Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1653/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2015-ci ilin noyabr ayında Cavabdeh yaşadığı Hövsan qəsəbəsi, Zeytun sovxozu N-1 ünvana gələrək “Azfen” şirkətinə işə düzəltmə adı ilə ondan 3000 ABŞ dolları almış, lakin işə düzəltməyərək pulu mənimsəmiş, dəfələrlə istəsə də, bu günədək geri qaytarmamışdır. xx.xx.2016cı il tarixdə Bakı şəhəri Suraxanı rayon prokuroruna müraciət edərək Cavabdeh barəsində qanuni tədbir görülməklə aldığı pulun ona qaytarılması üçün köməklik etməsini xahiş etmişdir. Ərizə üzrə xx.xx.2016-cı il tarixdə Suraxanı RPİ 30-cu PB-də təhqiqatçı Emin Məmmədov tərəfindən araşdırma başlamış, Cavabdeh izahatı alınmamış, onun gətirilməsi barədə aidiyyəti əməkdaşa müraciət olunsa da, tapşırıq yerinə yetirilməmiş, Cavabdeh pulu ondan almağa gələn zaman idarə etdiyi avtomobillərin dövlət qeydiyyat nişanları, onun sahibinin iş yeri telefon No-si, Səbuhinin işə düzəltmə adı ilə eynilə onun kimi aldadıb pul aldığı beş nəfərin ərizəsinin Səbail RPİ-də araşdırıldığı təhqiqatçı Emin Məmmədova desə də, o, bunları araşdırmaq üçün müddətin çatmayacağını bəhanə edərək heç bir əsas olmadan, 100% dələduzluq faktı olan əməlin istintaq şöbəsində araşdırılmasına heç bir təşəbbüs göstərməmiş, əksinə əməldə cinayət hadisəsi olmadığını əsas gətirərək, xx.xx.2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qanunsuz və əsassız qərarın ləğv edilməsi üçün xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Suraxanı rayon prokurorunun xx.xx.2016-cı il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və material üzrə araşdırmanın davam etdirilməsi üçün iş yenidən Suraxanı RPİ-nin 30-cu PB-nə qaytarılmışdır. Rədd qərarı ləğv edilərək material yenidən 30-cu PB-nə qaytarılsa da, bu dəfə Fərid adlı təhqiqatçı eynilə əvvəlki təhqiqatçı kimi heç bir iş görməmiş, yalnız o, ona Cavabdeh barəsində Bakı şəhərinin Səbail və Xəzər rayonlarında cinayət işi başlandığını, tutularaq Xəzər RPİ-nin İŞ-nə təhvil verildiyini, artıq iş üzrə məhkəmə prosesi getdiyini təkidlə deyəndən sonra o, bu işlə məşğul olmuş və onun dedikləri təsdiqini tapmışdır (Səbuhi ona qarşı etdiyi hərəkətləri digər şəxslərə qarşı da etdiyindən həmin şəxslərin şikayəti üzrə CM-nin 178-ci maddəsinə əsasən cinayət işi başlanmış və o, azadlıqdan məhrum edilmişdir). Təhqiqatçı Səbuhinin izahatını aldıqdan sonra (Fərid adlı təhqiqatçının bildirdiyinə görə Səbuhi izahatında ondan də pul aldığını etiraf etmişdir. Bu həm də şahidlər olan həyat yoldaşı, oğlu, Sadiq (onu Səbuhi ilə tanış edən) və Hövsanda yaşayan, yaxından tanımadığı, həmin zaman təsadüfən oradan keçən Rafiq adlı şəxs tərəfindən də təsdiq edilir) işi Suraxanı RPİ-nin İŞ-nə göndərmiş, lakin 4 aya yaxın vaxt keçməsinə baxmayaraq orada da heç bir hərəkətlilik göstərilməmişdir. Məlum olmuşdur ki, Suraxanı RPİ İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi və Cavabdeh barəsində cinayət-hüquqi tədbirin görülməsi üçün xx.xx.2017-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət etmişdir. Qanunsuz və əsassız qəbul edilmiş qərar rayon prokuroru tərəfindən xx.xx.2017ci il tarixli qərarla ləğv edilmiş və xx.xx.2017-ci il tarixdə təkrarən müstəntiq Aqil Qasımov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilib cinayət işinin başlanılması üçün xx.xx.2018-ci il tarixdə Suraxanı rayon prokuroruna müraciət ünvanlanmışdır. Prokurorluq tərəfindən xx.xx.2018-ci il tarixdə həmin qərar ləğv edilərək yenidən Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə müstəntiq Aqil Qasımov tərəfindən təkrarən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın da qanunsuz və əsassız qəbul edildiyinə görə ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə yenidən Suraxanı rayon prokuroruna müraciət etmişdir. Rayon prokurorunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və araşdırmanın davam etdirilməsi üçün material Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. Materialın araşdırılması xx.xx.2019-cu il tarixdə yenidən İŞ-nin müstəntiqi Aqil Qasımova həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, ona qarşı dələduzluq əməllərinə yol verdiyi halda Suraxanı rayonu hüquq-mühafizə orqanları tərəfindən Cavabdeh barəsində cinayət işi başlanmamış (Səbail və Xəzər rayonlarında isə onunla bərabər eyni zamanda işə düzəltmə adı ilə aldadıb pullarını aldığı vətəndaşların şikayətləri əsasında cinayət işi başlanmış və o, məhkum edilmişdir), əksinə 5 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, bununla da hüquqları pozulmuş, maddi-mənəvi zərər çəkməklə yanaşı fiziki-psixoloji sarsıntı keçirmişdir. Qərarın 2-ci səhifəsində, yuxarıdan 4-cü, 5-ci abzaslarında deyilir: “Beləliklə də, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayəthüquqi deyil, mülki-hüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır”. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh ona borclu olduğu 3000 ABŞ dolları pulu ona qaytarmalı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq həmin məbləğin 5 faizini və qərar qəbul edilən gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizini ona ödənilməlidir. Cavabdeh 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dolları borca görə həmin vaxtdan 7 il 8 ay keçdiyindən 38,33%, yəni 1150 ABŞ dolları faizi ona ödəməlidir. Bundan başqa, Cavabdeh tərəfindən çəkdiyi mənəvi ziyanın əvəzini ona ödənilməlidir. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 manatın tutulub ona ödənilməsi ağlabalan və ədalətli olar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh borclu olduğu 3000 ABŞ dolları borcun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin, mənəvi zərərin əvəzi kimi 5000 manatın, ümumilikdə isə 4150 ABŞ dolları pulun, 5000 manatın, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehin iddiaya dair yazdığı etirazla razı deyil. İşə düzəltmə adı ilə cavabdeh 3000 ABŞ dolları məbləğində ondan pul almışdır, pulun verilməsi şahid də görmüşdür. Həmin pul borca deyil, onu işə düzəltmək adı ilə cavabdeh tərəfindən alınmışdır. Digər tərəfdən hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürməmişdir. Cavabdehin əməlində dələduzluq cinayətinin əlaməti olduğu üçün 2016-2019-cu illərdə hüquq-mühafizə orqanlarına müraciət etmiş, cavabdeh 178-ci maddəsi ilə məhkum olunmuş, 2022-2023-cü ildə azadlığa çıxmışdır. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən iddia ərizəsi əldə ediləndən sonra onun mobil telefonuna zəng etmiş, görüşmək istəmiş və onunla məhkəməyə şahid qismində dəvət etdiyi Rafiq Həziyevin iştirakı ilə görüşmüş, Səbuhi bildirmişdir ki, 500 manat həmin gün verir, yerdə qalan məbləği 250 manat olmaqla ödəyəcək, məhkəmədən iddiasını geri götürsün. Onlar təklif etmişlər ki, Səbuhi məhkəməyə gəlsin, pulu aldığını etiraf etsin, bundan sonra razılığa gələrlər. Lakin cavabdeh sonra onlarla əlaqə saxlamadı, məhkəməyə də gəlmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanan ərizədə işə cavabdehin və nümayəndənin iştirakı olmadan baxılmasını və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, əvvəllər nə İddiaçı, nə Cavabdeh tanımamışdır. Zığ qəsəbəsində fərdi ev tikdirərkən təxminən 2015-ci ilin noyabr ayında bahalı bir avtomaşının onun evinə yaxınlaşıb saxladığını və içərisində 2 nəfərin olduğunu görmüş, həmin şəxslər avtomaşından düşmüş, onlardan biri digərinə xarici valyuta olan dollarla pul sayıb vermişdir. Pul alan şəxs avtomaşına minib getmiş, o, pul verən şəxsə yaxınlaşmış və pulu nə məqsədlə verdiyini soruşmuşdur. Həmin şəxs onu “Azfen”ə işə düzəltmək adı ilə həmin şəxsə 3000 ABŞ dolları pul verdiyini demişdir. O, soruşmuşdur ki, həmin şəxsi tanıyır, Elnur demişdir ki, tanımır, onu tanış ediblər. Onda həmin şəxsin kimisə işə düzəltməyini soruşduqda, Elnur demişdir ki, eşitdiyinə görə kimisə işə düzəldir. O, təcrübəli şəxs kimi bildirmişdir ki, “sənin pulun batdı, o, səni işə düzəltməyəcək”. Həmin şəxsin sakit fağır adam olduğunu görüb telefon nömrəsini ona vermiş və demişdir ki, bu işlə bağlı problem yaşanarsa, şahid kimi ona kömək edə bilər. Bir müddət sonra həqiqətən Elnur ona zəng etmiş, aldadıldığını demiş, pulun qaytarılmasını üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və həmin ərəfədə ona məlum olmuşdur ki, Səbuhi təkcə Elnuru deyil, Bakının müxtəlif rayonlarında yaşayan 12-13 nəfəri də işə düzəltmək adı ilə aldadıb pullarını almış, həmin şəxslərin şikayəti əsasında cinayət işi başlanmış və Səbuhi 8 il azadlığdan məhrum edilmişdir. İddiaçı isə sakit təbiətli adam olduğu üçün onun şikayətlərinə baxılmamışdır. O, Elnura demişdir ki, Səbuhi həbsdən azad olunandan sonra mülki qaydada iddia qaldırılar. Bir gün Elnur ona zəng edərək demişdir ki, o, məhkəməyə iddia vermişdir, Səbuhi onunla görüşmək istəmiş, görüşdə onun da iştirak etməsini xahiş edir. Elnurla birlikdə Səbuhi ilə görüşmüş, Səbuhi həmin gün 500 manat vermək istədiyini və hissə-hissə 250 manat olmaqla pulu tam qaytaracağını bildirmiş, lakin o, demişdir ki, bu şərtlə razıdırlar, Səbuhi bir dəfə məhkəməyə gəlib pulu aldığını etiraf etsin. Ondan sonra Səbuhi heç bir əlaqə saxlamadı və məhkəməyə də gəlmədi. İş üzrə Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2016cı il tarixli qərara əsasən İddiaçı ərizəsi üzrə aparılmış araşdırma zamanı əməldə cinayət hadisəsi olduğundan cinayət işinin başlanmasını rədd edilmişdir. İş üzrə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Aqil Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, qəbul edilmiş qərar barədə maraqlı şəxslərə bildirilmş və vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququları izah olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Suraxanı rayon prokurorluğuna müraciət edərək Səbuhi adlı şəxs tərəfindən 3.000 ABŞ dollarının ələ keçirilməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2015-ci ilin noyabr ayında qohumu X2 ilə söhbət zamanı işsiz olduğunu söyləmiş, əgər iş olarsa ona xəbər etməsini demişdir. X6 isə keçmiş iş yoldaşı Səbuhinin “Azfen”şirkətində işləməsini, istəyəndə onu işə düzəltməsini Səbuhiyə deyə biləcəyini bildirmiş, o, razılaşdıqdan sonra Sadiq Məmmədov onu Səbuhi ilə tanış etmiş və o, “Azfen” şirkətində işə düzəltmək məqsədilə Səbuhiyə 3000 ABŞ dolları pul vermişdir. Lakin buna baxmayaraq Səbuhi tərəfindən nə işə düzəldilmiş və nə də pulu qaytarılmışdır. Araşdırma zamanı izahatı alınmış X2 eyni məzmunlu izahat verərək İddiaçı göstərdiklərini təsdiq etmişdir. Araşdırma zamanı Səbuhi adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması mümkün olmamışdır. Göründüyü kimi, istintaq zamanı Səbuhi adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək və istintaqa təmin edərək izahatını almaq, eləcə də onunla digər zəruri istintaq hərəkətlərini həyata keçirmək mümkün olmamış, nəticə etibarılə onun əməlində dələduzluq cinayət əməlinin subyektiv cəhətinin mövcudluğunu sübuta yetirmək və material üzrə Səbuhi adlı şəxsin əməlinə obyektiv və hüquqi qiymət vermək mümkün olmamışdır. Beləliklə, material üzrə Səbuhi adlı şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğunu sübut etmək mümkün olmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səbuhi adlı şəxsə 3000 ABŞ dolları pul vermiş, lakin ala bilməmişdir. Həmin xüsusat üzrə İddiaçı maddi ziyan dəyməsini və vurulmuş maddi ziyanla bağlı məsələnin cinayət-hüquqi deyil, mülki-hüquqi xarakterli olmasını və mülki qanunvericiliklə tənzimlənməsini, nəticədə isə maddi ziyanla bağlı məsələnin məhkəmələr tərəfindən araşdırılmasını nəzərə alaraq, tərəflərə vurulan ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsində olan məlumata əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu, 13 ünvanında kitabxana binasında məskunlaşmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəməyə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia müddətinin tətbiqi barədə yazılı ərizə verilmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2015-ci ilin noyabr ayında cavabdeh “Azfen” şirkətinə işə düzəltmə adı ilə iddiaçıdan 3000 ABŞ dolları pul almış, lakin işə düzəltməyərək pulu mənimsəmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə təsdiq olunmuşdur. İddiaçı dəfələrlə pulu istəsə də, bu günədək geri qaytarmamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayətləri əsasında Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən onu işə düzəltmək adı ilə aldıgı 3000 ABŞ dolları pulun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2015-ci ilin noyabr ayından qaytarmadıgı 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin, mənəvi zərərin əvəzi kimi 5000 manatın, ümumilikdə isə 4150 ABŞ dolları pulun və 5000 manatın, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflər arasında iddiaçının işə düzəltməsi ilə bağlı pulun verilməsinə dair razılaşma olmuş, məhkəmə iclasında həmin razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 3000 ABŞ dolları məbləğində pulun verilməsi şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyektiv və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 3000 ABŞ dolları məbləğində pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmaması halı öz təsdiqini tapdığından, iddia tələbi 3000 ABŞ dolları pulun qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə iddia tələblərinin 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzi ödəməlidir. Borclu öhdəliyin icra edilməməsinə görə öz təqsirli hərəkətləri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. AR Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanla bağlı hər hansı bir sübut mövcud olmadığından, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin pozulması nəticəsində iddiaçıya 2015-ci ilin noyabr ayından borclu olduğu 3000 ABŞ dollarına görə 1150 ABŞ dolları faizin tutulması, həmçinin 3000 ABŞ dolları məbləğində puldan faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin tutulması hissələrində tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb də təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi barədə ərizədə cavabdehin nümayəndəsi hazırkı tələblə iddiaçının məhkəməyə müqavilə münasibətləri üzrə 3 illik müddət ötürülməklə verildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir (maddə 551.1). Məhkəmə qeyd edir ki, hazırkı tələb müqavilə münasibətləri ilə bağlı deyil, öhdəliklərin icrası ilə əlaqədar ziyan vurma və əsassız varlanma ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiq edərək onun ötürülməsi əsası ilə rədd edilməsi barədə cavabdehin nümayəndəsinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının cavabdehin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəllər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana təkrar AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1653/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1653/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver