Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1820/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu, X6, X4 X23) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı «əmlakın həbsdən azad edilməsi və icra sənədinin icra edilməməli hesab olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu, X6, X4 X23) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə, Nəsimi rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinin həbsdən azad olunması və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Mhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 02 dekabr 1997-ci ildən rəsmi nikahdadırlar. 08 aprel 2010-cu il tarixli, MA ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.14 ha sahəsi olan bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evi İddiaçı1 və İddiaçı2 birgə nikah dövründə əldə edilmiş əmlakı olduğundan iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışa əsasən Novxanı kənd sakini X7 adından İddiaçı1 adına keçirilmişdir. İddiaçılar birgə nikah dövründə əldə edilmiş vəsaitlərini toplayaraq həmin sahəni yaxşılaşdırmış, o cümlədən bağ evinin inşa edilməsi və təmiri üçün xeyli vəsait sərf etmişlər. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(102)-1446/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 (1261) saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evi üzərində birgə mülkiyyətçilər İddiaçı2 ¾ və İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir. 18 iyul 2022-ci ildə İddiaçı1 adına göndərilmiş Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubunda Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən 0.14 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu, X4 X15 05 iyul 2022-ci il tarixli məktubunda əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Halbuki, məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün nə İddiaçı1 ilə, nə də İddiaçı2 ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə İddiaçı1 qardaşı X6 Azərbaycan Respublikasının CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0.14 ha ölçüdə 1621 (1261) saylı bağ sahəsi və orada olan 169.1 kv.m bağ evinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən iddiaçılara məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X8 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə təmin edilməmişdir. İddiaçı1 mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə Ali Məhkəmənin 20 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qərarından X6 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmişdir. İddiaçı1 və İddiaçı2 məxsus əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda iddiaçılar həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişlər. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququndan da məhrum edilmişlər. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. İddiaçılar əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına cəlb edilməmiş, onların izahatları alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Habelə, bağ sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi və onun nəticəsi barədə də iddiaçılara heç bir məlumat verilməmiş, qəflətən bildiriş göndərilərək əmlakın boşaldılması tələb edilmişdir. Qanuni mülkiyyətçi olan iddiaçılar cinayət törətməmiş, əmlakı cinayət yolu ilə əldə etməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə ünvan 3 ünvanda yerləşən bağ sahəsinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaka münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun 08 sentyabr 2022-ci il tarixdə iddia ərizəsinə etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Baş Prokurorluğun “X17”na əsasən Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin vəzifələrinə cinayət yolu ilə əldə olunan əmlakın aşkar edilməsi, izlənməsi, qiymətləndirilməsi, üzərinə həbs qoyulması, xüsusi müsadirənin təmin edilməsi, üzərinə həbs qoyulmuş əmlakların əsassız olaraq qaytarılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi, eləcə də əmlakın həbsdən azad edilməsi ilə bağlı işlərə məhkəmələrdə baxılmasında prokurorluğun iştirakını təmin etmək daxildir. Baş Prokurorluqda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş X9, həmin idarənin rəis müavini vəzifəsində işləmiş X6 və qeyriləri barədə istintaqı aparılmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə təqsirləndirilən şəxs Fizuli Əliyevə məxsus digər əmlaklarla bərabər, ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinə də xüsusi müsadirə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(103)-01 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 nömrəli qərarları ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin bağ evinin qiymətləndirilməsi təmin edilmiş və xüsusi müsadirəsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “X4” X23inə müraciət olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evinin üzərindən həbsin götürülməsi və icra sənədinin icra edilməməli olması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırki mülki işdə Baş Prokurorluq iş üzrə mənafelərinə toxunan şəxs hesab edilir. Belə ki, mübahisələndirilən əmlak üzərinə həbsin qoyulması məhz Baş Prokurorluq tərəfindən icraatında istintaq olunan cinayət işi üzrə verilmiş vəsatət və təqdimat əsasında təmin edilmişdir. Məhkəmənin 14 noyabr 2022-ci il tarixli iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cinayət işi 2014-2015-ci illərdə başlanılıb. Cinayət hadisəsi 2012-ci ildən sonrakı dövrdə baş verib. Təqdim etdikləri çıxarışda mülkiyyət hüququ DKRX-2010-cu ildə qeydiyyatdan keçdiyi göstərilir. Amma əslində mülkiyyət alğısatqı müqaviləsi əsasında əldə olunub. Həmin mübahisəli torpaq sahəsi Abşeron RİH-nin 12 avqust 1992-ci il tarixli sərəncamı ilə X10 verilib. “Torpaq İslahatları haqqında” Qanunda göstərilir ki, icra hakimiyyətləri tərəfindən sərəncamla vətəndaşlara ayrılmış torpaq sahələri onların mülkiyyəti hesab olunur. X1 bu torpaq sahəsindən İddiaçı1 xeyrinə imtina edib. 2007-ci ildə Abşeron RİH sərəncamı ilə İddiaçı1 adına keçirilmişdir. Bundan başqa bələdiyyənin də qərarı vardır. Torpaq sahəsinin dəyəri olaraq İddiaçı1 3000 manat məbləğində vəsaiti bələdiyyənin hesabına köçürmüşdür. Burda açıq-aşkar görünür ki, torpaq sahəsi cinayət hadisəsindən xeyli-5 il əvvəl əldə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 14 noyabr 2022-ci il tarixli iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçılar ər-arvaddır. 1997-ci ildə nikaha daxil olublar. Mübahisələndirilən torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 2010-cu il tarixli çıxarışla İddiaçı1 məxsusdur. Burda müsadirə olunub. Müsadirəyə səbəb isə İddiaçı1 qardaşının Bakı Hərbi Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasıdır. Ona “məxsus” bir sıra mülklər də dəqiqləşdirilmə aparılmadan müsadirə olunmuşdur. Həmin mülklərin kimin istifadəsində olması barədə nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı heç bir dəqiqləşdirilmə aparılmamışdır. Onların içərisində hal-hazırda mübahisə edilən Novxanı kəndi, Bağlar massivində yerləşən 1621 (1261) saylı bağ sahəsi də vardır. Burda əsas məsələ əmlakın nə vaxt əldə edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin 2022-ci ilin fevral ayının qərarında göstərilir ki, CM-nin 99-1.1-ci maddəsinə əsasən müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakı cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə alınmaqla həyata keçirilir. Burda qeyd olunmalı əsas məqam cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş əmlakla bağlıdır. Şəxsə ittiham 2015-ci ildə elan edilib, əmlak isə 2007-ci ildə əldə edilib. Konstitusiya Məhkəməsi deyir ki, cinayət törədilməsindən əvvəl alınmış əmlakın hansı yolla, necə, nə vaxt və kimlər tərəfindən əldə olunması araşdırılmalıdır. Çıxarış 2010-cu il tarixlidir, lakin Abşeron RİHB-nın 2007-ci il tarixli, 076 saylı sərəncamı var. Həmin sərəncamdan çıxarış var. Çıxarışa əsasən Abşeron RİHB 12 avqust 1992-ci il tarixli 373 saylı sərəncamına əsasən Novxanı kənd sakini X7 (torpaq sahəsinin ilk sahibi) adına verilmiş 1000 kv.m 1621 (1261) saylı bağ sahəsi 2007-ci ildə ailə üzvlərinin razılığı ilə İddiaçı1 verilmişdir. İttiham isə 2012-ci ildən sonra verilib. Konstitusiya Məhkəməsinin Plenum Qərarını əsas götürüb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 14 noyabr 2022-ci il tarixli iclasında iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X11 etiraz ərizəsini müdafiə edərək bildirmişdir ki, bu əmlak istintaq zamanı cinayət yolu ilə əldə olunduğu üçün müsadirə olunmayıb, dəyərə görə müsadirə olunub. Bunlar Cinayət Məcəlləsinin 99-2-ci maddəsində göstərilib. İttiham aktında da dəyərə görə müsadirə qeyd olunur, bu cinayət işinə 3 instansiyada baxılıb. Hər 3 instansiyada siyahıya daxil olan əmlaklardan bəziləri siyahıdan çıxarılıb, amma bu əmlaka toxunulmayıb. Məhkəmə qərarları tam qanunidir, qüvvədədir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan V ЖГ 305969 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X12 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmış və 285 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən bağ evi xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə tam şəkildə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bank BTB-nin 20 iyun 2019-cu il tarixli, İH-2019/3130 saylı məktubundan görünür ki, ünvan 4 nömrəli bağ evi 02 iyun 2010-cu il tarixli, 238/ZB saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir və hal-hazırda da ipoteka ilə yüklüdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 1-1(103)-40 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən maraqlı şəxs qismində apellyasiya şikayəti vermiş İddiaçı1 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin icraata qəbulundan imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3398/2021 saylı qərarından görünür ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-467/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1446/2021 saylı qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən 0.14 ha sahəsi olan 1621 saylı bağ sahəsi və orada yerləşən 169.1 kv.m sahəsi olan bağ evinə İddiaçı2 ¾ və cavabdeh İddiaçı1 ¼ hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin 07 iyul 2022-ci il tarixli məktubundan görünür ki, əmlakın təhvil-təslim edilməsi vaxtının 11 avqust 2022-ci il, saat 11:00-da təyin edildiyi göstərilərək 10 avqust 2022-ci ildə evin boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun 25 oktyabr 2016-cı il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Abşeron rayon X5 30 aprel 2007-ci il tarixli, 06 saylı iclasının qərarının çıxarışından görünür ki, İddiaçı1 bələdiyyənin inzibati ərazisi olan bağlar massivində bağ evi tikmək üçün 0.04 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09 mart 2007-ci il tarixli, 076 saylı Sərəncamından Çıxarışdan görünür ki, Novxanı bağları ərazisindəki 1000 kvm-lik , 1621 saylı bağ sahəsi Novxanı kənd sakini X7 adından İddiaçı1 adına keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Həmin Məcəllənin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ərarvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. Həmin Məcəllənin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-cimaddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Məhkəmə qeyd edir ki, həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxsin törətdiyi cinayəti yolu ilə əldə etmiş olduğu əmlak hesabına əldə edildiyi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə artıq qiymət verilərək üzərinə həbs qoyulmuş əmlakların bəzilərinin üzərindən həbs götürülsə də Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün Fizuli Əliyevə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən 1621 (1261) nömrəli bağ evinin xüsusi müsadirə edilməsinə dair hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1820/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1820/2022
29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver