Məhkəmə qərarları › İş №2(009)-164/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-164/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-164/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun bir illik qazancının kompensasiyası kimi 7000 AZN, keçirdiyi tibbi əməliyyatlara görə 2000 AZN, “Tufan Cub50S” markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri ilə əlaqədar xərclər üçün 1491 AZN, ona dəymiş mənəvi zərərə görə 5000 AZN olmaqla, cəmi 15491 AZN və eləcə də dövlət rüsumu kimi ödənilmiş 140 (yüz qırx) AZN məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh 16 avqust 2023-cü il tarixində saat 21:20-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Damas” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısında “Tərlan” şadlıq evi istiqamətində yolun sol kənarında birinci hərəkət zolağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq (manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir), nəticədə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməmiş, beləliklə onunla eyni istiqamətdə hərəkətdə olan “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsiklet ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü onun sağ körpücük sümüyünün və sağ bud sümüyünün qapalı yerdəyişən sınıqlarından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən məsələ ilə əlaqədar cavabdeh barəsində cinayət işi açılmış, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (006)-208/2024 nömrəli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrum edilmiş, tərəflərindən verilmiş mülki iddia isə baxılmamış saxlanılmışdır. Bu səbəbdən, müvafiq cinayət hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ayrıca məhkəmə icraatı qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Belə ki, “X3” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11752 nömrəli epikrizdən onun xx.xx.2023-cü il tarixində müvafiq tibb müəssisəsinə daxil olduğu, sağ körpücük sümüyünün sağ bud sümüyün qapalı qəlpəli yerdəyişən sınığı xəsarəti aldığı, xx.xx.2023cü il tarixində ərazi poliklinikasına travmatoloqun nəzarəti ilə ambulator müalicəyə buraxıldığı müəyyən olunur. İş üzrə təyin edilmiş əlavə “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli, 25 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, onun adına tərtib edilmiş 1267 saylı rəyində yazılanlara və iş haqqında qərarda göstərilən məlumatlara əsasən İddiaçı bədənində aşkar edilmiş xəsarətlər - körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Nəzərə çatdırmaq istəyir ki, baş vermiş hadisədən əvvəl zərərçəkmiş o, kuryerlik fəaliyyəti ilə məşğul olmuş, onun qazancını fəaliyyəti ilə əlaqədar aldığı məvacib və bəxşişlər təşkil etmiş, nəticədə onun gündəlik qazancı təxminən 30-50 AZN məbləğində olmuşdur. Qeyd edir ki, həmin fəaliyyətdən əldə etdiyi qazanc zərərçəkmişin tək gəlir yeri olmuşdur və hazırda heç bir maddi təminatı yoxdur. Belə ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar o, hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, tək valideyni olan anasının aldığı cuzi əmək haqqı və öz yaxınlarından aldıqları borc məbləğləri ilə onun müalicəsi və gündəlik dolanacaq xərclərini ödəməyə çalışırlar. Qeyd edir ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar onun sümüklərindəki sınıqların bərpa edilməsi məqsədilə həmin sümüklərə tibbi prosedur qaydalara uyğun müvafiq aparatlar taxılmışdır. Xəstənin sümükləri bərpa edildikdən sonra yenidən əməliyyat edilmiş və həmin aparatlar sümüklərdən çıxarılmışdır. Belə ki, qeyd edilən prosedur tamamlandıqdan sonra, hadisədən bir il sonra, xx.xx.2024-cü il tarixində onun yenidən əməliyyat edilməsi üçün yenidən müvafiq xərclər çəkilmiş, həmin əməliyyat onda yenidən dözülməz ağrıların yaranmasına, keçirdiyi mənəvi sarsıntıların artmasına, uzunmüddətli yataq rejimli sağalma müddətinin başlamasına səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, öz yaşıdlarından, cəmiyyətdən təcrid olunmuş halda uzun müddət ağrılı, iztirablı zamanlar keçirmiş, gənc yaşının xeyli müddətini yataq xəstəsi olaraq davam etdirmişdir. Keçirdiyi tibbi əməliyyatlarla əlaqədar ona vurulmuş, uyuşdurucu, yatışdırıcı dərmanlar hazırda onun əsəblərinin gərginləşməsinə və baş vermiş hadisələrə qarşı psixoloji dözümlülüyünün azalmasına səbəb olmuşdur. Bundan əlavə, onun idarə etdiyi “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsiklet sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yarasız hala düşmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri üçün 1221 AZN ehtiyyat hissələrinin təmiri, 270 AZN xidmət haqqı olmaqla, cəmi 1491 AZN xərc çəkilmişdir. Cavabdeh və onun ailə üzvləri zərərçəkmiş şəxsə cüzi xərclər çəkməklə gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsi zamanı məhkəmənin gözünü boyamağa çalışmışdır. Halbuki, çəkilən xərclər (təxminən 250 AZN) vurulmuş zərərin qarışısında heç bir əhəmiyyət daşımamışdır. Hesab edirlər ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs yeganə gəlir yerini itirdiyinə görə onun bir illik qazancının kompensasiyası kimi 7000 AZN, keçirdiyi tibbi əməliyyatlara görə 2000 AZN, “Tufan Cub50S“ markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri ilə əlaqədar xərclər üçün 1491 AZN, ona dəymiş mənəvi zərərə görə 5000 AZN olmaqla, cəmi 15491 AZN pul vəsaiti mülki cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, baş vermiş nəqliyyat qəzası nəticəsində ona xeyli fiziki və mənəvi zərər dəymiş, bunun nəticəsində psixolojik sarsıntılar keçirmişdir. O, gənc yaşının xeyli hissəsini şəxsi inkişafından, öz yaşıdlarından geri qalaraq, dözülməz ağrılarla yataq xəstəsi olaraq keçirmişdir. Buna səbəb isə müvafiq yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına dəymiş zərər, o cümlədən cavabdehin və ailəsinin onun vəziyyətinə olan laqeyd münasibəti olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iclasın iştirakları olmadan keçirilməsi və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, servisin verdiyi qüsur aktına etiraz edir. Motorsikletin təmiri üçün sığorta ödənişi edilmişdir. Onların ustası motorsikletə dəymiş zərərin 250 manat məbləğində olduğunu bildirmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Tufan Cub50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 1491 AZN manat müəyyən edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-208/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-208/2024 saylı hökmünə əsasən, Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan 16 avqust 2023-cü il tarixdə saat 21:20-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Daewoo Damas" markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısından "Tərlan" şadlıq evi istiqamətində yolun sol kənarından birinci hərəkət zolağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və hadisənin qarşısını texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək onunla eyni istiqamətdə hərəkətdə olan "Tufan Cub50S" markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikllə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü İddiaçı sağ körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə icraatı dövründə zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehin qanunazidd əməlləri ilə yetirilmiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-208/2024 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının sağlamlığına az ağır zərər vurulduğu, həmçinin iddiaçının motorsikletinə məhz cavabdeh tərəfindən maddi zərər vurulduğu müəyyən edilir. Məhkəmə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə “Tufan Cub50S” markalı 99-F- 585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 1491 AZN manat göstərilməsini, cavabdeh tərəfindən bu halı təkzib edən sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş zərər həmin həcmdə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə olan halda, 1491 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinə əsasən Cavabdeh qanunsuz və hüquqazidd əməlləri nəticəsində yetirilmiş zərər iddiaçının xəsarət alması ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərdə ifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın” müddəalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarla məhkəmələrə tövsiyə etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir və yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, iddiaçının hadisə nəticəsində xəsarət almasının onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi Cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozmaqla idarə etdiyi nəqliyyat vasitəsi ilə iddiaçının sağlamlığa az ağır zərər vuran xəsarətlərini yetirərək xəsarət almasına səbəb olması faktları özüözlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə daha sonra qeyd etməyi zəruri sayır ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, məhkəmə hazırki iş üzrə iddiaçıya xəsarət alması ilə vurulmuş mənəvi zərərin – keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 300 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir. Göstərilənlərə əsasən iddiaçının xəsarət alması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia tələbinin “bir illik qazancın kompensasiyası kimi 7000 AZN və tibbi əməliyyatlara görə 2000 AZN məbləğində pul vəsaiti tutulması” hissələri ilə bağlı sübut təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddianın təmin edilməsinini mümkün hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 1491 (bir min dörd yüz doxsan bir) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1491 (bir min dörd yüz doxsan bir) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar