Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1612/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1942-ci il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Həmin mənzilin ¼ hissəsinin hüquqi sahibi odur. Məlumat üçün bildirir ki, hal-hazırda sözügedən mənzildə qardaşları X6 ¼ hissə, X7 ¼ hissə və bacısı X5 ¼ hissənin pay sahibləri olmuşlar. Atadan onlara qalan mülk olmuş və onlar da öz aralarında alqı-satqı etmişlər. Bildirmək istəyir ki, oğlu hal-hazırda həmin mənzildə yaşayır və mənzildən çıxmayacağını bildirir. Mənzilin birinci mərtəbəsində ona məxsus olan hissədə mağaza fəaliyyət göstərir. Oğluna həmin mənzildən 2-ci mərtəbəsini pay vermiş, lakin oğlu ona məxsus hissədə yaşayır və orda mağaza və kafe fəaliyyət göstərir. Ona öz mənzilinə daxil olmasına qadağa qoyur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, anadan olduğu 1972-ci ildən həmin evdə yaşamışdır. 1993-cü ildə evlənmiş, atası Azərbaycan prospekti, 14 ünvanda ev alaraq yaşamaq üçün ona vermiş və onu qeydiyyatdan çıxararaq həmin evə qeydiyyata salmışdır. 2003-cü ilədək həmin evdə yaşamış, sonra atası demişdir ki, o, hazırda yaşadığı evə köçsün, həmin evi isə özünə götürmüşdür. 2003-cü ildən hazırki vaxtadək ailəsi ilə birlikdə İ.Əfəndiyev küçəsi, 10 saylı evdə yaşayır. Anası vəfat edənədək belə mübahisələr olmamış, atası və anası son vaxtlar onunla yaşamışdır. Anası rəhmətə gedəndən sonra evlə bağlı mübahisə başlamışdır. Hazırda həmin evdə o, ailəsi ilə və vəfat edən əmisinin iki övladı yaşayır. Həmçinin atası İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş elektron çıxarışa əsasən Bakı şəhəri, Səbail ryaonu, İlyas Əfəndiyev küçəsində yerləşən 10 saylı ev paylı mülkiyyət hüququ üzrə (hər biri ¼ hissədə) İddiaçı, X3, X4 və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş elektron çıxarışa əsasən Bakı şəhəri, Səbail ryaonu, İlyas Əfəndiyev küçəsində yerləşən 10 saylı ev paylı mülkiyyət hüququ üzrə (hər biri ¼ hissədə) İddiaçı, X3, X4 və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Hazırda İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vurğulamağı vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və Cavabdeh) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələyə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1433/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğludur, onun ailə üzvüdür, anadan olduğu vaxtdan 1993-cü ilə qədər və 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşayır. Cavabdeh 2003-cü ildən hazırki vaxtadək mübahisəli evdə yaşadığı üçün, o, qanunun yuxarıda göstərilən tələbləri baxımından həmin evə istifadə hüququ əldə etmişdir. Cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yarandığından, həmin hüquqlar kompensasiya verilməsi yolu ilə itirilmədən onun mənzildən çıxarılması barədə tələb əsaslı hesab edilməmişdir. Lakin İddiaçı - Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, hazırda cavabdehin (kompensasiya verilmədən) istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabdehə kompensasiya verilməsi təklif edilmiş, lakin nə iddiaçı, nə də ki, cavabdeh buna razı olmamışlar. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1612/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1612/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver