Məhkəmə qərarları › İş №2(009)-1719/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1719/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1719/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə , İddiaçı cavabdeh “X8” (X14) şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı vurulan maddi və mənəvi ziyanların ödənilmələri tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X8” (X14) şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı vurulan maddi və mənəvi ziyanların ödənilmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 17.10.2012-ci ildə cavabdeh “X8” (X14) şirkəti ilə müqavilə bağlayaraq QA/QC Engineer (yəni mühəndis) vəzifəsinə təyin olunub, 01.11.2012-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İlkin olaraq maaşı vergisi çıxılmaqla təmin olaraq 1400 manat, 2013-cü ilin noyabr ayından isə maaşı vergisi çıxılmaqla təmiz olaraq 1750 manat təyin edilmişdir. Son maaş artımın 2015-ci ilin sentyabr ayından 4000 manat (vergisi çıxılmaqla təmiz olaraq 3155 manat təyin edilmişdir. 2012-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək o, Rüfət Marsyukayev və digər dörd nəfər Böyük Britaniya vətəndaşları BP şirkətinin Azərbaycandakı proyektlərində işləmişlər. 2019-cu ilin fevral ayından isə o, və Rüfət Marsyukayev müqavilələrində göstərilənlərə əsasən 28 gün Azərbaycanda qalıb dincəlməli, 28 gün isə Böyük Britaniyanın tərkibində olan Şotlandiyanın Aberdin şəhərində işləməlidirlər. Azərbaycanda isə əlavə işlərə cəlb olduqları halda isə həmin işlədikləri günlər üçün iki qat pul məbləğlərini ödəyirlər. O, 05.03.2020-ci il tarixdə növbəti dəfə Şotlandiyanın Aberdin şəhərinə ezamiyyətə getməli idi. Lakin “X8” şirkətindən bildirmişlər ki, pandemiya ilə əlaqədar yolla bağlı olduğundan Bakıda qalıb yolların açılmasını gözləməlidir. Bütün işləri 31.03.2020-ci il tarixədək qaydasında gedib. 2020-ci ilin mart ayının sonunda “X8” şirkətinin kadrlar üzrə rəhbəri Cenevyeva Fearnley (Genevieve Fearnley) onlara bildirmişdir ki, aprel ayı üçün maaşı ödəməyəcəkdirlər. O, və digərləri onun bu xəbərdarlığına narazılıqlarını bildirmişlər. Sonra onlar vəd vermişlər ki, iyun ayında aprel və may üçün maaşları ödəyəcəklər. Lakin 2020-ci ilin iyun ayının əvvəllərində də maaşlarını ödəmədiklərini gördüyündən o, işdən çıxmağa qərara almışdır. O, 15.06.2020-ci il tarixdən işdən çıxmasını qərara almış və bu barədə şirkəti məlumatlandırmışdır. Həmçinin şirkətdən 2020-ci ilin aprel və may ayları üçün bütöv iyun ayı üçün isə 15 günlük maaşlarını – 10.000 manat, yəni vergiləri çıxılmaqla 7885 manat maaşını tələb etmişdir. Lakin onlar onun işdən çıxması ilə belə süni maneələr törətmişlər, onu məcbur etmişlər ki, işdən çıxmasının müqabilində 2020-ci ilin aprel və may ayları üçün ona ödənilməli pullardan imtina etsin. O, narazılıq etmişdir. Onlara bildirmişdir ki, bu Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun deyil, işçilərin əmək hüquqlarını kobud surətdə pozmaqdır. Hətta onların diqqətinə çatmışdır ki, heç olmasa 1 ay əvvəldən bildirsəydilər o, gedib iş tapardı. O, da məcbur olub razılıq vermişdir. Məhz bundan sonra cavabdeh onu hökümət portalından çıxartmışdır. Elə ki, o, rəsmi portal vasitəsilə işdən çıxmış onlarlan pulunu tələb etmişdir. İlk olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə (AR ƏƏSMN yanında DƏMX-ə) 2020ci ilin may və avqust aylarında iki dəfə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə bir dəfə müraciət etmişdir. Lakin, ona rəsmi şəkildə cavab verməmişlər. Daha sonra hətta o vaxt “X8” şirkətinin işlərini aparan Nizami küçəsi,90A ünvanda yerləşən Land- Mark biznes mərkəzində icarədar olan PWC şirkətinə də müraciət etmişdir. Onlar ona bildirmişlər ki, şirkətin rəhbərliyi ilə danışıblar bir neçə vaxtdan sonra pulları ona ödəyəcəklər, biaz səbr etsin, gözləsin. O, da bir insan kimi 2-3 ay gözləmişdir. Sonra ora gedib pullarını istəyəndə ona bildirmişlər ki, 3-4 ay da gözləməlidir. 2021-ci ilin mart ayında gəldikdə ona bildirmişlər ki, artıq onlar “X8” şirkətinin işlərini aparmırlar. Hansı şirkətlə müqavilə bağladıqlarını da bilmirlər. O, təxminən 2 aydan artıq müddətdə araşdırma aparıb müəyyən etmişdir ki, “X8” şirkətinin işlərini X11 15-ci mərtəbə 98-ci otaqda yerləşən “X12” MMC-si aparır. 2021-ci ilin may ayının əvvəlində hüquqlarının müdafiəçisi Abdulla Əfəndizadənin vasitəsiylə onun elektron poçtundan “X12” MMCnin elektron poçtuna həmin qurumun rəhbəri Fuad Nəbiliyə müraciət etmişdir. Şikayətində onlara xəbərdarlıq etmişdir ki, şikayətinin onlara çatdığı vaxtdan uzağı 5 gün ərzində işəgötürən “X8” şirkətdən ona 2020-ci il aprel və may üçün bütöv iyun ayı üçün isə 15 günlük, yəni vergiləri çıxmaqla 7885 manat maaşını ödəyəcəklərinə dair zəmanət məktubu gəlməsə, o, həmin şikayətinin digər surətlərini də prezidentə, onun xanımına, X5nə və digər dövlət orqanlarına göndərmək məcburiyyətində qalacaqdır, məhkəmə orqanlarına da müraciət etməklə artıq üç aylıq maaşını yox, yuxarıda qeyd etdiyi məbləğlərin alınmasına, həmçinin ona vaxtında pul vəsaitinin ödənməmiş olmasına görə əlavə olaraq ona vurulmuş maddi və mənəvi ziyanların ödənilməsinə dair iddia da qaldıracaqdır. Bu səbəblərdən onlara rəsmi şəkildə xəbərdarlıq etmişdir. Onlar da hüquqlarının müdafiəçisi Abdulla Əfəndizadənin mailto:abuefndi@mail.ruElektron ünvan epoçtuna cavab göndərmişlər ki, “X8” şirkətilə hələ ki əlaqəi qura bilməyiblər, əgər qura bilsələr onlara bu barədə məlumat verəcəklər. Təbii ki, bu absurd bir cavabdır. Daha sonra növbəti dəfə X5 Xidmətinin rəhbəri F.Heydərova 3-cü dəfə müraciət edərək bu işi ciddi nəzarətə götürüb, “X8” şirkətdən ona 2020-ci il aprel və may üçün bütöv iyun ayı üçün isə 15 günlük, yəni vergiləri çıxmaqla 7885 manat maaşını ödəmələri üçün onların barələrində tədbir görmələrini israrla xahiş etmişdir. Lakin onlar ona rəsmi şəkildə cavab göndərməmişlər. Bu səbəblərdən ədalət məhkəməsinə müraciət etməli olmuşdur. Ona vaxtında pul ödənilmədiyindən 90.000 manata 13.12.2017-ci il tarixdə İpoteka ilə aldığı ünvan 2 ünvanını məcbur olub 75.000 manata satmışdır. Həmin 90.000 manata İpoteka ilə götürdüyü mənzilinin İpoteka faizləri isə 15.000 manatdan artıq etmişdilər. Yəni o, hələ faizləri hesab etməsə, aldığı mənzili 15.000 manat ziyan çəkməklə aşağı qiymətə satmışdır. Deməli, cavabdeh təşkilat olan “X8” şirkətinin ona vurduğu maddi ziyan 10.000 manat maaşını ödəməmiş olmağı, 15.000 manat isə onların ucbatından mənzilini ucuz qiymətə məcburi satmasına görə baş vermişdir. Yəni ona maddi ziyan kimi 25.000 manat vurulmuşdur. Bu son 14 ayda ona mənəvi ziyanlar dəymişdir. Belə ki, o, həmin pulları vaxtında ala bilmədiyindən xəstəliyi ilə əlaqədar müalicəni apara bilməmişdir, olmazın iztirablar çəkmişdir. O, ona dəyən mənəvi ziyanların mindarını 20.000 min manat miqdarında dəyərləndirir.O, bu iddia ərizəsinə qoşmada Bakı şəhər 46 saylı Notariat Ofisində 13.12.2017-ci il tarixdə satıcı X1 ilə 90.000 manat satış qiyməti olan mənzillə əlaqədar 061İK/2017 No-li alqı-satqı və ipoteka müqaviləsinin, həmin mənzilini 19.06.2020-ci il tarixdə alıcı X2 75.000 manata məcburən satdığı ilə əlaqədar AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydasında təsdiq edilən surətlərini də təqdim etmişdir. Həmin müqavilələr diqqətlə oxunduqda onun iddiasının əsaslı olmasına şübhə yeri qalmır. Göstərilənlərə əsasən iddiaçı cavabdeh “X8” şirkətinin hesabından onun xeyrinə 25.000 manat maddi ziyan kimi, 20.000 manat mənəvi ziyan kimi tutularaq, cəmi 45.000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia ərizəsində tələsik yazdığından əvvəllər ödənilməmiş məzuniyyət haqlarını qeyd etməmişdir. Belə ki, 2013-cü ildən işdən çıxması vaxta qədər ona məzuniyyətlər haqları düzgün hesablanmamışdır. Necə ki, hər il məzuniyyətə çıxanda orta aylıq maaş hesablandıqdan sonra 30,4 əmsalına bölündükdən sonra məzuniyyət günlərinə vurulur. O, bu qaydada 2020-ci ilin may ayının əvvəllərində xəbər tutmuşdur və cavabdeh təşkilatdan tələb etmişdir. Hətta 2019-cu və 2020-ci illərdə onu nə məzuniyyətə buraxmamışlar, nə də ki məzuniyyət haqlarını ümumiyyətlə ödəməmişlər. Bu səbəblərdən məhkəmə rəsmi qərardadı ilə cavabdeh təşkilatdan bütün bu qanunsuzluqlarla əlaqədar rəsmi sənədlərin əsillərini tələb etməkdə götürməlidir. Həmçinin məhkəmə iclasına ekspertləri, mütəxəssisləri dəvət edib cəlb etməklə Whatsapp yazışmalarını yoxlayıb, rəsmi şəkildə onların yazılı variantlarını çıxarıb iş materiallarına əlavə etməklə hüquqi qiymət verməlidir. Ona təkcə 2013-cü ildən 2017-ci il də daxil olmaqla ən azı 10.000 manatdan artıq pul vəsaitini əlavə işlədiyi saatlara görə ödəməmişdilər. Həmçinin gecə vaxtı əlavə işlədiklərinə görə də ən axı 5000 manatdan artıq pul vəsaitini ödəməmişlər. Daha sonra bu illər ərzində məzuniyyət haqlarını da ən azı 12.000 manatdan artıq pul vəsaitini ödəməmişlər. Beləliklə, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh “X8” şirkətinin hesabından onun xeyrinə 2020-ci ilin aprel və may ayları üçün bütöv, iyun ayı üçün 15 gün ödənilməyən 10.000 manat, əlavə işlədiyi saatlara görə ödənilməmiş 10.000 manat, gecə vaxtı əlavə işlədiklərinə görə 5.000 manat, məzuniyyət haqlarını ödəməməklərinə görə 12.000 manat, evinin satılması ilə əlaqədar 15.000 manat, ümumilikdə 52.000 manat maddi ziyan kimi, 20.000 manat mənəvi ziyan kimi tutularaq, cəmi 72.000 manat pul məbləğinin ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “X8” şirkətinin hesabından iddiaçının xeyrinə 52.000 manat maddi ziyan kimi, 20.000 manat mənəvi ziyan kimi tutularaq, cəmi 72.000 manat məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını, işçilərin, o cümlədən, mənim əmək haqlarımı qəsdən kobud surətdə pozmuş, külli miqdarlarda pul vəsaitlərini mənimsəmiş cavabdeh “X8” şirkətinin rəhbərliyinin və məsul vəzifəli şəxslərinin barəsində cinayət işlərinin başlanmaları üçün prokurorluğa göndərilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi aprel və may ayları üçün ödənişsiz məzuniyyətlə bağlı müvafiq sənədlərin imzalanması onun tərəfindən yalnız iyun ayının 24-də olmuşdur. Bunu ona görə etmişdir ki, cavabdeh 4000 manat son haqq-hesabın birdəfəyə verəcəyini vəd etmiş, eyni zamanda onun işdən azad olunması barədə elektron bazada müvafiq qeydiyyatın aparılmasına söz vermişdir. Lakin həmin aylar üçün qəbul edilmiş əmrlər ona təqdim olunmamışdır və ümumiyyətlə o, ödənişsiz məzuniyyətə çıxmaqla bağlı razılıq verməmişdir. Bu halları təsdiq edən email və vatsap yazışmaları mövcuddur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və bu barədə iddia ərizəsinə etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, “xxxx” Şirkəti ilə iddiaçı arasında əmək müqaviləsi 09.10.2012-ci il tarixdə imzalanmış, işçi əmək fəaliyyətinə 01.11.2012-ci il tarixdən başlamışdır. Onunla əmək müqaviləsinə isə 02.06.2020-ci il tarixli ərizəsinə əsasən 09.06.2020-ci il tarixdən xitam verilmişdir. İddiaçının bildirdiyi, ona şirkətin əməkdaşı tərəfindən aprel ayının əmək haqqının verilməyəcəyinin bildirilməsini, eləcə də iyun ayında aprel və may ayları üzrə əmək haqqının veriləcəyi vədinin cavabdehin hər hansı bir işçi tərəfindən verilməsini cavabdeh tərəfindən təsdiq etmək mümkün olmamışdır. İddiaçı öz ərizəsində bir sıra hallarda onunla cavabdehin digər işçiləri arasında olan danışıqlara istinad edir ki, bu da işçi ilə işəgötürən arasında əmək müqaviləsinə əsasən yaranmış münasibətlərin mahiyyətinə ziddir. Əksinə əlavə olunmuş email yazışmalarından da göründüyü kimi, iddiaçı işdən çıxarkən ona göstərilən distək və imkanlara görə öz təşəkkürünü bildirir, neft-qaz sahəsində məhz şirkətin səyləri ilə daha çox şeylər öyrəndiyini və ona imkanlar yaradıldığını bildirir, eləcə də gələcəkdə də əməkdaşlıq edəcəklərinə ümid bəsləyir. Göründüyü kimi 02.06.2020-ci il tarixdə yazılmış bu ərizədə işçinin iddia ərizəsində göstərdiyi narazılıqlar ifadə olunmur. Müqaviləyə xitam verildiyi tarixdə iddiaçıya 4.000 manat məbləğində son haqq hesab ödənişi əlavə olaraq edilmişdir. Bundan qabaq isə, cavabdehin 01.04.2020-ci il tarixli ÖM-001/2020 nömrəli əmrinə əsasən iddiaçı 01.06.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin dövrlər üzrə ödənişsiz məzuniyyət üçün razılıqlar iddiaçı tərəfindən də təsdiq olunmuşdur. Müraciətdən də məlumat olduğu kimi, iddiaçının tələbi 2020-ci ilin tam olaraq aprel və may ayları üçün, iyun ayının 15 günü üçün iddia etdiyi öödənilməmiş əmək haqqının ödənilməsidir. İddiaçı ərizəsində 2020-ci ilin aprel və may ayları ərzində ödənişsiz barədə, eləcə də ona ödənilmiş 4000 manat (vergilər çıxılmaqla 3135 manat) barədə heç bir məlumat verməmişdir. İddiaçı məqsədyönlü şəkildə iddia ərizəsində ona edilmiş 4000 manat ödəniş və bundan qabaq isə ödənişsiz məzuniyyətdə olması faktını gözlətmişdir. İşə baxılmasının hazırlıq iclasında da iddiaçı bu halı olmasını inkar etmədi. İddiaçının işdən çıxmaq müqabilində maaşından imtina etməsi ilə bağlı hissədə iddiasına cavab olaraq bildirir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Hətta həmin maddənin 2-ci bəndinə əsasən isə “İşçi...başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, ... və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün üçün müqaviləsi ləğv edə bilər”. Həmçinin 03.06.2020-ci il tarixli yazışmalardan müəyyən olunur ki, işçi artıq yeni işəgötürənlə müqavilə bağlamaq niyyətindədir. İşçinin belə bir hüququnun olduğu təqdirdə işdən çıxmaq müqabilində onun maaşından imtina etməsinin tələb edilməsinə, ona hədə-qorxu gəlinməsinə dair də iddiası əsassızdır. İddiaçı tərəfindən ipoteka ilə alınmış mənzilin satılması və dəymiş ziyanın tələb edilməsi ilə bağlı bildirir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə üzrə Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd olunan şərtlərin heç biri mövcud deyildir. İddiaçı öz mənzilinin satışında qiyməti müəyyən etməkdə müstəqildir. İpoteka predmetinə dair ödənişlərin edilə bilməməsi faktı üzrə İpoteka predmetinə dair ödənişlərin edilə bioməməsi faktı üzrə “İpoteka haqqında” Qanuna əsasən müvafiq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru tətbiq oluna bilərdi ki, həmin əmlakın qiyməti hərracda müəyyən edilməli idi. Mübahisə olunan halda isə iddiaçının hüququ var idi ki, əmlakı istənilən ziyanlı və ya heç bir ziyan olmadan, hətta baha müəyyənləşdirildiyi qiymətə satsın. Digər tərəfdən bu hal üzrə cavabdehin heç bir təqsirli əməli olmamış, iddiaçı ilə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Təqsirkar əməl olmadığı ilə də səbəbli əlaqə axtarılması məntiqsizdir. İddiaçının qaldırdığı mənəvi zərərlə bağlı hissədə isə yenə də onun işdhən çıxarkən və digər yazılı kommunikasiyalar zamanı cavabdehə dəfələrlə təşəkkürünü bildirməsi və ona yaradılmış iş şəraitindən məmnunluğunu ifadə etməsi iddia olunan halla ziddiyət təşkil edir. Güman edilir ki, bu hal iddiaçının gözləntiləri ilə onun qanunvericiliyin tələblərindən xəbərdar olması arasında olan uyğunsuzluqdan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Evi ucuz qiymətə satıb 15000 manat ziyanı işəgötürəndən tələb edilməsi barədə iddiaçının tələbi tam əsassızdır. Həmin evi baha qiymətə satıb qazanc əldə edə bilərdi. Onun işə götürənə heç bir aidiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər Azərbaycan Respublikasının X5 Xidmətinin və “X13” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə xxxxxxx000100 saylı, 31.10.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 09.10.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı keyfiyyətin təmin edilməsi və keyfiyyətlə nəzarət mühəndisi vəzifəsinə işə qəbul olunmuş, həmin əmək müqaviləsi müddətsiz bağlanmış, işçinin aylı əmək haqqı 2625 manat təşkil etmişdir. Qəniyev İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 31.10.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, R.H.Vəliyevlə əmək müqaviləsi AZF-087 layihəsində 03.12.2014-cü il tarixdən 03.09.2019-cu il tarixədək bağlanılmışdır. İş üzrə İddiaçı tərəfindən “X9” şirkətinin rəhbəri Genevieve Theresanın adına göndərilən 02 iyun tarixli istefa məktubundan görünür ki, bu gün, 2 iyun tarixdən etibarən X7 KT/KT Mühəndisi vəzifəsindən rəsmi istefa olaraq qəbul edilməsini xahiş etmişdir. Fearnley Procterdə olduğu müddətdə inkişaf etmək, Neft və Qaz Sənayesi haqqında daha çox şey öyrənmək fürsəti tapmışdır. Genevieve Theresanın rəhbərliyi və dəstəyi onu gələcək üçün yaxşı hazırlandı. Ümid edir ki, gələcəkdə əməkdaşlıq etmək imkanları olacaq. İş üzrə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 09.06.2020-ci il tarixli 001/X- 2020 saylı saylı əmrin surətindən görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə keyfiyyətin təmin edilməsi və X3 vəzifəsində işləyən İddiaçı arasında bğalanmış 09.12.2012-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) 09.06.2020-ci il tarixdən etibarən xitam verilməsi, işçinin son iş günü 09.06.2020-ci il tarixi müəyyən olunması, son haqq-hesab (maaş, istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya son iş günü hesablanması və ödənilməsi, işçi iş dövründə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə işçiyə 4.000 manat məbləğində işəgötürənin iradəsinə əsasən işdənçıxma müavinəti ödənilməsi, işçiyə son iş günündə əmək kitabçasının, son haqq-hesabın və bu əmrin surəti təqdim edilməsi əmr edilmişdir. Əsas: işçinin 02.06.2020-ci il tarixli işdənçıxma ərizəsi. İş üzrə xxxxxxx0001X0 saylı, 09.06.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasında Filialı ilə İddiaçı arasında bağlanmış 09.10.2012-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) 09.06.2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 09.06.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İş üzrə Fearnley Prokter Azərbaycan tərəfindən İddiaçı ünvanlanmış 26.03.2020-ci il tarixli elektron məktubun surətindən görünür ki, 23.03.2020-ci il tarixli müzakirələri ilə əlavə olaraq bu sənəd 01.04.2020-ci ildən başlayaraq bir ay müddətinə ödənişsiz məzuniyyət İddiaçı qəbul etdiyini təsdiq edir. İş fəaliyyətinə dair narazılıqla əlaqədar atılmış bir addım deyil. COVİD-19 qlobal bir pandemiya elan edildiyi üçün şirkətin resurslarında böyük bir təzyiqin mövcudluğunun şahidi olduq və bununla da çox çətin bir qeyri-müəyyənlik dövründə şirkəti müvəffəqiyyətlə idarə edə bilmək üçün ciddi tədbirlər görülməlidir. Bu vəziyyət 2020-ci ilin aprel ayının sonuna qədər nəzərdən keçiriləcək və dəyişikliklər müzakirə edilərək. Bu dövrlərdə bu tədbirlərin zəruriliyini başa düşdüyü üçün təşəkkür edirlər. Hər hansı bir məsləhət və ya kömək edə bilsələr onlara bildilməyi və onlarla əlaqə qurmağı xahiş etmişlər. Aşağıda imza ataraq razılığını təsdiqləməsi xahiş etmişlər. İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, Fearnley Procter tərəfindən 01.04.2020-ci il tarixdən etibarən vəziyyətin nəzərdən keçirilməsi ilə 1 ay müddətinə verilmiş ödənişsiz məzuniyyət qəbul etmişdir. İş üzrə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01.04.2020-ci il tarixli ÖM- 001/2020 saylı məzuniyyət əmrin surətindən görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı işçisi Keyfiyyətin təmin edilməsi və X3 vəzifəsində çalışan İddiaçı 01.04.2020-ci il tarixdən 31.05.2020-xi il tarixədək (hər iki gün daxil olmaqla) 61 təqvim günü müddətinə ödənişiz məzuniyyətə buraxılması, işçisinin ödənişsiz məzuniyyətdən sonra işə başlama tarixi 01.06.2020-ci il tarixi kimi müəyyən edilməsi əmri edilmişdir. Əsas: işçinin 31.03.2020-ci il tarixli ərizəsi. İş üzrə Fearnley Prokter Azərbaycan tərəfindən İddiaçı ünvanlanmış 01.05.2020-ci il tarixli elektron məktubun surətindən görünür ki, 26.03.2020-ci il tarixdə İddiaçı göndərilən əvvəlki məktubdan və yerli qlobal miqyasda fəaliyyətinə təsir göstərən mövcud Covid-19 vəziyyətinin nəzərdən keçirilməsindən əlavə, 2020-ci ilin may ayı üçün aşağıdakı tədbirləri keçirməyə davam edəcəklər – cari ay üzrə ödənişsiz məzuniyyət. Bu vəziyyət ayın sonuna qədər nəzərdən keçiriləcəkdir. Bu çox çətin dövrlər arasında xərclərin azaldılması zərurəti ilə bağlı İddiaçı anlayış və işbirliyi gözləyirlər. Hər hansı bir məsləhət və ya kömək edə bilsələr onlara bildilməyi və onlarla əlaqə qurmağı xahiş etmişlər. Aşağıda imza ataraq razılığını təsdiqləməsi xahiş etmişlər. İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, Fearnley Procter tərəfindən 01.05.2020-ci il tarixdən etibarən vəziyyətin nəzərdən keçirilməsi ilə 1 ay müddətinə verilmiş ödənişsiz məzuniyyət qəbul etmişdir. İş üzrə Fearnley Prokter Azərbaycan tərəfindən İddiaçı ünvanlanmış 07.06.2020-ci il tarixli elektron məktubun surətindən görünür ki, 02.06.2020-ci il tarixli istefa məktubu və elektron poçtuna əlavə olaraq istefanın dərhal qüvvəyə mindiyi qəbul etdiklərini təsdiqləmək istəyirlər. Buna görə də İddiaçı 4.000 manat ödəniş edirlər (bu məbləğə ödəniş və ya məzuniyyət daxildir). 2000 manat məbləğ 2020-ci ilin iyun ayında, qalıq 2000 manat isə 2020-ci ilin iyul ayında ödənilməlidir. Fearnley Procter Azərbaycan adından İddiaçı gələcək işlərində uğurlar arzulayır və gələcəyi üçün ən yaxşısını diləyirlər. Ramil Qəniyev bu məktubdakı məlumatları öz imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 4000 manat (vergilər çıxılmaqla 3135 manat) ödəniş edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı, surəti X5 Xidmətinin rəisi Fuad Heydərova ünvanlanmış 18.06.2021-ci il tarixli məktubundan görünür ki, müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətin araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədilə ”xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyinə 18.05.2020-ci il tarixoi **********3 saylı məktub ünvanlanmış, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə İddiaçı müraciətinə yenidən baxılacaqdır. Qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 01.11.2012-ci il tarixdən “X10” (X14) şirkətinin Azərbaycan nümayəndəliyinə işə qəbul edilmiş və 2020-ci ilin 09 iyun tarixindək orada işləmişdir. 09.06.2020-ci il tarixdə iddiaçının təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla əmək müqaviləsinə xitam verildikdən sonra ona aprel və may ayralır üçün, həmçinin iyun ayının 15 günü üçün əmək haqqı ödənilməmişdir. İddiaçı dəfələrlə ödənilməyən əmək haqqının ona ödənilməsini müxtəlif vaxtlarda müraciətlər etsə də, şirkət tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Bu hərəkətlər nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının ödənilməyən əmək haqqının tutulması ilə bağlı tələbinə hüquq iqiymət verilməsini zəruri hesab edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra ona 4000 manat məbləğində son haqq hesab ödənişi əlavə olaraq edilmişdir. 01.04.2020-ci il tarixdən 01.06.2020-ci il tarixədək iddiaçı pandemiya ilə əlaqədar öz razılığı ilə ödənişsiz məzuniyyətdə olmuşdur və bu səbəbdən həmin aylar üçün ona hər hansı əmək haqqı ödənilməmişdir. Cavabdehin nümayəndəsi öz etiraz ərizəsində iddiaçının öz razılığı ilə ödənişsiz məzuniyyətə çıxmasını göstərsə də, iddiaçı belə bir ərizəni yalnız işdən azad olunarkən son haqq hesabın verilməsi zamanı verdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, hətta iddiaçının ödənişsiz məzuniyyətlə bağlı ərizəsinin mövcud olması qəbul olunarsa, bu halda həmin müddət 7 günü aşmamalı idi. Lakin cavabdeh 2 ay müddətinə iddiaçıya ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı əmr qəbul etmişdir. Bu isə əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu günlərin sayı 7 gün kimi hesab edilməlidir. AR Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci bəndinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ödənişsiz məzuniyyət ya işçinin xahişi, ya da tərəflərin qarşılıqlı razılığı ilə verilir. Digər tərəfdən AR Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyətin hansı hallarda və hansı müddətə verilməsi göstərilmişdir. Həmin hallarda pandemiya ilə və ya digər fövqəladə halla bağlı ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda ödənişsiz məzuniyyətin müddəti qanunla 14 gündən çox olmayaraq müəyyən edilmişdir (xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə istisna olmaqla). Beləliklə məhkəmə hesab edir ki, işəgötürən əmək qanunvericiliyinin tələblərinə zidd olaraq iddiaçıya ödənişsiz məzuniyyət verilməsi barədə əmr qəbul etdiyi üçün, həmin vaxt, yəni 01.04.2020-ci il tarixdən 01.06.2020-ci il tarixədək olan müddət iddiaçının işdə olduğu müddət kimi nəzərə alınmalı (7 gün çıxılmaq şərti ilə) və iddiaçıya həmin müddət üçün, eyni zamanda 01.06.2020-ci ildən əmək müqaviləsinə xitam verildiyi vaxtadək ödənilməyən əmək haqqı ödənilməlidir. Lakin tutulmalı olan pul məbləği konkret məbləğ formasında tutula bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək haqqı məbləği ödənilərkən işəgötürən tərəfindən müvafiq tutmalar (vergi, sosial və digər) həyata keçirilir. AR Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Göründüyü kimi qanunun tələbinə əsasən işçiyə əmək haqqı ödənilərkən həmin məbləğdən müvafiq ödənişlər tutulur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 09.06.2020-ci il tarixdə xitam verilmişdir və ona işdən çıxma ilə bağlı son haqq-hesab ödənişi ödənilmişdir. Belə olan halda iddiaçının ödənilməyən əmək haqqının tutulması ilə bağlı tələbi qismən əsaslı hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya 01.04.2020-ci ildən 01.06.2020-ci il tarixədək əmək haqqı ödənilməməsi müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə həmin məbləğin cavabdehdən bir dəfəyə tutulması qanunla əmək haqqıdan hər ay tutulmalı olan ödənişlərin çıxılmasına mane ola bilər ki, bu da yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müvafiq pul məbləğinin tutularaq ödənilməsi deyil, ödənişsiz məzuniyyət verilən və işdən çıxma barədə əmr qəbul edilənədək əmək haqqı ödənilməyən müddət üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi qoyulmalıdır. Cavabdehin üzərinə belə vəzifənin qoyulması Əmək Məcəlləsinin 175-ci maddəsi ilə əmək haqqından müəyyən edilmiş ödənişlərin tutulması imkanı verəcəkdir ki, bu da qanunun tələblərinə cavab verir. Məhkəmə iddia tələbinin 2013-cü ildən 2017-ci il də daxil olmaqla əlavə işlədiyi saatlara görə ən azı 10000 manatdan artıq pul vəsaitinin və gecə vaxtı əlavə işlədiyinə görə 5000 manatın ödənilməməsi ilə bağlı həmin pulların cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 2013-cü ildən 2017-ci il də daxil olmaqla cavabdeh təşkilatda əlavə saatlarda işləməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə edə bilməmişdir. Bu səbəbdən həmin pulun tutulması ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının mülkiyyətində olan və ipoteka ilə 90000 manata 2017-ci ildə aldığı evi əmək haqqı ona vaxtında ödənilmədiyi üçün məcburiyyət qarşısında qalıb 75000 manata satması və nəticədə ona cavabdehin hərəkətləri nəticəsində 15000 manat ziyan vurulması ilə bağlı gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçıya əmək haqqı yalnız iki ay üçün ödənilməmişdir və həmin məbləğ iki ay üzrə (vergilər çıxılmaqla) 6310 manat təşkil edir. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçıya əmək haqqının ödənilməməsi ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı olmuşdur. Yəni cavabdeh tərəfindən iddiaçya əmək haqqı qəsdən deyil, cavabdehin özünün qanuni hesab etdiyi əsaslar əsasında ödənilməmişdir. AR Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 2 ay üçün əmək haqqının ödənilməməsi ilə iddiaçının mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mənzilin 15000 manata aşağı qiymətə satılması arasında səbəbli əlaqə yoxdur. Yəni cavabdehin hərəkətləri iddiaçını mənzili aldığı qiymətdən 15000 manat aşağı qiymətə satmağa məcbur edən hərəkət kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məzuniyyət haqlarının ödənilməməsinə görə cavabdehdən 12000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində məzuniyyət hüququnun cavabdeh tərəfindən pozulmasını iddia etsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddia tələbi 12000 manat pulun tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 20000 manat mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi 20000 manat mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə cavabdehin hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ :

İddia qismən təmin edilsin. «X10» (xxxx) Şirkətinin Azərbaycan nümayəndəliyinin üzərinə İddiaçı ödənilməyən aylar (aprel, may və 01.06.2020-ci il tarixdən 09.06.2020-ci il tarixədək, həmin aylar üçün 7 gün ödənişsiz məzuniyyət verilməsi nəzərə alınmaqla) üçün əmək haqqının əmək qanunvericiliyinə uyğun olaraq hesablanıb ödənilməsi vəzifəsi qoyulsun. İddia tələbi qalan hissələrdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar