbləğində pul vəsaitini akseptsiz qaydada silməklə dövlət büdcəsinə ödənilməsi halının Vergi Məcəlləsinin maddələrinin tələblərinə cavab vermədiyindən qanunsuz hesab edilməsinə dair- ehtimallar xarakterli dəlillərini formal mülahizələr kimi qiymətləndirir və belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-10-cu hissələrində müəyyən istisnalar öz əksini tapsa da, iddiaçının əsaslandığı hallar qeyd olunan istisna halların heç birinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1454/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1454/2023
23.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver