Məhkəmə qərarları › İş №2(009)-1652/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1652/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1652/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına qarşı “mənəvi zərərin tutulması və s.” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ATV telekanalında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan “Bizimləsən” verilişində iddiaçı barəsində aparıcı da daxil olmaqla verilişin müxtəlif iştirakçılarının səsləndirdiyi böhtan xarakterli fikirlər nəticəsində onun şərəf və ləyaqəti alçaldılmışdır. Bütün qohum və qonşuları arasında rüsvay olmuşdur. Səsləndirilən fikirlər onun ailəsini dağıtmış, müəllim kimi məşğul olduğu şagirdlərinin valideynləri onunla tədrisin davam etdirilməsindən imtina etmiş, bütün bunlar nəticəsində keçirdiyi psixoloji gərginlik və sarsıntılarla əlaqədar həkim müalicəsində olmuş və hətta ölüm həddinə çatmışdır. Qeyd edilənlər ona həm maddi, həm də mənəvi cəhətdən zərər dəyməsinə səbəb olmuşdur. ATV telekanalı ondan reytinqlərinin yüksəldilməsi üçün vasitə kimi istifadə etmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində pulun, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun tutulması, cavabdehin YouTube kanalında yerləşdirdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan Bizimləsən verilişinin silinməsi öhdəliyinin qoyulması, cavabdehin üzərinə “Bizimləsən” verilişində üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə onunla bağlı razılığı olmadan hər hansı fikir səsləndirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində cavabdeh etiraz ərizəsi təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyun ayında iddiaçının keçmiş həyat yoldaşı Azər Əsgərov ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində iştirak etmək və ailəsilə bağlı yaranmış mübahisəli məsələnin işıqlandırılması üçün layihə rəhbərinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixində yayımlanan “Bizimləsən” verilişində iştirak edən zaman X10 Cəfərovanın ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, fikirlərinə görə İddiaçı üzr istəməyi təklif etmiş və obyektivliyi təmin edərək İddiaçı da məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmışdır. İddiaçı Azər Əsgərovun dediklərini təkzib etmiş və yeni faktlar səsləndirmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı verilişə gələrək sübut kimi baldızı Çimnaz və digər baldızının həyat yoldaşı Elşən Talıbovun səs yazısını verilişə təqdim etmişdir. Səs yazısı Elşən Talıbovun razılığı olmadan səsləndirildiyindən Səbail rayon Məhkəməsinin qətnaməsi ilə həm Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından, həm də İddiaçı 1000 manat məbləğində pul tutulmuşdur. X8 səsləndirdiyi mənfi fikirlər dəstəklənməmiş, irad bildirilmişdir. Telekanalın aparıcısının fikirləri isə ümumi xarakter daşıyır və izahlı şəkildə bunu Azər Əsgərova da bildirmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək təzminat hissəsini 20 min manat deyil, 30 min manat tələb etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1652/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından ona dəyən ziyanın ödəniləcəyi deyilmişdir. O da əgər ziyanı ödəsələr ərizəni geri götürəcəyini bildirmişdir. Lakin onlar məhkəməyə iddia ərizəsi verildiyini bildikdə pulu ödəməkdən imtina etmişlər. ATV telekanalı onu “Bizimləsən” verilişində rüsvay etmişdir. Onlara sərt şəkildə etirazını bildirmişdir. Bütün qohumların yanında rüsvay olmuşdur. Bu səbəbdən mənəvi ziyana görə 20000 manat məbləğində pulun, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun tutulması, cavabdehin üzərinə YouTube kanalında yerləşdirdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan Bizimləsən verilişinin silinməsi öhdəliyinin qoyulması, cavabdehin üzərinə “Bizimləsən” verilişində üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə razılığı olmadan onunla bağlı hər hansı fikir səsləndirilməsinin qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh Müstəqil Tele- Radio Kompaniyasının nümayəndəsi bildirmişdir ki, iddiaçının səsləndiridiyi fikirlər və iddia ərizəsində qeyd etdikləri olduğu kimi deyildir. Əsgərov Azər Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına müraciət etmiş və onun müraciətini qəbul edib televiziyada işıqlandırmışlar. “Bizimləsən” verilişində Nərgiz xanım müdafiə olunmuş, keçmiş həyat yoldaşı isə tənqid edilmişdir. Verilişə heç kəsi dəvət etmirlər, onlara müraciət olunduğu təqdirdə araşdırma aparılıb şəxsləri efirə çıxarırlar. Video görüntüdən görünür ki, verilişdə obyektivlik tam qorunmuş, Nərgiz xanım özü də efirə dəvət olunmuş, studiya arxasında öz fikirlərini səsləndirmişdir. Keçmiş həyat yoldaşı Azərə qarşı verilən iddia ərizəsi təmin edilmiş, 3000 manat iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə efirdə qanunsuz olaraq məlumatların yayılmasına görə Azərə qarşı olan iddianı təmin etmişdir. Mənəvi zərərlə bağlı iddiaçının təqdim etdiyi sübutlar qətnamənin qəbul edildiyi tarixə, yəni 2020-ci ilə aid olmadığından təmin edilməmişdir. Elşən Talıbov iddiaçını məhkəməyə verdikdən sonra iddiaçı Nərgiz xanım ATV Telekanalına qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Elşən Talıbovun iddiası təmin edilmiş, Nərgiz və Azərin hər birindən 1000 manat məbləğində pul onun xeyrinə tutulmuşdur. Həmin iddia məbləğini təmin etmək üçün iddiaçı ATV Telekanalını məhkəməyə vermişdir. ATV Telekanalı tərəfindən heç bir hüquq pozuntusu törədilməmişdir. İddianın 1300 manat hissəsinə münasibətdə isə bildirmişdir ki, bu, reqres qaydasında irəli sürüləcək tələb deyildir. Çünki, onlar tərəfindən törədilən əmələ görə iddaçı məsuliyyətə cəlb edilməmiş, hər kəs öz əməlinə görə məsuliyyət daşımışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 üzərinə İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq verilişlərdə təkzib edilməsi və iddiaçıdan üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 1 manat 80 qəpik hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh X2 aid “ATV” telekanalında Talıbov Elşənə məxsus səs yazısının yayılması qanunsuz hesab edilməklə qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində “ATV” telekanalı vasitəsi ilə X6 üzr istənilməsi İddiaçı və Cavabdeh X1 üzərinə vəzifə kimi qoyulması, səs yazısının qanunsuz yazılmasına görə onlardan ayrı-ayrılıqda X7 xeyrinə vurulmuş mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehlərdən tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11069/2021 saylı, xx.xx.2021-ci il tarixli, qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-2152/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 07 nömrəli Qərarının 3-cü bəndində əsasən, məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə və s. üsullarla yayıla bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarında olan diskdən görünür ki, “Bizimləsən” verilişində iştirak edən X10 Cəfərovanın ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, İddiaçı da məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmışdır. Telekanalın aparıcısının fikirləri isə ümumi xarakter daşıyır. Məhkəmə hesab edir ki, başqa şəxsin canlı efirdə səsləndirdiyi fikirlərə görə Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının cavabdehlik daşıması tətbiq edilən qanunvericiliyin normasına uyğun gəlmir. Çünki Kütləvi informasiya vasitələri haqqında Qanunun 62-ci maddəsinə əsasən həqiqətə uyğun olmayan məlumat canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyan kimi 1300 manat pul cavabdehdən tutula bilməz. Belə ki, səs yazısı Elşən Talıbovun razılığı olmadan səsləndirildiyindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həm Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından, həm də İddiaçı 1000 manat məbləğində pul tutulmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “Bizimləsən” verilişində X9 tərəfindən İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayılması Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 4456/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə sübuta yetirildiyindən “YouTube” kanalında yerləşdirilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “Bizimləsən” verilişi Cavabdeh Müstəqil Tele-Radio Kompaniyası tərəfindən silinməli və gələcəkdə ATV telekanalında İddiaçı ilə bağlı hər hansı fikir səsləndirilməsi qadağan edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Youtube” kanalında yerləşdirilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “Bizimləsən” verilişi ATV telekanalı tərəfindən silinsin. Gələcəkdə ATV telekanalında İddiaçı ilə bağlı hər hansı fikir səsləndirilməsi qadağan edilsin. İddiaçı tərəfindən ödənilən 155 manat dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar