Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1608/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4127 manat və 30.40 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxx” ASC verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxx” ASC iddia tələblərini belə əsaslandırmışdır ki, X5 ilə “xxxxxxxxxxxx” ASC arasında xx.xx.2019-cu il tarixində M00-08059-001 saylı sığorta şəhadətnaməsi imzalanaraq onun mülkiyyətində olan “Hyundai Grandeur” markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil kasko növü üzrə sığorta təminatlı olmuşdur. xx.xx.2020-ci il tarixində “xxxxxxxxxxxx” ASC-yə ərizə ilə müraciət edilərək yuxarıda qeyd edilən avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixində özü tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermiş, onun idarə etdiyi avtomobil ** MB *** dövlət qeydiyyat nişanlı “Dacia Logan” markalı avtomobil ilə toqquşaraq qəzaya uğramışdır. Avtomobilə dəymiş ziyan xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən 9127 (doqquz min yüz iyirmi yeddi) manat hesablanmaqla və “İcbari sığorta” haqqında qanunun 56-cı maddəsinə əsasən 3-cü şəxsin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində ödəniş hüququ almaq şərti ilə 5000 manat sığorta ödənişinin verilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 927.1 maddəsinə əsasən əmlaka vurulan zərərə görə mülki məsuliyyət sığortasında sığorta ödənişi qəza hadisəsi baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən 3-cü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməməsinə əsasən M00-08059- 001 saylı sığorta müqaviləsi əsas götürülərək dəymiş ziyanın 4127 manat həcmində sığorta ödənişinin zərərçəkmiş şəxs - X3 ödənilməsi tərəfimizdən qərara alınmışdır. Beləliklə “xxxxxxxxxxxx” ASC üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Qəza törədən Cavabdeh idarə etdiyi ** MB *** dövlət qeydiyyat nişanlı “Dacia Logan” markalı avtomobillə bağlı biz cavabdeh tərəfə dəfələrlə müraciət edərək Azərbaycan Respublikası MM-nin subroqasiya ilə bağlı qanunvericiliyinə əsasən (Reqress) zərəçəkmiş şəxsə tərəfimizdən ödənilən 4127 manat məbləğində pulu ondan geri tələb etsək də cavabdeh tərəf müxtəlif bəhanələrə həmin məbləği “xxxxxxxxxxxxx” ASC-yə ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun sığörtası tərəfindən pul ödənmişdir. Hal-hazırda ödəməyə imkanı yoxdur. Ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, təqdim olunmuş sübutları araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. İş materiallarında olan M00-08059-001 saylı tam sığorta şəhadətnaməsinə əsasən, sığortalanmış avtomobilin sığorta dəyəri 38000 manat müəyyən edilmiş, sığorta məbləği xx.xx.2019-cu ildən xx.xx.2020-ci il xx.xx.2013-cü ilə kimi 15 700 (on beş min yeddi yüz) manat, franşiza 500 (beş yüz) manat olmaqla, iddiaçı tərəfindən 411,34 manat sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Dövlət X7 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 18:00 Bül-Bül prospekti, Füzuli küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Dagia Logan minik markalı, ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Hunday Grandeur markalı ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarında olan Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nini 327.2-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarında olan X8 xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, Hunday Grandeur markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə 9127 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan qiymətləndirmə aktından görünür ki, 9127 manatın 5000 manatı “xxxxxxxxxxxx” ASC şirkətindən alındığı üçün dəymiş zərərdən çıxılıb avtomobilin sahibinə 4127 manat ödənilməlidir. İş materiallarında olan 2070PXO201220515 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən X2 hesabına 4127 manat köçürülmüşdür. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh “xxxxxxxxxxxxx” ASC xeyrinə 4127 (dörd min yüz iyirmi yeddi) manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxx” ASC xeyrinə 4127 (dörd min yüz iyirmi yeddi) manat sığorta ödənişi və iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1608/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1608/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver