Məhkəmə qərarları › İş №2(009)-1809/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1809/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1809/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300 manat maddi, 600 manat mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" marka adı ilə satış aparan faktiki olaraq Cavabdeh kimi dövlət reyestrində qeydiyyatdan keçmiş mağazadan 2490 (iki min dörd yüz doxsan) manat dəyərində olan “İphone 14 Pro 256 GB Black” telefonunu Məşədi ləqəbi ilə tanınan X1 almışdır. Telefon 1 il zəmanətlə ona təqdim edilmiş lakin telefon zavod istehsalı olaraq xarab olmasına baxmayaraq düzəldilməsi üçün heç bir addım atmamış, bunun əvəzində isə onu “İspace” servisə diaqnostikaya göndərdiklərini, nəticədə 25 manat pul ödəməklə telefonu diaqnostikadan keçirmiş, bundan sonra diaqnostik cavabı ilə birlikdə müraciət edərək telefonun əvəz olunmasını istəmişdir. Polisə müraciət etmiş və nəticədə Nəsimi rayon Polis İdarəsi işin mülki xarakterli olmasını nəzərə alınaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Zəmanət talonunun 1.1-ci maddəsində qeyd edilmişdir ki, bu kart zəmanət müddəti ərzində istehsalçının təqsiri üzündən yaranmış nasazlıqların pulsuz aradan qaldırılmasına zəmanət verir. Buna baxmayaraq rəsmi servis tərəfindən telefonun istehsal qüsurlu olması nəzərə alınmamış və tərəfindən istehsal qüsuru düzəldildiyi üçün əlavə olaraq 275 manat ödənilərək telefon düzəldilmişdir. Bununla da ona hər iki halla birlikdə 300 manat maddi ziyan dəymişdir. Bundan əlavə yeni aldığı telefon olmasına baxmayaraq ona hazırki məsələdə aldadılmağı kifayət qədər mənəvi sarsıntılar vermiş və nəticədə ona bundan irəli gələn həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bir neçə gün o faktiki olaraq ancaq bu işin həll edilməsi üçün müvafiq dövlət qurumlarına müraciətlər etmiş və ərizələr yazaraq xeyli müddət vaxtı getmiş, yəni mənəvi cəhətdən zərbə almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi yanlış cavabdehə qarşı qaldırılmışdır. Belə ki, Cavabdeh MMC Azərbaycanda daha çox “Mobitel” şirkəti kimi tanındığını, “Mobitel” olaraq Azərbaycanda “Nokia”, “Fly”, “UleFone”, “Tecno” və “Vertex” mobil telefonlarının eksklüziv distribütoru olduğunu, şirkətin yarandığı gündən bu günə kimi heç zaman “Apple” şirkətinə məxsus “İphone” mobil telefonlarının satışı ilə məşğul olmadığını həmçinin müştəriyə birbaşa telefon satışı etmədiklərini, pərakəndə və topdan satış mağazalarının onlardan “Nokia”, “Fly”, “UleFone”, “Tecno” və “VERTEX” mobil telefonlarını alaraq istehlakçılara satdıqlarını, iddia ərizəsində qeyd olunan "xxxx" mağazası ilə Cavabdeh MMC-nin heç bir hüquqi və ya faktiki bağlılığının olmadığı və ayrı-ayrı şirkətlər olduğu, "xxxx" mağazasının “28 May” metrostansiyası ətrafında yerləşdiyini, onlardan bəzi hallarda “Nokia” telefonlarını alıb istehlakçılara satdıqlarını, onlardan distribütoru olduqları telefonları alan istənilən (pərakəndə və ya topdan) satış məntəqələrinə “Mobitel” logosunun əks olunduğu zəmanət talonlarını (stikerləri) verdiklərini, "xxxx" mağazası və ya onun işçisi məsuliyyətsizlik edərək onlara heç bir aidiyyatı olmayan “İphone” telefonunun üzərində onların mağazalarına göndərdiyi zəmanət talonunu vermişdir. Həmçinin iddia ərizəsində qeyd olunan “İspace” servis mərkəzinin şirkətlə heç bir əlaqəsi olmamaqla yanaşı həmin servis mərkəzini tanımadıqlarını, Mobitel şirkətinin (Cavabdeh MMC) Bakı şəhərində yalnız bir servis mərkəzi vardır ki, o da Axundov bağının yanında dəqiq olaraq Mehdi Hüseyn 79/11 ünvaında yerləşir. Həmin servis mərkəzində də yalnız “Nokia”, “Fly”, “Ulefone”, “Tecno” və “VERTEX” mobil telefonlarının texniki servisi həyata keçirilir. Məhkəmənin iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Zəmanət talonunda İphone 14Pro 256 Black markalı (İMEİ KODU **********59177) İddiaçı 1 il müddətinə zəmanəti olmaqla 2490 AZN məbləğində telefon verilmişdir. Zəmanət talonu möhür ilə təsdiq edilməmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin xx.xx.2023cü il tarixli məktubunda İddiaçı müraciətində qeyd olunan xüsusatların mülki xarakterli olduğu üçün müvafiq qanunvericiliyə əsasən məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh MMC-yə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh MMC deyil, "xxxx" MMC olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 1000 manatadək olduqda) 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar