Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1708/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin geriyə ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyan olaraq 8800 manat ziyan, mərhum qızının övladı xx.xx.2004-cü il təvəllüdlü X6 təhsil və yaşam xərcləri və bundan əlavə ailəsinə dəymiş mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı Cəlalə Qurbanova xx xxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay olmuş, «Socar» şirkətində İqtisadiyyat və uçot İdarəsi mühasibat uçotunun metodologiyasının aparıcı iqtisadçısı vəzifəsində işləmişdir. xx xxxxxx 2004-cü il təvəllüdlü X12 mərhumun yeganə övladıdır. Qızı Cəlalə Bakı şəhəri, Səbail rayonu, Y. Bədəlov küçəsindəki 19 saylı evin 6-cı mənzilində qeydiyyatda olmaqla, onunla birgə yaşamışdır. xx xxxx 2019-cu il tarixdə, səhər saatlarında, nəvəsi Afaqın ağladığını gördükdə ondan nə baş verdiyini soruşmuş, Afaq isə ona anasının polislər tərəfindən tutulduğunu və buna görə ağladığını bildirmişdir. O isə öz növbəsində nəvəsinə «qızım ağlama öyrənərik görək nə olub» deyə bildirib. Sonra Afaqın kiminləsə telefonda danışmasını eşitdi, ondan kimlə danışdığını soruşduqda, Afaq ona polis əməkdaşı ilə danışdığını bildirmişdir. Bundan dərhal sonra o, Afaqdan telefonu alarkən polis əməkdaşı ondan X2 olmasını soruşmuş və o, həmin şəxsin qızı olduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşı Cəlalənin yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyini, Xaçmaz rayonunda meyitxanada olduğunu bildirdikdən sonra bu barədə oğlu Cavidə məlumat vermiş və oğlu dərhal həmin yerə getmişdir. Qızı Cəlalə ilə sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə, saat 03:00 radələrində telefon vasitəsi ilə danışarkən, sonuncudan harada olmasını soruşduqda, qızı ona “narahat olmayın, evə səhər gələcəyəm” deyə bildirmiş, hətta, mərhum öz qızı, Afaqa da zəng edərək səhər saatlarında gələcəyi barədə məlumat vermişdir. Lakin harada olması və kiminlə olması barədə heç nə bildirməmişdir. Cavabdeh onların yaşadıqları mənzildən təxminən 200-300 metr məsafə kənarda yaşadığına görə tanıyır. Cavabdeh onun qızı Cəlalə Qurbanova ilə tanışlıq münasibətləri olmuş, hətta bir dəfə ona yaşadıqları evin qapısının döyüldüyünü və bir kişinin onu çağırdığını bildirmişlər. O, yaşadıqları evin qapısına yaxınlaşdıqda, qapının qarşısında tanımadığı bir kişinin olduğunu görmüş və həmin şəxs ona İsmayılın atası olduğunu bildirmişdir. Sonuncudan nə istədiyini soruşduqda, həmin şəxs qızı Cəlalənin ünvanına nalayiq sözlər deməyə başlamış və ona hədə-qorxu gələrək, hətta onu əli ilə vurmaq da istəmişdir. Bu zaman onları tanımadıqlar şəxslər ayıraraq, Şamili evinin qapısı önündən kənarlaşdırmışlar. Bundan sonra, qızı Cəlaləyə zəng edərək Cavabdeh atasının gəlib, adına nalayiq sözlər danışdığını bildirmiş, sonuncu isə ona gəlib məsələni aydınlaşdıracağını qeyd etmişdir. Təxminən 15-20 dəqiqə sonra qızı Cəlalə evə gəlmiş, bundan sonra o, arvadı Əminə, eləcə də, qızı Cəlalə birlikdə İsmayılın atası Şamilin yaşadığı evə gedərək mənzilin qapısını döymüşlər, qızı Cəlalə qapını açıb içəri girmək istədikdə, X1 və təpik zərbələri ilə bayıra çıxarmışdır. O, qızı Cəlaləni Şamilin əlindən alıb kənara çəkmiş və sonuncudan «nə məsələdi, elə bil evinə qonaq gəlmişəm» deyə bildirdi. Həmin vaxt Şamil ona da əl-qol atıb, xəsarət yetirmək istəmiş, hətta ona «sənin o qızını 2 həftə içərisində tikə-tikə etdirəcəm» deyə bildirmişdir. Şamillə aralarında olan mübahisə zamanı sonuncu ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı qızı Cəlalənin xəsarət alıb-almadığını dəqiq bilmədiyindən hadisə ilə bağlı hər hansı bir orqana müraciət etməmişdir. Cavabdeh təqsiri üzündən baş vermiş qəza zamanı ona maddi ziyan dəymişdir. Ona görə də, hesab edir ki, həmçin qəza zamanı avtomobilə dəymiş maddiziyan olaraq 8800 manat, mərhum qızının övladı xx.xx.2004-cüil təvəllüdlü X6 təhsil və yaşam xərcləri və bundan əlavə ailəsinə dəymiş mənəvi zərərin əvəzi Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh təqsiri üzündən ona dəymiş 8372 manat məbləğində maddi ziyan və əlavə mənəvi təzminat olaraq 3000 manat məbləğində pul olmaqla, cəmi 11372 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia ərizəsi ilə bağlı izahat göndərərək işə onun iştirakı olmadan baxılması xahiş etmişdir. Cavabdeh izahatını belə əsaslandırmışdır ki, o, Cəlalə Qurbanova ilə qonşu olmaqdan əlavə yaxın münasibətləri olmuşdur. Törətdiyi cinayət əməli ehtiyatsızlıqdan baş vermişdir. Azadlıqda olarkən avtomobil təmiri ilə məşğul olmuşdur. Avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 2000-3000 manat tələb olunur. Zərərçəkmişin mənəvi dərdini anlayaraq 5000 AZN civarında maddi ziyan ödəməyə hazırdır, bir şərtlə ki, ona barışıq versin və şikayətini geri götürsün. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir: Belə ki, iş materiallarında olan AZ-İİ № 024172 seriya nömrəli, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 1061 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 449709 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2004-cü il tarixdə anadan olmuşdur, atası X7, anası X4r. İş materiallarında olan Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin 31.07.19-cu il tarixli, 106 N-li yetkinlik yaşına çatmayan X12 üzərində himayəçi təyin edilməsi haqqında sərəncamdan görünür ki, yetkinlik yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü X12 üzərində nənəsi X8 himayəçi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 24.12.19-cu il tarixli, 1(059)- 54/19 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətində azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə 01 (bir) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 02 (iki) ay müddətində azadlıqdan məhrumetmə cəzasısının saxlanılması, Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 02 (iki) il 06 (altı) ay müddətinə şamil edilməsi, Cavabdeh barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Qeyd olunan hökmlə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə, saat 04:40 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyb, qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün avtomobili sağ ehtiyat hissəsində olan çınqıl sahəyə hərəkət etdirib idarə etməni itirdiyindən avtomobil yolun soluna istiqamətlənərək yolun sol kənarında yerləşəm metal konstruksiyalı məhəccərə, daha sonra beton səddə dəymiş, nəticədə ehtiyatsızlıqdan “Mitsubishi Pajero” markalı avtomobilin sərnişini X9 döş qəfəsinin sağ yarısının əsasən arxa divarınıngeniş ölçüdə cırılmış yarası, aorta qan damarının, yemək və nəfəs borularının, sağ ağciyərin cırılmaları, 1,2,3,4,5,6,7,8ci qabırğaların sağ tərəfli açıq sınıqları, sağ kürəkvə körpücük sümüklərinin sınıqları, fəqərə sütunu və onurğa beyninin 4-cü döş fəqərəsi səviyyəsindən tam ayrılması, sağ yuxarı ətrafın bazunun aşağı üçdəbiri səviyyəsindən tam amputasiyası, sağ daban və iç topuq sümüklərinin sınıqları, başın alın nahiyəsinin və üzün əzilmiş yaraları, üzün qançırı və söyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər olmaqla ölümünə, 44 p/m metal təhlükəsizlik səddini yararsız hala slaraq sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3863,20 manat, “Mitsubishi Pajero” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək X11 8372 manat məbləğində maddi ziyan yetirməsinə səbəb olmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, yol nəqliyyat hadisəsi baş verən zaman “Mitsubishi Pajero” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının qızı X9 məxsus olmuş və Cavabdeh həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, həmin hadisə nəticəsində avtomobilin mülkiyyətçisi X10 aldığı xəsarətlərdən ölmüş, avtomobilə 8372 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Mitsubishi Pajero” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş və cəmi 8372 manat təşkil edən həmin xərclər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərə məruz qaldığı iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 24.12.19cu il tarixli, 1(059)-54/19 saylı hökmdən müəyyən olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Bu qənaətə gələrkən məhkəmə, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə cavabdehin törətdiyi cinayət əməli nəticəsində ailə üzvünü itirmiş iddiaçının baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi istirablar, sarsıntılar keçirməsini istisna etmədiyindən hesab edir ki, iddiaçının mənəvi zərər tələbi əsaslıdır. Mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin törətdiyi cinayət əməlinin subyektiv cəhətini, yəni cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini nəzərə alıb, məhkəmə, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8372 (səkkiz min üç yüz yetmiş iki) manat məbləğində maddi ziyan və mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1708/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1708/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver