Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1640/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47500 manat məbləğində pul və 233 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh müxtəlif vaxtlarda ondan müxtəlif daşınar və daşınmaz əmlaklar almışdır. Həmin daşınar və daşınmaz əmlakların dəyərinin bir hissəsini ödəyən cavabdeh qalan hissəsini sonra ödəyəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq cavabdeh ondan aldığı daşınar və daşınmaz əmlaklar üçün ödəməli olduğu məbləğləri ödəməmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olmuş, nəhayət sonunda cavabdeh 19 iyun 2023-cü il tarixində borcunu etiraf etməsi ilə bağlı sənəd tərtib etmiş və borcunu 16 oktyabr 2023-cü il tarixinə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, buna baxmayaraq cavabdeh bu günə qədər götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda ondan aldığı müxtəlif daşınar və daşınmaz əmlaklara görə cavabdehin ona 47500 manat məbləğində borcu vardır. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ödəməli olduğu borcunu ödəməmişdir. Hər dəfə borcu ödəyəcəyi ilə bağlı müxtəlif tarixlər təyin etsə və vədlər versə də bu günə qədər borcunu ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyil. Bu isə onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də o, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cavabdeh tərəfindən yazılmış 19 iyun 2023-cü il tarixli “borcun etirafı” adlanan yazılı qeydlərdə göstərilmişdir ki, Cavabdeh xx.xx.2017, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində müxtəlif avtomobillər və torpaq sahəsinin əvəzində İddiaçı ilkin və qismən ödənişlər etdikdən sonra, onun sonuncuya ümumilikdə 47500 manat borcu var. Bu məbləği 16 oktyabr 2023-cü il tarixədək hər həftə ödəniş etməklə bütövlükdə ödəməyi öhdəsinə götürür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən sonuncu iddiaçıdan müxtəlif vaxtlarda faktiki olaraq aldığı əmlakların pulunu hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini vaxtında icra edə bilməmişdir. Bundan sonra Cavabdeh 19 iyun 2023-cü il tarixli “borcun etirafı” adlanan yazılı qeyd imzalamış və cavabdeh ayrı-ayrı vaxtlarda aldığı əmlaklara görə iddiaçıya ümumilikdə 47500 manat borcu olduğunu, həmin məbləği 16 oktyabr 2023-cü il tarixədək hər həftə ödəniş etməklə bütövlükdə ödəməyi öhdəsinə götürməsini göstərmişdir. Hazırda iddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. - 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. - 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya qaytarmalı olduğu 47500 (qırx yeddi min beş yüz) manat məbləğində pulu 16 oktyabr 2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Odur ki, iddia əsaslı olmaqla 47500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 47500 (qırx yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 233 (iki yüz otuz üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 47500 (qırx yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və 233 (iki yüz otuz üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1640/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1640/2024
12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver