Məhkəmə qərarları › İş №2(009)-176/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-176/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-176/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi Cavabdeh, X1 iştirakları ilə, İddiaçı (X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı xeyrinə əmlaka vurulmuş zərərə görə 600 manat, mənəvi zərərə görə 600 manat olmaqla, cəmi 1200 (bir min iki yüz) manat zərərin və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 3ndə hasarın hündürlüyü 1 metr 60 santimetr təşkil edir. Mövcud hasarın hündürlüyünün qanunvericiliyin tələbləri çərçivəsində artırılması niyyəti ilə iddiaçı tərəfindən hasarın tikintisinə başlanılmışdır. Lakin tikinti başlandığı andan qonşuluqda yerlən bağ evinin Cavabdeh və X15 adlı sakinləri iddiaçıya məxsus əmlakın qəsdən məhv edilməsi və zədələməsi istiqamətində müxtəlif hərəkətlər etməyə başlayaraq hər cür sözügedən hasarın tikintisinə maneəçilik yaratmağa başlamışdırlar. Belə ki, daşlar düzüldükdən sonra cavabdehlər onları sərt alətlə vuraraq tökülməsinə və dağılmasına, daşların yararsız hala düşməsinə nail olmuşdurlar. Dəfələrlə iddiaçı tərəfindən xuliqanlıq əməllərinə son qoyulması barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq hərəkətləri davam etdirmişlər hətta yaş baxımından onlardan böyük olduğuna baxmayaraq qonşular və sözügedən torpaq sahəsində işləyən şəxslər qarşısında iddiaçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmışdırlar. Qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən dərhal sahə müvəkkilinə, eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə, həmçinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi daxil olmaqla müxtəlif hüquq mühafizə orqanlarına müraciətlər edilmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, Cavabdeh dəfələrlə vəkil, jurnalist kimi müxtəlif peşələrin sahibi olduğunu bildirməklə hüquq mühafizə orqanlarınının nümayəndələrinə təzyiq göstərərək barələrində rüsvayedici məlumatları yayması ilə onları hədələməyə cəhd etmişdir. Bakı rayon Sabunçu Rayon Polis İdarəsi tərəfindən iddiaçının şikayəti əsasında təhqiqat başlanılmış, lakin müəyyən olunmayan səbəbdən 28 aprel 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İddiaçı cavabdehlərdən əmlakına vurduqları zərərin əvəzini ödəməyi tələb etmiş, lakin sonuncular hər hansı bir məbləğdə vəsait ödəməkdən boyun qaçırmışdırlar. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehlər qonşular və iddiaçının torpaq sahəsində işləyən şəxslər qarşısında onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaqlarına baxmayaraq ondan üzr belə istəmişdirlər. İddiaçı uzun müddətdir ki, həmin ərazidə yaşamış və ətrafdakıların hörmətini qazanmışdır. Cavabdehin təhqirləri nəticəsində iddiaçı arzu olunmaz vəziyyətə düşmüş, qanuni hüquqları və mənafeyi pozulmuş, bununla da iddiaçıya mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Nəticə etibarı ilə iddiaçının əmlakına cavabdehlər tərəfindən ziyan vurulduğuna görə maddi olaraq 600 manat məbləğində, mənəvi zərərə görə 600 manat məbləğində vəsait ödəməlidir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı özünün hüquq və mənafelərini həyata keçirə bilməmişdir və ələvə olaraq təhqirə məruz qalaraq kütlə qarşısında şərəf və ləyaqəti alçaldılmışdır. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 32 manat dövlət rüsumu ödəmişdir. İddiaçı bu məbləği də ona vurulmuş zərər hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi Cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı hasarın çəkilməsinə pul verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı məxsus torpaq sahəsi 0.12 ha olsa da, 0.32 ha sahəni zəbt edərək istifadə edir. Hasar iddiaçıya aid deyil, iddiaçı tərəfindən zəbt olunan dövlətə məxsus olan yol üzərində yerləşir. Hasar onun və bacısının şəxsi mülkiyyətində olan torpaq sahəsi ilə yol arasında yerləşir. Ona məxsus hasar 1.6 metr hündürlüyündə idi. Ona aid olan torpaq sahəsində 2.4 metr hündürlüyündə iddiaçı tikib. Uca hasar onların pəncərəsinə düşən işığın qarşısını alır. Ona məxsus torpaq sahəsində onun mülkiyyəti olan hasarın ucaldılan hissəsini o, sökmüşdür. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Bayılda yaşayır, iddiaçı qonşusu, cavabdeh qızıdır. İddiaçı dövlətə məxsus olan torpağı zəbt edib. Öncədən atası yaşayırdı, atasından sonra iddiaçı oraya köçdü, ağaclar əkdi, sulamağa başladı. Onlara mənfi təsir göstərmədiyi müddətcə reaksiya verməyiblər, lakin sonradan onların hasarına çıxaraq üzərində tikinti etməyə, hasarı ucaltmağa başladı. Hüquq mühafizə orqanlarına bununla bağlı müraciət etməmişdir. Hasarın 2 metr hündürlüyədək uzadılması nəzərdə tutulduğundan iddiaçı tərəfindən ucaldılan hissəyə görə onların hasarı çöküb. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 28 aprel 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona məxsus olan Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əmir Xəlil marketin yaxınlığında yerləşən bağ evinin 80 sm hündürlüyündə olan hasarının qonşuluqda yaşayan Müjgan və Fidan adlı şəxslər tərəfindən sökülərək ona 500 manat maddi ziyan vurması ilə bağlı Sabunçu RPİ-nin 15-ci PB-yə ərizə ilə müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh və bacısı X8 barələrində İXM-nin 232-1-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 K bağ evinin qonşuları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 489K bağ evi İddiaçı məxsusdur. İddiaçı, Əliyeva Mujqan və X11rının arasında olan hasarın 1 m 60 sm olduqda, İddiaçı həmin hasarı öz vəsaiti ilə 0,60 sm qaldırarkən Əliyeva Mujqan və X11rı tərəfindən küt alətlərlə dağıdılmışdır. Bacılar fəhlələr və ev sahibini nalayiq söyüşlərlə təhqir etmiş, maddi və mənəvi ziyan vurmuşdular. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,12 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 K bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlak xx.xx.2017-ci il tarixdə dövlət reyestrində 133 nömrəli reyestr kitabının 13321 nömrəli vərəqində **********1 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.12 hektar torpaq (bağ) sahəsi keçmiş X3 və istismarı Birliyi ilə X12 arasında bağlanılmış bağın icarəyə verilməsi haqqında 22723 nömrəli xx.xx.1999-cu il tarixli müqavilə əsasında xx.xx.2015- ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 53 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş 4Ə-1331 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında 489a saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən 0.12 hektar torpaq (bağ) sahəsi və ümumi sahəsi 68.7 kv.m olan bağ evi keçmiş X3 və İstismarı Birliyi ilə X4 arasında bağlanılmış bağın icarəyə verilməsi haqqında 29226 nömrəli xx.xx.2000-ci il tarixli müqavilə əsasında xx.xx.2016-cı il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş 4Ə-108 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,12 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Daşınmaz əmlak xx.xx.2016-cı il tarixdə dövlət reyestrində 601 nömrəli reyestr kitabının 56890 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,12 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. Daşınmaz əmlak xx.xx.2017-ci il tarixdə dövlət reyestrində 150 nömrəli reyestr kitabının 14966 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(009)-176/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 22 avqust 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatlarından görünür ki, tədqiq olunan ünvanda iddiaçı cavabdehi həyətə buraxmayacağını bildirmiş, cavabdeh isə onun iştirakı olmadan ekspertizanın keçirilməsinə etiraz etmişdir. Odur ki, tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar qərardad icra edilmədən geri qaytarılmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 K bağ sahəsinin yerləşdiyi ərazi ilə qonşunun torpaq sahəsini bölən hasarın hündürlüyünü ucaltmaq üçün tikinti işləri aparmağa başlamış, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi 489 A saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh isə həmin hasarın çəkildiyi ərazinin iddiaçıya deyil, dövlətə məxsus olmasını, oradan yol keçdiyini və iddiaçının həmin yolun ərazisini zəbt edərək oradan istifadə etdiyini, eləcə də həmin hasarın ucaldılmasının onun hüquqlarını pozmasını əsas gətirərək hasarın ucaldılan hissəsini sökmüşdür. Məhkəmə iddianın tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Həmçinin mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Cavabdehin iddiaçının iki torpaq sahəsini ayıran hasarın hündürlüyünü artırması üçün tikinti işləri aparan zaman cavabdeh tərəfindən hasarın artırılan hissəsinin sökülməsi işin mübahisəsiz halıdır. Belə ki, hər iki tərəf bu halı təsdiq etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin ona məhz 600 manat həcmində maddi zərər vurmasını iddia etmiş, lakin bu halı sübut edə bilməmişdir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, iddiaçının dəymiş zərərin həcmi ilə bağlı izahatına hüquqi qiymət verərək hesab edir ki, bu izahat özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən söküldüyünü iddia etdiyi hasarın vəziyyətinin müəyyən edilməsi və sökülən hissəsinin sökülməsi (dağıdılması) nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(009)-176/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin iş materialları ekspertizanın aparılmasından imtina edilərək qərardad icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 22 avqust 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatlarından görünür ki, tədqiq olunan ünvanda iddiaçı cavabdehi həyətə buraxmayacağını bildirmiş, cavabdeh isə onun iştirakı olmadan ekspertizanın keçirilməsinə etiraz etmişdir. Odur ki, tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı tərəf cavabdehin tədqiqat obyektinə baxış keçirilməsində iştirak etməsinə etiraz edərək mübahisəli torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və dəymiş zərərin həcminin müəyyən edilməsi ilə əlaqədar qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmasına şərait yaratmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçıya məhz 600 manat həcmində maddi zərər vurulması öz təsdiqini tapmır və buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçı cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması da sübuta yetirilmir. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar