Məhkəmə qərarları › İş №2(009)-1717/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1717/2022

27.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1717/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi onun – İddiaçı1, eyni ünvanda yerləşən, 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsi qardaşı İddiaçı2 xüsusi mülkiyyətində olan əmlaklar kimi ƏMDK yanında DƏDRX tərəfindən dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq olaraq RX ******* və RX ******* saylı çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini Rüstəm Usubovun keçmiş Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində (hazırkı İstintaq İdarəsi) fakt üzrə CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq 28 iyun 2019-cu il tarixli qərarla vəsatət və təqdimat təmin edilmiş, xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C və 69D saylı sahələrdə yerləşən hər biri 0.05 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İş üzrə istintaq aparmış sabiq müstəntiq Vüqar Nəsibovun vəsatəti və Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun təqdimatının əsaslandırıldığı cinayət işinin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ilin iyun ayında onlara məlum olmayan səbəbdən Baş Prokurorluğa dəvət edilərək müstəntiq Elçin Hüseynsoy tərəfindən şahid qismində dindirilmişlər. Dindirmə zamanı məlum olmuşdur ki, istintaq üçün maraq doğuran əsasən məsələ dayıları, Rusiya Federasiyasında yaşayan iş adamı X5 ilə Baş prokurorun sabiq köməkçisi X13 arasında şərik iş birliyi zəminində yaranmış münaqişə ilə bağlıdır. İstintaqa verdikləri ifadədə dayılarının tapşırığı ilə 23 sentyabr 2016-cı il tarixdə birlikdə Ucar rayonunun Qazıqumlaq kəndinə Namiq Məmmədovun ata evinə getmələri, orada Namiq Məmmədovdan 500.000 ABŞ dollarını almaları, Bakı şəhərinə qayıdaraq «Azadlıq» metrostansiyasının yaxınlığında N.Ocaqverdiyev tərəfindən göndərilmiş tanımadıqları şəxsə həmin pulu çatdırmaqları barədə ətraflı ifadə vermişlər. İstintaqda birinci və axırıncı dəfə verdikləri ifadənin mahiyyəti bundan ibarət olmuş, sonradan bu günə kimi bir daha istintaqa dəvət edilməmişlər, barələrində hər hansı prosessual məcburiyyət tədbirləri tətbiq olunmamış, hazırda da iş üzrə şahid statusunda qalırlar, iş üzrə icraatın gedişatı və nəticəsi barədə heç bir məlumata malik deyillər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində CPM-nin 248.1.1-ci maddəsinə istinad edilərək göstərilir ki, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Onlar iş üzrə təqsirləndirilən şəxs deyillər, yuxarıda qeyd etdikləri kimi hazırda da şahid statusunda qalırlar. Hakimin qeyd edilən qərarı ilə də təsdiq olunur ki, iş üzrə nəinki Samir və İddiaçı2lər, hətta 500.000 ABŞ dollarını almaları israr edilən Nəsrəddin Ocaqverdiyev özü belə təqsirləndirilən şəxs qismidə cəlb edilməmişdir. Üzərinə əmlak məsuliyyəti qoyula biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 59-cu fəslində konkret olaraq göstərilmişdir ki, onlar həmin kateqoriyaya aid edilən şəxslərin dairəsinə aid deyillər. Qərarın məzmununa istinadən görünür ki, Nəsrəddin Ocaqverdiyev 500.000 ABŞ dollarını 22 sentyabr 2016-cı il tarixdə əldə etmişdir. Üzərinə həbs qoyulmuş əmlakların hansı tarixlərdə əldə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyi və qərarda bu barədə qeyd olunmadığı halda həmin əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına alınmasına dair qeydlərin əsasının nədən ibarət olması başa düşülən deyildir. Digər tərəfdən cinayət təqibi orqanı və məhkəmə həmin vəsaitin, yəni 500.000 ABŞ dollarının hər hansı hissəsinin Samir və İddiaçı2lər tərəfindən ələ keçirilməsini təsdiq edən hər hansı sübuta malikdirmi ki, həbs qoyulmuş əmlakların həmin vəsait hesabına alınmasında israrlıdır. Qərarda iş üzrə əldə olunmuş sübutların əmlak üzərinə həbs qoyulmasına kifayət qədər əsas verdiyi qeyd olunur. Hakimin qərarında qeyd olunur ki, vəsatət verən müstəntiq və təqdimatla müraciət edən prokuror məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda müstəntiq və prokuror məhkəməyə gəlməyiblərsə, cinayət işinin materialları məhkəməyə təqdim edilməyibsə, məhkəmə hansı toplanmış materiala və sübutlara istinad edə bilərdi, üzünü görmədiyi cinayət işinin materiallarına necə istinad edə bilərdi. Əmlaklarının üzərinə əsassız və qanunsuz olaraq qoyulmuş həbsin götürülməsinə dair Baş Prokurorluğa yazdıqları müraciətlərə formal olaraq rəsmi cavablar verilməklə bu günə kimi xahişləri nəticəsiz qalmış, əmlakların üzərindən həbsin götürülməsi təmin edilməmişdir. Sonuncu müraciətlərinə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun imzası ilə 01 iyun 2022-ci il tarixli, 03/192006029/1879 saylı məktubla cavab verilərək əmlaklarının üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin onların vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, qeyd edilən əmlakların üzərinə həbs məhkəmə qərarı əsasında qoyulduğunu və həbsdən azad edilmə məsələsinə məhkəmə nəzarəti qaydasında baxıla biləcəyini, mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığını bildirərək, iddianın əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi, baş ədliyyə müşaviri Vüqar Nəsibovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, külli miqdarda əmlakın dələduzluqla ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş 23 may 2019-cu il tarixli qərardan görünür ki, X15 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)- 269/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə - X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 20 saylı evin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 22 saylı evin, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha ehtiyat fondu təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən bağ evinin, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 99 saylı yaşayış binasının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 C saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları), İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 D sahədə yerləşən 0,05 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları), X1, X2, X3 və X6 adına ümumi birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 5(103)-18/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, əmlak üzərinə həbs qoyulması barədə vəsatətin təmin olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 29 may 2019-cu il və 30 may 2019-cu il tarixli şahidin dindirilməsi protokollarından görünür ki, İddiaçı1 və İddiaçı2 ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 01 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyət xx.xx.2022-ci il tarixdə götürülmüş, həmçinin ona və qardaşı İddiaçı2 məxsus əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı cinayət prosessual qanunveriliciyinin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 2016-cı ilin fevral-sentyabr ayları ərzində Bakı şəhəri və Ucar rayonu ərazisində yaxın münasibətlərdə olduğu X14 Rusiya Federasiyası və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və sonuncu onunla biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gələrək 500.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini X1 qohumları İddiaçı1 və İddiaçı2 vasitəsilə ona göndərmişdir. Daha sonra fakt üzrə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)-269/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsi məqsədilə X4 məxsus bir sıra əmlaklarla yanaşı, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 99 saylı yaşayış binasının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 C saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları), İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 D sahədə yerləşən 0,05 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmişlər və ifadələrində dayıları Nəsrəddin Ocaqverdiyevin tapşırığına əsasən Ucar rayonunda Əsəd Mehdiyevdən 500.000 ABŞ dolları pulu götürdüklərini, daha sonra dayısı Nəsrəddin Ocaqverdiyevin göstərişinə əsasən Bakı şəhərinə gələrək pulu dayısının dediyi şəxsə verdiklərini bildirmişlər. İş üzrə hazıradək heç kim təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 01 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Həbsdən azad edilməsi xahiş edilən torpaq sahələri ilə bağlı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə, onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Eyni zamanda, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin faktiki halları ilə də müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, həmin şəxslər iş üzrə şahid kimi dindirilmələrinə, iş üzrə ümumiyyətlə hazıradək hər hansı bir şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsinə və icraatın dayandırılmasına baxmayaraq, qeyd edilən əmlaklar üzərinə həbs qoyulmuşdur. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 248.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. (CPM 248.2) Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. (CPM 248.3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında qərara alınmışdır ki, “1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.

3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Qanunvericiliyin tələbindən də göründüyü kimi, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Hazırda nəinki iddiaçılar, ümumiyyətlə cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilməmiş, iş üzrə icraat dayandırılmış, iddiaçılar isə iş üzrə şahid qismində dindirilməklə onların üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər olması nə iş materialları, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbsin qoyulması, onların həmin əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Sərəncam hüququ mülkiyyət hüququnun 3 tərkib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə edilməsi və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, “Loizidu Türkiyəyə qarşı” işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə “müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər” (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq iddiaçıların əmlakları üzərinə səhvən həbs qoyulduğu nəticəsinə gəlir və hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69 D saylı torpaq sahəsi həbsdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsi həbsdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar