Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1796/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı və Cavabdeh Bəhram oğlunun iştirakı ilə, İddiaçı - Cavabdeh Bəhram oğluna qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 04 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Bəhram oğluna qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Hyundai Accent minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sənədləşməsi üçün qəbzsiz aldığı 300 manat pulun, Chevrolet Aveo minik markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin sənədləşməsi üçün qəbzlə borc vermiş olduğu 500 manat pulun, 100 manat yol pulunun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 10 dekabr 2023-cü ildə oğlu İİ Qarabağ Müharibə iştirakçısı X1 ilə idarə etdiyi Hyundai Akcent minik markalı 99 TĞ 403 Dövlət qeydiyyat nişanlı, Etibarnamə ilə idarə edilən ** NF *** Chevrolet minik maşını ilə qarşılıqlı razılaşma ilə X3 məxsus Etibarnamə ilə nümayəndəsi X5 ilə qeydiyyat ünvanı Bakı şəhəri Qaradağ rayonu ünvan 1 Tel: (055) ***-**-** ancaq avtomobilin faktiki etibrnaməsiz sahibi Cavabdeh Bəhram oğlu xx.xx.1989-cu ildə anadan olmuş Litfin Babayev küçəsi, ev 15-də yaşayan Cavabdeh Bəhram oğlu ilə dəyişdirmişlər. Dəyişən zaman 99 TĞ 403 Dövlət qeydiyyat nişanlı Hyundai Akcent minik markalı avtomaşının sənədləşməsi üçün 300 (üç yüz) manat pul Cavabdeh Bəhram oğluna verilmişdir. Cavabdeh Bəhram oğlu ** NF *** Chevrolet AVEO ağ rəngli minik maşının mühərrikinin öz mülahizəsinə uyğun olaraq naməlum mühərriklə dəyişdirmişdir. Avtomobili sənədləşməyə apararkən müayinə zamanı mühərrikin A 12 XER ** WW ***3 nömrəli olmadığı aşkar edildi. Bu səbəbdən də sənədləşmə dayandırıldı. 24 may 2024-cü il tarixdə Bakı şəhərinə gələrək avtomobilin mühərrikinin və avtomobildəki problemlər haqqında söhbət aparıldı. Belə ki, Cavabdeh Bəhram oğlu avtomobillər dəyişilən zaman heç bir qüsur olmadığını deməklə etibardan suistifadə edərək mühərrikin dəyişdiyini bilə-bilə deməmişdir. Avtomobilin aşağıdakı tərkib hissələri yararsız halda olmaqla həmdə purjunlarını kəsərək avtomobildə rekonstruksiya aparmışdır. 24 may 2024-cü il tarixdə Cavabdeh Bəhram oğlunu Yasamaldan 77 nömrəli marşrutun sonuncu dayanağından götürərək BDYPİ-nə sonra meyvəlidəki DYPl-nə və sonra Xırdalandakı Respublika Baş BDYPl-nin Qeydiyyat və İmtahan şöbəsinə gedərək avtomobilin qeydiyyatı qaydasını öyrəndikdən sonra mühərrikin sənədləşməsi üçün hansı sənəd lazım olduğunu bildikdən sonra sənədləri almaq üçün 500 (beş yüz) manat lazım olduğunu bildirdi. Lakin onda hələlik bu qədər pul olmadığını bildirdi. Avtomobilin mühərrik sənədlərini qaydaya salmaq üçün 1 aya qaytarmaq şərtilə 500 (beş yüz) manat əl borcu istədi. İşlədiyini bildirərək 1 aya qaytaracağını söylədi. Cavabdeh Bəhram oğluna inanaraq 500 (beş yüz) manatı sənədləri düzəltmək üçün ona qəbz əsasında verdi. O, əlavə olaraq müqavilə üçün 110 (bir yüz on) manat Notariusa pul keçirməyə lazım olmadığını bildirərək sözündə düz olduğunu təkrarlayaraq Notarius müqaviləsinə ehtiyac olmadığını israr etdi və sonradan dəfələrlə yazışma edərək pul alacağı təqdirdə ilk olaraq göndərəcəyini bildirdi. Hazırda aldığı pulu verməmək üçün müxtəlif söz danışır. Əlavə olaraq 25 may 2024-cü il tarixində mesajlada bildirmişdir ki, 1000 (bir min) manat alan kimi 500 (beş yüz) manatını göndərəcəkdir. Cavabdeh Bəhram oğlunun verdiyi vaxt tamam olduqdan sonra Bakı şəhəri, Ş.l.Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının ona 500 manat pul verməsinə dair iş materiallarında olan yazılı qəbzi həqiqətən də o yazmış və imzalamışdır. Lakin əslində iddiaçı ona həmin pulu verməmişdir. 300 manat pul isə avtomobillər tərəflər arasında dəyişdirilərkən avtomobillər arasında olan dəyər fərqi kimi iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 24 may 2024-cü il tarixli «Qəbz»ə əsasən borc verən borc alana 500 manat məbləğində borc verir, borc alan isə həmin məbləği 1 ay müddətində borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2024-cü il tarixli əqddən yaranmış öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 500 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 500 manat məbləğində pul vəsaitini qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğ ondan tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən Hyundai Accent minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sənədləşməsi üçün qəbzsiz aldığı 300 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflərin hər ikisinin izahatından da göründüyü kimi tərəflər arasında avtomobillərin dəyişdirilməsi baş tutarkən cavabdehin avtomobili iddiaçının avtomobilindən 300 manat daha yuxarı qiymətə razılaşdırılmış və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Həmin avtomobil hazırda iddiaçıya məxsusdur, onun sahibliyindədir və cavabdehə geri qaytarılmamışdır. Bu isə o deməkdir ki, tərəflər arasında avtomobilin dəyişdirilməsi ilə razılaşma qüvvəsindədir və pozulmamışdır. Bu səbəbdən qeyd olunan 300 manat pulu iddiaçının cavabdehdən geri istəməsi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin “100 manat yol pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb onun əsaslarına dair heç bir mötəbər sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 500 manat məbləğində pul vəsaiti Cavabdeh Bəhram oğlundan tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1796/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1796/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver