Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1521/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda İddiaçı1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Bakı xxxx” MMC və Cavabdeh2 müştərək qaydada ödədiyi 8140 manat məbləğində pulun və 10 000 manat məbləğində mənəvi zərərin alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışıar ki, onların iki qız övladları vardır və qərara almışlar ki, oğlan övladları da olsun və bu məqsədlə Bakı şəhərinə gedib X2-qinekoloji şöbəsinin müdiri Cavabdeh2 ilə məsləhətləşdilər. Həkim Cavabdeh2 onlara dedi ki, süni mayalanma vasitəsi ilə cins problemini həll edə bilirlər. Bunun xərci isə cəmi 7000 manat edir. Əlavə olaraq o bildirdi ki, bu məbləğə əkiz oğlan uşağı da yaratmaq mümkündür. Onlar bildirdilər ki, iki oğlan övladı istəyirlər, amma ekiz yox tək-tək. Mahirə həkim dedi ki, mümkündür, amma belə halda əlavə 3500 manat ödəməlidirlər. Həm də uşaqların doğulmasının arası müəyyən müddət keçməlidir. Onlar ona bildirdilər ki, əgər nəticəyə 100 faiz söz verirsə, bu qədər xərci cəkərlər. Həm də uşağın keyser yolu ilə deyil, təbii doğuş olacağını istəyirlər. Mahirə həkim onlara 100 faiz söz verdi. Bundan sonra Bakıda Mahirə xanım, Gəncə şəhərində X1 Mahirə həkimin rəhbərliyi ilə Pərvinə həkim müalicəyə başladılar. Onlar transferədək 7000 manat xərc çəkdilər. Transfer vaxtı əlavə onlardan 740 manat pul tələb olundu. Onlar xərcin bu qədər artmasına narazılıq etdilər. Həkim isə bildirdi ki, pulu ödəməsələr transfer edilməyəcək. Məcbur olub əlavə 740 manat pulu ödədilər. Onlar həkimə bildirdilər ki, maddi cəhətdən imkanları azdır. Gəncədən Bakı şəhərinə tez-tez gələ bilmirlər. Mahirə həkim dedi ki, cəmi bir dəfə gələcəklər. Amma onlar əlavə xərc çəkib, 3-4 dəfə gedib-gəldilər. Sonra onlara dedilər ki, transfer edilib, hər şey uğurla keçmişdir. Ancaq bir müddətdən sonra dedilər ki, qan analizi göstərmişdir ki, gözlənilən nəticə alınmamışdır. Onlar Mahirə həkimə dedilər ki, o, istədikləri nəticənin alınacağına onlara 100 faiz söz vermişdir. O isə onlara söz verdiyini boynuna almadı. Hazırda bir oğlan uşağının transferi üçün imkan qalır. Ancaq Mahirə həkim buna da zəmanət vermir. Ona görə də, çətin vəziyyətdə qalıb məhkəməyə müraciət etməli olmuşlar. Beləliklə, cavabdeh Mahirə həkimin onları aldatması nəticəsində həm çəkdikləri xərc, həm də zəhmətləri itirilmişdir. Cavabdehlərin hərəkəti nəticəsində onlara Bakı Mərkəzi Klinik Xəstəxanasına transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı şəhərinə gedib-gəldikləri üçün ödənilən 400 manat, cəmi 8140 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim etdikləri qəbzlər transfer və həkim qəbulunun qəbzləridir. Onlar cavabdehlərdən onlara vurulmuş ziyanı tələb etmələrinə baxmayaraq, cavabdehlər həmin ziyanı ödəməkdən imtina etmişlər. Mahirə həkimdən çəkdikləri xərcin geri qaytarılmasını tələb etdikdə bildirdi ki, özləri müqaviləyə imza edib hər şeylə razılaşmışlar. Onlara pul qaytarmalı deyillər. Əslində isə onlara heç bir müqavilə təqdim edilməmişdir. Müalicə qurtarana yaxın onlara hansısa sənədə imza etdirdilər. Soruşdular ki, bu nə sənəddir, bildirdilər ki, işin arasında bu da olmalıdır. Onlar nağd odədikləri puldan başqa mənəvi ziyana düşmüşlər. Belə ki, iki il müddətində dəfələrlə sarsıntı keçirmişlər, həyat yoldaşı mənasız yerə orqanizm üçün zərəli olan ağır müalicələr götürmüşdür. Nəticədə isə bütün ümidləri puç olmuşdur. Hazırda hər ikisinin əsəbləri tam pozulmuşdur. Ona görə də, cavabdehlərdən maddi ziyanla yanaşı, mənəvi ziyana görə 10 000 manat təzminat da tələb edirlər. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh «xxxx» MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, iddiaçılar 2020-ci ildə MKX-ya süni mayalanma üçün müraciət etmişlər. Aparılan müvafiq müayinələrdən sonra İddiaçı2 20.09.2020-ci il tarixində yumurta toplama icra edilmiş və həmin gün ərindən alınan spermlə mayalandırılmışdır və 3 embrion blast mərhələyə çatmış və dondurulmuşdur. 11.02.2021-ci il tarixdə bu embrionlar İddiaçı2 transfer olunmuşdur. 15 gün sonra cavab neqativ olmuş və süni mayalanma alınmamışdır. Hal-hazırda onların bir embrionu var və müvafiq ödənişlər edildikdən sonra həmin embrion transfer edilə bilər. Transferin alınmaması isə tibbi cəhətdən tamamilə mümkündür və bu özünü tərəflər arasında imzalanmış 18.09.2021-ci il tarixli Süni Mayalanmaya görə Tibbi Xidmət müqaviləsində öz əksini tapmışdır. Belə ki, müqavilənin 1.6cı bəndində hamiləliyin baş verməməsi ehtimalı öz əksini tapmışdır. Eyni zamanda iddiaçılarla xəstəxana arasında bağlanmış “Xəstə razılığı” və “Xəstə yaxını razılığı”na əsasən xidmətin nəticəsindən asılı olmayaq iddiaçılar tələb irəli sürməməyi öhdələrinə götürmüşlər. Eyni zamanda valideynlərin istəyi əsasında uşaqların cinsinin seçilməsi barədə deyilən məsələlər tam absurddur və Respublikada belə xidmət mövcud deyil. Lakin tərəf öz üstəyi ilə mayalandırılmış embrionları öz vəsaiti hesabına xarici ölkəyə göndərmişdir. Əgər iddiaçılar özləri və öz vəsaiti hesabına cins seçimi üçün embrionları xarici ölkəyə göndərirsə, əvvəlcədən onlara oğlan söz verilməsi barədə yazdıqları absurddur. Bütün bunları nəzərə alaraq hesab edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, mütəxəssis ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Təqdim olunmuş İddiaçı2 18.09.2020-ci il tarixdə imzaladığı “Xəstə razılığı”ndan görünür ki, o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi (ƏDV daxil) 1840 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Təqdim olunmuş İddiaçı1 18.09.2020-ci il tarixdə imzaladığı “Xəstə yaxını razılığı”ndan görünür ki, o, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi (ƏDV daxil) 1840 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Təqdim olunmuş “xxxx” MMC ilə xəstə (arvad) İddiaçı2 və xəstə yaxını (ər) İddiaçı1 arasında 18.09.2020-ci il tarixdə imzalanmış “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 1.6-cı maddəsindən görünür ki, müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər. Həmin Müqavilənin 3.1-ci maddəsindən görünür ki, ”Xəstə” və ya “Xəstə yaxını” nəticəsindən asılı olmayaraq göstərilən tibbi xidmətin qarşılığı olan (ƏDV daxil) 1840 manat məbləği xidmətin nəticəsindən asılı olmayaraq ödəməlidir. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən ”Xəstə” və ya “Xəstə yaxını” hazırki müqavilə ilə nəzərdə tutulmamış xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı2 arasında 18.09.2020-ci il tarixdə “Sperm, yumurta və embrionların dondurularaq saxlamaq haqqında” müqavilə imzalanmışdır. Təqdim olunmuş “xxxx” MMC-nin arayışından görünür ki, tibbi xidmətin qarşılığı olaraq İddiaçı2 tərəfindən xəstəxanaya 2785,49 manat ödənilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh “xxxx” MMC ilə idiaçılar İddiaçı2 və İddiaçı1 arasında 18.09.2020-ci il tarixdə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” imzalanmışdır ki, həmin müqavilə ilə iddiaçılar süni mayalanmanı qəbul etdiklərini bəyan etmiş və ortaya çıxa biləcək nəticələri həkim və xəstəxana əleyhinə istifadə etməmək barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 1.6-cı maddəsinə əsasən müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər. Eyni zamanda “xxxx” MMC ilə İddiaçı2 arasında 18.09.2020-ci il tarixdə “Sperm, yumurta və embrionların dondurularaq saxlamaq haqqında” müqavilə imzalanmışdır. Göstərilən tibbi xidmətin qarşılığı olaraq iddiaçılar tərəfindən xəstəxanaya 2785,49 manat ödənilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, müalicə nəticəsində süni mayalanma müsbət nəticə verməmişdir. Bununla əlaqədar olaraq, iddiaçılar cavabdehlərə qarşı transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı şəhərinə gəlibgetmələri ilə bağlı çəkdikləri 400 manat xərcin, cəmi 8140 manat maddi ziyanın və mənəvi ziyana görə 10000 manatın alınıb onlara verilməsinə dair hazırki tələbi irəli sürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlərin hərəkəti nəticəsində onlara Bakı Mərkəzi Klinik Xəstəxanasına transfer və müalicə üçün ödədikləri 7740 manat, Bakı-şəhərinə gedib-gəldikləri üçün ödənilən 400 manat, cəmi 8140 manat maddi ziyan və 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılarla xəstəxana arasında bağlanmış xəstə razılığı və xəstə yaxını razılığına əsasən onlar əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədikləri (ƏDV daxil) 1840 manat məbləğin onlara geri ödənilməyəcəyini qəbul etmiş, müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. İddiaçılar xəstəxana ilə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlayaraq müqavilənin bütün şərtləri ilə, o cümlədən “Müdaxilə hər zaman hamiləliklə nəticələnməyə bilər: hamiləlik olsa belə, normal bir uşaqla nəticələnməyə bilər” şərti ilə razılaşdıqlarına dair iradə ifadələrini bildirmişlər. Həmin müqavilə ilə iddiaçılar ortaya çıxa biləcək nəticələri həkim və xəstəxana əleyhinə istifadə etməmək barədə öhdəlik götürmüşlər. İddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində onlara 8140 manat maddi ziyan dəydiyini iddia etsələr də, həmin tələblə bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçılar isə cavabdehin hərəkətləri nəticəsində onlara 8140 manat maddi və 10000 manat mənəvi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Bakı xxxx” MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1521/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1521/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver