Məhkəmə qərarları › İş №2(009)-1542/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1542/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1542/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (video zəng vasitəsilə), X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1-dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdehlər onun doğma övladlarıdır. X8 xx.xx.1992-ci ildə, Cavabdeh1 xx.xx.1996-cı ildə, Cavabdeh2 xx.xx.2000-ci ildə anadan olmuşlar. Onlar doğulan gündən 2010-cu ilə kimi ünvan 1-də yaşamışlar. Lakin, 2010-cu ildən o, uşaqlarıyla birlikdə Almaniya Respublikasına mərhum həyat yoldaşının qohumlarının evinə getməli olmuşdur. Özü uşaqlarla birlikdə bir neçə il orada yaşamışdır. Lakin, Azərbaycan Respublikası üçün darıxdığına görə Almaniyada qala bilməmişdir. Amma uşaqları mərhum həyat yoldaşının qardaşı və bacısı ilə birlikdə qalmışlar. Həmin vaxtdan bu günə kimi də onlar Almaniya Federativ Respublikasında yaşayırlar. 2010-cu ildən bu günə kimi də Azərbaycana gəlməmişlər. Bu ev mərhum həyat yoldaşının atası X4 verilmişdir. O və həyat yoldaşı və həmçinin onun həyat yoldaşı vəfat etdikdən sonra bu mənzil Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 447 saylı sərəncamı ilə onun və 4 övladının istifadəsinə verilmişdir. O, bu mənzilə dair öz adına sənədləşmə işləri aparmaq üçün müvafiq dövlət orqanlarına müraciət etdikdə sərəncamda onların da adı olduğu üçün onların da razılığı tələb olunacaqdır. Bir halda ki, artıq 14 ildən çoxdur ki, cavabdehlər bu mənzildə yaşamırlar. Köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə də icarədar və ya onun ailə üzvüləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay müddətinə saxlanılır. İşin hallarından da görünür ki, cavabdehlər 14 ildən çoxdur ki, bu mənzildə yaşamırlar. Ona görə də onlar bu mənzildən istifadə hüququnu itirmişlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etdiyini, uzun müddətdir ki, Almaniya Federativ Respublikasında daimi olaraq yaşadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini, uzun müddətdir ki, Almaniya Federativ Respublikasında daimi yaşadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini, uzun müddətdir ki, Almaniya Federativ Respublikasında daimi olaraq yaşadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 14 iyul 2005-ci il tarixli, 36/737 nömrəli arxiv arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 07 oktyabr 1974-cü il tarixdə X2 032168 nömrəli order verilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2005-ci il tarixli, 447 nömrəli sərəncamından görünür ki, Əlibəyov qardaşları küçəsi, 26 saylı evin, iki otaqlı, sahəsi 23.5 m2 olan 5 saylı mənzilinin şəxsi maliyyə hesabı 1992-ci ildən həmin ünvanda qeydiyyatda olan İddiaçı adına dəyişdirilmiş, vətəndaş İddiaçı 5 nəfərlə (özü, iki qızı və iki oğlu) Əlibəyov qardaşları küçəsi, 26 saylı evin, 5 saylı mənzilinin icarədarı hesab edilmişdir. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 150699 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X5 qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 150691 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Cavabdeh1 Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 150692 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2000-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. - Səbail rayon MKTB-nin 46 saylı MKİS-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları, ev 26 mənzil 5 yaşayan İddiaçı övladları qonşulardan alınan şifahi olan məlumata əsasən xx.xx.1992-ci il təvəllüdlü qızı X8 2011-ci ildən, xx.xx.1996-ci il təvəllüdlü oğlu Cavabdeh1 2010-cu ildən, xx.xx.2000-ci il təvəllüdlü oğlu Cavabdeh2 2010-cu ildən hal-hazıra kimi bu mənzildə yaşamır. Onların harada yaşaması barədə MKİS-də məlumat yoxdur. - Dövlət Sərhəd Xidmətindən daxil olmuş cavab məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2010-cu ildən, Cavabdeh2 xx.xx.2010-cu ildən, X8 isə xx.xx.2011-ci ildən Azərbaycan Respublikasının dövlət sərhədindən keçmiş və bir daha giriş etməmişlər. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair 07 oktyabr 1974-cü il tarixdə X2 032168 nömrəli order verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2005-ci il tarixli, 447 nömrəli sərəncamı ilə həmin mənzilin şəxsi maliyyə hesabı İddiaçı adına dəyişdirilmiş və o, övladları ilə həmin mənzilin icarədarı hesab edilmişdir. Cavabdeh qismində göstərilən xx.xx.1992-ci il təvəllüdlü qızı X8, xx.xx.1996-ci il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 iddiaçının övladları olmaqla anadan olan vaxtdan mübahisəli ünvanda yaşamış və istifadə hüquqları yaranmışdır. Dövlət Sərhəd Xidmətindən daxil olmuş cavab məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2010-cu ildən, Cavabdeh2 xx.xx.2010-cu ildən, X8 isə xx.xx.2011-ci ildən Azərbaycan Respublikasının dövlət sərhədindən keçmiş və bir daha giriş etməmişlər. Hazırda iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini onların 6 aydan çox müddətə xarici ölkədə - Almaniya Federativ Respublikasında daimi yaşamaları ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olub-olmamasına qiymət verilməli olması baxımından məhkəmə hesab edir ki, yaşayış sahəsinin icarədarı ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən cavabdehlərin təvəllüdünü və mübahisəli ünvandandan istifadə hüquqlarının yarandığı vaxtı nəzərə alınmaqla 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə həmin müddətə qədər qüvvədə olan mənzil qanunvericiliyinin 60 və 87-ci maddələrinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi barədə iddia ilə müraciət etmək hüququ icarədar və ya onun ailə üzvlərinə məxsusdur. - 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqdamüddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. - 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. - 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla yanaşı, tərəflərin izahatı ilə də təsdiq edilmişdir ki, cavabdehlər xx.xx.1992-ci il təvəllüdlü qızı X8, xx.xx.1996-ci il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 iddiaçının övladları olmaqla anadan olan vaxtdan mübahisəli ünvanda yaşamış və həmin mənzilə istifadə hüquqları yaranmışdır. Bununla yanaşı o hal da müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu ildən, Cavabdeh2 xx.xx.2010-cu ildən, X8 isə xx.xx.2011-ci ildən Azərbaycan Respublikasından gedərək Almaniyaya köçmüş və o vaxtdan daimi olaraq orada yaşayırlar. Məhkəmə, hazırki münasibətlərə tətbiq edilməli olan qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunda göstərilən hüquqi mövqeni, cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamalarını, Almaniyaya köçüb orada daimi olaraq yaşamalarını, bununla bağlı cavabdehlərin izahatını nəzərə alaraq, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar