Məhkəmə qərarları › İş №2(009)-1557/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1557/2021

16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1557/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı – cavabdeh “xxxx” MMC-yə qarşı «əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “xxxx” MMC-yə qarşı «əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 794,25 manat vergi məbləğinin və nəzərə alınmamış 666,75 manat beh məbləğinin, 3.000 manat maddi və mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31.07.2019-cu il tarixdə cavabdeh tərəfindən keçirilən açıq hərracda iştirak edərək X1 məxsus olmuş Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən 0,15 ha torpaq sahəsini və fərdi yaşayış evini iddiaçı satın almışdır. Hərracda iştirak etmək üçün ilkin olaraq 666,75 manat məbləğində beh ödəmişdir. Əmlak 13,335 manata satışa çıxarılmış və həmin qiymətə iddiaçı tərəfindən alınmışdır. Ödənilən beh əmlakın alqı-satqısı zamanı 13,335 manat puldan çıxılmamışdır. Bundan əlavə 794,25 manat əmlak vergisi əlavə olaraq iddiaçıdan alınmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Cavabdeh lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: Y -206 nömrəli Hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, X1 məxsus olmuş Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 13,335 manat qiymətinə İddiaçı satılmışdır. 074532 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 666,75 manat pul cavabdeh təşkilatın hesabına ödənilmişdir. GST № 260651 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 794,25 manat məbləğində pul cavabdeh təşkilatın hesabına ödənilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi mübahisələndirilən halları, habelə cavabdehə 666,75 manat məbləğində ödəmiş olduğu behin əsas məbləğə hesablanmadığını, habelə cavabdehə 794,25 manat məbləğində ödəmiş olduğu məbləğin məhz əmlak yaxud torpaq vergisi olduğunu təsdiq edə biləcək heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdeh “xxxx” MMC-yə qarşı «əsassız olaraq ödənilmiş məbləğin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar