Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1693/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, Ərizəçi Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 (maraqlı şəxslər İddiaçı Sığorta Şirkəti ASC (iddiaçı "xxxx" Sığorta Şirkəti) və Cavabdeh2 (digər cavabdeh)) mülki işin icraatının bərpa edilməsi barədə ərizəsinə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh1 itirilmiş məhkəmə icraatının bərpasına dair ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, "xxxx" Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilmiş əvəzi miqdarında tələbin (subroqasiya) təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1644/2010 saylı, 09 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 5079.68 (beş min yetmiş doqquz manat, altımış səkkiz qəpik) yetirilmiş zərərin məbləği və 20 manat dövlət rüsumu, cəmi 5099.68 (beş min doxsan doqquz manat, altmış səkkiz qəpik) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Sığorta şirkətinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, belə bir qətnamənin mövcudluğundan xəbəri olmamış, sonradan xəbər tutmuşdur. Bu səbəbdən də ərizə ilə məhkəməyə müraciət etmiş, qətnamə rəsmi qaydada poçt vasitəsi ilə ona göndərilmişdir. Qətnaməni rəsmi qaydada aldıqdan sonra ondan apellyasiya şikayəti vermiş, lakin Səbail Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(009)-1644/2010 saylı qərardadı ilə mülki iş məhv edildiyi üçün apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ona itirilmiş məhkəmə icraatının tam və ya qismən bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında izahatı alınmış ərizəçi Cavabdeh1 bildirmişdir ki, 30 ildir, tır sürür. 2007-ci ildə BMW-316, **-MH-*** markalı maşını ağdamlı tanımadığı bir şəxsə ümumi etibarnamə ilə satmışdır. 2010-cu ildə tanımadığı X1 həmin maşınla hadisə törətmişdir. Maşını satan zaman ümumi etibarnamə 10 il müddətinə verilirdi. Bu hadisə ilə bağlı məhkəmənin verdiyi sənədi yol polisinə aparıb vermişdir ki, həmin maşın axtarılsın, tapılsın üzərinə həbs qoyulsun. 2022-ci ildə iş yerinə arayış gəlmişdir ki, ona məxsus maşınlara həbs qoyulmuşdur. Bu zaman işdən xəbərdar olmuşdur. Maşınları satsa da adından çıxarmamış, etibarnamə ilə satmışdır. Cavabdeh2 adlı şəxsi tanımır, maşının harada olmasını bilmir. Bu deyilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 32 nömrəli qərarına əsasən 2000-2010-cu illər üzrə işlərdən qətnamələr və qərardadlar çıxarılıb qovluqlarda saxlanılmaqla mülki işlər məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-1644/2010 saylı, 09 iyun 2010-cu il tarixli qətnaməsindən görünür ki, 5079.68 manat yetirilmiş zərərin məbləği və 20 manat dövlət rüsumu, cəmi 5099.68 (beş min doxsan doqquz manat, altmış səkkiz qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan apellyasiya şikayətindən görünür ki, ərizəçi Səbail rayon Məhkəməsinin 2(009)-1644/2010 saylı, 09 iyun 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddia tələblərinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2000-2010-cu illər üzrə saxlama müddəti keçmiş mülki işləri məhv edilmiş, həmin işlər üzrə isə qətnamə və qərardadlar çıxarılıb qovluqda saxlanılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1644/2010 saylı mülki işi məhv edilmiş və yalnız çıxarılmış məhkəmə qətnaməsi və icra sənədinin icraata başlamaq haqqında qərarı saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əlavəsində «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» proseduru nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsində saxlama müddəti keçdiyinə görə məhv edilmiş icraatın bərpa edilməsi proseduru isə nəzərdə tutulmamışdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında xüsusi vurğulanmışdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, belə hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 10-cu bəndində qeyd olunur ki, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə xitam verilməsinə dair qəradadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddiaçı "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilmiş əvəzi miqdarında (subroqasiya) pul tələbinə dair iddiası üzrə Səbail rayon Məhkəməsində baxılmış 2(009)- 1644/2010 saylı iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa olunmalı və məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1644/2010 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilsin. Həmin iş üzrə iddiaçı "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilmiş əvəzi miqdarında (subroqasiya) pul tələbinə dair iddiasının təmin olunması və 5079.68 manat yetirilmiş zərərin məbləği və 20 manat dövlət rüsumu, cəmi 5099.68 (beş min doxsan doqquz manat, altmış səkkiz qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə 09 iyun 2010-cu il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1693/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1693/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver