Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1777/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 37 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 37 saylı mənzilini 17 may 2023-cü il tarixdə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən, dəyərini ödəməklə almışdır. Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. Mənzil lazımi qaydada alqı-satqı edildikdən sonra cavabdehlər bütün əşyalarını götürərək, mənzili ona təhvil verib başqa ünvana getmişlər. Lakin həmin vaxt mülkiyyətinə verilmiş evə iş üzrə olan Cavabdehm Emin oğlu qeydiyyatda qalmışdır. Cavabdehin mübahisəli mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, cavabdeh mənzilin keşmiş mülkiyyətçisinin həyat yoldaşıdır və mənzil ona satıldıqdan sonra keşmiş sakinlər mənzili ona təhvil verərək çıxıb getmişlər və onların mənzillə heç bir bağlılıqları qalmamışdır. Cavabdeh mənzildə qeydiyyatdan çıxacağına söz versə də, Rusiyaya çıxıb getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs Cavabdehdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12, 37 saylı mənzili 33000 manata İddiaçı satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12, 37 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MM-nin 164.1, 164.2 və 165.1-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır..., sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər..., sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12, 37 saylı mənzili xx.xx.2023-cü il tarixli əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı tərəfindən alınmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ 25 may 2023-cü il tarixdən qeydə alınmışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 12, 37 saylı mənzil xx.xx.2023-cü il tarixli əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı tərəfindən əldə olunduğundan və sonuncunım həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdən qeydə alındığından iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 37 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin, 37 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1777/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1777/2024
23.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver