Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1594/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində (VVAQ) xx.xx.1990-cı ildə Cavabdeh2 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övdadı dünyaya gəlmişdir – qızı Cavabdeh1 (xx.xx.1990) və oğlu Əli-zadə Firdovsi (xx.xx.1991). 1991-ci ilin axırlarında həyat yoldaşı Cavabdeh2lə birgə M.Muxtarov 4, mənzil 14-də yaşadıqları dövrdə oğlu xəstəlik keçirdiyindən xəstəxanada körpə uşaqla olduğu zaman yoldaşı qızı Mənsurəni onun razılığı olmadan Nərimanov rayonu, Atatürk prospektində olan ünvanda yaşayan anasının yanına aparmışdır. O, ondan qızı Mənsurəni yaşadıqları ünvana gətirməyi tədəb etsə də, həyat yoldaşı bundan imtina etmişdir. Buna görə də o, xx.xx.1993-cü il tarixdə Səbail rayon Məhkəməsinə (Səbail rayonu Xalq Məhkəməsi) müraciət etmiş və adı çəkilən qurum uşağın anaya verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh kassasiya şikayəti versə də, Ali Məhkəmə digər tərəfin şikayətini qəbul etməmiş, uşağın anaya qaytarılması qərarını qüvvədə saxlamışdır. Həyat yoldaşı qızı Cavabdeh1 azyaşlı olarkən ölkədən dəfələrlə qeyri-qanuni olaraq çıxara bilmişdir. Cavabdeh həmişə onu hədələyərək demişdir ki, “Mən nə istəyirəm onu da edirəm”. xx.xx.1994-cü ildə o, aliment tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və şikayəti əsasında ondan aliment tutulması haqqında məhkəmə qərar qəbul etmişdir. 2001-ci ildən sonar iş yeri olmadığı üçün aliment ödənilməmişdir və o vaxtdan indiyə qədər aliment borcu qalmışdır. İcra sənədinə əsasən həyat yoldaşı barədə axtarış işi açılmış və Polis orqanlarına göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 079-3339Ə-121 saylı məktubuna əsasən bildirilir ki, Bakı şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya İdarəsinə daxil olmuş cavab məktubunda həyat yoldaşı Cavabdeh2 və qızı Cavabdeh1 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək “Yalama” sərhəd keçid məntəqəsindən Rusiya Federasiyasına keçmişdirlər. Hal-hazırda o, ünvan 2 ünvanında oğlu ilə birlikdə yaşayır, mənzilkommunal xərclərinin ödənilməsində çətinlikləri var və maddi vəziyyəti çox aşağıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh2 ilə nikahları pozulmamışdır, 1996-cı ildən ailə münasibətləri pozulmur, oğlu Firdovsi onunla, qızı Mənsurə isə Cavidin yanında qalmışdır, 2012-ci ilədək, yəni cavabdehlər respublikanı tərk etməyənədək onlar barədə məlumat olmuşdur. 2012-ci ildən sonra isə heç bir məlumat əldə edə bilməmişlər, hətta Cavidin qohumları da onlar barədə məlumatsızdırlar. Uzun müddət onların yerinin müəyyən edilməsi ilə bağlı tədbirlər görmüş, lakin nəticəsiz olmuşdur. Mübahisəli evdə cavabdehlərə məxsus hər hansı bir əmlak yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05GQ-616/09 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 ilə X1 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 26 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əli-zadə, arvada Əli-zadə soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən “Güvən” vəkil bürosunun vəkili Bəxtiyar Atakişiyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş qərarın notarial qaydada təsdiq edilmiş surətinə əsasən keçmiş 26 Bakı Komissarı XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 92/8538 nömrəli qərarı ilə Bakı şəhəri, Poluxin küçəsində yerləşən 4 saylı evin sahəsi 25,5 kv.m. olan 2 otaqlı 14 saylı mənzilin Cavabdeh2 adına mənzil kirayə müqaviləsinin bağlanması 9 saylı Mənzil İstismar İdarəsinə tapşırılması qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən borclu X3, tələbkar İddiaçı, surəti ünvan 5 ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-610/1999 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən İddiaçı Bakı şəhəri, M.Muxtarov küçəsindəki 4 saylı evin 14 saylı mənzilinə yaşayış sahəsinə hüququ tanınmaqla, həmin mənzilə köçürülməlidir. İcra sənədi xx.xx.2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Tələbin könüllü icrası ilə bağlı xx.xx.2012-ci il tarixdə bildiriş göndərilmiş, lakin icra vərəqəsində göstərilən tələb C.Əlizadə tərəfindən təmin edilməmişdir.İddiaçı Bakı şəhəri, M.Muxtarov küçəsindəki 4 saylı evin 14 saylı mənzilinə yaşayış sahəsinə hüququ tanınmaqla, həmin mənzilə köçürülməlidir. əks halda qətnamənin icrası icra məmuru tərəfindən məcburi qaydada həyata keçiriləcəkdir. Məhkəmə qərarının icrası xx.xx.2013-cü il, saat 11.00-a təyin edilir. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisindən göstərilən vaxt nümayəndəsinin icra yerində iştirakını təmin etməsi xahiş olunur. 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisindən göstərilən vaxt nümayəndəsinin icra yerində iştirakını təmin etməsi xahiş olunur. Tələbkar İddiaçı göstərilən vaxtda icra yerində iştirak etməsi xahiş olunur. İş üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun və ona əlavə olunmuş borclunun axtarışı haqqında qərarın surətlərindən görünür ki, Səbail rayon Məhkəməsinin H-14/1994 saylı, xx.xx.1994-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq X5 barəsində axtarış işinin açılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində Səbail RPİ tərəfindən xx.xx.2014-cü il tarixdən axtarış elan olunmuşdur. İş üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, N.Əlizadənin həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X5 və qızı xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək “Yalama” sərhəd keçid məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdirlər. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayon indiki M.Muxtarov küçəsi ev 4 (keçmiş Poluxin), mənzil 14-də qeydiyyatdadır. Həmin ünvanda onunla qeydiyyatda olanlar aşağıdakılardır: İddiaçı (özü), Cavabdeh2 (həyat yoldaşı), Cavabdeh1 (qızı), Əli-zadə Firdovsi Cavid oğlu (oğlu). Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzili ilkin olaraq müvafiq qərarla Cavabdeh2 atası Əli-zadə X4 verilmişdir. Asəf Əli-zadə 1987-ci ildə vəfat etmiş və bununla əlaqədar keçmiş 26 Bakı Komissarı XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə həmin mənzilin icarə müqaviləsi Cavabdeh2 adına dəyişdirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış, onların birgə nikahdan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1991-ci il təvəllüdlü Əli-zadə Firdovsi Cavid oğlu adlı uşaqları anadan olmuş və onlar mübahisəli mənzildə yaşamış qeydiyyata düşmüşlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən alimentlə bağlı tələbinin təmin olunduğu məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə Cavabdeh2 borclu kimi aliment ödəmədiyi üçün axtarışa verilmiş və Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, onlar xx.xx.2012-ci ildən Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Rusiya Federasiyasına keçmişlər və həmin vaxtdan mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu norma əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında göstərilsə də, eyni zamanda vətəndaşların Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Konstitusiyanın 125-ci maddəsinin İ və Vİİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Bu konstitusiya prinsipləri öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 6-cı maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələri). Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu il tarixədək yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MÜlki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərdi. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Məhkəmə qeyd edir ki, iddiaçı icarədarın ailə üzvü olmaqla yaşayış sahəsinin icarə münasibətlərindən irəli gələn bütün hüquqlara malik olduğundan, onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Məhkəmə cavabdehlərin mübahisəli mənzilə olan hüquqlarının itirilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək “Yalama” sərhəd keçid məntəqəsindən Rusiya Federasiyası ərazisində keçmişlər və həmin vaxtdan mübahisəli mənzildə yaşamırlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları şəxsin 6 aydan artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi üçün əsasdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda Plenum qeyd etmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi plenumunun xx.xx.1992-ci il tarixli qərarının 9-cu bəndinə əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsinə işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Məhkəmə iclasında araşdırılan işin faktiki halları ilə iddiaçının 2012-ci ildən sonra cavabdehlərlə hər hansı bir əlaqəsinin olmaması, cavabdehlərin həmin ildən Azərbaycan Respublikası hüdudlarından kənara çıxaraq Rusiya Federasiyasının getmələri, cavabdehlərdən Cavabdeh2 barəsində axtarış işinin açılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin faktlar cavabdehlərin daimi yaşamaq üçün qeydiyyatda olan mənzildən başqa yaşayış sahəsinə köçmələrini təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları iddiaçının hüquqlarını pozur və bu səbəbdən cavabdehlərin həmin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2 və Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1594/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1594/2024
08.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver