Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1736/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçıCavabdeh qarşı “əmlakdan qanunsuz istifadənin qadağan olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıməhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadənin Cavabdeh və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1806X saylı fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh evi qonşuluqda, qeyd olunan iddiaçının torpaq sahəsinin qarşısında yerləşir. Cavabdeh və onun ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Belə ki, cavabdeh özbaşına onun torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq dayanacaq kimi istifadə edir. Eyni zamanda, Cavabdeh evinin yağış suları üçün quyu (şambo) qazdırıb ondan şəxsi ehtiyacları üçün istifadə edir. Cavabdeh və onun yaxınlarının torpaq sahəsindən özbaşına istifadə etmələri mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı, 0,06 ha torpaq sahəsi DƏDRX-dən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Qonşuluqdakı fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Belə ki, cavabdeh torpağın bir hissəsinə asfalt örtüyü çəkərək, dayanacaq kimi istifadə edir. Eyni zamanda evinin yağış suları üçün quyu qazdırıb şəxsi ehtiyacları üçün istifadə edir. Bu özbaşınalıq isə iddiaçının mülkiyyət hüquqlarını pozur. 4 ildir məhkəmə mübahisələri gedir. Gah ağac əkir, gah dayanacaq kimi istifadə edir. İddiaçının çıxarışının etibarsız sayılması ilə bağlı hər yerə müraciət edirlər, lakin heçbir nəticə vermir. Bunlar iş materiallarına əlavə etdiyi şəkillərdən də görünür. Cavabdeh nümayəndəsi və vəkili X5 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Şəkillərdən hər hansı qanunsuz istifadə halı görünmür. Ola bilər ki, cavabdeh, onun ailə üzvləri və onun evinə gəlmiş qonaqlar o ərazidə bir neçə dəfə maşın saxlasınlar. Bu o demək deyil ki, onlar daimi olaraq həmin torpaq sahəsindən dayanacaq kimi istifadə edirlər. Eyni zamanda, şəkildə olan avtomobilin cavabdehlərə aid olmasını göstərən hər hansı mötəbər sübut yoxdu. Bu səbəbdən, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX hüquqlarının qeydiyyatına dair RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan DİN BDYPİ 016-75762 saylı məktubundan görünür ki, “X9 LC200” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü X1 adında qeydiyyatdadır. İş materiallarında olan sübutlardan görünür ki, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin asfaltlanmış hissəsində saxlanılmışdır. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə qismən haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin özünün (və ya ailə üzvlərinin) adı çəkilən torpaq sahəsinə hər hansı hüququnun olmadığını nəzərə alaraq iddiaçının xüsusi mülkiyyətində olan torpağının bir hissəsini asfaltladıb orada avtomaşınlarını saxlayaraq dayanacaq kimi istifadə etməsi hərəkətləri qanuna zidd olduğundan iddiaçının hüquqlarının müdafiəsi üçün cavabdehə qadağan edilməlidir. İddia tələbinin digər şəxslərə qadağan olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyri-müəyyən şəxslərə qarşı iddia tələbi yönələ bilməz. İddiaçı digər şəxslərin konktret kimlərdən ibarət olduğunu iddia ərizəsində göstərməmişdir. İş materiallarından mübahisəli torpaq sahəsindən istifadəyə qadağan olunan şəxslərin cavabdehin ailə üzvlərinin nəzərdə tutulduğu görünsədə iddiaçı tərəfindən qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan məhkəmə hesab edirki iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badabdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1228 saylı 0,06 ha torpaq sahəsindən qanunsuz istifadəsinə qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1736/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1736/2020
26.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver