Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-148/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi R.M.Sadıxzadənin iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-44/2018 saylı, 15.01.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 20.05.2014cü il tarixli, 282-14 ABFŞ saylı kredit müqaviləsi üzrə 49.932,84 manat məbləğində əsas borc, 4.225 manat faiz borcu, gecikdirməyə görə 160 manat faiz borcu, cəmi 54.317,84 manat məbləğində pulun alınıb ”AtaBank” ASC-yə verilməsi,20.05.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 2 nömrəli fərdi yaşayış evinin və X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılmaqla 20.05.2014-cü il tarixli 282-14 ABFŞ kredit müqaviləsi üzrə 54.317,84 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus olan ünvan 2 nömrəli fərdi yaşayış evinin dəyəri ilkin satış qiyməti 60.000 manat, cavabdeh X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Qətnamə icra yönəldikdən sonra, 12.10.2018-ci il tarixdən başlayaraq, 31.03.2020-ci il tarixədək o, ümumilikdə 59.837 manat məbləğində banka ödəniş etmişdir. Bu yaxınlarda, banka yaxınlaşaraq, qətnamə ilə ödənilməsi qət edilmiş pul vəsaiti ödənildiyi üçün girovla yüklü edilmiş evin ipotekadan azad edilməsi tələb edildikdə, bankdan onlara bildirilmişdir ki, ev artıq bankın balansındadır və əgər evin geri verilməsini istəyirlərsə, bu zaman banka 41.000 manat məbləğində pul ödəməlidirlər. Bundan sonra, onun tərəfindən Maraqlı şəxsnə müraciət olunmuş və müəyyən edilmişdir ki, Maraqlı şəxs sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və 3-cü hərracın nəticələrinə əsasən evin dəyəri 38.250 manat müəyyən olunmaqla, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ev Cavabdeh2 ASC tərəfindən alınmışdır. Hər iki hərrac keçirilərkən borclu kimi onlara hərracın keçirilməsi barədə heç bir bildiriş və ya digər formada məlumat verilməmişdir. Əmlakın açıq hərracda satılmasında məqsəd banka olan borcun ödənilməsidir. Lakin, hərrac mərkəzi və onlara məlum olmayan başqa şəxslər əmlakın qiymətini endirməklə, banka olan borcun ödənilməsini mümkünsüz edirlər. Göründüyü kimi, hərracın keçirilmə qaydaları, təkrar hərracın keçirilmə müddətləri qanunla birbaşa olaraq müəyyən olunmuşdur. Yəni, qanunvericiliklə birbaşa olaraq müəyyən edilmişdir ki, həm ilkin hərracın, həm də təkrar hərracın keçirilməsinə 30 təqvim günü qalmış ilk elan verilməlidir, 15 təqvim günü qalmış isə təkrar elan verilməlidir. Lakin hərracın təşkilatçısı "xxxx" MMC qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və hərracı müəyyən olunmuş qaydalara və müddətlərə riayət etmədən birinci və ikinci hərracları ona heç bir bildiriş göndərmədən keçirilmişdir. Bu səbəbdən də "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. Bundan əlavə, 12.10.2018-ci il tarixdən başlayaraq, 31.03.2020-ci il tarixədək onun tərəfindən ümumilikdə 59.837 manat məbləğində banka ödəniş edilmişdir ki, bu məbləğ də qətnamə ilə ödənilməsi qət edilmiş məbləğdən 5.520 manat məbləğində artıqdır. Bu hal, bank tərəfindən ona verilmiş hesabdan çıxarışla da təsdiq edilir. Beləliklə, sübut edilmişdir ki, o, bank qarşısında öhdəliyini tamamilə yerinə yetirmişdir ki, bu da onun bank qarşısında əsas öhdəliyinə xitam verilməsi deməkdir. Bu halda isə bankla onun arasında bağlanmış ipoteka müqaviləsinə faktiki olaraq xitam verilmişdir. Bundan əlavə, o, bank qarşısında öhdəliyini yerinə yetirən zaman artıq ödəmiş olduğu 5.520 manat məbləğində pul vəsaiti də LPO Cavabdeh2 ASC-dən alınaraq ona verilməlidir. Cavabdeh2 ASC-nin uzun müddətdir ki, ona qarşı səbəbsiz süründürməçiliyə yol verməsi, dayanmadan bankın müxtəlif əməkdaşları tərəfindən ona zəng edilərək pulu ödənilməsini tələb etməsi, pulu ödəməyəcəyi təqdirdə evinin əlindən alınacağı barədə hədə-qorxu gəlməsi, həmçinin İddiaçı bank qarşısında öz öhdəliyini tam yerinə yetirməsinə baxmayaraq, onun əmlakının ipotekadan azad edilməməsi, əksinə əmlakının bankın balansına keçirilməsi nəticəsində ona mənəvi zərər dəymişdir. Belə ki, o, bankın bu qanunsuz hərəkətləri nəticəsində uzun müddət əsəb, gərginlik, mənəvi iztirab keçirmişdir. Çünki o, daim evinin əlindən alınacağı, ailəsinin, uşağının küçəyə atılacağı, həmçinin bunun nəticəsində qohum-əqrəba, tanış, qonşular yanında biabır olacağı qorxusu ilə yaşayır. Bankın bu qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin məbləğini 50.000 manat dəyəndirirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC-nin Y-705 nömrəli, 10.12.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Protokolun və hərracın nəticələrinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, T.Ələkbərov küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 20.05.2014-cü il tarixli ipoteka müqaviləsinə 31.03.2020-ci il tarixdən xitam verilmiş hesab edilməsi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi, İddiaçı tərəfindən qətnamə çıxdıqdan sonra 12.10.2018-ci il tarixdən başlayaraq 31.03.2020-ci il tarixədək artıq ödənilmiş 5.520 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Y-75 nömrəli, 10.12.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin hərracın keçirilməsinin etibarsız hesab edilməsi və Şirvan şəhəri, T.Ələkbərov küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evinin LPO "xxxx" ASC-nin adına keçirilmiş olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qətnamə icra yönəldikdən sonra bankdan ona demişlər ki, ödənişləri etsin, heç bir problem olmayacaqdır. O, 2020-ci ilin mart ayınadək, yəni pandemiyaya qədər ödənişlər etmişdir. Pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından sonra ölkə ərazisində məhdudiyyət tətbiq olunduğu üçün ödənişlər etməmiş, məhdudiyyətlər götürüldükdən sonra 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində borc xərc edib, ailə üzvlərinin qızıl zinət əşyalarını satıb, ödənilməyən borcu tam bağlayıb əmlakı yüklülükdən azad etmək istəyərkən bankdan bildirmişlər ki, hərracdan evi almışlar. Bundan sonra o, hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hərrac qanuni əsaslarla keçirilmiş, bildirişlər iddiaçıya göndərilmiş və onun tərəfindən alınmışdır, hətta iddiaçının müraciəti əsasında ona 2019-cu ilin oktyabr ayında məktub göndərilmiş və həmin məktubda hərracdan evin alınması barədə məlumat verilmişdir. Məktub rəsmi qaydada iddiaçıya göndərilmiş və onun tərtəfindən alınmışdır. İddiaçı hərracın keçirilməsindən və banka satılmasından məlumatlı olmuşdur. Əks təqdirdə o, ödənişləri etməzdi. Həqiqətən iddiaçı tərəfindən iş icrada olduğu və hərrac keçirilən ərəfədə də ödənişlər həyata keçirilmiş, bank evi hərracdan aldıqdan sonra yaranan fərq deposit hesaba qoyulmuşdur. Hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməməlidir, bildirişlər rəsmi qaydada iddiaçının ünvanına göndərilmiş və qəbul edilmişdir. Ola bilsin ki, orada yaşayan digər şəxslər tərəfindən imzalanmışdır. Bu halın təsdiq edilməsi üçün poçt şöbəsinə sorğu göndərilməli və yaxud bildirişi çatdıran poçtalyon dindirilməli idi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin və 3-cü şəxs Şirvan şəhər üzrə icra və probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Şirvan şəhər Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(032)-44/2018 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddianın qismən təmin edilməsi, gecikdirməyə görə hesablanmış 1630 manat məbləğində faiz borcunun 160 manat məbləğinədək azaldılması, cavabdeh İddiaçı 20.05.2014-cü il tarixli 282-14 ABFŞ saylı kredit müqaviləsi üzrə 49.932,84 manat məbləğində əsas borcun, 4225 manat məbləğində faiz borcun, gecikdirməyə görə 160 manat faiz borcun, cəmi 54.317,84 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, 20.05.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 2 nömrəli fərdi yaşayış evi və X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsi açıq hərracda satılmaqla 20.05.2014-cü il tarixli, 282-14 ABFŞ kredit müqaviləsi üzrə 54317,84 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus olan ünvan 2 nömrəli fərdi yaşayış evinin dəyəri ilkin satış qiyməti 60.000 manat, cavabdeh X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş məbləğin iddiaçı Cavabdeh2 ASC-nin tələblərindən artıq olduqda, artıq məbləğin cavabdehlər İddiaçı və X3 qaytarılması, satışda əldə olunmuş məbləğin iddiaçı Cavabdeh2 ASCnin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, ipoteka qoyulmuş ünvan 2 nömrəli fərdi yaşayış evin tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan cavabdeh İddiaçı və ailə üzvlərinin fərdi yaşayış evini könüllü olaraq həmin müddət ərzində tərk etmədikdə onların məcburi qaydada oradan çıxarılması, ipoteka qoyulmuş qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan cavabdeh X5 bir ay ərzində ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin tərk etməsi, cavabdeh X2 qeyri-yaşayış sahəsini könüllü olaraq həmin müddət ərzində tərk etmədikdə onun məcburi qaydada oradan çıxarılması qət edilmişdir. İş üzrə hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən 12.10.2018-ci il tarixdən 31.03.2020-ci il tarixədək banka cəmi 59.837 manat ödəniş edlmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən "xxxx" MMC-yə, surəti Cavabdeh2 ASC-yə, İddiaçı və X3 ünvanlanmış 11.09.2018-ci il tarixli məktubun surətindən görünür ki, Maraqlı şəxs icraatında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-44/2018 saylı, 15.01.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu İddiaçı mülkiyyətində olan üzərinə həbs qoyulmaqla tələbin yönəldiyi Şirvan şəhəri 20 Yanvar küçəsi, 12A nömrəli fərdi yaşayış evi və X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın 11-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi satılması üçün hərracın keçirilməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Şirvan şəhəri üzrə icra şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclular X3, X6 göndərilmiş 21.09.2018-ci il tarixli və 05.10.2018-ci il tarixli bildirişlərdən görünür ki, onlara Şirvan şəhəri üzrə İcra Şöbəsinin 5038/1 saylı 11.09.2018-ci il tarixli sifariş məktubuna əsasən Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A nömərli evinin ilkin satış qiyməti 60.000 manata satılması, Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın,11-ci girişinin 1-ci mərtəbəsində yerləşən 30 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 45.000 manata satılması ilə bağlı 24.10.2018-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Şirvan şəhəri üzrə icra şöbəsinə, tələbkar Cavabdeh2 ASC-yə, borclular X3, X6 göndərilmiş 26.10.2018-ci il tarixli və 08.11.2018-ci il tarixli bildirişlərdən görünür ki, onlara Şirvan şəhəri üzrə İcra Şöbəsinin 5038/1 saylı 11.09.2018-ci il tarixli sifariş məktubuna əsasən Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A nömərli evinin satış qiyməti 51.000 manata satılması, Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın,11-ci girişinin 1-ci mərtəbəsində yerləşən 30 kv.metr olan qeyri-yaşayış sahəsinin satış qiyməti 38.250 manata satılması ilə bağlı 28.11.2018-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə Cavabdeh2 ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 05.12.2018-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclardan satılmamış ünvan 2 saylı evinin bank tərəfindən alınması barədə etdiyi təklifi ilə bağlı bildirirlər ki, həmin əmlakın 38250 manata alınmasına razıdırlar. İş üzrə "xxxx" tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 10.12.2018-ci il tarixli Y-705 No-li yekun protokolun surətinə əsasən Şirvan şəhər Məhkəməsinin 2(032)-44/2018 saylı, 15.01.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Şirvan şəhər üzrə icra və probasiya şöbəsinin 5038/1 saylı, 11.09.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evi ilkin satış qiyməti 60.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 38.250 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10.12.2018-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A saylı fərdi yaşayış evi 38.250 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş üzrə "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X3, X6 təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə 27.12.2018-ci il tarixli ödəmə tapşırığına əsasən ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı hesabına 8772 manat pul köçürülmüşdür. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.02.2019-cu il tarixli çıxarışın kserosurətinə əsasən Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin mülkiyyətindədir. İş üzrə ləğv prosesində Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış 07.10.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Cavabdeh2 ASC-nin “Şirvan” filialı ilə İddiaçı arasında bağlanmış 20.05.2014-cü il tarixli, 282-14 ABFŞ No-li kredit müqaviləsinə əsasən İddiaçı iri və xırdabuynuz heyvanların alınması üçün 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. 20.05.2014-cü il tarixli, 282-14 ABFŞ saylı kredit müqaviləsi üzrə ödənişlər vaxtıvaxtında aparılmamış və sənədlər hazırlanaraq məhkəməyə müraciət olunmuşdur. Şirvan şəhər Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2(032)-44/2018 nömrəli qətnaməsi ilə İddiaçı 49932,84 manat məbləğində əsas borc, 4225 manat faiz borcu, 160 manat gecikdirməyə görə hesablanmış faiz borcu, ümumilikdə 54317,84 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində ipoteka bildirişinin qeyd alınması üçün xidmət haqqının, ödəmənin ipoteka müqaviləsi ilə yüklü edilmiş İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin 12.08.2018-ci il tarixli, MH seriyalı, ******* No-li Çıxarışına əsasən məxsus olan Şirvan şəhəri, T.Ələkbərov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 174,4 kv.m., köməkçi sahəsi 217,72 kv.m. olan 2 mərtəbəli, 5 otaqlı 12A nömrəli fərdi yaşayış evinin və X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin 03,10.2008-ci il tarixli MH seriyalı, ******* No-li Çıxarışına əsasən məxsus olan Şirvan şəhəri, 20 Yanvar küçəsndə 0,1172 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 11-ci girişinin 1-ci mərtəbəsində yaşayış sahəsi 30 kv.m., ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin evin və qeyri-yaşayış sahəsinin satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh İddiaçı Z.Bayramovaya qaytarılması qət edilmişdir.Qeyd olunmuş qətnamə icra edilməsi üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamənin icrasını təmin etmək üçün icra məmuru tərəfindən hərracın təşkil olunması barədə sifariş verilmişdir. "xxxx" MMC-nin hərracın yekunu barədə protokoluna əsasən əvvəllər İddiaçı məxsus olan Şirvan şəhəri, T.Ələkbərov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 174,4 kv.m., köməkçi sahəsi 217,72 kv.m. olan 2 mərtəbəli, 5 otaqlı 12A nömrəli fərdi yaşayış evi Cavabdeh2 ASC tərəfindən alınmış və yuxarıda qeyd olunan vəsaitin banka ödənilməsi təmin edilmişdir. 20.05.2014-cü il tarixli, 282-14 ABFŞ saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-nin İddiaçı qarşı heç bir iddia tələbi yoxdur. 21.02.2019-cu il tarixli, RX seriyalı, ******* No-li Çıxarışa əsasən banka məxsus olan Şirvan şəhəri, T.Ələkbərov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 174,4 kv.m., köməkçi sahəsi 217,72 kv.m. olan 2 mərtəbəli, 5 otaqlı 12A nömrəli fərdi yaşayış evini İddiaçı və onunla birlikdə yaşayın ailə üzvləri və digər şəxslər ən geci bir ay ərzində tərk etməsini tələb olunur. Banka məxsus həmin fərdi yaşayış evinin təhlükəsizliyini təmin etmək sməqsədilə kommunal xidmətlərin (qaz,su və işıq) dayandırılması üçün müvafiq qurumlara müraciət olunacaq. İş üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş 17.11.2021-ci il tarixli arayışından görünür ki, hazırki iş üzrə icra vərəqəsinin verilməsinə əsas olan Şirvan şəhər Məhkəməsinin qətnaməsi 15.01.2018-ci il tarixdə çıxarılmışdır.İddiaçı qətnamə borcu 54337,84 manat, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti isə 60.000 manat olmuşdur. Hərracın nəticələri haqqında Y-705 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə 10.12.2018-ci il tarixdə imzalanmış, protokolun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yuxarıda qeyd olunmuş fərdi yaşayış evi üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüququnu təsdiq edən 21.02.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İpoteka predmeti banka 38250 manata təklif olunmuşdur. Məhkəmə qətnaməsinin çıxarıldığı 15.01.2018-ci il tarixdən “Hərracın nəticələri haqqında yekun protokol”un imzalandığı 10.12.2018-ci il tarixədək İddiaçı tərəfindən qətnamə üzrə ümumilikdə 25000 manat ödəniş edilmişdir. Yekun protokolun imzalandığı tarixdən bu günə kimi iddiaçı tərəfindən banka 2600 manat ödəniş etmişdir. 27.12.2018-ci il tarixdə Şirvan İcra Şöbəsinin bank hesabına 8772 manat fərq məbləği qaytarılmışdır. Hal-hazırda İddiaçı LPO Cavabdeh2 ASC-dəki cari hesabına 3394,10 manat pul vəsaiti mövcuddur. İş üzrə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı, həyat yoldaşı X5, qızı X1 şəhəri, T.Ələkbərov küçəsi, ev 12A ünvanda qeydiyyatdadırlar. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 18.01.2022-ci il tarixli 4/1853 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 170-ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasındakı imza, mülki işin 110-111-112-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrin kserosurətlərində “Şəxsən verildi” qrafalarında əks olunmuş imzalar (cəmi 10 imza) – İddiaçı tərəfindən yox, X5 tərəfindən yox, X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(032)-44/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 20.05.2014-cü il tarixli 282-14 ABFŞ saylı kredit müqaviləsi üzrə cəmi 54.317,84 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh2 ASC-nə verilməsi, 20.05.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 2 nömrəli fərdi yaşayış evinə və X3 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 nömrəli binanın, 11-ci girişinin, 1-ci mərtəbəsində sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsi açıq hərracda satılmaqla 20.05.2014-cü il tarixli, 282-14 ABFŞ kredit müqaviləsi üzrə 54317,84 manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaklara yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Şirvan şəhər Məhkəməsinin 15.01.2018ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və fərdi yaşayış evi açıq hərracdan satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evin açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçıya bildirişlər göndərilmişdir. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmadığına görə təkrar hərrac keçirilmişdir.Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” AR Qanununun tələblərinə əsasən mübahisəli ev banka təklif edilmiş, bank həmin əmlakı alaraq onun üzərində mülkiyyət hüququnu rəsmiləşdirilmiş, əmlakın satışından əldə olunan pul vəsaiti və borc arasında yaranan fərq depozit hesaba qoyulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilən hərrac barədə ona hər hansı məlumat verilməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən iddiaçı hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı və hərracın nəticələrinin ləğv edilməsi, hərracın keçirilməsinin etibarsız hesab edilməsi və bankın adına olan çıxarışın ləğv edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının hərrac keçirildikdən 2 il 6 ay müddət keçdikdən sonra hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldıraraq qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı kredit üzrə ödənişləri tərəflər arasında yekun məhkəmə aktı qəbul edilərək icraya yönəldikdən sonra da etmiş, bu hal məhkəməyə təqdim olunan hesabdan çıxarış və cavabdehin məhkəməyə təqdim etdiyi arayışla da təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən iddiaçı ödənişləri 31.03.2020-ci il tarixədək həyata keçirmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş arayışına əsasən məhkəmə qətnaməsinin çıxarıldığı 15.01.2018-ci il tarixdən hərracın nəticələri haqqında yekun protokolun imzalandığı 10.12.2018-ci il tarixədək iddiaçı tərəfindən qətnamə üzrə ümumilikdə 25.000 manat ödəniş edilmiş, yekun protokolun imzalandığı tarixdə bu günə kimi iddiaçı tərəfindən banka 2600 manat ödəniş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin mart ayından sonra ödənişlərin edilməməsi pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən məhdudiyyətlərlə bağlı olmuş, 2020-ci ilin sonu 2021-ci ilin əvvəlində müvafiq olaraq məhdudiyyətlər aradan qaldırıldıqdan sonra ödəniş etmək istədiyi vaxt iddiaçıya məlum olmuşdur ki, artıq baş tutmayan hərracın nəticəsində əmlak tələbkara təklif olunmuş və tələbkar əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxtdan bir neçə ay sonra isə hərracın nəticələrinin ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iddiaçının hərracın onun xəbəri olmadan və ona məlumat verilmədən keçirilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. «İpoteka haqqında» AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmin Qanunun 42.6-cı mdəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi barədə iddiaçıya qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş hərracın keçirilməsi barədə "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş bildirişlərdən görünür ki, həmin bildirişləri 27.09.2018-ci il tarixdə, 09.10.2018-ci il tarixdə, 30.10.2018-ci il tarixdə, 15.11.2018-ci il tarixdə «Bayramov» adlı şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda "xxxx" ASC tərəfindən 07.10.2019-cu il tarixdə İddiaçı müraciətinə əsasında ona ünvanlanan məktub da 10.12.2019-cu il tarixdə «Bayramov» adlı şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı hərracın keçirilməsi barədə bildirişlərin və bank tərəfindən ona ünvanlanan məktubun ona çatdırılması barədə bildirişin onun tərəfindən imzalanmadığını və həmin sənədlərdə olan imzaların ona məxsus olmamasını göstərmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və 18.01.2022-ci il tarixli 4/1853 saylı ekspert rəyi ilə mülki işin 170-ci vərəqində poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasındakı imza, mülki işin 110-111-112-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrin kserosurətlərində “Şəxsən verildi” qrafalarında əks olunmuş imzalar (cəmi 10 imza) – İddiaçı tərəfindən yox, X5 tərəfindən yox, X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Yəni həmin bildirişlərdəki imzalar nə ünvançıya, nə də həmin evdə yaşayan şəxslərin hər hansı birinə aid olmamışdır. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert)—məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar İddiaçı bildirişlər göndərilsə də, həmin bildirişlərin onun tərəfindən rəsmi qaydada alınması təsdiq olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, 10.12.2018-ci il tarixdə keçirilən hərrac barədə İddiaçı məlumatı olmadığından və hərrac mərkəzi tərəfindən bildirişlərin rəsmi qaydada iddiaçı tərəfindən alınmasını təsdiq edən digər sənədlər təqdim edilmədiyindən, bununla da hərracın qanuni əsaslarla həyata keçirilməsini təsdiq edən sübutlar olmadığından, iddia tələbi hərracın etibarsız hesab edilməsi ilə bağlı hissədə əsaslı hesab edilməlidir. Məhkəmə eyni zamanda hərracın yekunları barədə protokol tərtib edildikdən sonra da iddiaçı tərəfindən ödənişlərin edilməsini onun hərracın keçirilməsindən məlumatsız olması barədə dəlillərinin bir daha təsdiqi kimi qiymətləndirir. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. AR Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi təmin edilməli, keçirilmiş hərrac və onun hüquqi nəticələri - hərracı udmuş şəxslərə bağlanan alqı-satıq müqaviləsi etibarsız hesab edilməli, həmçinin mübahisəli evə dair Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunduğu üçün, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertiza xərci cavabdeh "xxxx" MMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olmuş Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A saylı mənzilinin 38.250 manata Cavabdeh2 ASC-yə satılması haqqında "xxxx" MMC tərəfindən 10 dekabr 2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-705 saylı protokol və əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin və həmin hərracın nəticələri ləğv edilsin. Cavabdeh2 ASC-nin adına Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən 12A saylı evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında verilmiş 21.02.2019cu il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. "xxxx" MMC-dən dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 126 (yüz iyirmi altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-148/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-148/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver