Məhkəmə qərarları › İş №2(009)-1456/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1456/2023

10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1456/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8300 manat, 3 il özündə saxladığına görə illik 5 faiz olmaqla, 3 ilə görə 15 faiz, yəni 1245 manat, mənəvi zərərə görə 2000 manat, əldə çıxmış faydaya görə 5000 manat, 140 manat dövlət rüsumu, cəmi 16685 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Ona məxsus ** TU *** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı “Toyota Prius” markalı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh (***-*******) tərəfindən ələ keçirilmişdir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına, polisə şikayət etməyinə baxmayaraq heç bir tədbir görülməmiş, cinayətkar məsuliyyətə cəlb edilməmiş, onun əvəzsiz ələ keçirilmiş əmlakının geri qaytarılması istiqamətində dövlət orqanları tərəfindən heç bir addım atılmamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı oğlunun şikayəti təmin edilmiş, HK-1/95 saylı material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərar qanunsuz hesab edilməsi və ləğv edilməsi, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət edən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. Qeyd edir ki, həmin iş üzrə əslində AR CM-nin 178.2-ci maddəsi üzrə cinayət işi başlanılmalı olduğu halda, bu günə qədər istintaq orqanı cinayət işi başlamamışdır. Belə ki, Cavabdeh onu aldadaraq onun avtomobilini ondan almış və sataraq pulunu verəcəyini bildirmişdir, Lakin o onun avtomobilini satmış və onu aldadaraq pulunu ələ keçirtmiş və ona qaytarmamışdır. Belə ki, 2020-ci ilin fevral ayından bu günə qədər o onun pulunu qaytarmamış, onu aldatmışdır. Qeyd edir ki, cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o ona 12000 manat verməli olduğu halda 3700 manat vermiş, 8300 manat isə borcu qalmışdır. Qeyd edir ki, 3 il ərzində həmin pulun gecikdirdiyinə görə ona illik 5 faiz məbləğində pul ödəməlidir. Yəni 3 il üçün 8300 manatın 15 faizi məbləğində, yəni 1245 manat pul ödəməlidir. Həmçinin qeyd edir ki, bu illər ərzində əldən çıxmış fayda ondan tutulmalıdır. Belə ki, o «toyota prius» markalı avtomobili taksi fəaliyyəti ilə məşqul olmaq üçün almışdı. O da ondan geri almasaydı və o həmin avtomobildən özü istifadə edib bu illər ərzində taksi fəaliyyəti göstərsəydi, ən azı ayda 500 manat gəlir əldə edəcəkdi. Buna görə ən azı 5000 manat məbləğində əldə çıxmış fayda şəklində ona pul ödəməlidir. Həmçinin ona vurduğu mənəvi zərərə görə də o 2000 manat məbləğində maddi təzminat ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.7, 1096.1, 1096.2-ci maddələrinə əsasən iddia tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehlə aralarında razılıq olmuşdur ki, ona avtomobil gətirsin xaricdən buna görə də ona 12 000 manat pul ödəmişdir, avtomobili gətirmiş və o, bir ay ərzində sürmüş, lakin avtomobil nasaz olduğundan qaytarmaq istəmişdir. Cavabdeh avtomobili qaytarılmasına etiraz etməmiş, aralarında razılıq olmuşdur ki, satdıqdan sonra onun pulunu geri qaytaracaq, 3700 manat qaytarmış, 8300 manat pul vəsaitini isə hələ də qaytarmamışdır. Həmçinin bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə şikayəti təmin edilmiş, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət edən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınsa da, hazıradək araşdırmanın nəticəsi olmadığı üçün mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, HK-1/95 saylı material üzrə aparılmış araşdırma zamanı Cavabdeh cinayətin tərkibi olmadığından material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlansası rədd edilmiş və ona izah edilmişdir ki, aralarında olan mübahisəli pul məsələsi ilə əlaqədar olaraq mübahisənin mülki qaydada həll olunmasından ötrü aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ** TU *** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılışlı «Toyota Prius» markalı avtomobilin alınması ilə bağlı münasibətləri olmuş, cavabdeh Gürcüstanda şəxsən özü 2007-ci il buraxıllş olan «Toyota Prius» markalı avtomobil alaraq Bakıya gətirib gömrükdə sənədləşmə işlərini apardıqdan sonra baş etibarnamə əsasında iddiaçıya ümumlikdə 12000 manat pul müqabilində satmışdır. İddiaçı tələbində sözügedən avtomobili Cavabdeh tərəfindən ələ keçirilməsini göstərərək onu aldadaraq onun avtomobilini ondan almasını, sataraq pulunu verəcəyini, lakin onun avtomobilini satmasını və onu aldadaraq pulunu ələ keçirərək ona qaytarmamasını, bununla bağlı bağlı dəfələrlə hüquq mühafizə orqanlarına, polisə şikayət etməyinə baxmayaraq heç bir tədbir görülməməsini, cavabdehin məsuliyyətə cəlb edilməməsini, onun əvəzsiz ələ keçirilmiş əmlakının geri qaytarılması istiqamətində dövlət orqanları tərəfindən heç bir addım atılmamasını göstərərək iddiaçıdan həmin məbləğin iddiasında göstərdiyi qaydada faizlərlə, əldən çıxmış fayda və mənəvi zərərin əvəzi ödənilməklə tutulmasını iddia etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək həmçinin bildirmişdir ki, cavabdehlə aralarında razılıq olmuşdur ki, ona avtomobil gətirsin xaricdən buna görə də ona 12 000 manat pul ödəmişdir, avtomobili gətirmiş və o, bir ay ərzində sürmüş, lakin avtomobil nasaz olduğundan qaytarmaq istəmişdir. Cavabdeh avtomobili qaytarılmasına etiraz etməmiş, aralarında razılıq olmuşdur ki, satdıqdan sonra onun pulunu geri qaytaracaq, 3700 manat qaytarmış, 8300 manat pul vəsaitini isə hələ də qaytarmamışdır. İşin materiallarından görünür ki, məhkəmədən əvvəl İddiaçı şikayət ərizəsi ilə Nəsimi rayon Polis İdarəsinə müraciət edərək göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində tanıdığı Cavabdeh ona Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirmək adı ilə ondan Nəsimi rayonu, C.Səlimov küçəsində 12000 manat pul almış, lakin ona gətirdiyi avtomobil keyfiyyətsiz və nasaz olduğu üçün bir ay sonra onun özünə qaytarmış və verdiyi 12000 manat pulu geri istəmişdir. Lakin, Cavabdeh ondan avtomobili götürüb 3700 manat pul qaytararaq pulun qalan hissəsini qaytaracağına söz versə də, bu günə kimi onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Sami Namazovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarında olan İddiaçı izahatından görünür ki, iddiaçı şikayətinin məzmununa uyğun izahat verərək avtomombili təhvil aldıqdan bir ay sonra Cavabdeh özünə qaytarmasını və verdiyi 12000 manat pulu geri istəyərək sonuncunun ondan avtomobili götürüb 3700 manat pul qaytararaq pulun qalan hissəsini qaytaracağına söz versə də, bu günə kimi qaytarmamasını təsdiq etmişdir. “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarında olan Cavabdeh izahatından görünür ki, o, İddiaçı 3 il olar ki, tanıyır. Tanışlıqları Ayazın bacanağı Mehman adlı şəxsin vasitəsi ilə olmuşdur. İddiaçı 2019-cu ilin oktyabr ayında ondan sərfəli qiymətə “Toyota Prius” markalı avtomobil tapmasını xahiş etmişdir. O da bildirmişdir ki, Gürcütan Respublikasında tanışları var və özü də usta olduğu üçün ona sərfəli qiymətə normal vəziyyətdə olan “Toyota Prius” markalı avtomobil gətirə biləcəyinə söz vermişdir. O ilkin olaraq avtomobil gətirmək üçün 450 ABŞ dolları pul almış və Gürcüstana getmişdir. Gürcüstanda şəxsən özü 2007-ci il buraxılış normal işlək vəziyyətdə olan “Toyota Prius» markalı avtomobil alaraq Bakıya gətirib qalan pul da Ayazdan alıb gömrükdə sənədləşmə işlərini apardıqdan sonra baş etibarnamə əsasında Ayaz 12000 manat pul müqabilində almışdır. Avtomobil ümumilikdə sənədləşmə işləri ilə birlikdə 1100 manata başa gəlmişdir. Razılaşmaya əsasən 1000 manat pul isə onun zəhmət haqqı olmuşdur. Avtomaşını Ayaza satdıqdan sonra sonuncu təxminən 4 ay müddətinə avtomobili taksi kimi istifadə edərək sürdükdən sonra onun yanına gətirib güya avtomobilin nasaz olduğunu bildirmişdir. Bu səbəbdən də Ayaz ona verdiyi pulu geri qaytarmağını tələb etmişdir. O, Ayaza bu cür danışmadıqlarını bildirsə də, sonuncu ondan əl çəkməyərək avtomobili istəmədiyini deyib təkidlə pulu tələb etmişdir. Avtomobilə baxdıqda sürətlər qutusunu va hibrit sistemini batareyaları və naqil sistemləri yararsız vəziyyətə salmasını görmüşdür. Buna baxmayaraq avtomobili Ayazdan geri götürüb ondan aldığı puldan 3700 manatını qaytarmış, qalan pulu isə avtomobili təmir edib satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Ayazı aldadaraq ona qarşı dələduzluq etmək məqsədi olmamışdır. Hazırda avtomobili özü vəsaiti hesabına təmir etmişdir. Bir neçə gün müddətində avtomobili satıb Ayazdan aldığı pulun qalan 8300 manatını qaytaracağına söz vermişdir. Göründüyü kimi, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində HK-1/95 saylı material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı avtomobil alınması üçün aldığı 12000 manat puldan 3700 manatını qaytarmasını, qalan məbləğin də qaytarmalı olmasını etiraf edərək avtomobili sataraq qaytaracağını göstərmişdir. Hazırda iddiaçı cavabdehdən qaytarılmayan 8300 manat pulu, 3 il ərzində həmin pulun gecikdirdiyinə görə ona illik 5 faiz məbləğində 1245 manat pulu, həmçinin bu illər ərzində əldən çıxmış fayda kimi ən azı 5000 manat məbləğində əldə çıxmış fayda şəklində pulu, həmçinin ona vurduğu mənəvi zərərə görə də o 2000 manat məbləğində maddi təzminat ödəməli olmasını iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən avtomobilin satdığını və hələ də pulunu qaytamadığını iddia etsə də, cavabdeh tərəfindən iddiaçıdan geri aldığı avtomobilini satmasına dair iş materiallarında sübutlar mövcud deyil, iddiaçı tərəfində də cavabdehin avtomobili satmasına dair sübutlar təqdim edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, avtomobilin satılıb-satılmamasından asılı olmayaraq hər bir halda sonuncu bu məbləği qaytarmağa söz verdiyi halda hazırki vaxta kimi qaytarmadığı üçün iddiaçı cavabdehdən avtomobilə görə ödədiyini pulun qalıq məbləği olan 8300 manatı tələb etməkdə və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh tərəfindən 8300 manat pulun geri qaytarılması hissəsində əsaslıdır və və təmin edilməlidir. Belə ki, cavabdeh sözügedən avtomobili satıb –satmamasından asılı olmayaraq iddiaçıya qaytarmalı olduğu 8300 manat pul sonuncunun mülkiyyətidir və cavabdehin bu məbləğdə pul vəsaitini özündə saxlamaqla geri qaytarmaması qanunsuzdur. Lakin, məhkəmə iddia tələblərinin digər hissələrdə təmin edilməsini mümkün saymır. Belə ki, iddiaçı 3 il üçün 8300 manatın 15 faizi məbləğində, yəni 1245 manat (hər il üçün 415 manat) pulun cavabdehdən tutulmalı olmasının hüquqi əsaslarını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında pulun avtomobil satıldıqdan sonra qaytarılması barədə razılaşma olmuşdur. İddiaçının əldən çıxmış faydaya görə 5000 manat tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Başqa sözlə, normaya əsasən göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) «zərər anlayışı isə tərəflərin məsuliyyəti ilə əlaqəlidir. Yəni, məsuliyyət tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” İddiaçı tələbinin əldən çıxmış fayda hissəsini «Toyota prius» markalı avtomobili taksi fəaliyyəti ilə məşqul olmaq üçün almasını və cavabdehin avtomaşını ondan geri alınmadığı təqdirdə həmin avtomobildən özü istifadə edib bu illər ərzində taksi fəaliyyəti göstərərək ən azı ayda 500 manat gəlir əldə edəcəyi ilə əsaslandırsa da, məhkəmə qeyd etməyi zəruri sayır ki, avtomobilin cavabdehə qaytarılmasının təşəbbüskarı məhz iddiaçının özü olması iddiaçının öz izahatı ilə də təsdiq edilir. Başqa sözlə, iddiaçı avtomobili qaytardıqdan sonra pulunu cavabdehdən geri tələb etmiş, sonuncu pulu tam qaytarmadığı üçün məhz qaytarılmayan məbləğin cavabdehdən tutulmasını tələb etməyə başlamışdır. Belə olan halda iddiaçının əldə çıxmış faydaya görə 5000 manat tələbi əsaslı sayıla bilməz. Məhkəmə iddia tələbinin vurduğu mənəvi zərərə görə 2000 manat məbləğində ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı əsəb gərginliyi, psixoloji sarsıntı keçirməsini, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8300 (səkkiz min üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutularaq İddiaçı ödənilsin dir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8300 (səkkiz min üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar