Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1669/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməlinə görə ona vurulmuş maddi ziyana görə 123000 (bir yüz iyirmi üç min) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 9/2022 saylı hökmündən göründüyü kimi Mövlam Şixəliyein Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Belə ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona 123000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Belə ki, onun barəsində CM-in 206.3.2-ci maddəsi ilə 990№-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi X1 həvalə edilməsindən və sonuncu tərəfindən tərtib edilmiş 09 yanvar 2013-cü il tarixli protokolla özünün CM-in 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasından sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdə və öz qulluq mövqeyindən sui-istifadə etməklə hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 10 yanvar 2013-cü il tarixdə İddiaçı saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-in İstintaq Təcridxanasından mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün xidməti kabinetinə gətirilməsini təmin edib həmin dəstə üzvünün vasitəsilə barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında qəbul ediləcək qərarların müqabilində ondan 106000 ABŞ dolları məbləğində pul almış, daha sonra ondan aldığı qutuları qaytararkən 17000 ABŞ dolları məbləğində daş-qaşın olmamasını gördü. Lakin qorxduğu üçün onları da tələb etməmişdir. Beləliklə cavabdehin əməlləri nəticəsində ona 123000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, o İddiaçı adlı şəxsi tanımayıb, heç vaxt onunla görüşü olmayıb, ondan rüşvət alınmasını da eşitməmişdir. İddiaçı Bakı Hərbi Məhkəməsində olarkən, eləcə də ibtidai istintaq zamanı onu tanımadığını, heç vaxt görüşmədiyini bildirmiş və qeyd etmişdir ki, onu MTN-in sabiq müstəntiqi Rövşən Hüseynov xidməti iş yerinə dəvət etmiş və ondan rüşvət tələb etmişdir. Bundan sonra onlar razılaşmış və Bakı Əyləncə Mərkəzində Rövşən Hüseynovla görüşmüş və tələb olunan məbləği ona şəxsən vermişdir. Təkrarən bildirmək istəyir ki, İddiaçı tanımamış və ondan da rüşvət almamışdır. Bu məhkəmə istintaqı zamanı da sübuta yetirilmişdir. Onu da qeyd etmək istəyir ki, Bakı Hərbi Məhkəməsinin barəsində çıxarmış olduğu hökm tam qanunsuz hökmdür bu səbəbdən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Odur ki, İddiaçı mülki iddiasını tamamilə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün “müəyyən etdi” hissəsində öz əksini tapmışdır, sözügedən hökm bu iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünün müəyyən etdi hissəsindən aydın olur ki, Cavabdeh qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar ləğv olunmuş tabeliyində olan şəxsin 09 yanvar 2013-cü il tarixdə qəbul etdiyi qərarla külli miqdarda brilyanr daşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi faktı üzrə X2 və İddiaçı barəsində CM-in 206.3.2ci maddəsi ilə 990№-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi X1 həvalə edilməsindən və sonuncu tərəfindən tərtib edilmiş 09 yanvar 2013-cü il tarixli protokolla İddiaçı CM-in 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasından sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 10 yanvar 2013-cü il tarixdə İddiaçı saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-in İstintaq Təcridxanasından mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün xidməti kabinetinə gətirilməsini təmin edib həmin dəstə üzvünün barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi haqqında qəbul ediləcək qərarların müqabilində İddiaçı birbaşa yolla 500.000 manat, sonuncu ilə razılaşa bilmədikdə əvvəlcə 100.000 manat, sonda isə 100.000 ABŞ dolları istəyərək qeyd edilən qərarları müvəqqəti saxlama yerindən sərbəst buraxıldıqdan sonra verilmək şərti ilə 100.000 ABŞ dolları müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış, bununla əlaqədar 10 yanvar 2013-cü il tarixdə CPM-in 90.4-cü maddəsinə əsasən İddiaçı barəsində müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilməsini təmin edib sərbəst buraxılmasına nail olduqdan sonra, qabaqcadan razılaşdırıldığı kimi 2013-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının yaxınlığında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə İddiaçı birbaşa yolla 50.000 ABŞ dolları, 2013-cü ilin yanvar ayının sonlarında eyni ünvanda 50.000 ABŞ dolları olmaqla cəmi 100.000 ABŞ dolları nağd pulu qəbul etmiş, lakin 2013-cü ilin fevral ayında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə eyni məzmunlu hədə-qorxu gəlməklə İddiaçı əvvəlcədən tələb olunaraq alınmış 100.000 ABŞ dollarından ibarət məbləği əvvəlcə 110.000 ABŞ dollarına qaldırmış, sonuncu ilə razılaşa bilmədikdə qeyd olunan qərarları 106.000 ABŞ dolları müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış, bununla əlaqədar bir neçə gün sonra, 2013-cü ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev 46 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzində mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə İddiaçı birbaşa yolla 6.000 ABŞ dolları, ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 83.200 manat təşkil edən 106.000 ABŞ dolları nağd puldan ibarət külli miqdarda rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyə ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı 17000 ABŞ dollar (daş-qaşa görə) tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 17000 ABŞ dollar tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının 106.000 ABŞ dollar tələbi qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyən etdi hissəsində öz təsdiqini tapdığından Cavabdeh 106000 (bir yüz altı min) ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1-4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 % dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 469.14 (dörd yüz altmış doqquz manat, on dörd qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 106000 (bir yüz altı min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 469.14 (dörd yüz altmış doqquz manat, on dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1669/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1669/2023
28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver