Məhkəmə qərarları › İş №2(009)-1714/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1714/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1714/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “reqres pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12222 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 2013-cü il tarixində “NEW EUROPA” şirkətində vasitəçi peşəsində çalışırdı. “KİA RİO” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun adına satın almışdır. Həmin avtomobil "xxxx" ASC-də kreditdə olmuşdur. Məlumat üçün bildirir ki, daha sonra sözü gedən avtomobili hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş X6 şirkətdən almışdır. Sonralar məlum oldu ki, Ayaz da həmin avtomobili başqa, 3-cü bir şəxsə satmışdır. Lakin banka olan borcunu ödəməmişdir. Bu yaxında Nəsimi Rayon İcra Şöbəsindən onun ünvanına bildiriş gələrək, ondan təxminən 12222 ABŞ dolları məbləğində pul tələb etdilər. Bundan sonra o, buna etiraz edərək, tələb olunan borc məbləğinin ona aid olmadığını bildirdi. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi Nəsimi Rayon Məhkəməsinin 8(006)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli müvafiq qərardadın surəti ilə də təsdiq edir. Belə olan halda, yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti onun üzərində qalır. Elə ona görə də hesab edir ki, 12222 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barəsində qətnamə qət edilməlidir. Məhkəmə baxışı dövründə İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək Cavabdeh Bank Respublikaya yönəldilməsi, adına 12200 dollar məbləğində kreditin yazılması və pensiyasından tutulmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, “NEW EUROPA” şirkəti Lada avtomobili, sonra Daevo Nexia avtomobili alıb. Cavabdeh özünə şirkətdən Daevo Nexia alıb. Sonra 20 ədəd “KİA RİO” avtomobili şirkət tərəfindən alınıb. 19 avtomobilin ödənişi tamamlayıb. Cavabdeh dolların kursunun dəyişməsinə görə ödənişin edilməsində çətinlik çəkdiyini bildirib. Lakin bu ödənişdə heç bir çətinliyi olmayıb. Məqsəd KİA RİO avtomobilini satıb bankın pulunu mənimsəmək olub. Avtomobil onun adına deyil, oz alına olduğu üçün Cavabdeh pulu tələb edən olmayacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini və ona əlavəni müdafiə edərək onların məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, əgər iddiaçının tələbi varsa, şirkətdən tələb edə bilər, həmin şirkətin rəhbəri ilə qohumdur. O, sadəcə 2000 dollar depozit qoymuşdur. 2013-cü ildə şirkətə neçə maşın gətirildi və dollarla satıldı, o maşınlardan birini də o alıb, lakin maşın iddiaçının adına sənədləşdirilib xidməti maşın verildi. 2016-cı ilin fevral ayına qədər öhdəsinə düşmüş ödənişləri o özü etmişdir. Devalvasiyadan sonra ödənişləri edə bilmədiyi üçün etibarnamə ilə maşını 800 manat müqabilində üçüncü şəxsə vermişdir. Həmin 800 manatı da aparıb banka ödəmişdir. Həmin şəxs isə ödənişlərə davam etməmişdir. Etibarnamə barədə iddiaçıya məlumat vermişdir. X8. Bir otaqda işlədikləri müddətdə iddiaçıya bildirmişdir ki, üçüncü şəxsə maşını satmışdır. 2016-cı ilin mart ayında banka olan borcla bağlı qətnamə qəbul edilib. O, iddiaçıya təklif etmişdir ki, maşını gəl axtaraq, kimdədirsə, o şəxsdən pulunu tələb etsin. İddiaçı isə imtina edib. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 12 saylı Notariat Kontorunun təsdiq etdiyi 07 avqust 2013-cü il tarixli, 875712 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Kia Rio” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idare etməyə dair Cavabdeh 6 il 10 ay 3 gün müddətinə etibarnamə verilmişdir. Etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi qeyd edilmişdir. - «Elektron notariat» X2 çıxarışdan görünür ki, 3 saylı Asan xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2014-cü il tarixdə təsdiq etdiyi, xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuş etibarnaməyə əsasən İddiaçı tərəfindən özünə məxsus bütün əmlak və hüquqlara dair Cavabdeh etibarnamə verilmişdir. Etibarnamədə səlahiyyətlərin digər şəxsə verilə bilməsi qeyd edilmişdir. - «Elektron notariat» X2 çıxarışdan görünür ki, 32 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixdə təsdiq etdiyi etibarnaməyə əsasən İddiaçı tərəfindən özünə məxsus daşınmaz əmlak istisna olmaqla digər əmlak və hüquqlara dair X3 və X7 etibarnamə verilmişdir. Etibarnamədə səlahiyyətlərin digər şəxsə verilə bilməsi qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 8(006)-167/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1444/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən verilmiş “icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayəti” qismən təmin edilmiş, Nəsimi rayon icra şöbəsinin icra məmurlarının hərəkətləri və hərəkətsizlikləri qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qərardadda əks edilmiş "xxxx" ASC tərəfindən verilmiş sözügedən şikayətə əlavə edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1444/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı ilə “Bank Respublika" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13025-994/367752 saylı kredit müqaviləsi ləğv edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 12.221,88 ABŞ dolları məbləğində pul vəsaitinin milli manat məzənnəsinə uyğun olaraq tutulması, tutmanın İddiaçı məxsus “Kia Rio” minik markalı,'**-GF-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaitindən banka olan borcun ödənilməsi, həmin pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun və 30 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixdə təkrar icra vərəqəsi verilmişdir. - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1444/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1444/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbi təmin etməsi üçün vaxt verilmişdir. - AR DİN BDYPİ tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, “Kia Rio” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarıldığı üçün məhdudiyyət qoyulması mümkün olmamışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qətnamənin icra üsulunun dəyişdirilməsi icra sənədi üzrə tərəflərin səlahiyyətinə aid olduğundan, müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edilən qərardadda daha sonra əksini tapmış icra işinin materiallarında olan: - xx.xx.2022-ci il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən borclu İddiaçı məxsus olan “Kia Rio” minik markalı, **-GF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - xx.xx.2023-cü il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Abdullayev Arzu. Abdulla oğlu tərəfindən borclu İddiaçı məxsus olan “Daewoo Nexia” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - AR DİN BDYPİ tərəfindən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən “Daewoo Nexia” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. - xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən borclu İddiaçı məxsus olan “Kia Rio” minik markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, “Kia Rio” minik markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobillə bağlı İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli, 13025- 994/367752 saylı kredit müqaviləsi bağlanmış, 12 saylı Notariat Kontorunun təsdiq etdiyi 07 avqust 2013-cü il tarixli, 875712 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən İddiaçı tərəfindən sözügedən avtomobilin idarə etmək üçün Cavabdeh 6 il 10 ay 3 gün müddətinə etibarnamə verilmişdir. Daha sonra 3 saylı Asan xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2014-cü il tarixdə təsdiq etdiyi, xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuş etibarnaməyə əsasən İddiaçı tərəfindən özünə məxsus bütün əmlak və hüquqlara dair Cavabdeh səlahiyyətlərin digər şəxsə verilə bilməsi qeyd edilən etibarnamə verilmişdir. xx.xx.2016-cı il tarixdə 32 saylı notariat ofisinin təsdiq etdiyi etibarnaməyə əsasən İddiaçı tərəfindən özünə məxsus daşınmaz əmlak istisna olmaqla digər əmlak və hüquqlara dair X3 və X1 digər şəxsə verilə bilməsi qeyd edilən etibarnamə verilmişdir. Cavabdeh tərəfin izahatına əsasən də avtomobil etibarnamə əsasında İmanov Taleh adlı şəxsin istifadəsindədir və o iddiaçıya avtomaşını birgə axtraraq kimdə olsa ondan da pulunu tələb etməsini təklif etməsini, iddiaçının bundan imtina etməsini göstərmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.4, 1096.1 və 1108.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 8(006)-167/2024 saylı qərardadından görünür ki, məhkəmənin qərardadı ilə şikayət qismən, Nəsimi rayon icra şöbəsinin icra məmurlarının hərəkətləri və hərəkətsizlikləri qanunsuz hesab edilməsi hisssində təmin edilmişdir. Məhkəmə bu nəticəsini onunla əsaslandırmışdır ki, borclunun özünü əsas borclu hesab etməməsi, qətnamə ilə borcun yönəldilməsi nəzərdə tutulan əmlakın borclunun mülkiyyətində olmamasının müəyyən edilməsi icra məmurlarına 8 ildən çoxdur ki, qüvvədə olan, lakin icrasız qalan qətnamənin icrası istiqamətində qanunla nəzərdə tutulmuş icra tədbirlərinin həyata keçirilməməsi üçün əsas verə bilməz. İcra məmurunun qanundan irəli gələn vəzifəsidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin edən tədbirlər görsün. Nəzərə alınmalıdır ki, icra sənədinin özündə tələbin yönəldiyi əmlakın satılmasından əldə edilən gəlirin borcun ödənilməsinə çatmadığı halda, borcludan həmin pulun tutulması müəyyən edilmişdir. Bu, o deməkdir ki, icra məmurları qətnamənin icra üsulunun dəyişdirilməsinə zərurət qalmadan borclunun başqa əmlakları hesabına və ya digər məcburi icra tədbirləri tətbiq etməklə icra sənədinin icrasını təmin etməyi ondan tələb edə bilərlər. Bunu etməmələri isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasız qalmasına, yəni məhkəmə aktının icra edilməsinin məcburiliyi barədə qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1444/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi və eyni məhkəmənin 25 iyun 2024-cü il tarixli, 8(006)-167/2024 saylı qərardadları qanuni qüvvəsini almasına baxmayaraq borclu (hazırki iş üzrə iddiaçı) İddiaçı qət edilmiş məbləği ödəməmiş və hazırda iddiaçı əvvəl qətnamə ilə ondan tutulmalı olan 12222 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini, daha sonra isə Bank Respublikaya yönəldilməsi, adına 12200 dollar məbləğində kreditin yazılması və pensiyasından tutulmasını iddia etmişdir. Cavabdeh isə şirkətdən iddiaçının adına olan maşını 800 manat müqabilində üçüncü şəxsə verməsi barədə onu məlumatlandırmasını, tələbini şirkətə qarşı yönəldilməsini göstərərək iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13025-994/367752 saylı kredit müqaviləsi əsasında aralaında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə V.Nagıyevin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilmədiyi üçün bank İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliklərin təmin edilməsini məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmiş və tələbi təmin edilmişdir. Qəbul edilmiş qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, həmin iş üzrə cavabdeh olan İddiaçı qətnaməni icra etməyərək qətnamədə əksini tapmış kredit borcunun ondan deyil, adına olan avtomobilə dair vaxtilə etibarnamə verdiyi cavabdehə yönəldilməli olmasını iddia edir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallara yenidən qiymət verməməklə, eləcə də iddiaçının kredit müqaviləsinin predmeti olan avtomobilin onda olmaması və cavabdeh tərəfindən avtomobilin başqa şəxsə satdığı halda, formal olaraq mülkiyyətçi kimi adının qalmasına görə borcun ondan deyil, cavabehdən tutulmalı olmasına dair dəlilləri ilə bağlı qeyd etməyi zəruri sayır ki, qanunla müqavilə münasibətləri çərçivəsində borcun qaytarılmasını həyata keçirmək borclunun öhdəliyi, həmin borcun qaytarılmasını tələb etmək isə kreditorun hüququdur. İddiaçı tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni Bank Respublikaya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi və bununla da müqavilənin şərtlərini pozmuş olması, bununla bağlı qəbul edilmiş məhkəmə aktını icra etməməsi faktı işin mübahisəsiz halını təşkil edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-15.3-cü maddələrinə görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək iddiaçının birbaşa vəzifəsidir. İşin materiallarından görünür ki, cavabdeh izahatlarında 2016-cı ilin fevral ayına qədər öhdəsinə düşmüş ödənişləri etməsini, etibarnamə ilə maşını 800 manat müqabilində üçüncü şəxsə verməsini göstərmişdir. Məhkəmə hesab edir ki, işin bu və digər iddiaçının qeyd etdiyi hallar həqiqət olsa belə bu faktiki olaraq qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu baxımından yaranmış borcun iddiaçıya deyil, digər şəxsə aid edilməsi qənaətinə gəlinməsinə hüquqi əsas yaratmır. Məhkəmə onu da izah edir ki, iddiaçı yalnız qətnaməni tam icra etdikdən sonra hazırki iddiasında göstərilən halların doğru olmasını təsdiq edən mötəbər sübutların mövcudluğu halında hüquqlarını pozan şəxsə və ya şəxslərə qarşı müvafiq iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia əsaslı sayıla bilməz və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar