Məhkəmə qərarları › İş №2(009)-1571/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1571/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1571/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Fərzəliyeva Zinyət və Cavabdeh1 2013cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən torpaq sahəsini X4 həyat yoldaşı Cavabdeh2 onun adına yuxarıda göstərilən torpaq sahəsi üçün 9000 manat pul vəsaiti verilmişdir. Bundan sonra təxminən on beş gün sonra həmin torpaq sahəsində tikinti işləri üçün 1500 manat pul vəsaiti xərcləyərək kürsülü tikinti işləri aparılmışdır. Lakin 2014-cü il tarixdə ehtiyac üzündən həmin torpağı Kamil İsmayılova satılmışdır. Kamil isə öz növbəsində bir iki il sonra həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Cavabdeh1 qaynatasının vəfat etməsindən sui-istifadə edərək cavabdeh Fərzəliyeva Zinyət ilə əlbir olaraq həmin torpaq sahəsində ev tikilmişdir. Bundan sonra X3 rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı X7 iddiası qismən təmin edilərək, ondan 9000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmışdır. Bundan sonra o, öz növbəsində Cavabdeh1 barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət edərək, aldığı torpaq sahəsini qanunsuz zəbt edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılması barədə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı Ruhid Yaqublu tərəfindən araşdırılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 122 manat pul vəsaiti müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı X3 rayon Məhkəməsinə müraciət etmiş və iddası qismən təmin edilərək, X11 9000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə Bakı şəhəri Binəqədi rayonu, 2(011)- 3698/2023 saylı xx.xx.2023-cü il tarixli hakim İlkin Əliyevin sədirliyi ilə qətnamə çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.500 manat və dövlət rüsumu əvəzi olaraq 122 manat pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh olan Cavabdeh2 mübahisəli torpağı öz həyətyanı torpağından 1 sot kəsib ona satıb, o, da ona yoldaşı Sübəhət və kürəkəni Rövşənin yanında 9.000 manat pul vermişdir. Sonra hörgü işi aparılmış, 1500 manat pul xərclənmişdir. Sonra onlar Kamil adlı şəxsə torpaq sahəsini satmış, Kamil də digər şəxsə satmışdır, lakin cavabdeh Rövşən həmin torpaq sahəsində ev inşa etmiş, Kamil də ona görə iddia qaldıraraq 9000 manat pulun ona qaytarılmasını tələb etmişdir. O, hesab edir ki, Cavabdeh1la Cavabdeh2 ya onun torpağını qaytarmalıdırlar, ya da pulu. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsini 2005-ci ildə bələdiyyədən almışdır. Bu barədə bələdiyyə sənədi və cizgi planı vardır. Torpağın satılmasından xəbərsiz olmuşdur. Nə iddiaçını, nə də onun qohumlarını tanımamışdır. Qaynanası Zinyətə pul verilərkən orada olmamışdır. O, 2010-2012-ci ildə ümumiyyətlə Azərbaycanda olmamış, Azərbaycana qayıtdıqdan sonra isə Naxçıvanda yaşamışdır. Yalnız 2016-cı ildə İddiaçı atası ilə birlikdə qaynanasının evində görmüş, soruşanda demişlər ki, torpağı alıblar, o, bildirmişdir ki, torpaq ona məxsusdur. Mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz tikinti aparıldığına görə onu sökdürmüş, qanuni sənədlərlə həmin torpaq sahəsində tikinti aparmışdır. Ona qarşı qaldırılan iddianı əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki,o, Lalənin atasıdır. Ona ev tikmək üçün torpaq almaq istəmişlər. Bu məqsədlə satılan torpağa görə 9000 manat pulu arvada ərinin yanında yoldaşı və Lalə ilə birlikdə vermişlər. Zinyət 9000 manat pulu götürüb, demişdir ki, “torpaq sizindir”. Hörgü hörən zaman 1500 manat ustaya xərc çəkilmişdir. Cavabdeh Rövşəni tikinti aparılarkən görmüşdür, salamlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, o, Lalənin anasıdır. Laləyə yaşadığı yerin yaxınlığında ev almaq istəmişlər, “torpaq satılır” ünvanına gedib Zinyətlə danışıb, razılaşıb 9000 manat pul verib torpaq almışlar, pul verərkən Zinyətin həyat yoldaşı və Rövşən də orada olmuşdur, Rövşən torpağın alınmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 öz ifadəsində göstərmişdir ki, o, Lalənin yoldaşıdır. 2013-cü ildə satılan torpaq sahəsinə görə 9000 manat pulu Lalə Zinyətə vermişdir. Pul verilərkən həmin yerdə Zinyətin həyat yoldaşı və Rövşən də olmuşdur. Sonra tikintiyə başlamışdır, Rövşən həmin vaxtı gəlib gedirdi, bildirmişdir ki, orada tikinti işləri ilə məşğuldur, tikinti ilə bağlı köməklik təklif etmişdir. Özü hündür sahədə tikinti işlərini apardığını demişdir. Onların torpağın sənədlərini Zinyətin həyat yoldaşı Sübəhət düzəldib vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, Laləgilin aldığı torpaq sahəsində 2014-cü ildə hörgü işini görmüşlər. Həmin işə görə 1500-1600 manat əmək haqqı almışdır. Rövşəni tanıyır, tikinti zamanı orada görmüşdür. Altı daşı hörgü işi görmüş, 15-20 gün işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, o, ustadır. 2014-cü ildə hörgü işində o, da iştirak etmişdir. 1500 manata qədər pul almışlar. Həmin vaxt Rövşən oraya gələrək xeyir-dua vermiş və yaxınlıqdakı evin qaynanasına məxsus olduğunu demişdir. İş üzrə Naxçıvan şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixdə verilmiş boşanma haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 və Cavabdeh2 ilə olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 49 №-li akt qeydi icra edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 298 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 9000 manat məbləğin pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhid Yaqublu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma ilə adları qeyd edilən şəxslərin hərəkətlərində özgənin əmlakını ələ keçirməmişdən əvvəl məqsədinin aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə heç bir iş görmədən həmin pulun mənimsənilməsindən ibarət olmasına dair niyyətinin mövcudluğu sübuta yetirməmiş, verilmiş pulun qaytarılmaması ilə bağlı tərəflər arasında yaranmış mübahisə cinayət əlamətləri olmayan mülki xarakterli mübahisə kimi qiymətləndirilir. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı X16 izahatında, ərizəsində göstərilən xüsusatları təsdiq edərək həmçinin göstərmişdir ki, 2013-cü ildə Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən X1 1.8 sot torpaq sahəsini həyat yoldaşı İddiaçı adına 9000 manat pul verərək almışdır. Təxminən 1500 manata yaxın həmin torpağa xərc çəkib daş hördürmüşdür. Həmin ərəfədə Sübəhənin yeznəsi Cavabdeh1 da həmin vaxt torpağa gəlib ona xeyir-dua vermişdir. Həmin vaxt özü də kənarda ev tikdiyini deyib ona göstərmiş, bəzi artıq tikintiyə aid taxta parçalarını isə onun torpağına gətirib qoydu ki, oradan oğurlanar. O, da etiraz etməmişdir. Lakin imkansızlıqdan həmin torpaqda tikinti-inşa işlərini davam etdirə bilməmişdir. 2014-cü ildə ehtiyac özündən həmin torpağı Kamil İsmayılova satmışdır, Kamil isə öz növbəsində 1-2 il sonra başqa bir şəxsə satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Rövşən qaytatasının da vəfat etməsindən istifadə edib həmin torpaqda ev tikmişdir. Daha sonra Kamil İsmayılov ondan məhkəməyə müraciət edərək 9000 manat iddiası ilə çıxış etmiş və bu barədə onun əleyhinə qərardad çıxarılmışdır. Buna görə də haqqının bərpası üçün polis bölməsinə müraciət etmək qərarına gəldiyini, torpağın həqiqətən də Sübəhən Fərzəliyevdən aldığını onun həyat yoldaşı Zinyət xanımın da təsdiq edə biləcəyini bildirmişdir. Həmin qərardan həmçinin görünür ki, ilkin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpusda yerləşən sözügedən 2,9 sot torpaq sahəsi onun özünə aid olub, 2010-cu ilin ortalarında mərhum qayınatası Sübəhən həmin torpağı öz evinin yanında olduğu üçün xəbərsiz İxtiyar və İddiaçı adlı şəxslərə satmışdır. Həmin vaxt onların orada tikinti işlərini görüb saxlatmışdır. Daha sonra İxtiyar da həmin torpağı Kamil adlı şəxsə satmışdır, Kamil adlı şəxs daha sonra İxtiyarı dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə vermişdir. Mərhum qayınatası Sübəhən əqli cəhətdən xəstə və anlaqsız olduğu üçün ona məxsus torpağı satdığını və buna görə də heç kimin ona bir söz demədiyini bildirmişdir. İş üzrə Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində 200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətə ayrılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən dövlət reyestrində qeydiyyata alınmamış torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranmışdır. 2013-cü ildə iddiaçı həmin torpaq sahəsini razılaşdırılmış 9000 manat pulu Cavabdeh2 ödəməklə almışdır. 2014-cü ildə iddiaçı həmin torpaq sahəsini X2, sonuncu isə həmin torpaq sahəsi üzərində istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyi üçün İddiaçı qarşı iddia qaldırmış və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı İbrahim qızından 9000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə aid olmuş və Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən həmin torpaq sahəsi Cavabdeh1 alqı-satqı yolu ilə mülkiyyətə ayrılmış, həmin torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh2 pul verməklə alındıqdan sonra tikinti işlərinin həyata keçirilməsinə 1500 manat pul vəsaiti xərclənmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər Fərzəliyeva Zinyət və Cavabdeh1 2013-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 124 ünvanında yerləşən torpaq sahəsini X4 həyat yoldaşı Cavabdeh2 onun adına yuxarıda göstərilən torpaq sahəsi üçün 9000 manat pul vəsaiti verilmişdir. Bundan sonra təxminən on beş gün sonra həmin torpaq sahəsində tikinti işləri üçün 1500 manat pul vəsaiti xərcləyərək kürsülü tikinti işləri aparılmışdır. Lakin 2014-cü il tarixdə ehtiyac üzündən həmin torpağı Kamil İsmayılova satılmışdır. Kamil isə öz növbəsində bir iki il sonra həmin torpaq sahəsini başqa bir şəxs satmışdır. Lakin həmin torpaq bir neçə müddət təxminən iki il nəzarətsiz qaldığı üçün Cavabdeh1 qaynatasının vəfat etməsindən sui-istifadə edərək cavabdeh Fərzəliyeva Zinyət ilə əlbir olaraq həmin torpaq sahəsində ev tikilmişdir. Bundan sonra X3 rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı X7 iddası qismən təmin edilərək, ondan 9000 manat pul vəsaiti alınaraq X8 verilməsi barədə xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılmışdır. Bundan sonra o, öz növbəsində Cavabdeh1 barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət edərək, aldığı torpaq sahəsini qanunsuz zəbt edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10500 manat torpaq sahəsi üçün verilmiş pul vəsaitini geri qaytarılması barədə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı Ruhid Yaqublu tərəfindən araşdırılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən mülkü qaydada məhkəməyə müraciət etmək hüququ tövsiyyə edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.500 manat və dövlət rüsumu əvəzi olaraq 122 manat pul vəsaiti alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat, xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi hər hansı bir şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, lakin həmin torpaq sahəsinin Cavabdeh1 satılması barədə Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamı 2005-ci ildən mövcud olmuşdur, alqı-satqı da məhz həmin torpaq sahəsi ilə bağlı olmaqla alqı-satqıya dair razılaşdırılmış pul məbləği Cavabdeh2 verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı etibarlı əqd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Məhkəmə həmçinin qeyd edir ki, üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş,lakin Cavabdeh1 adına bələdiyyə sərəncamı əsasında ayrılmış mübahisəli torpaq sahəsinin alqısatqısının həyata keçirməklə Cavabdeh2 9000 manat məbləğində pul vəsaiti əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1). Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 heç bir hüquqi əsas olmadan torpaq sahəsinin satılması ilə bağlı iddiaçıdan 9000 manat məbləğində pul vəsaitini əldə etməklə, eyni zamanda həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına şərait yaratmaqla 1500 manat məbləğində iddiaçının xərc çəkməsi ilə bağlı həmçinin ona maddi ziyan da vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 10500 manat məbləğində pulun Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmin məbləğin müştərək qaydada Cavabdeh1 da tutulmalı olması barədə tələb üzrə qeyd edir ki, Cavabdeh1 qarşı hissədə tələb təmin edilə bilməz. Belə ki, iddiaçı və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının anası və həyat yoldaşı 9000 manat məbləğində pulun Cavabdeh2 verilməsi zamanı Cavabdeh1 da orada olması və həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti aparıldığı üçün pulun qaytarılmasına onun da cavabdehlik daşımalı olmasına dair dəlilləri üzrə məhkəmə qeyd edir ki, pul vəsaiti məhz Cavabdeh2 verilmiş, şahid qismində dindirilmiş iddiaçının atası İldırım Əhmədov pulun verilməsində Cavabdeh1 iştirak etmədiyini bildirmiş, həmçinin Cavabdeh1 həmin torpaq sahəsinin onun qanuni sahibliyində 2005-ci ildən olmasına dair hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 10.500 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122 manat, cəmi 10.622 (on min altı yüz iyirmi iki) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar