Məhkəmə qərarları › İş №2(009)-1762/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1762/2023

29.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1762/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ondan 2200 manat pul almışdır, lakin heç bir məbləğ qaytarmamışdır. Həmçinin cavabdehlə onun arasında xx.xx.2022-ci il tarixli Birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə onun tərəfindən cavabdehə fotoqraf xidmətləri üçün 2200 manat sərmayə təqdim edilmişdir, qarşılıqlı razılığa əsasən fotoqraf xidmətinin fəaliyyəti nəticəsində əldə olunmuş gəlir onda saxlamalı idi. Dəfələrlə edilmiş xəbərdarlığın əksinə cavabdeh ondan aldığı pulu geri qaytarmamışdır. Odur ki, həmin pulun məhkəmə qaydasında geri qaytarılmasına zərurət meydana gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 2200 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlə onun tanışı olan və “Hollyvud” şadlıq evində mühafizəçi işləyən Anar adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Cavabdehlə belə razılığa gəlmişlər ki, “Anar” şadlıq sarayında onun fotoqraf kimi xidmət göstərməsinə şərait yaradacaq, bnun müqabilində 2000 manat məbləğində ondan pul almış və “Anar” şadlıq evində bir neçə toyun və mərasimin keçiriləcəyi barədə ona məlumat vermişdir. Sonra o, müəyyən etmişdir ki, Vəfadar tədbirlərə onu deyil, başqa fotoqraf dəvət etmiş, Vəfadardan nə üçün belə etdiyini soruşduqda, o, demişdir ki, fotoqraf şadlıq evinin özününküdür. O, Vəfadar tərəfindən aldadıldığını bilib pulunu geri tələb etdikdə Vəfadar ondan imtina etmiş, “get nə istəyirsən et” demişdir. Sonra ona məlum olmuşdur ki, Vəfadar əvvəl ofisiant işləmiş, sonra administrator, daha sonra icarəyə iaşə müəssisəsi götürərək işlətmiş, lakin ona sonradan demişlər ki, Vəfadar çox adamı aldadıb, dələduzdur. Dəfələrlə etdiyi müraciət cavabsız qaldığından, əvvəl hüquq-mühafizə orqanlarına, sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, İddiaçı Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində xx.xx.2021-ci ildə 3M-468 reyestr nömrəsinə qeydə alınaraq bağlanmış icarə müqaviləsi əsasında İcarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış binasında fəaliyyət göstərən “Anar” şadlıq sarayında fotoqraf xidmətlərini göstərməyi öhdəsinə götürür. Bu xidmətin həyata keçirilməsilə bağlı İddiaçı 2000 manat sərmayə qoyur. Qeyd olunan sahədə xidmətin həyata keçirilməsinə Cavabdeh etiraz etmir (bənd 2). Tərəflərin qarşılıqlı razılığına əsasən fotoqraf fəaliyyəti nəticəsində əldə olunmuş gəlir İddiaçı saxlanılır (bənd 3). Müqavilə imzalandığı andan qüvvəyə minir və 2 il müddətinə qüvvədədir (bənd 5). İş üzrə Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən araşdırma materialı üzrə aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmə cinayətinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməklə qərarın surəti ona təqdim edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı pulun ələ keçirilməsi ilə bağlı ərizə ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh 2100 manat, Anar adlı şəxsə 400 manat, X4 1000 manat olmaqla fotoqraf kimi şadlıq sarayında işləməsi üçün pul vermişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, 2018-2020-ci illərdə Binəqədi rayonunda yerləşən “Hollyvud” şadlıq sarayında fotoqraf kimi çalışmışdır. Orada mühafizəçi işləyən Anar adlı şəxsi tanışdır, onun soyad və ata adını bilmir. Pandemiya zamanı o, eləcə də Anar iş yerindən ayrılmışdır. Bir müddət sonra Anar Vəfadar adlı dostunun olduğunu, “Nəsimi” metrostansiyasının yaxınlığında “Anar” şadlıq sarayını arenda ilə işlətdiyini bildirmiş və onunla birlikdə fotoqraf kimi çalışa biləcəyini demişdir. Bu barədə Anarla danışmış, 2022-ci ilin fevral ayında Vəfadarla onun işlətdiyi “Anar” şadlıq evində görüşmüşdür. Vəfadar orada fotoqraf kimi çalışmağı üçün 2000 manat depozit qoymalı olduğunu demişdir. Bunun üçün onunla Şamaxinka adlanan ərazidə notariusda müqavilə bağlamış və 2000 manatı Anar adlı şəxsin kartına yollamışdır. Bundan başqa həmin ərəfələrdə Vəfadar restoranın qaz pulu borcu olmasını bildirib 100 manat pul istəmişdir, həmin pulu da Anarın kartına yollamışdır. Bundan sonra cəmisi bir gün həmin şadlıq sarayında çalışmış, 35 manat pul qazanmışdır. Bundan sonra Vəfadar müxtəlif tarixlərdə toy olacağını bildirsə də, sonradan həmin toyların baş tutmadığını bildirmişdir. Bu ərəfələrdə Anar daha öncə çalışdığı “Biz Bizə” restoranına işə qaytaracağı barədə vədlər vermişdir və 400 manat pul istəmişdir, həmin 400 manat “Nəsimi” metrosu yaxınlığında yerləşən “Anar” şadlıq sarayında Anarın kartına göndərmişdir. Anar və Vəfadarla oturduğu məclisdə Zaur adlı şəxsi tanımışdır. Zaur Xətai rayonunda, Əhmədli qəsədəsində yerləşən “Manqalım” restoranına dəvət etmişdir, orada foto işlərini görə biləcəyini demişdir, banket siyahılarını vermişdir. Bir müddət sonra Zaur polislə bağlı problemi olduğu üçün ümumilikdə 1000 manat pul vermişdir, sonuncu dəfə Yasamal rayonunda “Lake Palace” otelin yanında Zaurun kartına 200 manat pul atmışdır. Bundan sonra bilmişdir ki, Vəfadar digər fotoqraf çağırıb onunla işləmir. X3 yanına aparıb söhbət etməyə çalışsa da, nəticə əldə edə bilməmişdir. Araşdırma zamanı adları qeyd olunan Anar, Zaur və Vəfadar adlı şəxslərin izahatlarının alınması üçün tədbirlər görülsə də, izahatlarının alınması mümkün olmamışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, Cavabdeh ondan 2115 manat pul almışdır, lakin heç bir məbləğ qaytarmamışdır.Həmçinin Cavabdehlə onun arasında xx.xx.2022-ci il tarixli Birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə onun tərəfindən Cavabdeh fotoqraf xidmətləri üçün 2000 manat sərmayə təqdim edilmişdir, qarşılıqlı razılığa əsasən fotoqraf xidmətinin fəaliyyət nəticəsində əldə olunmuş gəlir onda saxlanılmalı idi. Cavabdeh ondan aldığı pulu geri qaytarmamışdır. Odur ki, həmin pulun məhkəmə qaydasında geri qaytarılmasına zərurət meydana gəlmişdir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrası təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, 1 ay müddətində ona ödənilməli olan 2115 manat pulu ödəməsini tələb olunur, əks halda pozulmuş hüquqlarının müdafiəsi üçün tərəfindən məhkəməyə müraciət olunacaq və əlavə olaraq məhkəmə xərcləri də Cavabdeh tərəfindən ödəniləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləsinə əsasən iddiaçı cavabdehin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış binasında fəaliyyət göstərən “Anar” şadlıq sarayında fotoqraf xidmətlərini göstərməyi öhdəsinə götürmüş, həmin xidmətin həyata keçirilməsi üçün iddiaçı cavabdehə 2000 manat sərmayə təqdim edilmişdir. Tərəflərin qarşılıqlı razılığa əsasən fotoqraf xidmətinin fəaliyyət nəticəsində əldə olunmuş gəlir iddiaçıda saxlanılmalı idi. Lakin sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən başqa fotoqraf dəvət olunmuşdur. Cavabdeh iddiaçıdan alınmış pulu qaytarılmamış və bununla da birgə fəaliyyət haqqında müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan götürdüyü pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh ondan fotoqraf xidmətləri göstərilməsi üçün aldığı 2200 manat pulu geri qaytarmamışdır. Bu səbəbdən iddiaçı cavabdehdən 2200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı birgə fəaliyyət haqqında müqaviləsi üzrə cavabdehə verdiyi pulun ondan geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fotoqraf xidmətləri üçün şərait yaradılması ilə bağlı cavabdehə 2000 manat məbləğində sərmayə verilməsi və cavabdeh tərəfindən müqavilə öhdəliklərini icra edilməməsi, eyni zamanda verilən pulun qaytarılmaması halı öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə əlavə 200 manat məbləğində pul verilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məcburi köçkün kimi qaçqınlıq statusuna əsasən dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində pul tutulsun. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar