Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1598/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «əmlakdan çıxarılma və zərər» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin (əldən çıxmış faydanın) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ünvan 1 ünvanında yerləşən 100 kv.metr sahədən ibarət olan əmlak kompleksinin “Ç” tikilisindən və “C” tikilisinin bir hissəsindən çıxarılması və 2017-ci ilin may ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 134,200 manat məbləğində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 ünvanında yerləşən ümumi sahəsi 943.8 kv.metr olan əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə verilmiş **********70-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin daşınmaz əmlakın “B” tikilisinin 155 kv.m sahəsi Cavabdeh MMC-nin qanunsuz istifadəsindədir. Cavabdeh həmin sahədə 2017-ci ildən sürətli poçt xidmətinin göstərilməsi ilə məşğuldur. Cavabdeh MMC ilə aralarında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç vaxt icarə haqqı ödənilməmişdir. Dəfələrlə cavabdehin qanuni təmsilçisi ilə görüşmüş, daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmişdir. Cavabdeh tələblərə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacaqlarını və istifadə etdiyi qeyri-yaşayış sahəsinə görə icarə haqqı ödəməyəcəklərini bildirmişdir. 08 avqust 2019-cu il və 22 may 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir, lakin müraciətləri cavabsız qalmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Sözügedən qeyri-yaşayış sahəsi Səbail rayonunda ünvan 2 ünvanda 1 kv. metr sahənin icarə qiyməti 15-30 manat arasında dəyişməkdədir. Belə olan halda bir il üçün icarə haqqı 27.900 manat təşkil edir, 2017-ci ilin iyun ayından 2022-ci ilin 6 ayı ərzində gəlir 141.825 manat təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənfəət əldə etməkdən məhrum olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC məhkəməyə iddia ərizəsinə münasibət bildirərək iddia tələbinin tam haqsız və tələbin əsası kimi qeyd edilənlərin düzgün olmadığını bildirmişdir. Belə ki, Cavabdeh MMC həmin sahəni özbaşına zəbt etməmiş, "xxxx" ASC ilə bağlanmış icarə müqaviləsi əsasında, qanuni əsaslarla həmin sahəni istifadəsinə almış və hal-hazıra kimi də istifadəsində davam edir. İddiaçıyevin həmin sahəyə faktiki olaraq heç bir hüququ yoxdur, sahə ona təhvil verilməmiş, həmin sahə ASC özəlləşdirildiyi vaxtdan digər əmlaklarla birgə ASC qanuni istifadəsinə almış və hal-hazıra kimi sahələr dəyişməz qalmışdır. X2 "xxxx" ASC-nin 97 səhmdarlarından biridir. O, ASC-nin 100.530 ədəd səhmin sahibi olmaqla, ümumi səhmlərə nisbətdə 18,8501% malikdir. Özəlləşdirildiyi gündən səhmdarların sırasında olmuş və hal-hazıra kimi də səhmdarların sırasında olmaqda davam edir. X1 məhkəmə qərarı təqdim edərək malik olduğu 18,8501% səhmin əvəzində ona ASC-nin əmlakında 18,8501% natura şəklində payın müəyyən edildiyini bildirmişdir. Göründüyü kimi ona əmlakdan pay, malik olduğu səhmlərin əvəzində verilməlidir. Lakin o, hazırda ASC-nin 18,8501% səhmin sahibi olaraq qalmaqda davam edir. Belə olan halda, yəni ASC-də malik olduğu səhmin həcmində dəyişiklik olmadan səhmdar kimi qaldığı halda, eyni zamanda səhminə bərabər həcmdə əmlak da əldə etdiyini söyləməsi məntiqsizdir. Məlum məsələdir ki, qiymətli kağızlar olaraq ASC-nin 18,8501% səhmin sahibi, ASC-ə aid əmlak həcmində naturada eyni paya malik olması deyil, səhmdarın səhmdarların sırasından çıxması, amma malik olduğu səhmin dəyərilə hesablanır. Həmin vaxt ASC-nin kreditorlar üzrə 116.747 manat, məhkəmə qətnaməsinin icrası ilə bağlı 1.147.246 manat borcu olmuşdur. Məlum məsələdir ki, ASC-yə məxsus aktivlərinə görə nəzərə alınan səhmlərin dəyəri həmin məbləğə nisbətdə aşağı düşmüş olur. Ona görə də onun çağırışı ilə 24 iyun 2017-ci il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağının gündəliyinə salınmış bu təklifinə Nəsib Məmmədov, Rauf Tağıyev, Bəşir Bayramov və "xxxx" (hazırda "xxxx") MMC olmaqla 404.241 s/s əleyhinə səs verilmişdir. Bu da səhmdarların malik olduğu 526.666 ümumu səsin 76,76%-ni təşkil etdiyindən qəbul edilməmiş sayılır. Lakin İddiaçıyev məhkəmənin qərarı əsasında həmin sahəyə mülkiyyət hüququnu əldə etdiyini və "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı əsasında həmin sahə ayrılıb ona təhvil verildiyini söyləyir. Məhkəmənin qərarını qeyd etdi, ümumi yığıncağın isə belə bir qərarı olmamışdır. Ümumi yığıncağın xx.xx.2017-ci il tarixli protokolu İddiaçıyevin özü tərəfindən tərtib edilib və imzalandığından, onun tərəfindən təqdim edilən ümumi yığıncağın qərarını yoxlamaq lazımdır. Çünki sonradan mətninə dəyişiklik edilməsi istisna edilmir. İddiaçıyev "xxxx" ASC-dən hər hansı ölçüdə əmlakın ona təhvil verilməklə əldə etdiyinin sübutu kimi, sahənin razılaşdırılmış bölgü sxemi və boşaldılaraq təhvil verildiyinə dair aktı, eləcə də malik olduğu 100530 ədəd səhmin dəyərinin həmin əmlakın dəyərində azaldıldığına dair, "xxxx" ASC-nin səhmlərinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışı, bununla bağlı səhmdarların qərarını təqdim etməlidir. Əlavə olaraq bildirmişdir ki, həmin sahəyə mülkiyyət hüququ əldə etdiyinə dair qeyd etdiyi vaxtda, sahə icarə əsasları ilə artıq Cavabdeh MMC-nin istifadəsində idi. Belə olan halda icarəçi həmin sahəni necə zəbt etmiş olur? Sahə Haqverdiyevə təhvil verilsə idi, birincisi, ASC bu halı icarəçi ilə razılaşdırmalı və gələcək münasibətləri həll etməli idi. İkincisi, sahənin faktiki təhvili zamanı icarəçi, ən azından bunu görərdi. Lakin bunların heç biri baş verməmişdir. Bütün bunlar həmin sahənin ona təhvil verildiyinə dair göstərdiklərinin doğru olmadığına bir daha sübutdur. İddiaçıyevin oxşar tələblərlə bağlı daha iki iddiası Səbail rayon Məhkəməsinin icraatında baxılır. Həmin iddialarda da sahənin onun mülkiyyətində və istifadəsində olduğu halda cavabdehlər tərəfindən zəbt olunduğunu göstərmişdir. Onun məqsədi qanunla yol verilməyən, əsassız varlanma niyyətini məhkəmə qaydasında həyata keçirməkdir. Ona görə də iş üzrə qətnamə qəbul edilərkən, qeyd edilənlərin də nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, "xxxx" ASC keçmiş ayaqqabı firmasının varisidir və onun hüquqi ünvanı ünvan 3 2020-ci ilə qədər ünvanı həmin yer olmuşdur. Əslində "xxxx" ASC 4 küçənin kəsişməsində yerləşir. Fikrət Əmirov, Nizami, Xəqani və Puşkin küçəsində yerləşir. Baxmayaraq ki, "xxxx" ASCnin obyektləri 4 küçədə yerləşir, onun hüquqi ünvanı ünvan 4izə verən zaman da ünvan həmin yer olub. Bununla bağlı məhkəmə ekspertizası keçirilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsində də ona ayrılacaq sahə (Nizami küçəsi 92) göstərilmişdir. İddia etdiyi sahə Xəqani küçəsində yerləşir. Cavabdeh MMC-yə veriləcək sahə də texniki pasportda qeyd edilmişdir. 24 iyun 2017-ci ildə səhmdarların ümumi yığıncağı keçirilmişdir. Yığıncağın keçirilməsi ilə bağlı tələbi o olmuşdur ki, gündəlikdə onun 18.85% payına uyğun sahə ayrılsın. Bu müzakirə olunmuş və həmin sahə ona ayrılmışdır. Reyestr xidməti çıxarış verməkdən imtina etmişdir ki, səhmdarların ümumi yığıncağının qərarı olmalıdır. 2014-cü ilin sentyabr ayının 22-də məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. "xxxx" ASC də həmin qətnamədən şikayət verməmiş, lakin reyestr xidməti 2022-ci ilin yanvar ayında şikayət vermişdir. Şikayəti birinci, apellyasiya instansiya məhkəmələri qəbul etməmiş və iş icra prosesinə getmişdir. Reyestr xidməti icranı yerinə yetirmədiyi üçün cinayət işinin açılması ilə bağlı xəbərdarlıq edildikdən sonra məcburi qaydada çıxarışı 2017-ci ilin may ayında vermişdirlər. Səhmdarların ümumi yığıncağının keçirilməsi barədə mətbuatda elan vermiş, səhmdarlara bildiriş göndərmişlər. 24 iyun 2017-ci il yığıncağında 25 nəfər səhmdar, "xxxx" MMC-nin nümayəndəsi iştirak etmişlər. Qərara alınmışdır ki, cəmiyyətin səhmlərinin 18.85%-nin sahibi İddiaçı məxsus 100.530 ədəd səhmlərinin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilsin. İddiaçı məxsus olan 100.530 ədəd adi səhmlər 1 (bir) il ərzində geri alınıb ləğv edilsin. Bölgü sxeminin təsdiq edilməsi Cəmiyyətin İdarə Heyətinin sədrinə həvalə edilsin. Bununla bağlı "xxxx" ASC-nin etirazı əsassızdır. İcarə müqaviləsində qeyd edilən Xəqani küçəsi 91 ünvanı heç bir sənəddə təsdiqini tapmamışdır. "xxxx" ASC-nin 2020-ci il texniki pasportunda hüquqi ünvan kimi Xəqani küçəsi 87-dir. Bunu ona "xxxx" ASC-nin rəhbərliyi təqdim etmişdir. Həmin pasportda göstərilmişdir ki, B,C,D, E tikililəri üçüncü şəxs İddiaçı məxsusdur. Cavabdeh MMC-nin yerləşdiyi yer də “B” tikilisindən ibarətdir. Bu da onun istifadəsində və mülkiyyətindədir. Həm ona məxsus, həm də "xxxx" ASC-yə məxsus texniki pasportda baş planda bu, qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, sözügedən 155 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətində və istifadəsində ola-ola cavabdeh tərəfindən zəbt edilmiş və qanunsuz sahibliyinə alınmışdır. Bunun nəticəsində, yəni cavabdehin özbaşına zəbtinə görə əmlakını istəyinə uyğun istifadə edə bilmədiyindən ona ziyan dəymişdir. Əks təqdirdə həmin sahəni icarəyə verib keçmiş müddətlərdə 141.825 manat qazanc əldə etmiş olardı. İddiaçı adı çəkilən 155 kv.m sahənin də daxil olmaqla, həmin ünvanda 943.8 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqununun ona aid olduğu barədə daşınmaz əmlakın reyestrindən çıxarışı təqdim edir. Həmin çıxarışı 18% səhmlərinə malik olduğu "xxxx" ASC-dən ayrıldığından ASC-yə məxsus Nizami küçəsi 92 ünvanında yerləşən əmlakdan, pulla ölçülən payı nisbətində natura şəklində götürdüyü əmlaka görə əldə etmişdir. "xxxx" ASC-nin hüquqi şəxslərin dövlət reyestri qeydiyyatı aktivdir. ASC yarandığı gündən ayrılması olmamışdır və iddiaçının özü də halhazırda ASC-nin səhmdarları sırasındadır. ASC-nin səhmdarı ondan çıxmaq üçün özünə məxsus səhmi satmalı və çıxmış səhmdar səhmdarları reyestrindən çıxarıldığı andan ASC-dən çıxmış hesab olunur. Digər tərəfdən ayrılmış səhmdarların payı aktiv əmlakdan deyil, ayrılmasına müraciət etdiyi tarixə ASC-nin malik olduğu səhmlərin dəyərinə nisbətdə hesablanır. Ona görə də, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə dair təqdim etdiyi mülkiyyət sənədinin məhz Cavabdeh MMC tərəfindən istifadə edilən və "xxxx" ASC-yə məxsus sahəyə aid olması yetərincə şübhəlidir. İddiaçı həmin sahəni məhkəmə qətnaməsinə əsasən əldə etdiyini və qətnamənin icrası əsasında mübahisəli sahənin də daxil olmaqla 943.8 kv.m sahəyə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını qeyd edir. Həmçinin cavabdehin həmin sahəni zəbt etdiyinə görə onun mülkiyətində olduğunu bildirir. Məhz bu əsasdan da dəymiş ziyana görə pul tələb edir. Cavabdeh həmin sahənin istifadəsini özbaşına zəbt etməmiş, əmlak kompleksinin mülkiyyətçisi olan "xxxx"ASC tərəfindən yerləşdirilmişdir və bununla bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi mövcuddur. İcarə müqaviləsinə əsasən verilən sahə Xəqani küçəsində yerləşir. İddia ərizəsində adı çəkilən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən bir neçə ay əvvəl Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Ona görə də, mübahisəli sahənin iddiaçının mülkiyyətində və istifadəsində olduğu zaman Cavabdeh MMC tərəfindən zəbt edilməsinə dair iddiaçının göstərdikləri həqiqətə uyğun deyil və iddianın təmini məqsədi üçün maraqlarına görə qeyd etmişdir. Adı çəkilən sahənin xx.xx.2017-ci il tarixdən əvvəl "xxxx" ASC-yə məxsus olduğu mübahisələndirilmir. Lakin həmin sahənin xx.xx.2017-ci il tarixdən sonra iddiaçıya təhvil verildiyi müəyyən edilmir. Belə təhvil vermə mümkün də deyildir. Çünki Cavabdeh MMC-nin həmin sahədən çıxarılması, onunla "xxxx" ASC arasında mövcud müqaviləyə xitam verilməli idi. Nəticə etibarı ilə, mübahisəli sahə ilə bağlı müəyyən edilən hallar ardıcıllığına görə iddiaçı mülkiyyət hüququnu əldə etmiş olsa da, sahəni təhvil götürməmişdir. Bu məsələni də Cavabdeh MMC yox, "xxxx" ASC həll etməlidir. İddiaçıyevin oxşar tələblərlə bağlı iddiasına Səbail Rayon Məhkəməsi tərəfindən baxılmış və hər iki iş üzrə iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Çünki iddiaçının məqsədi qanunla yol verilməyən əsassız varlanma niyyətini məhkəmə qaydasında həyata keçirməkdir. Bütün bunlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92 "xxxx" ASC-nin mülkiyyətindədir. 01 fevral 2017-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış İcarə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ünvan 6 ünvanındakı qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 155 kv.metr sahəni ofis kimi istifadə etmək üçün Cavabdeh MMC-yə 5 il müddətinə icarəyə verir. Müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin qüvvəsi avtomatik olaraq 1 bir il müddətinə uzadılır. İş materiallarında olan BA seriyalı, 631644 nömrəli Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, ünvan 7 ünvanda yerləşən əmlak Cavabdeh MMC tərəfindən "xxxx" ASC də xx.xx.2017-ci il tarixdə sığortalanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********70-12301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 19 nömrəli reyestr kitabında 1836 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 24 iyun 2017-ci il tarixli protokolundan görünür ki, Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən əmlak kompleksində yeni hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikilməsinə razılıq verilmiş, həmin razılığın verilməsi və birgə fəaliyyət müqaviləsinin bağlanması Müşahidə Şurası ilə razılaşdırıldıqdan sonra Cəmiyyətin İdarə Heyətinin sədrinə həvalə edilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “B” tikilisinin 155.3 kv. metr sahəsinin Cavabdeh MMC tərəfindən 07 gün müddət ərzində boşaldılması üçün xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********67 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Səbail Rayon Məhkəməsinin 2(009)- 1177/2014 saylı qətnamə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 2496/2017 saylı qətnamələrinə əsasən dövlət reyestrində İddiaçı adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh ünvan 7 ünvanda yerləşən 155 kv.m. qeyri-yaşayış sahəsini 01 fevral 2017-cı il tarixdən 5 il müddətinə, "xxxx" ASC-dən icarəyə götürmüş və müqavilənin qüvvəsi avtomatik olaraq 1 il müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən əmlak kompleksidir. Cavabdehin isə icarəyə götürdüyü 155 kv.m. qeyri-yaşayış sahəsi ünvan 7 ünvanda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan əmlak kompleksinə daxil olan əmlakdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Nəzərə alsaq ki, qüvvədə olan qanunvericiliyə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir məhkəmə hesab edir ki, cavabdehin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ olmasa da icarə hüququ əsasında əmlaka sahiblik edən şəxs kimi əmlak hüququ vardır və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. ünvan 1 ünvanında yerləşən əmlak kompleksi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətinə keçən zaman ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 01 fevral 2017cı il tarixdən 5 il müddətinə cavabdeh tərəfindən icarəyə götürüldüyündən yüklü olmuşdur və müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin qüvvəsi avtomatik olaraq 1 bir il müddətinə uzadıldılmışdır. Məhkəmə hesab edir ki, icarə müqaviləsi qüvvədə olduğundan cavabdeh icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində- yəni 01 fevral 2023-cü ilədək çıxarıla bilməz. İddia tələbinin 141,825 manat məbləğində ziyanın cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 01 fevral 2017-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış İcarə müqaviləsindən görünür ki, cavabdeh 2017-cı il tarixdə "xxxx" ASC ilə icarə müqaviləsi bağlayaraq həmin vaxtdan indiki dövrə kimi sözügedən əmlakdan icarəçi kimi istifadə edir və razılaşdırılmış icarə haqqını "xxxx" ASC-yə ödəyir. Burdan belə nəticəyə gəlmək olur ki, cavabdeh əmlakdan özbaşına deyil, məhz müqaviləyə əsaslanaraq istifadə etmiş və bunun müqabilində razılaşdırılmış icarə haqqını icarəyə verən qismində "xxxx" ASC-yə ödəmişdir. Bu səbəbdən hazırki halda İddiaçı əmlakından istifadəyə görə əldən çıxmış fayda kimi cavabdehdən pul tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 431.83 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 431.83 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1598/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1598/2022
01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver