Məhkəmə qərarları › İş №2(009)-173/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-173/2021

20.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-173/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Məhəmməd Ələkbər oğlu Mərdanovun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil1 və Vood Volley Hicran Məhəmməd qızının iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – ilkin iddia üzrə Cavabdeh2 qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və ziyan», qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh2 qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehin hərəkətləri nəticəsində dəymiş 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və tikinti işlərinə başlanılmışdır. Lakin cavabdeh guya qanunsuz tikinti işləri aparıldığı üçün, əslində isə onun heç bir hüququna toxunmadığı halda həmin tikintiyə qanunsuz müdaxilələr edirlər. Bu isə həm vaxt itkisinə, yersiz mübahisələrə, həm tikinti işlərinin ləngiməsinə, cavabdehlərin qeyri-hüquqi hərəkətləri nəticəsində isə maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxarmışdır. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin yanvar ayından etibarən iddiaçının evi ilə üzbəüz ara yolun qarşı hissəsində özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində tikinti obyektinin inşasına başlamışdır. Cavabdeh tikintiyə başlayarkən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa ediləcəyini və bununla bağlı olaraq yerlı icra hakimiyyəti orqanını məlumatlandırdığını bildirsə də, daha sonra tikintinin gedişatı zamanı həmin obyektin çoxmənzilli bina olduğu məlum olmuşdur. Halbuki şəhərsalma və tikinti qanunvericiliyi tikintinin hansı hallarda məlumatlandırma icraatı qaydasında aparılması şərtlərini müəyyənləşdirmişdir. İşlər xüsusi lisenziyası olmayan şəxslər tərəfindən və müvafiq icazələr olmadan həyata keçirilir. Aparılan tikinti işləri məlumatlandırma icraatı ilə bağlı layihəyə uyğun aparılmadığına, belə olan halda müvafiq icra hakimiyyəti orqanının tikintiyə icazəsinin tələb olunmasına baxmayaraq, belə bir icazə alınmadığına, tikinti işləri xüsusi lisenziya olmayan şəxslər tərəfindən aparıldığına və tikintidə ara məsafəsi qaydalarına riayət olunmadığına görə həmin tikinti obyekti sökülməlidir. Tikintinin aparıldığı ərazi sürüşmə zonası olmaqla ərazidə heç bir infrastruktur da yoxdur. Belə ki, tikintinin aparıldığı ərazidə çirkab sularının axını üçün nə kollektor sistemi, nə də kanal yoxdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili iddia tələblərini müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata 15.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 10/2856 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2020-ci il tarixli, 160 №-li qərarının tələblərinə zidd deyildir; 2 sual üzrə: Faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində olan torpaq sahəsinə sərbəst şəkildə daxil olmaq, eyni zamanda ümumi istifadədə olan avtomobil yollarına sərbəst şəkildə çıxış mövcud olduğuna gör, sözügedən tikilinin inşa olunması Cavabdeh2 ümumi istifadədə olan sahədən istifadəsinə maneə yaratmır; 3-cü sual üzrə: Mübahisəli tikilinin inşa olunmasının Cavabdeh2 hər hansı təhlükə yaratmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olmaqla ona məxsusdur. Cavabdeh isə özünün hərəkətləri ilə iddiaçının mübahisəli əmlakdan istifadəsinə maneçilik törətməklə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də iddiaçı öz mülkiyyət hüquqlarının müdafiəsi və təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, qarşılqlı iddia üzrə iddiaçıya məxsus əmlaka təhlükə yarada biləcək və tikinti normalarına zidd olan cavabdeh tərəfindən inşa edilmiş hər hansı qeyriqanuni tikilinin mövcudluğu iş materiallarında olan dəlillərlə öz təsdiqini tapmır. İş materiallarında olan sübutları ekspert rəyi ilə yanaşı yoxlayaraq məhkəmə hesab edir ki, qarşılqlı iddia üzrə iddiaçının qeyd etdiyi ünvanda cavabdeh tərəfindən hər hansı qanunsuz tikinti işləri aparılmamışdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh qanuni əsaslarla ona ayrılmış ərazidə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi ilkin iddia üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan əmlaka dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İlkin iddia üzrə iddiaçı mülkiyyətindən istifadəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mübahisəli əmlakdan istifadəsinə yaradılmış maneələrin qadağan edilməsini tələb etməkdə haqlıdır və onun iddia tələbi bu hissədə əsaslı hesab edilməlidir. İlkin iddia tələbinin 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərəri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia qismən təmin edildiyindən və qarşılıqlı iddia təmin edilmədiyindən ilkin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməli, ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi Cavabdeh2 qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi ilkin iddia üzrə ilkin iddia üzrə cavabdehdən tutulub ilkin iddia üzrə iddaçıya ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. İş üzrə Az. Res. ƏN. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 20.09.2021-ci il tarixli 10/2856 №-li məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı oğlundan, 25 manat hissəsi isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar