Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-164/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Nəsirov Sabutay Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “VAZ 21723” markalı minik (ban XTA217230D0242314), 2013-cü il buraxılışlı, ağ rəngli, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10.04.2013-cü il tarixdən onun mülkiyyətindədir və bununla bağlı ona Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən AB No 915112 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Həmin avtomobili o, sərf onun şəxsi hesabına, yəni "xxxx" ASC ilə aralarında bağlanmış 09.04.2013-cü il tarixli 105 saylı kredit müqaviləsi ilə almışdır, bununla bağlı banka həm ilkin ödənişi, həm də aylıq kredit ödənişlərini bu günə qədər öz vəsaiti hesabına həyata keçirmişdir və indinin özündə də buna aid kredit borclarını ödəməkdədir. Qeyd edilən avtomobil ona dair mülkiyyət hüquqlarını əldə etdiyi vaxtdan bəri yalnız onun mülkiyyətində olmuş və ehtiyacı olan hərdən idarə olunması üçün dayı oğlu X3 tərəfindən 2017-ci ildə bir illik adi mülki etibarnamə verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuroru Ramiq Babayev onun mülkiyyətində olan “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X3 məxsus olduğunu göstərərək onun nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etmiş və Azərbaycan Respublikası Baş Prokurorunun müavini Rüstəm Usubov bu vəsatəti müdafiə edərək təmin edilməsi barədə təqdimatla 22.11.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayonu Məhkəməsinin hakimi X5 5(006)-476/2019 nömrəli iş üzrə qəbul etdiyi 22.11.2019cu il tarixli qərarı ilə qeyd edilən vəsatət və təqdimat təmin edilərək ona məxsus avtomobilin üzərinə həbs qoyulub icrası ibtidai istintaq orqanına, habelə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilmişdir. Nəticədə aidiyyəti olmadığı cinayət işi ilə bağlı əldə edilməsində heç bir iştirakı olmamış təqsirləndirilən şəxsə məxsus əmlak kimi tam qanuni əsaslarla mülkiyyətində olan avtomobilin üzərinə elə həmin vaxtdan da səhvən həbs qoyulmuşdur. Bununla bağlı dəfələrlə cinayət prosesini həyata keçirən orqana, yəni əvvəlcə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə Binəqədi RPİ-nin İstintaq şöbəsinə yazılı və şifahi şəkildə müraciət etsə də, bu günədək bir cavab ala bilməmişdir. Müdafiə hüquqlarını müdafiə etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə vasitəsilə müraciət etmişdir və həmin məhkəmənin hakimi Azər Tağıyevin ona ünvanladığı 03.05.2021-ci il tarixli məktubda üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin əmlakın həbsdən azad edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malik olduqları göstərilmişdir. Hazırda mülkiyyət hüquqlarından yararlara və başqa vasitələrlə hüquqlarını bərpa edə bilmədiyinə görə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda istintaq orqanından daxil olmuş müraciət əsasında “VAZ-21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyularaq Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Nəticədə yuxarıda sözügedən nəqliyyat vasitəsi faktiki onun sahibliyində olduğuna rəğmən, o, ondan nə istifadə etmək, nə də barəsində sərəncam vermək hüququnu həyata keçirə, bununla da konstution hüquqlarını realizə edə bilmir. Yuxarıda qeyd etdiyi xüsusatlara obyektiv hüquqi qiymət verərək mülkiyyətində olan avtomobilin üzərinə əsassız olaraq səhvən qoyulmuş həbsin götürülməsi və bununla bir vətəndaş kimi pozulmuş əmlak hüquqlarının bərpa olunmasına dair qərar qəbul olunmasına kəskin zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı mülkiyyət hüququ ilə ona məxsus “VAZ-21723” markalı minik (ban XTA217230D0242314), 2013-cü il buraxılışlı, ağ rəngli, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə əsassız olaraq səhvən qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ QİŞ tərəfindən 10.04.2013-cü il tarixdə verilmiş AB№915112 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «VAZ 21723» minik markalı, ** VP *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər 38 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 16.10.2017-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan «VAZ 21723» minik markalı, ** VP *** dövlət nömrə nişanlı avtomaşına dair idarə etmək hüququn həyata keçirilməsi ilə əlaqədar X3 2 il 1 ay 1 gün müddətinə, yəni 17.11.2019-cu il tarixədək səlahiyyət vermişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, 5(006)-476/2019 saylı qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3 məxsus olan “VAZ-21723” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2021 saylı, 23.08.2021-ci il tarixli hökmün X3 aid olan hissədən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04.01.2019-cu il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, idarənin Qeydiyyat-imtahan idarəsinin komputer uçot bazasına görə “VAZ-21723” markalı ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili 16.10.2017-ci il tarixdə verilən etibarnaməyə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan X1 istifadəsinə verilməsi barədə informasiya sistemində məlumat mövcuddur və istintaqdan daxil olmuş müraciət əsasında avtomobilin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyularaq DİN-nin Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Hökmdən həmçinin görünür ki, hazırki cinayət işin üzrə təqsirləndirilən şəxslər X1 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə “X8 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinə ünvanlanmış 18.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASCyə məxsus problemli aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli Fərmanının icrasını səmərəli təşkil etmək məqsədilə "xxxx" QSC ilə “X8 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X8 Edilməsi Agentliyi” MMC həyata keçirir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 09.04.2013-cü il tarixli 105 saylı kredit müqaviləsinin təminatı kimi **-VP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21723” mirkalı minik (ban XTA217230D0242314) avtomobilin girov qoyulması barədə 09.04.2013-cü il tarixli 105 saylı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Borclu İddiaçı ilə "xxxx" QSC arasında "xxxx" QSC-yə problemli borcu olan fiziki şəxslərin 2012-ci ilin yanvar ayının 1-dən 2019-cu ilin fevral ayının 28-dək aldıqları kreditlər üzrə ödənilməmiş vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının müvafiq qərarına əsasən imzalanmış restrukturizasiya müqaviləsi üzrə kreditin təminatı digər təminatla əvəz olunduğu üçün ona məxsus ipoteka predmeti olan **-VP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21723” markalı minik (ban XTA217230D0242314) avtomobilini girovdan azad etməsini xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 03.05.2021-ci il tarixli 5(006)-476/2019 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat verməkdikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Qanunvericiliyində normasından göründüyü kimi, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraat qaydasında tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna və Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış 19.10.2021-ci il tarixli ərizələrdən görünür ki, mülkiyyət hüququ ilə ona məxsus olan “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə əsassız olaraq səhvən qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qaldırılmış tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin avtomaşının idarə etmək hüququnun həyata keçirilməsi ilə bağlı səlahiyyəti 17.11.2019-cu il tarixədək X2 vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X3 məxsus olan “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı 2019-cu il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli qərarı ilə həmin avtomaşın üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən cinayət işi üzrə müvafiq hökm qəbul olunmuşdur. Lakin cinayət işi üzrə müvafiq hökm qəbul edilsə də və hökm qanuni qüvvəsini alsa da, mübahisəli “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı qərar qəbul edilməmişdir. Yəni cinayət işi üzrə mübahisəli “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşına həbs qoyulsa da, hökmlə həmin avtomobilin taleyi həll edilməmiş qalmışdır. İddiaçı mülkiyyətində olan əmlakın həbsdə qaldığından, onun həbsdən azad edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, həmin məsələ hal-hazırki vaxtadək öz müsbət həllini tapmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. AR CPM-nin 248.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; 248.1.2-ci əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə mülki iddiadan imtina edildikdə, təqsirləndirilən şəxsə ittiham edildiyi əməlin tövsifi dəyişdirildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildiyi hallardan başqa əmlak məhkəmə tərəfindən qoyulmuş həbsdən yalnız məhkəmənin qərarı əsasında azad edilə bilər. Eyni Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2-177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan “VAZ 21723” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işi üzrə məhkəmə qərarı əsasında qoyulmuşdur. Həmin cinayət işinə yekun verilmiş və mübahisəli əmlak barəsində heç bir qərar qəbul edilməsə də, həbs hal-hazırki vaxtadək götürülməmişdir. Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdir. Bu müraciətə 10 gün müddətində cavab verilmədikdə şəxslər mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı mübahisəli avtomaşının həbsdən azad olunması barədə müraciət etsə də, ona hər hansı cavab verməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomaşın üzərində həbsin qalması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində maddi sübutların həlli, əmlak müsadirəsi cəzası təyin olunduğu halda müsadirə edilməli olan cinayətin predmetləri, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayət yolu ilə əldə edilmiş əmlakın siyahısı, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində müsadirə olunacaq məhkuma məxsus olan pulun miqdarı və ya əmlakın siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomaşın cinayət predmeti olmadığından bu əmlak üzrə hər hansı müsadirə ilə bağlı qərar qəbul edilmədiyindən, həmin əmlak üzərində həbsin saxlanılması iddiaçının əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan avtomaşının heç bir əsas olmadan uzun müddət həbs altında saxlanılması onun mülkiyyətçi kimi bu əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdırır, bu isə yölverilməzdir. Məhkəmə hazırki işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da müraciət etməyi zəruri hesab edir. Venditellinin İtaliyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etdi ki, həbs qoyma iki qanuni məqsəd güdürdü: 1) ittiham üçün əsas olan hüquq pozuntusu haqqında sübutları qorumaq məqsədi; 2) həmin pozuntunun dərinləşməsinini qarşısını almaq məqsədi. Bununla yanaşı, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu barədə qərar qəbul edərkən məhkəmə belə bir fikir ifadə etdi ki, dövlətdaxili məhkəmə işə xitam verilən kimi əmlakın həbsi dərhal ləğv edilməsi haqqında əmr verməyə borclu idi, çünki həmin anda həbsin davam etməsi üçün qanuni əsasların qüvvəsi bitmişdir. Məhkəmə işin yuxarıda sadalanan hallarını, Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini və Avropa Məhkəməsinin bu qərarında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və mübahisəli avtomaşın üzərinə olan həbs götürülməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin olunsun. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və Nəsimi rayon Məhkəməsinin 5(006)-476/2019 saylı, 22.11.2019-cu il tarixli qərarı ilə «VAZ 21723» minik markalı,(ban XTA217230D0242314), 2013-cü il buraxılışlı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbs ləğv edilsin və avtomaşın həbsdən azad edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-164/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-164/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver