Məhkəmə qərarları › İş №2(009)-1685/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1685/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1685/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı avtomobil dayanacağının payçıya təhvil verilməsi tələbinə dair mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh MTK-nın rəhbəri Araz Abdüləzimov tərəfindən inşa edilmiş binanın zirzəmisinin -1-ci mərtəbəsindəki avtomobil dayanacaq yerlərinin qanunsuz satışının qarşısının alınmasının, qeyd etdiyi binanın -1-ci və -2-ci mərtəbəsinə baxış keçirilməklə, onunla Cavabdeh MTK arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən sözügedən binanın zirzəmisinin -1-ci mərtəbəsində razılığı ilə 1 (bir) ədəd avtomobil dayanacağının istifadəsinə verilməsinin, həmin dayanacaq üzərində sahiblik və sərəncam vermək hüquqlarının tanınmasının, dayanacağa dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestr Xidmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq binanın istismara qəbul aktının surətinin ona verilməsinin Cavabdeh MTK-ya həbalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın rəhbəri Araz Abduləzimov tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. O, sözügedən yaşayış binasının 63 saylı mənzilinin sahibi və sakini olaraq ona həmin tikintisi başa çatdırılmış binanın -1-ci mərtəbəsində yerləşən avtomobillər üçün dayanacaq (qaraj) yeri göstərildikdən və o, binanın 1-ci mərtəbəsində qaraj yerini bəyəndikdən sonra xx.xx.2015-ci il tarixdə Cavabdeh MTK-nm rəhbəri Araz Abdüləzimovla aralarında müqavilə imzalanmış və müqavilənin 3-cü bəndinə əsasən binanın 1-ci mərtəbəsindən 1 (bir) ədəd avtomobil dayanacağını Cavabdeh MTK-ya 15.000 (on beş min manat) AZN pul məbləği ödəyərək almışdır. MTK tərəfindən isə payçı olaraq heç bir borc qalığının olmaması haqqında ona maliyyə arayışı da təqdim olunmuşdur. Lakin 9 ildir ki, Cavabdeh MTK-nın rəhbəri Araz Abdüləzimovun ona binanın 1-ci mərtəbəsində satdığı qarajdan istifadə edə bilmir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cu il tarixli 186 saylı sərəncamına və Dövlət Memarlıq-Tikinti Müfəttişliyinin xx.xx.2005-ci il tarixli 3391 №-li tikintiyə icazə vərəqəsinə əsasən cəmi 0.1983 ha torpaq sahəsində Cavabdeh MTK-ya çox mərtəbəli yaşayış binasının layihə sənədi əsasında tikilib istifadəyə verilməsinə icazə verilmişdir. Lakin eskiz layihənin şərtlərinə əsasən bina 2 (iki) il müddətində tikilib başa çatdırılmalı olduğu halda, MTK rəhbərliyi tərəfindən bina gecikmə ilə tikilmiş, həmçinin bilərəkdən 19 ildir ki, binanın dövlət orqanları tərəfindən qəbul edilməsini uzadaraq nə bina, nə də binanın zirzəmisinin 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacaqları (qaraj) payçıların istifadəsinə verilməmişdir. Bildirir ki, əvvəllər dələduzluq cinayətləri törətdiyinə görə iki dəfə məhkum olunmuş MTK rəhbəri Araz Abdüləzimov ona qarşı qanunsuz əməllər törətmişdir. Belə ki, o, Araz Abdüləzimovun ona məxsus mənzili başqasına satdığını bildikdə, dərhal hüquq mühafizə orqanlarına şikayət etmiş və nəticədə Araz Abdüləzimovun barəsində öncə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının CM-nin saxta sənəd hazırlama və istifadə etmə, həmçinin dələduzluq maddələri ilə ********* saylı cinayət işi başlanmış və Araz Abdüləzimovun ona 136000 (yüz otuz altı min) AZN maddi zərər vurduğuna görə o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda isə cinayət işinin istintaqı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir. Başqa şəxslərə qarşı törətdiyi qanunsuz əməllərinə görə Araz Abdüləzimov hazırda Səbail və Xətai rayon Polis orqanları vasitəsi ilə axtarışa da verilmişdir. xx.xx.2015-ci il tarixli müqavilədə ona ayrılmış avtomobil dayanacağının yerini Araz Abdüləzimov qəsdən bilərəkdən göstərməyərək onu aldatmışdır. Belə ki, MTK rəhbəri Araz Abdüləzimovun onu aldatdığını sonradan sorğuları əsasında ona binanın 1-ci mərtəbəsində satdığı qaraj yerini deyil, -2-ci mərtəbəsində qaraj yeri olmadığı halda ona orada qaraj yeri təklif edərkən bilmişdir. Hansı ki, binanın -1-ci mərtəbəsindən -2-ci mərtəbəyə daxil olmaq üçün maşın yolu yoxdur və -2-ci mərtəbəyə yalnız pilləkənlə düşmək olur. Həmçinin əldə etdiyi məlumata görə Araz Abdüləzimov həmin -2-ci mərtəbəyə küçədən gələn yolu başqa bir MTK-ya satmış, eləcə də -2-ci mərtəbəni kənar bir şəxsə anbar məqsədi ilə satmışdır. Beləliklə əminliklə deyə bilər ki, Araz Abdüləzimov onu mənzil satışında olduğu kimi hiylə işlədərək puluna sahiblənmək üçün qaraj satışında da aldatmışdır. Çoxsaylı şikayətləri və məhkəmə tərəfindən qəbul edilmiş qətnamələrin icrası məqsədilə məhkəmə tərəfindən Səbail rayon İcra şöbəsinə göndərilmiş icra vərəqələrinin icrası əsasında nəhayət ki, 15 iyul 2024-cü il tarixindən etibarən binanın zirzəmisinə, yəni payçılara satılmış avtomobil dayanacağına daxil olmaq üçün -1-ci mərtəbəyə maşınlar üçün giriş-çıxış yolu açılmağa başlanmışdır. MTK rəhbəri Araz Abdüləzimov isə hazırda növbəti hiyləyə əl ataraq onlar payçılara müqavilə əsasında satdığı avtomobil dayanacaq yerlərini hər payçıya aid olan dayanacağı onunla birgə təyin etmədən, dəqiqləşdirmədən binanın zirzəmisinin -1-ci mərtəbəsində yerləşən dayanacaqları payçıların ümumi yığıncağının razılığı olmadan, onlardan xəbərsiz kənar şəxslərə satmaq üçün hər kv.m sahəsini 2000 AZN olmaqla qanunsuz olaraq satışa çıxartmışdır. Yuxarıda sadalanan halları əsas gətirərək hesab edir ki, binanın zirzəmisinin -1-ci mərtəbəsindəki avtomobil dayanacaq yerlərinin qanunsuz satışının qarşısı alınmalıdır və xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ona satılmış avtomobil dayanacaq yerinin binanın zirzəmisinin -1-ci mətəbəsində müəyyən edilməklə adına sənədləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir, dəfələrlə cavabdehə qarajın ona təhvil verilməsi barədə müraciət etsə də, MTK hazırki vaxtadək öhdəliyini icra etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan «Podratçı» qisimndə Cavabdeh MTK-nın direktoru A.Ə.Abduləzimovla «Payçı» qismində İddiaçı arasında bağlanılmış 28 iyun 2015-ci il tarixli müqaviləyə əsasən Podratçı binanın tikinti quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, Payçı isə ona düşən 1 maşın dayanacağı üçün 15.000 manat məbləğində pulu «Podratçı»ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-sına məxsusdur. Payçıya düşən 1(bir) maşın dayanacağının dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanda inşa edilən yüksək mərtəbə yaşayış binasında İddiaçı adına olan 1 ədəd nəqliyyat vasitəsi üçün qaraj binanın -2 qatında giriş xollun (reseptiona) yaxın hissəsində yerləşir. İki ay müddətində onun mənzilinin və qarajının dövlət çıxarışı ona təqdim ediləcək. Məhkəmə tərəfindən ünvan 4 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının zirzəmisinə yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, zirzəmidə yerləşən -1 mərtəbəsindəki avtomobil dayanacağına maşın daxil olması üçün yol açılmışdır. Zirzəminin -2 mərtəbəsindəki avtomobil dayanacağına -1 mərtəbədəki pilləkən vasitəsi ilə daxil olmaq mümkündür, belə ki, -2 mərtəbəsindəki avtomobil dayanacağına avtomobil ilə daxil olmaq üçün yol yoxdur. Yaşayış binasının girişindəki dəhlizdən (holldan) -1 və -2 mərtəbələrində yerləşən avtomobil dayanacağına pilləkən ilə düşmək mümkündür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında ünvan 4 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin zirzəmisində bir ədəd maşın dayanacağı ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən MTK-ya 15000 manat ödənilmiş və bununla bağlı müvafiq maliyyə arayışı verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında inşa edilmiş çoxsaylı yaşayış binasında yerləşən avtomobil dayanacağının tikilib iddiaçıya təhvil verilməsi barədə müqavilə bağlanılsa da, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi hazırki vaxtadək icra etməmişdir. AR Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri 2015-ci il tarixdə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan AR Mülki Məcəllənin 178-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli maşın dayanacağının pay haqqı tam ödənildikdən sonra o, həmin maşın dayanacağı üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli maşın dayanacağının ona təhvil verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu maşın dayanacağını təhvil verməkdən imtina etmiş və iddiaçıya maşın dayanacağı üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maşın dayanacağının iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin həmin qaraj tikilisi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması hissəsi üzrə qeyd edir ki, həmin hüquqlar mülkiyyət hüququnun komponentləri olmaqla iddiaçı faktiki olaraq əmlak üzərində mülkiyyət hüquqlarının məhkəmə tərəfindən tanınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, əmlak üzərində mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından, iddiaçının həmin tələbi təmin edilə bilməz. AR Mülki Məcəlləsinin qüvvədə olan 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MTK müqavilə üzrə maşın dayanacağını tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilədən görünür ki, Cavabdeh MTK tərəfindən maşın dayanacağının hansı müddət ərzində təhvil verilməsi konkret müəyyən olunmamışdır. AR Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, mübahisəli qaraja dair müqavilə 2015-ci il tarixdə bağlanıldığından və iddiaçı binanın hazırda tikintisinin başa çatmasını iddia etdiyindən, lakin cavabdeh iddiaçıya maşın dayanacağını təhvil verməkdən və orada sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı maneçilik törətdiyindən, iddia tələbi maşın dayanacağının iddiaçının istifadəsinə verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin maşın dayanacağına dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surətinin ona verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, həmin aktın iddiaçı tərəfindən əldə edilməsi faktiki olaraq qaraj tikilisinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün labüddür. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin ll-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Biləninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın zirzəmisinin “-1” mərtəbəsində yerləşən 1 ədəd avtomobil dayanacağı İddiaçı istifadəsinə verilsin. Qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən Çıxarış sənədinin alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surəti Cavabdeh MTK tərəfindən İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ha

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar