Məhkəmə qərarları › İş №2(009)-1689/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1689/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1689/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pəncərənin və antenanın sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pəncərənin və antenanın sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh yaşadığı evdə onun həyətinə açılan pəncərənin bağlanmasını və evinin üstünə quraşdırılmış antenanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayon sakinidir. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. İllərdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev, dalan 2 ö/t yaşayır və heç bir qonşu ilə münaqişəsi olmamışdır. Son illərdə qonşusu Cavabdeh ilə münaqişəsi baş vermişdi. Xəbəri olmadan həyətindən istifadə edərək tikinti sahəsini artırmış, ağaclarına ziyan vurmuş, antenanı evinin üstündə quraşdırmışdır və onun bu hərəkətlərindən heç bir zaman şikayətçi olmamışdır. Sonuncu dəfə həyətinə baxan pəncərə qoymuşdular. Pəncərənin bağlanmasını tələb etsə də məhəl qoymamışdırlar. Pəncərənin qarşısını parça ilə bağladıqda isə həmin parçanı çıxarırlar. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda özünə məxsus yaşayış evi inşa etmiş, yaşayış evi cavabdeh ora köçdüyü vaxtdan çox-çox əvvələr inşa edilmişdir, əksinə o, onun evinə bitişik yaşayış evi inşa etməklə demək olar ki, bütün pəncərələrini bağlamış, evə günəş şüaları düşmür, evin havasını təmizləmək üçün pəncərələri açmaq mümkün deyildir. Bu vəziyyətlə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin Memarlıq və Arxitektura Şöbəsinə müraciət etmişdi. Arxitektorlar yerində müayinə apardıqdan sonra tikintinin dayandırılması barədə ona göstəriş vermişlər, iddiaçı bu göstərişlərə məhəl qoymadan yenidən tikinti işlərini davam etdirmişdir. Əgər yerində baxış keçirilərsə vəziyyətin necə olduğunu müəyyən etmək daha asan olar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin yaşadığı evdən onun həyətinə açdırdığı pəncərənin bağlanmasını və ya kiçik pəncərə ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında mənzilinin texniki pasportda qeyd olunan sahədə yerləşdiyini, qonşusu ilə münasibətlərin pozulmaması üçün pəncərəni görsənməyən buzlu şüşə ilə örtdüyünü bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında iddiaçıdan əvvəl cavabdehin orada uzun müddət yaşadığını, öz mənzilindən sərbəst istifadə edərək pəncərə açdırdığını, iddiaçının qərəzli olaraq iddianı qaldırdığını bildirərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 6271 nömrəli Arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşüb və müvəqqəti G.Əliyeva d 2 ünvanında müvəqqəti məskunlaşıb. İş materiallarında olan 081258 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ-ci qrup əlildir. İş materiallarında olan Forma 28 Mənzil kirayəçisi haqqında 16482b məlumatlarından görünür ki, G.B.Əliyev küçəsi Ö/T 5 q X1 verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev, dalan 2 özbaşına tikilidir. Məhkəmə xx.xx.2023-cü il tarixdə yerli baxış zamanı müəyyən etmişdir ki, Cavabdeh yaşadığı G.B.Əliyev küçəsi Ö/T 5 q (Forma 28 ) X1 verilmişdir. İddiaçının evi X2 yaşadığı evin qarşısında çox sıx məsafədə tikilib və pəncərələrinin qarşısı bağlanıb. X2 yaşadığı evin iddiaçının evinin böyründəki həyətinə baxan otağında bir pəncərə var və həmin pəncərənin şüşəsi buzludur. X2 yaşadığı evin antenası İddiaçı yaşadığı evin damında quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi cavabdeh tərəfindən açılmış pəncərənin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililnin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən quraşdırılmış pəncərənin və antenanın sökülməsi” tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar