Məhkəmə qərarları › İş №2(009)-1572/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1572/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1572/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Cavabdeh MMC-nin "xxxx" X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə (Cavabdeh MMC-nin "xxxx" X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin məqsədli şəkildə qəsden ünvana çatdırılmaması, göndərən ölkənin mübadilə məntəqəsində (Bakı: AZ9096) qanunsuz saxlanması nəticəsində ona dəymiş 393.45 manat maddi, 5.130 manat isə mənəvi zərər məbləğinin, cəmi 5.523,45 (beş min beş yüz iyirmi üç manat qırx beş qəpik) manatın (393.45+5.130=5.523,45) cavabdehdən tutularaq ona ödənilməsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 34-cü maddələrinin pozuntusunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, hüquqşünasdır. Avropa İnsan Hüquqları Məhkəməsinə (bundan sonra AİHM və yaxud da əhkəmə adlandırılacaq) ərizəçilərin şikayətlərinin göndərilməsi və məhkəmədə onları nümayəndə kimi təmsil etməklə məşğuldur. 09 aprel 2025-ci ildə gündüz saat 11:18:54-də AİHM-in Fransanın Strasburq şəhərində yerləşən ünvanına (Council of Europe 1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE) göndərmək üçün təqdim etdiyi beynəlxalq poçt göndərişini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh (bundan sonra cavabdeh yaxud "xxxx" MMC adlandırılacaq) filial müəssisəsi olan "xxxx" Rabitə Müəssisəsinin (bundan sonra üçüncü şəxs yaxud "xxxx" RM adlandırılacaq) əməkdaşı Bakı şəhəri Üzeyir Hacıbəylı küçəsi 72, Şəbəkə 1-də ondan qəbul edib. Poçt göndərişi 3 ayrı-ayrı şəxsin Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra Konvensiya adlandırılacaq) ilə qorunan hüquqlarının pozuntusundan fərdi şikayətlərindən ibarət olub. Hər bir şikayət ayrıca olmaqla 3 ədəd C4 zərfinə qoyulub və daha sonra hamısı iri polietilen paketə qablaşdırılıb. xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən göndərişin çəkisi 1.1, əməliyyatın növü EMS, göndəriş üçün ödənilən məbləğ isə 83.51 (səksən üç manat əlli bir qəpik) manat təşkil edib. Şəbəkənin əməkdaşı, icraçı X4 beynəlxalq poçt göndərişinin uzağı 7 iş gününə ünvana çatacağını ona bildirib. https://www.azems.az/ saytında beynəlxalq poçt göndərişinin interaktiv statusunu mütəmadi izləyən zaman, onun ölkə sərhədlərini keçmədiyini müəyyən etmişdir. 23 aprel 2025-ci ildə günorta saat 13:58-də "xxxx" RM-in +**********98 saylı telefon nömrəsi ilə ona məxsus olan +**********88 nömrəli mobil telefonla əlaqə saxlayıb, göndərişin taleyi ilə maraqlanmışdır. Həmin nömrədən şifahi sorğusunun qeydə alındığı, gün ərzində araşdırıb, nəticəsi barədə ona məlumat veriləcəyi bildirilib. Həmin gün axşam saat 19:21-də +**********65 nömrəli mobil telefonla onun +**********88 saylı mobil telefon nömrəsinə zəng edən və özünü Xastan kimi təqdim edən poçtun qadın əməkdaşı, aparılan araşdırma nəticəsində göndərişin itdiyini şifahi şəkildə bildirib. 24 aprel 2025-ci ildə üçüncü şəxsə yazılı sorğu ilə müraciət edib, göndərişin taleyi, onun ünvana çatmamasının səbəbləri barədə mənə məlumat verilməsini xahiş etmişdir. "xxxx" RM-in Filialının rəisi Rüfət Məmmədovun ona göndərdiyi xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubunda EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin guya xx.xx.2025-ci il tarixində Fransa Poçtunda qeydiyyatdan keçdiyi, müəssisənin göndəriş barədə rəsmi sorğusuna cavab olaraq Fransa Poçtunun təəssüf ki, onun itirildiyini bildirdiyi və göndəriciyə təzminat ödəməyi xahiş etdiyi bildirilib. Cavaba "Fransa poçtunun rəsmi cavabı" adı ilə təqdim edilən ingilis dilində elektron yazışmaları əks etdirən 3 (üç) səhifəlik material da əlavə edilib. xx.xx.2025-ci il tarixində üçüncü şəxsə növbəti məktub göndərib, göndərişin taleyi ilə bağlı qaranlıq qalan bir sıra suallara aydınlıq gətirilməsini istəmişdir. Ancaq "xxxx" RM-in xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/34 saylı məktubunda təqdim etdiyi suallara hər hansı ağlabatan cavab verilməyib, sadəcə "Fransa poçtunun rəsmi cavabı" kimi təqdim edilən materialın X9 i-Care adlanan onlayn elektron sistemindən çıxarış olduğu, orda əks olunan yazışmaların "xxxx" MMC-nin əməkdaşı XASTANM ilə Fransanın LA- POSTE-nin əməkdaşı AKOYOSHİKAWA arasında ingilis dilində aparıldığı, bu yazışmaların tam rəsmi hesab olunduğu, AKOYOSHİKAWA son cavabında göndərişin LA-POSTE tərəfindən itirildiyini bəyan etdiyi qeyd edilib. Ötən müddətdə beynəlxalq poçt göndərişinin təyinat yerinə göndərilməmə səbəblərinə aydınlıq gətirilməsi ilə bağlı bütün əlavə cəhdləri də uğurla nəticələnməyib - göndərişin taleyinin müəyyən edilməsinə xidmət edən xx.xx.2025-ci il, xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixli informasiya sorğularına "xxxx" RM-in xx.xx.2025-ci il tarixli, PİKNŞ- 137/33, xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/36 və xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/41 saylı məktubları ilə cavab verilməkdən imtina edilib, "xxxx" RM-in "xxxx" MMC-nin filialı olduğu, sorğuda qeyd olunan məlumatların əldə olunması üçün "Azərpoçt” MMC-yə müraciət edilməsi bildirilib. Cavabdeh MMC isə müxtəlif tarixlərdə ona göndərilən eyni və digər məzmunlu cəmi 5 (beş) informasiya sorğusunda tələb edilən məlumatları ya kommersiya sirri hesab edildiyi iddiası ilə təqdim etməyib, yaxud da ümumiyyətlə cavab verməyib. xx.xx.2025-ci ildə həm cavabdeh müəssisəyə, həm də üçüncü şəxsə yazılı qaydada pretenziya məktubu yollayıb, beynəlxalq poçt göndərişinin qəsdən itirilməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərər məbləğinin (382.84 manat maddi, 5.130 manat isə mənəvi zərər məbləğinin, cəmi 5,512,84 manat) ödənilməsini xahiş etmişdir. Ancaq Cavabdeh MMC 10 iyun 2025-ci ildə, günorta saat 14:45-də +**********88 nömrəli mobil telefonuna göndərdiyi qısa sms ismarıcla faktiki bundan imtina edib. İngilis şriftləri ilə Azərbaycan dilində yazılan sms-in mətni belədir: “HORMETLİ İMANOV YALCİN CEMİL OGLU! AZEREKSPRESSPOCT RM SİZE 152.29 MANAT GONDERMİSHDİR. PULUNUZU İSTENİLEN POCHTDAN SENED TEQDİM EDEREK ALA BİLERSİNİZ". Üçüncü şəxs "xxxx" RM-in xx.xx.2025ci il tarixli, PİKNŞ-137/49 saylı cavabı ilə də zərərin ödənilməsindən imtina edilib. Odur ki, məhkəməyə müraciət edir. "xxxx" RM-in müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə özünün yaxud təsisçisinin məsuliyyət daşıyıb-daşımaması və eləcə də fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə informasiya sorğularına nə RM, nə də onun təsisiçisi kimi "xxxx" MMC cavab verib. Ancaq müəssisə Cavabdeh MMC-nin filialı olduğundan və bir çox sorğulara "xxxx" RM-in "xxxx" MMC-nin filialı olduğu, buna görə də sorğuda qeyd olunan məlumatların əldə olunması üçün "Azərpoçt” MMC-yə müraciət edilməsini bildirdiyindən, üstəlik də filiallar hüquqi şəxs olmadığından və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərdiyindən iddia Cavabdeh MMC-yə qarşı irəli sürülür. Bununla belə, iddia tələbi üzrə gələcəkdə çıxarılacaq qətnamə "xxxx" RM-in hüquq və vəzifələrinə təsir edə biləcəyindən cavabdehin tərəfində iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilir. EE005139545AZ saylı beynəlxalq poçt göndərişi cavabdehin filial müəssisəsi tərəfindən məqsədli şəkildə qəsdən təyinat ünvanına göndərilməyib. Bunu təsdiq edən sübutları aşağıdakılardır: Əvvəla, https://www.azems.az/ saytında beynəlxalq poçt göndərişinin ilkin izlənməsindən məlum olur ki, göndəriş xx.xx.2025-ci ildə saat 11:20-də ondan qəbul olunub, saat 14:09-da göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub, saat 14:18-də isə göndərən ölkənin mübadilə məntəqəsindən yola salınıb. Ancaq bundan sonra izləmə sistemində beynəlxalq poçt göndərişinin cari statusu barədə digər hər hansı bir məlumat yer almayıb. Başqa sözlə, poçt göndərişinin unikal 13 simvoldan ibarət standart poçt identifikatorunu (ştrix-kod nömrəsini) müvafiq sahəyə daxil etdikdə, onun göndərən ölkənin mübadilə məntəqəsindən yola salındığı yazılsa da, göndərişin ölkə sərhədlərini tərk etdiyi və sonrakı interaktiv hərəkət istiqamətləri barədə sistemdə hər hansı məlumat əks olunmayıb. Halbuki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 03 oktyabr tarixli 08 saylı qərarı ilə təsdiq olunmuş Poçt göndərişlərinin izlənməsi üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə görə, sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir. İnzibati əməliyyatın həyata keçirilməsinə və məlumatların düzgünlüyünə görə "xxxx" MMC məsuliyyət daşıyır. Reqlamentin 3.3.4-сü bəndinə əsasən isə istifadəçi generasiya olunmuş cədvəldə onu maraqlandıran poçt göndərişinin qəbulundan çatdırılmasınadək olan keçid mərhələləri barədə tam məlumat əldə edir. İlkin izləmə məlumatlarında isə EE005139545AZ nömrəli beynəlxalq poçt göndərişinin yalnız ondan qəbul edildiyi 09 aprel 2025-ci tarixinə saat 11:20-dən saat 14:18-ə qədər, təxminən 3 saata yaxın Azərbaycan Respublikası sərhədləri daxilində hərəkətinə dair məlumatlar mövcuddur, digər hər hansı məlumat isə yoxdur. "xxxx" RM-in Filialının rəisi Rüfət Məmmədovun ona göndərdiyi xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubunda EE005139545AZ saylı göndəriş olan poçt kisəsinin guya xx.xx.2025-ci ildə Fransa Poçtunda qeydiyyatdan keçdiyi qeyd edilsə də, ancaq sonradan onun hansı tarixdə və saatda, təyinat ölkəsinin hansı məkanında və hansı şəraitdə yoxa çıxdığı qeyd edilməyib. Həmçinin beynəlxalq göndərişin xx.xx.2025-ci ildə Fransa Poçtunda qeydiyyatdan keçdiyi yer və saat da göstərilməyib. Ümumiyyətlə isə, cavab məktubunda beynəlxalq poçt göndərişinin "itirildiyi" qeyd edilsə də, hansı milli operator tərəfindən itirildiyinə də aydınlıq gətirilməyib, eləcə də göndərişin 09 aprel-15 aprel 2025-ci il tarixlərində, yəni 6 gün ərzində interaktiv statusunun göndərişin izlənilməsi sistemində əks olunmaması, Fransa Poçtunda qeydiyyatdan keçdiyi iddiasının əksinə, sistemdə bunun əks olunmaması, itmə səbəbləri və digər məsələlərə də hər hansı bir aydınlıq gətirilməyib. Bununla bağlı eyni tarixli məktubuma "xxxx" RM-in xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/34 saylı məktubunda da hər hansı ağlabatan cavab verilməyib, sadəcə göndərişin Fransanın LA-POSTE poçt operatoru tərəfindən itirildiyi bəyan edilib. Ancaq bunu təsdiq edən hər hansı sübut təqdim edilməyib. Üçüncü şəxsin 30 aprel 2025-ci il tarixli cavabına əlavə etdiyi "Fransa poçtunun rəsmi cavabı" kimi təqdim edilən yazışma göndərişin iddia olunan itirilməsi tarixi, həmin tarixin sənədləşdirilməsi, göndərişlə bağlı sorğularına verilən cavablar və izləmə sistemindəki ilkin və sonrakı məlumatlarla tam ziddiyyət təşkil edir. Sözügedən çıxarışdan məlum olur ki, XASTANM ilə AKOYOSHİKAWA arasında əks olunan yazışmalar xx.xx.2025-ci ildə aparılıb. Halbuki, o, göndərişin taleyi ilə bağlı ilk dəfə həmin yazışmalardan 5 gün sonra - 23 aprel 2025-ci ildə günorta saat 13:58-də "xxxx" RM-in +**********98 saylı telefon nömrəsi ilə əlaqə saxlayıb, maraqlanmışdır. Həmin yazışmalara etibar etsələr xx.xx.2025-ci ildə saat 17:47:32-də göndərişin itdiyi elan edilib. Ancaq izləmə sistemində onun ölkə sərhədlərini tərk etməsinin əks olunmaması, göndərişin taleyi ilə bağlı 5 gün sonra (23 aprel 2025-ci ildə günorta saatlarında) verdiyi şifahi sorğuya üçüncü şəxsin əməkdaşı tərəfindən “araşdırıb, nəticəsi barədə məlumat verəcəyik” məzmununda cavabın verilməsi, göndərişin iddia olunan itmə faktının 5 gün əvvəl məlum olmasına baxmayaraq, yalnız təxminən 6 saata yaxın vaxtdan sonra (23 aprel 2025-ci il axşam saatlarında) şifahi şəkildə göndərişin itirildiyinin bildirilməsi, bir gün sonra verdiyi yazılı sorğuya (sorğu fiziki poçtla yanaşı 24 aprel 2025-ci ildə gündüz saat 11:57-də "xxxx" RMin Elektron ünvan 1 elektron ünvanına da ona məxsus olan Elektron ünvan 2 ünvanından elektron məktubla göndərilib), yalnız 6 gün sonra (30 aprel 2025-ci ildə) cavab verilməsi, göndərişin itmə səbəblərinin qeyd edilməməsi faktları biri-biri ilə uzlaşmır, birbirini istina edir və Poçt göndərişlərinin izlənməsi üzrə inzibati reqlamentə tamamilə ziddir. Digər tərəfdən, "xxxx" RM-in Filialının rəisi Rüfət Məmmədovun ona göndərdiyi xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubunda EE005139545AZ saylı göndəriş olan poçt kisəsinin guya xx.xx.2025-ci ildə Fransa Poçtunda qeydiyyatdan keçdiyi qeyd edilsə də, bunun əksinə "Fransa poçtunun rəsmi cavabı" kimi təqdim edlən əlavədə göndərişin iddia edilən itmə faktının 18 aprel 2025- ci ildə müəyyən edildiyi əks olunub ki, bu da bir-birinə zidd olan məlumatlardır. Çünki 3 gün ərzində (15-18 aprel 2025-ci il) göndərişin itmə faktının qeydə alınmamasının səbəblərinə dair də heç bir izahat yoxdur. Onun xx.xx.2025-ci il tarixli informasiya sorğusuna (sorğunun məzmunu belə idi: xx.xx.2025-ci ildə Bakı şəhəri Üzeyir Hacıbəylı küçəsi 72, Şəbəkə 1-dən Fransanın Strasburq şəhərinin Council of Europe 1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE ünvanına göndərdiyi EE005139545AZ saylı BPG-ə (Beynəlxalq poçt göndərişi) dair gömrük xidmətinin X1 sistemində qeydə alınmış məlumatları mənə göndərsiniz. Sorğuya cavaba EE005139545AZ saylı BPG-ə dair daşınmaya nəzarət vərəqəsinin, gömrük orqanının vəzifəli şəxsinin nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 qaiməsinin (daxili təhvil qaiməsinin), EE005139545AZ saylı BPGnin beynəlxalq poçtun müşayiət qaimələrinin surətlərinin əlavə edilməsi xahiş edilir) cavabında Dövlət Gömrük Komitəsinin (bundan sonra DGK adlandırılacaq) xx.xx.2025-ci il tarixli 3- 33/2-J-001445/1-42/2005 saylı məktubunda beynəlxalq poçt göndərişinin xx.xx.2025-ci ildə göndərən ölkənin mübadilə məntəqəsinə daxil olduğu, həmin tarixdə mübadilə məntəqəsindən təyinat ölkəsi üzrə yola salındığı qeyd edilsə də, sorğu edilən bağlamanın saxlanılması barədə gömrük orqanlarının X1 Sistemində (VAİS) hər hansı bir məlumatın qeydə alınmadığı bildirilib (cavabı 02 iyun 2025-ci ildə poçt vasitəsi ilə əldə etmişdir). Bu isə bu iki məlumatın bir-birinə zidd olduğunu və bir-birini istisna etdiyini göstərir. Sorğuda qeyd edilməsinə baxmayaraq, EE005139545AZ izləmə kodlu poçt göndərişine dair daşınmaya nəzarət vərəqəsinin, gömrük orqanının vəzifəli şəxsinin nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 qaiməsinin (daxili təhvil qaiməsinin) və beynəlxalq poçtun müşayiət qaiməsinin surətləri ona göndərilməyib. Halbuki, Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/02/004 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş X9 Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən BPMM-də (Beynəlxalq poçt mübadiləsi məntəqəsi) beynəlxalq poçt daşımalarını həyata keçirən daşıyıcının səlahiyyətli nümayəndəsindən qəbul olunmuş BPG BPMM-dən BPMY-Ə (Beynəlxalq poçt mübadiləsi yeri) yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə gömrük orqanının vəzifəli şəxsinin nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 qaiməsi (daxili təhvil qaiməsi) əsasında təhvil verilir. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən f.16 qaiməsindəki qeydlər beynəlxalq müşayiət qaimələri və malların təyinat yerinə gömrük nəzarəti altında çatdırılmasına nəzarətin təşkil edilməsi məqsədilə gömrük orqanının vəzifəli şəxsi tərəfindən tərtib edilən daşınmaya nəzarət vərəqəsi ilə eyniləşdirilir. f.16 qaiməsinə "Gömrük yükü" ştampı vurulur, daşınmaya nəzarət vərəqəsi isə BPG-nin BPMY-nə çatdırılmasına məsul şəxs tərəfindən imzalanır. f.16 qaiməsinin və malların daşınmasına nəzarət vərəqəsinin hər birindən bir nüsxə gömrük orqanında saxlanılmaqla, bütün sənədlər poçtla birlikdə daşınmanı həyata keçirən səlahiyyətli nümayəndəyə verilir və BPG-nə dair məlumatları özündə əks etdirən sənəddə göstərilənlər gömrük xidmətinin X1 sistemində qeydə alınır. Nəqliyyat vasitəsinin növü və imkanları nəzərə alınmaqla göndərən gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə BPG-nin təyinat gömrük orqanına (BPMY-nə) çatdırılması daşıyıcının səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirməlidir. Qaydaların 2.11-ci bəndində isə göstərilir ki, BPMMdən (göndərən gömrük orqanı) BPMY-nə (təyinat gömrük orqanı) çatdırılmış BPG BPMY-də gömrük orqanı tərəfindən beynəlxalq poçtun müşayiət qaimələri, daxili qaimə (f.16), həmçinin BPMM-də gömrük orqanının vəzifəli şəxsinin tərtib etdiyi malların daşınmasına nəzarət vərəqəsi ilə eyniləşdirilməsi həyata keçirilir və gömrük orqanının vəzifəli şəxsi tərəfindən BPG-nin BPMM-dən BPMY-nə daxil olması gömrük xidmətinin X1 sistemində təsdiqlənir (malların təyinat gömrük orqanına çatdırılmasının təsdiqlənməsini tənzimləyən normativ sənədlərə uyğun şəkildə) və bu gömrük sərhəd buraxılış orqanı tərəfindən BPG-nin təyinat yerinə çatdırılmasının nəzarətdən çıxarılması üçün əsas sayılır. Onun 10 iyun 2025-ci il tarixində DGK-nə növbəti informasiya sorğusunda 16 may 2025-ci il tarixli sorğunun natamam icra edildiyi, EE005139545AZ saylı beynəlxalq poçt göndərişinə dair daşınmaya nəzarət vərəqəsinin, gömrük orqanının vəzifəli şəxsinin nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 qaiməsinin (daxili təhvil qaiməsinin) və beynəlxalq poçtun müşayiət qaiməsinin surətlərinin ona göndərilmədiyi qeyd edilib və həmin sənədlərin göndərilməsi ilə bağlı xahişi təkrarlanıb. Eyni zamanda, VAİS sistemində heç bir məlumat qeydə alınmadığı halda, beynəlxalq poçt göndərişinin xx.xx.2025-ci il tarixində göndərən ölkənin mübadilə məntəqəsinə daxil olduğu və həmin tarixdə mübadilə məntəqəsindən təyinat ölkəsi üzrə yola salındığı barədə qeyd edilənlərin hansı mənbəyə əsasən təqdim edildiyi, bunu təsdiq edən hansı sübutların olduğu, ümumiyyətlə isə poçt göndərişinin “mübadilə məntəqəsindən təyinat ölkəsi üzrə yola salındığı” dedikdə, nəyin nəzərdə tutulduğunu izah edən ətraflı məlumatın verilməsini də xahiş etsə də, sorğuya indiyədək cavab verilməyib. 16 may 2025-ci il tarixli sorğunu icra edən DGK-nın Vüsal Babayev adlı əməkdaşı isə 04 iyun 2025-ci ildə, səhər saat 10:03-də +**********76 nömrəli mobil telefonla onun +**********88 nömrəli telefonuna zəngində 7 dəqiqə 52 saniyəlik danışığı zamanı Komitənin xx.xx.2025-ci il tarixli 3-33/2-J-001445/1-42/2005 saylı məktubda qeyd etdiyi "beynəlxalq poçt göndərişinin xx.xx.2025-ci ildə göndərən ölkənin mübadilə məntəqəsinə daxil olduğu, həmin tarixdə mübadilə məntəqəsindən təyinat ölkəsi üzrə yola salındığı" qeydinin cavabdeh "Azərpoçt” MMC-nin əməkdaşları ilə sorğuya cavabın mətnini müzakirə edərkən, onların təklifi ilə yazıldığını etiraf edib (Babayevlə bundan əvvəl ilk dəfə isə 02 iyun 2025-ci ildə günorta saat 14:08-də onun zəngi əsasında sorğuya cavabı alıb-almamaq mövzusunda danışmışdır). Eyni məzmunlu və digər sualların (EE005139545AZ saylı BPG BPMY-nə nə vaxt və saat neçədə çatdırılıb? BPMY-nə çatdırılmış EE005139545AZ saylı BPG nə vaxt və saat neçədə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən gömrük nəzarətinə təqdim edilib? EE005139545AZ saylı BPG-nə gömrük nəzarəti nə vaxt və saat neçədə keçirilib və nəzarətin həyata keçirilməsində iştirak edən poçt işçiləri kimlər olub (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə)? EE005139545AZ saylı BPG poçt operatorunun səlahiyyətli nümayəndəsinə nə vaxt və saat neçədə təhvil verilib və həmin səlahiyyətli nümayəndənin adı, soyadı, ata adı və vəzifəsi nə olub?) da yer aldığı informasiya sorğularına isə nə "xxxx" RM, nə də Cavabdeh MMC cavab verib. "xxxx" RM xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/41 saylı məktubu ilə "xxxx" RM-in Cavabdeh MMC-nin filialı olduğunu, sorğuda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdeh MMC-yə müraciət edilməli olduğunu bildirib. "Azərpoçt” MMC isə xx.xx.2025-ci il tarixli informasiya sorğusuna bugünədək ümumiyyətlə hər hansı bir cavab verməyib. 10 iyun 2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Cavabdeh MMCnin bu və eyni tarixli digər sorğuya cavab verməsini təmin etməkələ bağlı şikayəti də hər hansı bir nəticə verməyib. xx.xx.2025-ci il tarixli beynəlxalq poçt göndərişinin qəsdən göndərilmədiyini təsdiq edən digər sübut həmin göndərişə dair izləmə sistemində qeydə alınan sonrakı məlumatlardır. Məsələn, 11 iyun 2025-ci il tarixinə, səhər saat 11:18-ə olan məlumata görə, EE005139545AZ saylı poçt göndərişi üçün axtarış nəticələri belədir: https://www.azems.az/ saytının https://www.azems.az/az/gonderisizle?package_ id=EE005139545AZ linkindəki məlumatlara əsasən göndəriş xx.xx.2025-ci il saat 07:20-də Bakı: AZ9602-də qəbul olunub, həmin gün saat 10:09-da göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub (Bakı: AZBAKC), saat 10:18-də göndərən ölkənin mübadilə məntəqəsindən yola salınıb (Bakı: AZBAKC), həmin gün saat 11:21-də Bakı: AZ9602-də yenidən qəbul olunub, saat 13:11-də isə göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub (Bakı: AZ9096). Vəssəlam. Eyni məlumatlar 12 iyun 2025-ci ilə saat 16:32, 13 iyun 2025-ci il axşam saat 23:53, 14 iyun 2025-ci il səhər saat 8:46- 8:47, 15 iyun 2025-ci il günorta saat 14:17, 16 iyun 2025-ci il axşam saat 21:08-21:09 və 17 iyun 2025-ci il səhər saat 09:02 üçün də əks olunub. Yəni, göndərişin 09 aprel 2025-ci ildə günorta saat 13:11-də Azərbaycan Respublikasının mübadilə məntəqəsinə - Bakı: AZ9096-a daxil olub, elə orada da qaldığını, mübadilə məntəqəsindən yola salınmadığını, göndərilmədiyini üçüncü şəxsin özünün izləmə sistemindəki məlumatlar da birbaşa təsdiq edir. İkincisi, indiyədək Azərbaycandan AİHM-ə göndərilən xüsusilə siyasi məhbus hesab edilən şəxslərin şikayətlərinin ölkədə yeganə milli poçt operatoru olan "xxxx" MMC tərəfindən məqsədli şəkildə qəsdən itirilməsi və ünvana çatmasına imkan verilməməsi ilə bağlı yerli mediada vaxtaşırı məlumatlar yer alıb. Həmin məlumatlardan bir qisminin linki təqdim edilir (qoşmaya da ölkədə girişi məhdudlaşdırılan saytlar istisna olmaqla bəzi internet resurslardan çıxarışlar da əlavə edilir). Həmin məlumatlara cavabdeh müəssisə tərəfindən buvaxtadək hər hansı tutarlı aydınlıq gətirilməməsi də içərisində 2 nəfər siyasi məhbusun şikayəti də olan EE005139545AZ nömrəli beynəlxalq poçt göndərişinin məqsədli şəkildə qəspen təyinat ünvanına göndərilmədiyini təsdiq edir. AİHM-Ə şikayətlərin cavabdeh müəssisə və onun filial və şöbələri tərəfindən qəsdən göndərilməməsinin təxminən 10 ilə yaxın tarixçəsi var. Məsələn, 20 sentyabr 2016-сı ildə müvəkkilinin Konvensiyanın bir sıra maddələri ilə təminat verilən hüquqlarının pozuntusu ilə bağlı şikayətin yer aldığı RR005305185AZ saylı sifarişli məktubu Məhkəmənin ünvanına göndərsə də, 2 ay keçməsinə baxmayaraq şikayət ünvana çatmayıb. xx.xx.2016-cı ildə bununla bağlı "Azərpoçt” MMC-yə müraciət etmiş və MMC-nin 24 noyabr 2016-cı il tarixli məktubu ilə RR005305185AZ saylı sifarişli məktubun Bakı Poçt Daşıma Mərkəzində itirildiyi bildirilib və bu zaman hər hansı bir izahat verilməyib. 39. xx.xx.2017-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə isə digər bir ərizəçinin Konvensiyanın bir sıra maddələri ilə bağlı şikayətinin yer aldığı RR006127720AZ saylı poçt göndərişini AİHM-ə göndərmişdir. Ancaq göndəriş yenə ünvana çatmadığından xx.xx.2017-ci ildə cavabdeh müəssisəyə sorğu ilə müraciət etmişdir. "xxxx" MMCnin həmin vaxt baş direktor vəzifəsini müvvəqqəti icra edən Sübhan Kazımov xx.xx.2017-ci il tarixli, KNŞ-12-03/587 saylı cavab məktubu ilə yenə hər hansı bir izahat verilmədən göndərişin Bakı Poçt Mərkəzində naməlum şəraitdə itdiyini bildirib. Azərbaycanda sürətli poçt xidmət ilə məşğul olan "xxxx" MMC-nin onun 3 iyun 2025-ci il tarixli informasiya sorğusuna verdiyi 11 iyun 2025-ci il tarixli, 448 saylı cavabda aviaqaimə nömrəsi vasitəsi ilə sənədləri bütün marşrut boyu çatdırılana qədər izləmək imkanı olduğundan onların itirilməsi ehtimalının praktiki olaraq sıfıra bərabər olduğu qeyd edilib. Yəni, başqa dözlə desək, beynəlxalq Məhkəməyə göndərilən şikayətlər itirilmir, hansısa qeyri-qanuni direktivlər əsasında cavabdeh müəssisə tərəfindən qəsdən göndərilmir, ölkədə saxlanılır, sonradan “itirilmə” adı ilə rəsmiləşdirilir və bununla da ərizəçilərin AİHM-ə şikayətləri göndərməsinə süni problemlər yaradılır. "xxxx" RM-in xx.xx.2026-cı il tarixli pretenziya məktubuna xx.xx.2025-ci il tarixli cavabında pretenziya məktubunda qeyd edilən məbləğin ona ödənilməsinin mövcud qanunvericiliyə zidd olduğu qeyd edilib, itirilməyə görə ödənilən təzminat məbləğinin X2 Reqlamentində göstəriləndən artıq olmamalı olduğu, təzminat məbləği ödənilərkən dolayı dəymiş ziyan, əldə olunmayan gəlir, mənəvi zərərin nəzərə alınmadığı, poçt operatorunun məsuliyyəti ilə bağlı bütün müddəaların şərtsiz, məcburi və hərtərəfli olduğu, poçt operatorunun heç vaxt, hətta ciddi səhv (əhəmiyyətli nöqsan) halında belə X3 və Konvensiyanın Reqlamentində müəyyən edilmiş həddən artıq məsuliyyət daşımadığı vurğulanıb və bunun qanuni əsasları kimi "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.6, 17.4.3-сü maddələrinə, X2 22-ci maddəsinin 1.5, 1.6 və 1.7-ci bəndlərinə, X7 Reqlamentinin 22-001-ci maddəsinin 2.1-ci bəndlərinə istinad edilib. Halbuki, onun pretenziya məktubu və hazırkı iddia tələbi AİHM-ə göndərilən beynəlxalq poçt göndərişinin itirilməsi haqda yox, ölkədə yeganə milli poçt operatoru olan Cavabdeh MMC və onun poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri tərəfindən məqsədli şəkildə qəsdən təyinat ünvanına çatdırılmasına imkan verilməməsi barədədir. EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin ölkə ərazisini ümumiyyətlə tərk etməsi barədə hər hansı məlumatın olmaması, bunun əksinə https://www.azems.az/ saytındakı izləmə sistemində göndərişin göndərən ölkənin mübadilə məntəqəsinə daxil olub (Bakı: AZ9096), ölkədə qaldığının, ölkədən buraxılmadığının təsdiq olunması, göndərişin taleyi ilə bağlı çoxsaylı informasiya sorğularına cavabdeh müəssisə, onun filalı və DGK tərəfindən ya ümumiyyətlə cavabın verilməməsi, yaxud da hər hansı ağlabatan cavabın verilməməsi, əksinə bir-birini istisna edən, ziddiyətli məlumatların verilməsi və onun itirilməsini təsdiq edən sübutun təqdim edilməməsi də məhz bunu deməyə əsas verir. Bu səbəbdən də "xxxx" RM-in xx.xx.2025-ci il tarixli cavabında istinad etdiyi qanun və Konvensiya normaları yaranmış mübahisəyə tətbiq edilə bilməz. Çünki həmin normalarda nəzərdə tutulan beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasının, poçt göndərişinin gecikdirilməsinin mahiyyəti əsasən poçt operatorunun iradəsindən kənar amilləri və bəzi hallarda isə ciddi səhvi (əhəmiyyətli nöqsanı) ehtiva edir. Onun pretenziyası və iddia tələbi isə AİHM-in Fransanın Strasburq şəhərindəki ünvanına göndərilən beynəlxalq poçt göndərişlərinin qeyri-iradi itirilməsini və ciddi səhvi yox, cavabdeh müəssisə və onun filial və şöbələri tərəfindən məqsədli şəkildə qəsdən ölkə sərhədlərindən kənara çıxmasına imkan verilməməsini, şüurlu şəkildə təyinat ünvanına çatdırılmamasını nəzərdə tutur. Bu səbəbdən də təqdim etdiyi iddianın qanunu əsasları Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi, "Poçt haqqında" Qanunun 21.4, 27.1, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 12.14-cü bəndi, Mülki Məcəllənin 21, 23, 1096-1097, 1115-ci maddələri, habelə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 3-cü maddəsinin 7-ci abzası, 12, 18-19, 21 və 26-ci maddələrinin və s. tələbindən irəli gəlir. Əgər məhkəmə onun tamamilə qanuni və əsaslı olan bu mövqeyini və şərhini qəbul etməyəcəksə, onda: vəsatət - 1: "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.6, 17.4.3-сü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İV hissəsi və Mülki Məcəllənin 21, 23, 1096-1097-ci maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12, 21 və 26-cı maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Beləliklə, EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin cavabdeh tərəfindən məqsədli şəkildə qəsdən ünvana çatdırılmasına imkan verilməməsi və mübadilə məntəqəsində saxlanılması nəticəsində ona maddi və mənəvi zərər dəyib. a) Maddi zərərlə bağlı: Üçüncü şəxs “Azərekspresspoçt" RM-in xx.xx.2025ci il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubunda beynəlxalq göndərişin itirilməsinə görə 82.11 (səksən iki manat, on bir qəpik) manat poçt rüsumunun ona geri qaytarılacağı və əlavə 30 SDR (təxminən 69.21 manat) - cəmi 151.32 (yüz əlli bir manat otuz iki qəpik) məbləğində təzminat ödəniləcəyi qeyd edilib (82.11+69.21=151.32). Cavabdehin xx.xx.2025-ci il tarixli mobil telefona göndərdiyi sms ismarıcda və "xxxx" RM-in xx.xx.2025-ci il tarixli məktubunda isə bu məbləğ 152.29 (yüz əlli iki manat iyirmi doqquz qəpik) (82.11 manat +30 SDR) qeyd edilib. 30 SDR-in bu dəfə 0.97 (sıfır doxsan yeddi qəpik) manat artıq hesablanmasının izahatı sms ismarıcda və cavabda verilməyib (152.29-151.32=0.97). Əvvəla, göndərişin poçt rüsumu 82.11 manat deyil, 83.51 (səksən üç manat əlli bir qəpik) manat təşkil edir, pulunu ödədiyi 3 ədəd C4 ölçülü zərfin (cəmi 0.60 qəpik) və 1 ədəd polietilen paketin (cəmi 0.80 qəpik) ümumi məbləğini əks etdirən 1.40 (bir manat qırx qəpik) (0.60+0.80=1.40) manatın poçt göndərişinin dəyərindən çıxılması qanunsuz və əsassızdır. xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən də ödənilən məbləğ 83.51 manatdır. Digər tərəfdən isə, "xxxx" RM-in xx.xx.2025-ci il tarixli, PİKNŞ-137/32 saylı cavab məktubunda təklif etdiyi yekun 152.29 manat ona dəymiş real maddi və mənəvi zərərə adekvat deyil. EE005139545AZ nömrəli beynəlxalq poçt göndərişinin məqsədli şəkildə ünvana çatdırılmasına qəsdən imkan verilməməsi, ölkə sərhədlərindən kənara buraxılmaması, mübadilə məntəqəsində - Bakı: AZ9096 - saxlanması nəticəsində buvaxtadək ona dəyən maddi zərər 393.45 (üç yüz doxsan üç manat qırx beş qəpik) manat təşkil edir. Həmin məbləğ aşağıdakı xərclərdən yaranıb: xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin AİHM-in Fransanın Strasburq şəhərindəki ünvanına göndərilməsi üçün 83.51 (səksən üç manat, əlli bir qəpik) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin taleyi ilə bağlı "xxxx" RM-a göndərilən məktub üçün 2.07 (iki manat sıfır yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən Cavabdeh MMC və "xxxx" RM-ə beynəlxalq poçt göndərişinin taleyi ilə bağlı göndərilən ayrı-ayrı məktublar üçün 3.74 (üç manat yetmiş dörd qəpik) manat; xx.xx.2025ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən "xxxx" RM-ə beynəlxalq poçt göndərişinin taleyi ilə bağlı məktubun göndərilməsi üçün 1.87 (bir manat səksən yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli FTİ № 059549 saylı mədaxil qəbzinə əsasən EE005139545AZ saylı beynəlxalq poçt göndərişi ilə göndərilən 3 nəfər şəxsin fərdi şikayətlərinin AİHM-ə gedib çatmağına imkan verilmədiyinə görə həmin şikayətlərin yenidən hazırlanaraq Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (qısa adı DHL) sürətli poçt xidməti vasitəsi ilə məhkəmənin ünvanına göndərilməsi üçün 283.97 (iki yüz səksən üç manat doxsan yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən "xxxx" RM və Cavabdeh MMCyə beynəlxalq poçt göndərişinin taleyi ilə bağlı məktubun göndərilməsi üçün 3.74 (üç manat yetmiş dörd qəpik) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən "xxxx" MMCnin EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin taleyinə aydınlıq gətirilməsi ilə bağlı informasiya sorğularına cavab verməməsindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayətin göndərilməsi üçün 1.87 (bir manat səksən yeddi qəpik) manat; "xxxx" RM xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli informasiya sorğularına cavab vermədiyi və bu sorğulara "xxxx" MMC-nin cavab vermək səlahiyyətində olduğunu bildirdiyi üçün həmin sorğuların xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzi ilə Cavabdeh MMC-yə göndərilməsi üçün 2.07 (iki manat sıfır yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən “Azərekspresspoçt" RM və "Azərpoçt” MMC-yə pretenziya məktublarının göndərilməsi üçün 5 (beş) manat; xx.xx.2025-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən “Famko Express" MMC və “Darhal Logistics" MMC-yə həmin sürətli poçt xidmətləri tərəfindən 2020-2024-cü illərdə və 2025-ci ilin ilk 5 ayında AİHM-ə göndərilən şikayətlərin çatdırılma və itirilmə faizinə dair informasiya sorğularının göndərilməsi üçün 3.74 (üç manat yetmiş dörd qəpik) manat; xx.xx.2025ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən Cavabdeh ММCyə onun təsisinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakterinə dair informasiya sorğusunun göndərilməsi üçün 1.87 (bir manat səksən yeddi qəpik) manat. Beləliklə, ona dəyən maddi zərər 393.45 manat təşkil edir. (83.51+2.07+3.74+1.87+283.97+3.74+1.87+2.07+5+3.74+1.87=393.45). Cavabdeh müəssisənin Məhkəməyə göndərilən şikayətlərin ünvana çatdırılmasına imkan verməməsi nəticəsində ona dəyən maddi zərər məbləği faktları müvafiq mədaxil qəbzləri ilə tam şəkildə təsdiq edilir. Ayrı-ayrı şəxsin Konvensiya ilə qorunan hüquqlarının pozuntusundan fərdi şikayətlərin olduğu EE005139545AZ saylı beynəlxalq poçt göndərişinin təyinat ölkəsinə göndərilməməsi, ölkədən çıxışına imkan verilməməsi, mübadilə məntəqəsində qeyri-qanuni saxlanması mənə həmçinin mənəvi zərər vurub. Ona dəymiş mənəvi zərəri isə 5.130 (beş min yüz otuz) manat məbləğində qiymətləndirir. Etirazın dəlilləri: iddiaçının ərizədə qeyd etdiyi hallara və faktlara əsasən bildirmək istəyirlər ki, iddia ərizəsi qanunsuz və əsassızdır, iddiaları heç bir faktiki hallara və ya sübutlara əsaslanmır və öz şəxsi mülahizəsi əsasında ortaya çıxardığı arqumentlərdir. İşin faktiki hallarına nəzər yetirdikdə məlum olur ki, həqiqətən də iddiaçının poçt vasitəsilə AİHM-ə göndərdiyi şikayət məktubu, təəssüf ki, ünvana çatmamış, yəni poçt göndərişi itmişdir. Bu hal ortaya çıxan kimi, "xxxx" MMC iddiaçı tərəfindən daxil olan şikayət əsasında dərhal xidməti araşdırmaya başlamış və göndərişin harada itməsi ehtimalını yoxlamışdır. Bu barədə xx.xx.2025-ci il tarixli, habelə xx.xx.2025-ci il tarixli cavab məktublarında "xxxx" MMC-nin filialı olan "xxxx" RM-nin iddiaçıya verdiyi rəsmi cavab məktubunda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixində iddiaçıdan qəbul edilmiş EE005139545AZ nömrəli sürətli poçt göndərişi elə həmin gün müəssisənin çeşidləmə məntəqəsində emal edilərək təyinatı üzrə Fransaya yola salınmışdır, içərisində bu göndəriş olan poçt kisəsi xx.xx.2025-ci il tarixində Fransa Poçtunda qeydiyyatdan keçmişdir. X14 (La Poste) alınmış məlumata əsasən, göndərişin itirildiyi bildirilmiş və göndəriciyə təzminat ödənilməsini xahiş edilmişdir. Eyni zamanda iddaçıya qüvvədə olan qanunvericiliyə əsasən beynəlxalq poçt göndərişinin itirilməsinə görə iddiaçı tərəfindən ödənilən 82,11 manat poçt rüsumu geri qaytarılacağı və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat ödəniləcəyi qeyd edilmişdir. Bununla yanaşı, işin faktiki hallarına nəzər yetirdikdə "xxxx" MMC öz üzərinə düşən məsuliyyəti qısa zaman ərzində yerinə yetirdiyi, iddiaçıya müvafiq məktublarda qeyd edilən qanunla nəzərdə tutulmuş qaydada maddi kompensasiyanı (82,11 manat göndərişin qiyməti və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat, ümumilikdə 152, 29 manat) ödədiyi, bu barədə SMS bildirişi ilə iddiaçını məlumatlandırdığı və istənilən poçt şöbəsindən həmin məbləği əldə biləcəyi aydın olur. Qeyd olunan məbləğ təsadüfi olmayıb, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.6-cı maddəsində nəzərdə tutulmuş kompensasiya normalarına uyğun hesablanmışdır. Cavabdeh də məhz qanuni vəzifəsini icra edərək müvafiq kompensasiyanı təmin etmişdir. İddiaçının bu məbləği müvafiq olaraq götürməsi və ya götürməməsi isə onun birbaşa özündən asılıdır və Cavabdeh MMC-nin bu barədə hər hansı bir məsuliyyəti formalaşa bilməz. Həmçinin iddiaçının məktubu qəsdən çatdırılmaması, bilərəkdən itirilməsi və ayrı-ayrı şəxslərin AİHM-ə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə bağlı iddiası tamamilə özünün subyektiv mülahizələrinə əsaslanır və heç bir faktiki halla sübuta yetirilmir. Yəni konkret iş üzrə məktubun itməsinin qəsdən törədilmiş hərəkət nəticəsində baş verdiyini təsdiqləyən heç bir fakt aşkar edilməmişdir. Bu barədə "xxxx" RM tərəfindən ünvanlanan məktubda da qeyd edilmişdir və məktubun alıcı ölkənin poçtu tərəfindən itirildiyi, bu faktı təsdiqləyən rəsmi yazışmalar da iddiaçıya təqdim olunmuşdur. Belə ki, X10 üzv ölkələrin təyin olunmuş poçt operatorları öz aralarında müştəri sorğularına və pretenziyalarına dair yazışmaları X9 "i-Care" adlanan onlayn elektron sistemində ingilis dilində aparır və bu yazışmalar tam rəsmi hesab olunur. İddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş sənəd sənəd də X9 həmin i-Care sistemindən çıxarışdır. Bu sənəddən görünür ki, EE005139545AZ nömrəli göndəriş barədə yazışma Azərbaycanın təyin olunmuş poçt operatoru olan "xxxx" MMC-nin əməkdaşı XASTANM ilə Fransanın təyin olunmuş poçt operatoru olan LA POSTE-nin əməkdaşı AKOYOSHİKAWA arasında aparılmışdır və AKOYOSHİKAWA son cavabında göndərişin LA POSTE tərəfindən itirildiyini bəyan etmişdir. Yazışmanın məzmunundan bəlli olur ki, məktubun itirilməsi “Azərpoçt" MMC tərəfindən baş verməmişdir. Lakin iddiaçı tam rəsmi hesab edilən yazışmalara şübhə ilə yanaşaraq əsassız şəkildə məktubun qəsdən itirildiyini bildirmişdir. Bununla yanaşı AR Dövlət Gömrük Komitəsindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli məktubda da qeyd edilmişdir ki, sorğu edilən bağlamanın saxlanılması barədə gömrük orqanlarının X1 Sistemində (VAİS) hər hansı bir məlumat qeydə alınmamışdır. Belə ki, EE005139545AZ izləmə kodlu poçt göndərişi xx.xx.2025-ci il tarixində göndərən ölkənin mübadilə məntəqəsinə daxil olmuş və həmin tarixdə mübadilə məntəqəsindən təyinat ölkəsi üzrə yola salınmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi hal sadəcə iddiaçının fərziyyələrindən ibarətdir. Onu da qeyd etmək vacibdir ki, iddiaçının Avropa Məhkəməsinə müraciət hüququ faktiki olaraq əlindən çıxmamışdır. Belə ki, iddiaçı iddia ərizəsinin 57-ci bəndində bildirmişdir ki, göndərişin içində olan AİHM-ə ünvanlanan şikayətlərdən birinin Konvensiyada nəzərdə tutulan 4 (dörd) aylıq şikayət müddəti xx.xx.2025-ci il tarixində başa çatmışdır. İddiaçı isə müvafiq göndərişi xx.xx.2025-ci il tarixində göndərmişdir. Təbii ki, göndərişin itmədiyi halda belə, 4 gün ərzində həmin məktubun kifayət qədər uzaq bir məsafəyə fiziki olaraq çatdırıla bilməsi riskli haldır. İddiaçının bu qədər gec məktubu göndərməsi və bununla bağlı olaraq iddia müddətini ötürməsi isə özünün seçimi və qərarıdır, "xxxx" MMC bu barədə məsuliyyət daşıya bilməz. Digər şikayətlərə münasibətdə isə iddiaçı qeyd etmişdir ki, AlHM-ə şikayət müddəti bitməmişdir və iddiaçı üçün heç bir hüquqi risk yaratmamışdır. Nəticə etibarilə, itmiş məktubla bağlı maddi zərər tam ödənildiyi və hüquqların son nəticədə bərpasına çalışıldığı üçün hazırkı mübahisədə faktiki ziyan tam kompensasiya olunmuşdur. İddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 etirazı müdafiə edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Cavabdeh MMC-nin "xxxx" X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC "xxxx" X12 tərəfindən İddiaçı ünvanlanmış 30 aprel 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Rabite Müəssisəsinə ünvanladığınız xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildiririk ki, xx.xx.2025-ci il tarixində Sizdən qəbul edilmiş EE005139545AZ nömrəli sürətli poçt göndərişi elə həmin gün müəssisəmizin çeşidləmə məntəqəsində emal edilərək təyinatı üzrə Fransaya yola salınmışdır. İçərisində bu göndəriş olan poçt kisəsi xx.xx.2025-ci il tarixində Fransa Poçtunda qeydiyyatdan keçmişdir. Göndəriş barədə rəsmi sorğumuza cavab olaraq, Fransa Poçtu təəssüf ki, onun itirildiyini bildirmiş və göndəriciyə təzminat ödənilməsini xahiş etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən beynəlxalq poçt göndərişinin itirilməsinə görə Sizə, ödədiyiniz 82,11 manat poçt rüsumu geri qaytarılacaq və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat ödəniləcəkdir. Baş vermiş xoşagəlməz vəziyyətə görə bir daha üzrxahlıq bildiririk. - Cavabdeh MMC "xxxx" X12 tərəfindən İddiaçı ünvanlanmış 07 may 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Rabitə Müəssisəsinə ünvanladığınız xx.xx.2025-ci il tarixli məktubunuza cavab olaraq, aşağıdakıları bildiririk: Cavabdeh öz fəaliyyətini poçt rabitəsi haqqında qanunvericilik əsasında həyata keçirir. Poçt haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunduğu kimi, bu qanunvericilik aktlarının bir hissəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının da üzvi olduğu X9 Konvensiyası, onun Reqlamentivə digər aktları qeyd olunan beynəlxalq müqavilələrin əsasını təşkil edir. X9 sənədlərində isə göstərilir ki, İttifaqa üzv ölkələrin təyin olunmuş poçt operatorları öz aralarında müştəri sorğularına və pretenziyalarına dair yazışmaları X9 i-Care adlanan onlayn elektron sistemində ingilis dilində aparır və bu yazışmalar tam rəsmi hesab olunur. Sizə göndərilmiş PİKNŞ-137/32 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş sənəd də X9 həmin i-Care sistemindən çıxarışdır. Bu sənəddən görünür ki, EE005139545AZ nömrəli göndəriş barədə yazışma Azərbaycanın təyin olunmuş poçt operatoru olan "xxxx" MMC-nin əməkdaşı XASTANM ilə Fransanın təyin olunmuş poçt operatoru olan LA POSTE-nin əməkdaşı AKOYOSHİKAWA arasında aparılmışdır vе AKOYOSHİKAWA son cavabında göndərişin LA POSTE tərəfindən itirildiyini bəyan etmişdir. Bir daha diqqətinizə çatdırırıq ki, Poçt haqqında Azərbaycan Respublikası Qanununun 17.1.6-cı maddəsinə uyğun olaraq, qeyd olunan poçt göndərişinin itirilməsinə görə Sizə kompensasiya ödəniləcəkdir. - Cavabdeh MMC "xxxx" X12 tərəfindən İddiaçı ünvanlanmış smsdən görünür ki, "xxxx" Rabitə Müəssisəsi sizə 152.29 manat göndərmişdir. Pulunuzu istənilən poçtdan sənəd təqdim edərək ala bilərsiniz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-in 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (MM-in 1096.2-ci maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun: 17.1.6-cı maddəsinə əsasən beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə X9 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla poçt rabitəsi operatorları istifadəçilər qarşısında maddi məsuliyyət daşıyırlar. 17.4.3-cü maddəsinə əsasən poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə poçt rabitəsi operatorları istifadəçilər qarşısında məsuliyyət daşımırlar. 21.3-cü maddəsinə əsasən istifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının poçt vasitəsilə AİHM-ə göndərdiyi şikayət məktubu ünvana çatmamış, yəni poçt göndərişi itmişdir. Bu hal ortaya çıxan kimi, "xxxx" MMC iddiaçı tərəfindən daxil olan şikayət əsasında dərhal xidməti araşdırmaya başlamış və göndərişin harada itməsi ehtimalını yoxlamışdır. Bu barədə xx.xx.2025-ci il tarixli, habelə xx.xx.2025-ci il tarixli cavab məktublarında "xxxx" MMC-nin filialı olan "xxxx" RM-nin iddiaçıya verdiyi rəsmi cavab məktubunda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixində iddiaçıdan qəbul edilmiş EE005139545AZ nömrəli sürətli poçt göndərişi elə həmin gün müəssisənin çeşidləmə məntəqəsində emal edilərək təyinatı üzrə Fransaya yola salınmışdır, içərisində bu göndəriş olan poçt kisəsi xx.xx.2025-ci il tarixində Fransa Poçtunda qeydiyyatdan keçmişdir. Lakin, Fransa Poçtundan (La Poste) alınmış məlumata əsasən, göndərişin itirildiyi bildirilmiş və göndəriciyə təzminat ödənilməsini xahiş edilmişdir. Eyni zamanda iddaçıya qüvvədə olan qanunvericiliyə əsasən beynəlxalq poçt göndərişinin itirilməsinə görə iddiaçı tərəfindən ödənilən 82,11 manat poçt rüsumu geri qaytarılacağı və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat ödəniləcəyi qeyd edilmişdir. Bununla yanaşı, müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi kompensasiyanı (82,11 manat göndərişin qiyməti və əlavə 30 SDR (təxminən 69,21 manat) məbləğində təzminat, ümumilikdə 152,29 manat) ödənilmişdir. (SMS bildirişlə iddiaçı bu barədə məlumatlandırılmışdır.) Məhkəmə qeyd edir ki, iddiaçı, poçt göndərişinin çatmamasını "xxxx" MMC-nin əməkdaşlarının qəsdən hərəkəti kimi qiymətləndirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, Cavabdeh MMC "xxxx" X12 tərəfindən İddiaçı ünvanlanmış 07 may 2025-ci il tarixli məktubdan görünür ki, EE005139545AZ nömrəli göndəriş barədə yazışma Azərbaycanın təyin olunmuş poçt operatoru olan "xxxx" MMC-nin əməkdaşı XASTANM ilə Fransanın təyin olunmuş poçt operatoru olan LA POSTE-nin əməkdaşı AKOYOSHİKAWA arasında aparılmışdır və AKOYOSHİKAWA son cavabında göndərişin LA POSTE tərəfindən itirildiyini bəyan etmişdir. Bundan başqa iddianın - xx.xx.2025-ci il tarixli FTİ № 059549 saylı mədaxil qəbzinə əsasən EE005139545AZ saylı beynəlxalq poçt göndərişi ilə göndərilən fərdi şikayətlərin AİHM-ə gedib çatdırılması üçün şikayətlərin yenidən hazırlanaraq Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (qısa adı DHL) sürətli poçt xidməti vasitəsi ilə məhkəmənin ünvanına göndərilməsi üçün 283.97 (iki yüz səksən üç manat doxsan yeddi qəpik) manat məbləğ, habelə informasiya sorğularına görə ödədiyi digər məbləğlərin cavabdehdən tutulması ilə bağlı – dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, LA POSTE tərəfindən poçt göndərişi itirildikdən sonra iddiaçı könüllü olaraq növbəti poçt göndərişlərinin DHL sürətli poçt xidməti vasitəsi ilə göndərmişdir, həmçinin informasiya sorğuları ilə də öz təşəbbüsü ilə müvafiq təşkilatlara müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia maddi zərərin ödənilməsi hissəsində əsassızdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırki işdə iddiaçı məhz cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar