Məhkəmə qərarları › İş №2(009)-1525/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1525/2024

17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1525/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 24 saylı mənzilini notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən dəyəri onun tərəfindən ödəməklə qızı X4 adına almışdır. Lakin sonra, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 24 saylı mənzil onun adına keçirilmişdir. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir. Lakin həmin vaxt mülkiyyətinə verilmiş evə iş üzrə olan cavabdeh qeydiyyatda qalmışdır. Cavabdehin harada yaşaması ona məlum deyil, lakin eşitdiyinə görə işləməyə xarici ölkəyə getmişdir. Cavabdehin mübahisəli mənzildə yaşamamasına baxmayaraq həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 24 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, aprel ayından Cavabdeh qızı Zəhra və övladları ilə birlikdə ölkəni tərk etmişlər, lakin hansı ölkəyə getmələri barədə məlumatı yoxdur. Mübahisəli evdə cavabdehə aid hər hansı bir əmlak mövcud deyil. Evin bağışlanmasına Anar notariat qaydada razılıq ərizəsi vermişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 168 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X9 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili paylı mülkiyyətçilər X1 (1/2 hissə) və X2 (1/2 hissə) almışdır. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş və X9 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 7 saylı evin ümumi sahəsi 22 kv.m. olan 24 saylı mənzilini İddiaçı bağışlamışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, ümumi sahəsi 22 kv.m. olan 24 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə AR DİN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh, X13, X15 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Səbail rayon MKTB-nin 45 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 (mənzilin sahibi), nəvəsi X13, nəvəsi X15 və kürəkəni Cavabdeh Bakı şəhəri, Buxta küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Cavabdeh tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli **********544 saylı ərizənin surətindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş arvadı X6 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin (**********) bağışlanmasına etiraz etmir, eyni zamanda bəyan edir ki, aralarında bağışlanan əmlakın hüquqi rejiminin müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 7 saylı evin 24 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə iddiaçının qızı X4 mülkiyyətində olmuş, həmin mənzil alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının qızı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş, onlar arasında həmin əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanılmamış və mənzil Z.Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamış, Cavabdeh həmin əmlakın bağlışlanmasına etiraz etməmə barədə notariat ofisinə ərizə ünvanlanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 7 saylı evin 24 saylı mənzili iddiaçının mülkiyyətindədir və iş üzrə cavabdeh iddiaçının kürəkənidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin mülkiyyətində olan mübahisəli evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 7 saylı evin 24 saylı mənzil iddiaçının qızı - X9 ilə Cavabdeh birgə nikah dövründə əldə edildiyindən onların ümumi əmlakı hesab edilir və həmin əmlak barədə sərəncam vermək (özgəninkiləşdirmək, bağışlamaq və s.) onların qarşılıqlı razılığı ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin iddiaçıya bağışlanması Cavabdeh razılığı ilə həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, istifadə hüququ mülkiyyət hüququnun bir komponentidir. Hətta mülkiyyətçi olmayan şəxsin yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlədən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzilin bağışlanmasına razılıq verdiyindən, bununla da həmin əmlak üzərində mövcud olan mülkiyyət hüquqlarından könüllü imtina etdiyindən, həmin mənzildən köçərək getdiyindən və yaşamadığından, iddiaçı tərəfindən qaldırılan tələb əsaslı hesab edilməli, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı evin 24 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar