Məhkəmə qərarları › İş №2(009)-1660/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1660/2020

17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1660/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı qərarın ləğv edilməsi və direktor vəzifəsindən azad edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı qərarın ləğv edilməsi və direktor vəzifəsindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1998ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2019-cu ilin oktyabr ayında onun ünvanına Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Cavabdeh2 tərəfindən xəbərdarlıq məktubu (ərizəsi) gəlmişdir. Həmin ərizədən məlum olmuşdur ki, o, Cavabdeh1 MMC təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.Sözügedən ərizədə qeyd edilmişdir ki, vergiyə görə Cavabdeh1 MMC-nin 119.392,52 manat vergi borcu vardır. Həmin vergi borcu 2015-ci ildən sonra yaranmışdır. Cavabdeh1 MMC (VÖEN **********), ƏDV ödəyicisi kimi xx.xx.2009-cu ildə qeydiyyatdan keçmişdir, ünvanı ünvan 3 mənzil 43-dür. Müəssisənin xx.xx.2009-cu ildə direktoru X4, Cəmiyyətin təsisçisi isə X2 olmuşdur. Bu məlumatlar xx.xx.2015-ci il tarixli “Vergi borcunun ödənilməsinə dair” **********8 saylı bildirişdə və Cavabdeh1 MMC haqqında məlumatda qeyd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9598/2019 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. O, Cavabdeh1 MMC-nin icra rəhbəri olmasına razılıq verməmişdir və Cəmiyyətin direktoru olmasını keçən ilin (2019) oktyabr ayında bilmişdir. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki,o, xx.xx.2018-ci ildə Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin Direktoru vəzifəsinə təyin edilməsindən xəbəri olmamışdır və direktor vəzifəsinə təyin edilməsinə razılıq verməmişdir. Onun adından həmin Cəmiyyətin təsisçisi X1 sənədlər tərtib etmə yolu ilə onu həmin vəzifəyə təyin edilmişdir. Bunu etməkdə məqsəd həmin Cəmiyyətin direktoru olmuş X3 vergi borcuna görə məsuliyyətdən qurtarmaq olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 MMC-nin direktoru təyin edilməsi barədə Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və onun direktor vəzifəsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2018-ci ildə əsgərlik xidmətini başa vurub qayıtdıqdan sonra günəmuzd işlə məşğul olub çörək pulu qazanmışdır. Məhəllə uşaqları olan Xəyal və Pərviz ona bildirmişlər ki, yaxşı iş var, razılıq versin, işləyib pul qazanacaqdır. O “Asan xidmət”ə gedib müvafiq sənədlərə, o cümlədən razılıq ərizəsinə qol çəkmiş və Elşənə etibarnamə vermişdir. Sonra həmin etibarnaməni ləğv etdirmişdir. O, Cavabdeh1 MMC-nin direktor vəzifəsindən azad olunmaq istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi və maraqlı şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9598/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Cavabdeh2 maraqlı şəxs İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməsi, xx.xx.1998-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilə hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Cavabdeh1 MMC-nin Nizamnaməsinin 4.2-ci bəndinin dördüncü abzasına əsasən icra orqanlarını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. İddiaçı bu əsasla Cavabdeh1 MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Beləliklə, qanunvericiliyin və nizamnamənin tələblərindən göründüyü kimi Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və İddiaçı adını Cavabdeh1 MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Cəmiyyətin təsisçisinə yeni direktor təyin edilərək dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarı ilə MMC-nin qanuni təmsilçilik funksiyalarına malik olan direktor vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin dövlət büdcəsinə 119.392,52 manat vergi borcu yarandığına görə həmin hüquqi şəxsin qanuni təmsilçisi olan iddiaçının ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun Cavabdeh1 MMC-nin direktor vəzifəsinə təyin edilməsindən xəbəri olmamışdır və o, həmin cəmiyyətin direktor olmasına razılıq verməmişdir. Bu səbəbdən iddiaçı cavabdeh təşkilatının direktor vəzifəsinə təyin edilməsinə dair Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini və onun direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında iddiaçı həmin hüquqi şəxsin direktor vəzifəsinə təyin olunmasından məlumatlı olmuş və buna razılıq vermişdir. Ona görə onun iddia ərizəsində bundan məlumatı olmaması barədə və özünün razılığı olmadan direktor vəzifəsinə təyin olunması barədə dəlillərini məhkəmə əsassız hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, cəmiyyətin ali orqanı onun ümumi yığıncağıdır və Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan ərizədən də belə məlum olur ki, cəmiyyətin nizamnaməsinin 4.2-ci bəndinin 4-cü abzasında icra orqanlarını yaratmaq və onlarını səlahiyyətləri vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərinin təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. AR Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və ya təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər(maddə 91- 2.2.). Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir (maddə 91-2.3). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır(maddə 91-2.4.). Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçı öz razılığı ilə ümumi yığıncağın qərarı əsasında direktor vəzifəsinə təyin edilmiş və bu səlahiyyətlərə xitam verilməsi ümumi yığıncağın həll etdiyi məsələ olduğundan, iddiaçı ilk növbədə Cavabdeh1 MMC-nin təsisçilərinə bununla bağlı rəsmi müraciət etməlidir. Lakin məhkəmə iclasında iddiaçının cəmiyyətə belə bir ərizə ilə müraciət etməsi müəyyən edilməmişdir. Məhkəmə izah edir ki, Cavabdeh1 MMC-nin təsisçiləri iddiaçının direktor vəzifəsindən azad olunması ilə bağlı hər hansı bir tədbir görmədiyi və ya bundan imtina etdiyi təqdirdə bu hal məhkəmə baxışının predmeti ola bilər. Eyni zamanda məhkəmə Cavabdeh1 MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli iddiaçının direktor vəzifəsinə təyin olunması barədə qərarının ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı Cavabdeh1 MMC-nin direktoru təyin edilməsi barədə Cavabdeh1 MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və onun direktor vəzifəsindən azad edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar