Məhkəmə qərarları › İş №2(009)-1690/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1690/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1690/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanı üzrə yerləşən yaşayış sahəsində X1, oğlu Səid və Cohar ilə birlikdə yaşayır. X1 faktiki yuxarıda göstərilən ünvan üzrə yerləşən yaşayış sahəsində onunla birlikdə yaşayır və həmin yaşayış sahəsindən faktiki olaraq istifadə edir və həmin yaşayış sahəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş öhdəlik və vəzifələrin icrasında onunla birlikdə iştirak edir. Həmin ünvanda o, onun oğulları, qardaşı X5, onun qızı X4, anası X3 qeydiyyatdadırlar. Qardaşı qızı Cavabdeh onlar yaşadıqları və qeydiyyatda olduqları həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq əri ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhəri, Sorokin döngəsi, ev 3, mənzil 10 ünvanı üzrə yerləşən mənzildə yaşayır və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh artıq 3 ildən çoxdur ki, İlqar adlı şəxs ilə ailə qurmuşdur və ailə qurduqdan sona əri ilə yaşayır, yuxarıda göstərilən yaşayış sahəsində yaşamır. Cavabdeh ailə qurduqdan sonra qanuna əsasən onların ünvandan qeydiyyatdan çıxıb faktiki yaşayış ünvanı üzrə qeydiyyata düşməli idi və Rusiyada yaşayış yerinə görə qeydiyyata düşmüşdür. Buna baxmayaraq onların yaşayış sahəsindən qeydiyyatdan çıxmamışdır. Əlavə olaraq Rusiya vətəndaşı kimi Cavabdeh Azərbaycanda olarkən yalnız 1 illik müddətə Azərbaycanda faktiki yaşayış ünvanı üzrə qeydiyyata alınmalıdır və onların yaşayış sahəsində qeydiyyatda qalması Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə və “Ölkəyə gəlmək, ölkədən getmək və qeydiyyat haqqında” qanuna ziddir. O, anadan olduqdan sonra daim yuxarıda göstərilmiş ünvan üzrə yaşamışdır, yəni 30 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Hazırda ailə üzvləri də onunla birlikdə yaşayırlar. Həin ünvan üzrə qeydiyyatda olan şəxslərdən hazırda yalnız o, və onun ailə üzvləri (o, arvadı və uşaqları) həmin ünvanda yaşayırlar. Digər şəxslər artıq 3 ildən çoxdur ki, həmin ünvanda yaşamırlar. Onlar həmin ünvanda yaşamaqla birlikdə həm də yaşayış sahəsindən istifadə ilə əlaqədar olan öhdəlik və vəzifələri də yerinə yetirirlər, yəni evin təmirinin normal vəziyyətdə olmasın təmin edir, kommunal təsərrüfatı (işıq, qaz, su, kanalizasiya, zibil atılması, telefon, isitmə/soyutma və s.) xərclərini qarşılayır, digər ictimai vəzifələri icra edirlər. Tərəflərdən Cavabdeh onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə Səbail rayon Polis İdarəsinə müraciət edilmiş, Polis rəisinin imzası ilə onlara verilmiş cavabda məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yaşayış sahəsində qeydiyyatda olan qardaşının ailə üzvü olan qızı Cavabdeh 3 il əvvəl yeni ailə qurub, həmin vaxtdan etibarən əri ilə Rusiyada yaşadığı üçün Mənzil Məcəlləsinin məqsədləri baxımından artıq mənzildə qeydiyyatda olan şəxslərin ailə üzvü sayılmamalıdr və bu səbəbdən də keçmiş ailə üvzü kimi onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir, çünki onun yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, 3 il əvvəl ailə qurmalı səbəbilə mənzildən çıxmış və yeni ailə üzvü olan əri ilə onun yaşayış sahəsində yaşamağa başlamışdır. Digər ailə üzvləri ilə Cavabdeh arasında onların mənzildən istifadə hüququnun saxlanması barədə heç bir razılaşma olmamışdır. Buna görə də cavabdehin yaşayış sahəsindən istifadə hüququna rəsmi qaydada xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ünvan 2 ünvanı üzrə yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ev 1952-ci ildə ana babası tərəfindən tikilib. Ev özbaşına tikilidir, Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət kimi qeydiyyatdan keçməyib. O, həmin ünvanda doğulub boya-başa çatmışdır. Hal-hazırda ailəsi ilə birlikdə orada qalır. Cavabdehin kommunal xərclərini qeydiyyatda olduğu üçün ödəməsi məcburiyyətindədir. Cavabdeh qardaşının qızıdır. Daimi yaşamaq üçün RF-na köçmüş və orada qeydiyyata alınmışdır. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışın kserosurətinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsində yerləşən ö/t 121 saylı evində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcd qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov ünvanında yerləşən ö/t 121 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir. İddiaçının qardaşı qızı Cavabdeh həmin evdə qeydiyyatda olsa da, həmin evdə yaşamır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb cavabdehin Səbail rayonu, Y.Bədəlov ünvanında yerləşən ö/t 121 saylı evə olan istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və öz hüquqi statusuna görə özbaşına tikili olduğundan, cavabdehin mübahisəli evdə qeydiyyatda olması onun həmin evə istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qeyd edilən Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 №-li «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Qərarının 15-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yalnız mülkiyyətində olan torpaq sahəsində tikilmiş özbaşına tikililər üzərində mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Özbaşına tutulmuş torpaqlarda inşa edilən tikililərin müqəddəratı torpaq sahəsi məxsus olan müvafiq icra hakimiyyəti orqanları və yaxud bələdiyyələr tərəfindən həll edilir. AR Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi özbaşına tikili üzərində hər hansı hüquq yarana bilməz. İddiaçının tələbinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin həmin evə istifadə hüququna o vaxt xitam verilə bilər ki, həmin hüquq yaranmış olsun. AR Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında məhkəmə istifadə hüququnun məzmununu açıqlayaraq qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşan hüquqi mövqeyi əsas tutaraq qeyd edir ki, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsində yerləşən özbaşına tikili 121 saylı evdə yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin evə hər hansı istifadə hüquqlarının yaranmasına əsas deyil. Ona görə yaranmayan və ya mövcud olmayan hüquqlara xitam verilməsi hüquqi baxımdan mümkün olmadığı üçün, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə izah edir ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatı yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən ləğv edilə (şəxs qeydiyyatdan çıxarıla bilər) bilər. Beləliklə mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, cavabdehin həmin evə istifadə hüququ yarana bilməz və belə olan halda cavabdehin mübahisəli evə hər hansı istifadə hüququnun olmasını müəyyən edilmədiyindən, həmin hüquqa xitam verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsində yerləşən ö/t 121 saylı evə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi onun həmin evə istifadə hüququnun olmaması və yaranmaması müəyyən olunduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar