Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1524/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi iləm məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi, 14 saylı evə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi, 14 saylı ev onun xüsusi mülkiyyətimdədir. Həmin ev ona məxsusdur. Cavabdeh onun qızıdır, o öz istəyi ilə ailə qurub və ər evinə köçüb gedib. Hal-hazırda da Sabunçu rayonunda yaşayır. Ailə qurduğu gündən mübahisəli mənzildən çıxıb getmiş, öz ailəsi ilə birlikdə ərinə məxsus Sabunçu rayonunda yerləşən xüsusi mükiyyətində yaşayır. Neçə müddətdir ki, cavabdeh formal olaraq qeydiyyatda qalmışdır. Cavabdeh onun evində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, qızı Aytəkin 2007-ci ildə ailə quraraq, qaynanasının Sabunçu rayonunda yerləşən mənzilinə köçmüşdür. Qızı ərə gedəndən daima onun evinə gəlib gedirdi. Qızının həyat yoldaşı uşaqlar kiçik yaşda olanda Kamçatkaya çıxıb getmişdir. Qızının yaşadığı yer ümumi həyət tipli olduğundan, o, qızına demişdir ki, uşaqlarla tək qalıb, gəlib onun evində qalsınlar. Onun evi 2 otaqlıdır. Evdə onunla birlikdə bir qızı Afət yaşayır və Afət ailə həyatı qurmamışdır. Cavabdeh iki uşağı ilə birlikdə özlərinə məxsus geyim əşyalarını, uşaqların iki qat olan çarpayısını, şifonerini gətirərək onun evində yaşadılar. Uşaqları o özü hazırlığa, sonra məktəbə aparıb-gətirmişdir. Uşaqlar şəhərin 132 nömrəli məktəbində oxuyublar. Cavabdehin böyük oğlu 11-ci sinifə, kiçik oğlu 7-ci sinifə qədər həmin məktəbdə oxuyublar. Aytəkin uşaqlarla birlikdə onun evinə gələndə hələ boşanmamışdı. Aytəkini qaynanası onun xəbəri olmadan onu oğlundan boşatdırmışdır. O üç qızını ərə vermişdir, bir qızı Afət ailə həyatı qurmayıb, onunla birlikdə yaşayır, ona baxır, bütün qayğısını çəkir. İndi istəyir ki, cavabdeh onun evindən qeydiyyatdan çıxsın və o, evini satsın, lakin cavabdeh buna razılıq vermir. Keçən ilin iyul ayında cavabdeh onunla dalaşıb onu döydü və ona görə də, qızı Afət polisə müraciət etməli oldu. Aytəkin onu döydüyü üçün o paraliç oldu. Həmin vaxtdan, yəni bir il yarım olar ki, cavabdeh uşaqları ilə birlikdə onun evindən çıxıb getmişdir. Lakin onların geyim şeyləri, uşaqların çarpayısı, cavabdehin şifoneri onun evində qalmışdır. O, istəyir ki, cavabdeh onun evində qeydiyyatdan çıxaraq, ərinin evində qeydiyyata düşsün ki, o, evini sata bilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin olunmamasını xahiş edərək bildirmişdir ki, onun ailəsi əvvəllər Sovetskidə yaşamış, 2004-cü ildə anası mübahisələndirilən 2 otaqlı evi aldıqdan sonra ailəlikcə həmin evə köçərək 2004-cü ildə orada qeydiyyata düşmüşlər. Həmin evdə anası, atası, o və böyük bacısı Afət birlikdə yaşamışlar. Həmin vaxt onun iki bacısı ərdə olmuşdur. O, 2007-ci il tarixdə ailə qurub, Sabunçu rayonuna qaynanasıgilin yaşadığı evə köçüb. Ev MKİS-nə məxsus olub, 2 mərtəbəli evdir və qaynanasıgil birinci mərtəbədə yaşayırlar. Əri ilə nikahları 2019-cu ildə məhkəmə qaydasında pozulub. O, ərə gedəndən daima anasının yanına gedib gəlmiş, anasının evində də qalmışdır. Onun nikahından iki oğlu var. Uşaqlar balaca olanda əri Kamçatkaya çıxıb getmişdir. Böyük oğlu 6 yaşına çatanda anası ona dedi ki, uşaqları gətirib onun evində yaşasınlar ki, uşaqlar şəhər məktəbində oxusunlar. O da uşaqları ilə birlikdə özlərinə məxsus əşyalarını götürərək anasının evinə yaşamağa gəlmişdir. Onun uşaqları doğulanda qaynanasının evində qeydiyyatda olublar. Anasının sözü ilə o, uşaqlarını qeydiyyatdan çıxardı və anası onun uşaqlarını öz evinə qeydiyyata saldırdı ki, uşaqlar burda oxusunlar. Böyük oğlu 11-ci sinifə qədər, kiçik oğlu 7-ci sinifə qədər Səbail rayonu 132 nömrəli məktəbdə oxuyublar. Böyük oğlunun voenkomat məsələsi ilə bağlı bu evdən qeydiyyatdan çıxaraq Sabunçuda olan evə qeydiyyata düşmüşdür. Anası sonra ona demişdir ki, uşaqlar atalarının yanında qeydiyyatda qalsınlar. Sonra bacısı Afətin sözü ilə anası evi satmaq istədi və anasını ona qarşı qaldırdı. Bacısı Afət evə polis çağırdı, ona iftira atdı ki, guya o, anasını döyüb. O, onkoloji xəstədir, həmin evdən başqa onun yaşamağa başqa yeri yoxdur. O, il yarım olar ki, məcburiyyət qarşısında uşaqları ilə birlikdə yaşadığı evdən çıxaraq, bacısı Qüdrətin Binəqədi rayonunda olan evində yaşayır. O, uşaqları ilə birlikdə anasının evində yaşayanda, əri Rusiyadan pul göndərirdi və o heç vaxt anasının pensiyasına göz dikməmişdir. Onun və uşaqlarının geyim şeyləri, uşaqlrın çarpayısı və onun şifoneri anasının evindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır, cavabdeh isə onun bacısıdır. Bacısı Cavabdeh 2007-ci il tarixdə ailə qurduqdan sonra Sabuncu rayonuna gəlin köçüb və orada qaynanaya məxsus evdə bir müddət yaşayıb. Aytəkin Sabunçuda yaşasa da daima anasının evinə gedib-gəlmiş, orada da yaşamışdır. Aytəkinin əri Kamçatkaya çıxıb getdikdən sonra anası şəxsən istəyib ki, Aytəkinin uşaqları onun yanında yaşayıb, şəhər məktəbində oxusunlar. Anasının istəyi ilə Aytəkin uşaqları ilə birlikdə anasının evində yaşayıblar və bacısının uşaqları Səbail rayonunda yerləşən 132 saylı məktəbdə oxuyublar, böyük oğlu 11-ci sinifə qədər, kiçik oğlu 7-ci sinifə qədər həmin məktəbdə oxuyublar. 2023-cü ilin iyulun 19-dan bacısı Aytəkin uşaqları ilə birlikdə onun evində yaşayırlar. 80 yaşlı anasını bacısı Aytəkinə qarşı qaldıran bacıları Afətdir. Belə ki, Afətin fikri evi satdırıb, pulunu özünə götürməkdir. Bacısı Aytəkin onkoloji xəstədir, onun qaynanasının evi zirzəmi tiplidir və ev nəmişlikdir. Bacısının orada yaşaması mümkün deyil, onun anasının evindən başqa yaşayış yeri yoxdur. Məhkəmə işə baxıb, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İş materiallarında olan AR DİN-nin xx.xx.2024-cü il tarixli, ******* No-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-ci il tarixli, **********5 saylı çıxarışından görünür ki, ünvan 2 ünvanda paylı mülkiyyət üzrə 2 otaq İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1944-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1974-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qeyd olunan maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu ilə şərtlənir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarında izah etmişdir ki, mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibrlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə iclasında tərəflərin izahatları və şahid ifadəsi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh 2004-cü ildə anası, iş üzrə iddiaçının mülkiyyətində olan mənzilə ailə üzvü kimi köçərək orada mülkiyyətçi və digər ailə üzvləri ilə birlikdə yaşamış, 2007-ci ildə ailə quraraq həyat yoldaşının valideynləri ilə birlikdə Sabunçu rayonunda yaşadığı mənzilə köçmüş, buna baxmayaraq, daima mübahisəli mənzilə gedib-gəlmiş, orada qalmışdır. Cavabdehin uşaqları kiçik yaşlarında olarkən cavabdehin həyat yoldaşı Kamçatyaya getmiş, bundan sonra iddiaçı cavabdehi iki azyaşlı uşağı ilə birlikdə öz mülkiyyətində olduğu evə gətirərək, uşaqları mübahisəli evdə qeydiyyata saldırmışdır ki, onlar şəhər məktəbində oxusunlar. Cavabdeh özünə və uşaqlarına məxsus əşyalarını da mübahisəli evə gətirmişdir. Cavabdehin həyat yoldaşə ilə nikahları 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdehin böyük oğlu 11-ci sinifə, kiçik oğlu isə 7-ci sinifə qədər Bakı şəhəri Səbail rayonu 132 nömrəli orta məktəbdə oxuyaraq mübahisəli evdə iddiaçı və digər ailə üzvləri ilə birlikdə yaşamışlar. Bundan sonra, 2023-cü ildə iddiaçı mülkiyyətində olan mənzili satmaq qərarına gəlmiş, bununla bağlı tərəflər arasında münaqişə yaranmış və həmin münaqişə zəminində 19 iyun 2023-cü il tarixdə iddiaçı cavabdehi iki övladı ilə birlikdə evdən çıxartmışdır. Cavabdehə və onun övladlarına məxsus əşyalar, geyim şeyləri, çarpayıları və cavabdehə məxsus şifoner mübahisəli mənzildə qalmışdır. Mübahisəli evdən çıxarıldıqdan sonra cavabdeh iki övladı ilə birlikdə bacısına məxsus Binəqədi rayonunda yerləşən mənzildə yaşamağa məcbur olmuşdur. İddiaçı cavabdehin ailə qurduğu gündən mübahisəli mənzildən çıxıb getməsi, ərinə məxsus Sabunçu rayonunda yerləşən evdə yaşaması, mübahisəli mənzildə isə formal olaraq qeydiyyatda qalması və bunun mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırması əsası ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında izah etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə müəyyən olunan hallara qiymət verərək, eləcə də, Konstitusiya Məhkəməsinin Plenumunun izahına əsasən və qanunun yuxarıda qeyd olunan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququna yalnız mülkiyyətçi tərəfındən müvafıq kompensasiya verilməklə xitam verilə bilər, iddiaçı isə cavabdehin istifadə hüquqlarının kompensasiya verilməklə itirilməsi ilə bağlı deyil, adi qaydada xitamı ilə bağlı müraciət etmişdir, ona görə də, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1524/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1524/2024
18.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver