Məhkəmə qərarları › İş №2(009)-1693/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1693/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1693/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona dəymiş maddi zərərə görə 15000 (on beş min) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, İddiaçı həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda mütəmadi olaraq, yük daşımalarını həyata keçirmişdir. Sonuncu dəfə, 22 avqust 2020-ci il tarixində “FARMANOGLU LOGİSTİCS” LLC ilə aralarında bağlanılmış 01/42 saylı müqaviləyə əsasən, yük avtomobili ilə həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda sərbəst şəkildə yük daşımalarınının həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüş və bu məqsədlə, yəni, xarici ölkədə baş verə biləcək hər hansı sığorta hadisəsindən sığortalanmaq üçün cavabdeh "xxxx" ASC-yə müraciət edərək, sonuncu ilə 30 noyabr 2020-ci il tarixdə müvafiq qaydada sığorta müqaviləsi bağlamışdır. Daha sonra, yuxarıda qeyd olunan müqaviləyə əsasən, tərəfindən yük daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə səfərə çıxmış və 17 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikası ərazisində **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı, DAF markalı yük avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə ağır bədən xəsarətləri almışdır. Bununla əlaqədar 07 yanvar 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-yə müraciət edərək, baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişinin ödənilməsi xahiş etmişdir. Lakin cavabdeh "xxxx" ASC sığorta ödənişinin verilməsindən imtina etmiş və imtina məktubunu belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Səyahət Sığortası Qaydalarının 3.5.11-ci maddəsinə əsasən, sığorta olunanın təhlükəli fəaliyyət növləri (o cümlədən, peşəkar avtomobil nəqliyyatı sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı qismində) ilə məşğul olması nəticəsində baş vermiş hadisələr sığorta hadisəsi hesab olunmur, eyni zamanda, bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını tövsif edən 935.1.8-ci maddəsi ilə də “baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi” təsbit edilmişdir. O, cavabdehlə sığorta müqaviləsi bağlayarkən, məqsədi məhz beynəlxalq yükdaşımalarını həyata keçirərkən baş verə biləcək hadisələrdən özünü sığortalamaq olmuşdur və cavabdehin səlahiyyətli nümayəndəsinin bu barədə məlumatının olmasına baxmayaraq, sonuncu 30 noyabr 2020-ci il tarixli sığorta müqaviləsinin məzmununda səfərin məqsədinin “səyahət” olmasını qeyd etmişdir. Sığorta müqaviləsində səfərin məqsədinin “səyahət” kimi qeyd olunması, onun maraqlarına zidd olmuş (ona görə ki, məhz həmin ifadənin hüquqi nəticələri barədə məlumatsız olmuşdur), bu barədə ona məlumat verilməmiş və nəticədə sözügedən müqaviləni bağlamışdır. Lakin 30 noyabr 2020-ci il tarixli sığorta müqaviləsi bağlanılarkən "xxxx" ASC-nin səlahiyyətli nümayəndələri tərəfindən ona nə yaddaş vərəqi verilmiş, nə də ki, AR MM-nin 913-cü maddəsinə nəzərdə tutulanlarla bağlı məlumatlar verilmişdir. Göründüyü kimi, 30 noyabr 2020-ci il tarixli sığorta müqaviləsi bağlanılarkən "xxxx" ASC-nin səlahiyyətli nümayəndələri tərəfindən ona nə yaddaş vərəqi verilmiş, nə də ki, yuxarıda nəzərdə tutulanlarla bağlı məlumatlar verilməmiş, əksinə onun onlara olan etibarından sui-istifadə edərək, AR MM-nin sığorta haqqında normalarının tələblərini kobud surətdə pozmuşlar və nəticədə ona ödəniləcək sığorta məbləğindən məhrum olunmuşdur. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri almışam, bununla əlaqədar uzun müddət Türkiyə Respublikasında müalicə almışdır, hal-hazırda da orada müalicəsini davam etdirir, ona görə ki, ağır formada açıq bud-çanaq sümüyü sınıqları və digər ağır xəsarətləri olmuşdur. O, 17 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikası ərazisində **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı, DAF markalı yük avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə ağır bədən xəsarətləri aldığından huşsuz vəziyyətdə olmuşdur, hətta idarə etdiyi avtomobildə sıxışıb qaldığından, fövqalədə vəziyyətlə əlaqəli şəxslər sıxışdığı avtomobilin bəzi hissələrini kəsərək, onu oradan çıxardaraq təcili tibbi yardım vasitəsilə müvafiq xəstəxanaya çatdırmışlar. Bu baş verənlərdən sonra o, cavabdehə müvafiq qaydada müraciət etməyinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndələri sığorta ödənişindən imtina etmiş və o, qərib ölkədə ağır bədən xəsarətləri ilə əlacsız vəziyyətdə qalmışdır. Daha sonra, müayinə və müalicəsini, o cümlədən müalicəsinin uzun müddət sürməsi ilə əlaqədar Türkiyə Respublikasında qalmağı zəruri olduğundan, lazımi xərcləri yaxın qohum- əqrəbalarının maddi yardımı vasitəsilə qarşılamışdır. İddiaçı Xaliq oğlu iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 30 noyabr 2020-ci il tarixdə bağlanılmış sığorta müqaviləsinin - əqdin etibarsız hesab edilməsi, o cümlədən, cavabdeh "xxxx" ASC-dən iddiaçıya dəymiş maddi zərərə görə 15000 (on beş min) manat və mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutulub verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Xaliq oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: "xxxx" ASC ilə İddiaçı arasında bağlanılan xx.xx.2020-ci tarixli səyahət sığortası müqaviləsində səfərin məqsədi kimi səyahət (travel) qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC ilə xx.xx.2020-ci il tarixində səyahət sığortası müqaviləsinin bağlanmasını və sığorta şəhadətnaməsini ona təqdim olunmasını etiraf edir. Sığorta şəhadətnaməsində Sığorta şəhadətnaməsi və “Səfər sığortası üzrə sığorta qaydaları” ilə tanış olduğumu və orada yazılan şərtlərlə razılaşdığımı, sığortaçının nümayəndəsini tərəfindən sığorta şəhadətnaməsini və bu Qaydaların bir nüsxəsi və yaddaş vərəqinin mənə təqdim olunduğunu imzamla təsdiq edirəm” qeydləri edilmişdi. İddiaçı da sığorta haqqını ödəməklə sığorta müqaviləsinin bağlanmasını rəsmiləşdirmiş, bununla da həm sığorta şəhadətnaməsinin, həm də Qaydaların və yaddaş vərəqəsinin ona verilməsini təsdiq etmişdir. Qeyd olunmalıdır ki, sığortaçılara Nəzarət orqanı tərəfindən təsdiq olunmuş “Səyahət sığortası Qaydaları” digər qaydalarla yanaşı "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və istənilən şəxs həmin Qaydalarla tanış olmaq imkanına malikdir. Həmin Qaydaların 3.5.11-ci bəndinə əsasən sığorta olunanın təhlükəli fəaliyyət növləri (o cümlədən, peşakar avtomobil nəqliyyatı sürücüsü, dağ mədənləri, inşaatçı, elektrik quraşdırıcısı qismində) ilə məşğul olması sığorta hadisəsi sayılmır. Qeyd etmək vacibdir ki, sığorta riskindən asılı olaraq Sığorta şirkəti sığorta müqaviləsinin bağlanmasından imtina etməsi, və ya fərqli şərtlərlə bağlaması üçün mühüm şərtlərdən biridir. Məhz sığorta riskinin həcmi nəzərə alınaraq sığorta haqqı hesablanır. Misal üçün orta bazar qiyməti təxminən 15.000 manat olan “Chevrolet Cruze” markalı avtomobilin Kasko növü üzrə sığortalanması üçün tələb olunan sığota haqqı təxminən 450 manat təşkil edəcək. Lakin həmin avtomobillə taksi fəaliyyəti göstəriləcəyi təqdirdə sığorta haqqı təxminən 1400 manat təşkil edəcək. Belə ki, avtomobil adi vətəndaş tərəfindən gün ərzində orta hesabla 20-40 km sürülür. Amma taksi fəaliyyəti nəticəsində həmin avtomobil gün ərzində 200-400 km sürülür. Təbii ki, taksi sürücüsünün qəzə törətmək ehtimalı dəfələrlə artıq olduğu üçün, sığorta riski də artır. Bu da sığorta haqqı hesablanarkən mütləq nəzərə alınır. Sığorta şirkətləri taksi fəaliyyəti ilə məşğul olan avtomobillərə dair Kasko sığota müqaviləsini bağlamırlar, ya da Kasko müqaviləsini yüksək sığorta haqqı tətbiq etməklə bağlayırlar. Eyni zamanda səyahət sığortasında da günün əksər hissəsini sükan arxasında keçirən sürücünün xəsarət alması çox böyük olduğundan peşəkar sürücünün avtomobili idarə edərkən qəzaya uğrayaraq xəsarət alması Qaydalara müvafiq olaraq sığorta hadisəsi hesab olunmur. İddiaçı şirkətə qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək etirazın məzmununa uyuğun izahat verdi və məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 22 avqust 2020-ci il tarixli 42 saylı müqavilədən görünür ki, “FARMANOGLU LOGİSTİCS” LLC ilə İddiaçı arasında beynəlxalq yükdaşımanın həyata keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Səfər Sığortası şəhadətnaməsindən görünür ki, sığortaçı “Günay Sığorta ASC və sığortalı xx.xx.2011-ci il Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Səyahət sığortası qaydaları”na uyğun olaraq və bu müqavilənin mətnində göstərilən şərtlərə əsasən səfərin məqsədi səyahət göstərilməklə hazırki sığorta müqaviləsini bağlamış, Sığorta şəhadətnaməsində “Sığorta şəhadətnaməsi və “Səfər sığortası üzrə sığorta qaydaları” ilə tanış olduğumu və orada yazılan şərtlərlə razılaşdığımı, sığortaçının nümayəndəsini tərəfindən sığorta şəhadətnaməsini və bu Qaydaların bir nüsxəsi və yaddaş vərəqinin mənə təqdim olunduğunu imzamla təsdiq edirəm” qeydi edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi barədə tərtib edilmiş sənədlərdən görünür ki, 17 dekabr 2020-ci il tarixdə, saat 09:45-də Türkiyə Respublikası ərazisində Kahramanmaraşdan Gaziantep istiqamətində hərəkətdə olarkən İddiaçı idarə etdiyi **-JP- *** dövlət qeydiyyat nömrə nişanlı, DAF markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı, DAF markalı yük avtomobili ön hissəsi zədələnməklə qəza hadisəsi törənmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 2021-ci ilin yanvar ayınadək Türkiyə Respublikasında tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. İş materiallarında olan “Günay Sığorta ASC-nin İddiaçı ünvanlanmış 14 yanvar 2021ci il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, İddiaçı Türkiyə Respublikası ərazisində yük avtomobili ilə yükdaşıma zamanı qəzaya uğramağı və qəza nəticəsində aldığı xəsarətlərə görə əməliyyat olmağı, habelə tibbi müdaxilədən sonra səhhətində ağırlaşma hallarının baş verməsi barədə Cəmiyyətə xx.xx.2021-ci il tarixində məlumat daxil olmuşdur. Bununla əlaqədar, "xxxx" ASC-nin Səyahət Sığortası Qaydalarının 3.5.11-ci maddəsinə əsasən sığorta olunanın təhlükəli fəaliyyət növləri (o cümlədən, peşəkar avtomobil nəqliyyatı sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı qismində) ilə məşğul olması nəticəsində baş vermiş hadisələr sığorta hadisəsi hesab olunmur. Eyni zamanda, bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını tövsif edən 935-ci maddəsinin, 935.1 8-cı bəndi ilə də “baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi” təsbit edilir. Odur ki, baş vermiş hadisə bağlı olaraq Cəmiyyətin onun qarşınızda sığorta ödənişi üzrə öhdəliyi yaranmır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 30 noyabr 2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, İddiaçı “FARMANOGLU LOGİSTİCS” LLC ilə aralarında bağlanılmış müqaviləyə əsasən beynəlxalq yükdaşıma həyata keçirərkən 17 dekabr 2020-ci il tarixdə, saat 09:45-də Türkiyə Respublikası ərazisində Kahramanmaraşdan Gaziantep istiqamətində hərəkətdə olarkən idarə etdiyi **- JP-*** dövlət qeydiyyat nömrə nişanlı, DAF markalı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə bədən xəsarəti alaraq Türkiyə Respublikasında müalicə almışdır. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış sığorta müqaviləsinə əsasən baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi xahiş edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. - 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. - 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. - 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. - 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. - 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. - 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. - 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. - 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Səfər Sığortası şəhadətnaməsindən görünür ki, müqavilə özündə nəzərdə tutulmuş şərtlərlə yanaşı, həm də xx.xx.2011-ci il Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Səyahət sığortası qaydaları”na uyğun olaraq bağlanmışdır. “Səyahət sığortası Qaydaları”nın 3-cü bəndindən görünür ki, Bu qaydalara əsasən sığorta hadisəsi sığorta müqaviləsində nəzərdə tutulmuş, sığortaçının sığorta ödənişini vermək vəzifəsini yaradan baş vermiş hadisədir. Sığorta hadisəsi sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, bədbəxt hadisə və ölüm nəzərdə tutulur, bir şərtlə ki, belə hallar sığorta olunmuş şəxsin sığorta müddətində müqavilədə göstərilmiş ölkə ərazisində olması zamanı baş versin. Qəfil xəstəlik dedikdə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur. Bədbəxt hadisə dedikdə qəfil, gözlənilmədən baş vermiş sığorta olunanın zədələnməsinə (bədən xəsarətinə) və ya ölümünə səbəb olan hal nəzərdə tutulur. Həmin Qaydaların 3.5.11-ci bəndindən görünür ki, sığorta olunanın təhlükəli fəaliyyət növləri (o cümlədən, peşəkar avtomobil nəqliyyatı sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı qismində) ilə məşğul olması sığorta hadisəsi sayılmır. Mülki qanunvericiliyə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarında olan tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsindən görünür ki, sığorta şəhadətnaməsində səfərin məqsədi səyahət göstərilmiş və “Sığorta şəhadətnaməsi və “Səfər sığortası üzrə sığorta qaydaları” ilə tanış olduğu və orada yazılan şərtlərlə razılaşdığımı, sığortaçının nümayəndəsini tərəfindən sığorta şəhadətnaməsini və bu Qaydaların bir nüsxəsi və yaddaş vərəqinin mənə təqdim olunduğunu imzamla təsdiq edirəm” qeydi yazılmışdır. Göründüyü kimi sığorta şəhadətnaməsinin əsaslandığı Qaydalara əsasən sığorta olunanın təhlükəli fəaliyyət növləri, o cümlədən, peşəkar avtomobil nəqliyyatı sürücüsü də olmaqla müəyyən fəaliyyətlə ilə məşğul olması sığorta hadisəsi sayılmır. Müqavilədə isə “iddiaçının müqavilə bağlanan zaman “Səfər sığortası üzrə sığorta qaydaları” ilə tanış olduğunu və orada yazılan şərtlərlə razılaşdığını, sığortaçının nümayəndəsini tərəfindən sığorta şəhadətnaməsinin və bu Qaydaların bir nüsxəsinin və yaddaş vərəqinin ona təqdim olunduğunu imzası ilə təsdiq etməsinə dair” qeyd yazılmışdır. Belə olan halda məhkəmə qanunvericiliyin tələbini, tərəflər arasında bağlanmış müqavilə şərtlərini işin faktiki halları ilə müqayisəli şəkildə araşdıraraq və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, cavabdeh sığortaçı tərəfindən qanunvericiliyinin pozulması halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı da iddia ərizəsini əsaslandırdığı halları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tərəflər arasında bağlanmış səhayət sığortası müqaviləsinin şərtlərinə və müvafiq Qaydalara uyğun olmuş, tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələblərinin pozulmasə halına yol verilməmişdir. Odur ki, iddia sığorta ödənişinin ödənilməsi ilə bağlı hissədə əsaslı hesab edilə bilməz. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə mənəvi zərər sığorta ödənişinin ödənilməsi ilə bağlı iddiadan törəmə tələb olduğundan və iddia əsas tələblə bağlı hissədə əsaslı hesab edilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsinə aid hissədə də iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddia tələbi rədd edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar