Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1825/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra Şöbəsinə qarşı “ziyan” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 10.000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, hazırda təqaüddə olan bir müəlliməyəm. Halal zəhmətlə topladığım vəsait hesabına özüm və ailəm üçün Bakı şəhərində mənzil əldə etmək məqsədilə oğlum X2 vasitəsilə xx.xx.2011-ci il tarixində "xxxx" MTK ilə mənzil alqı-satqısı üzrə müqavilə bağlanmışdır. Öhdəliklərə uyğun olaraq mənzil üçün nəzərdə tutulmuş vəsait tam şəkildə ödənilmiş, lakin qarşı tərəf - MTK rəhbərliyi tərəfindən mənzilin hüquqi statusunu təsdiq edən çıxarış, istismara qəbul aktı və digər mülkiyyət sənədləri bu günə qədər təqdim edilməmişdir. Mülki hüquqlarımızın bərpası məqsədilə məsələ məhkəmə müstəvisinə daşınmış və Səbail Rayon Məhkəməsinin xx.xx.2017, xx.xx.2018 və xx.xx.2024-cü il tarixli qətnamələri ilə bizim tələblərimiz təmin olunmuşdur. Həmin qətnamələrin icrası məqsədilə tərtib edilmiş icra vərəqələri Səbail Rayon İcra Şöbəsinə təqdim edilsə də, bu günədək məhkəmə qərarlarının icrası faktiki olaraq təmin edilməmişdir. İcra məmurları qanunvericiliyin tələblərinə əməl etməyərək məhkəmə aktlarının icrasını süründürmüş, heç bir real və nəticəyönümlü tədbir görməmiş, dəfələrlə etdiyimiz şifahi və yazılı müraciətlər cavabsız və nəticəsiz qalmışdır. Borclu "xxxx" MTK-nm rəhbəri X3 müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinə etdiyim müraciətlər nəticəsində tapılaraq saxlanılmış və hüquq-mühafizə orqanları tərəfindən Xətai Rayon İcra Şöbəsinə təhvil verilmişdir və onlar aiddiyatı üzrə Səbail Rayon İcra Şöbəsinə təhvil verimişlər. Buna baxmayaraq, İcra Şöbəsi tərəfindən müvafiq məhkəmə qətnamələrinin icrası üçün heç bir hərəkət edilməmiş, qanunvericilikdə müəyyən olunmuş müddətlər pozulmuş, İcra haqqında Qanunun tələbləri yerinə yetirilməmiş, icra məmurlarının bu səhlənkarlığı hüquqi məsuliyyət doğuran hərəkətsizlik kimi qiymətləndirilməlidir. Bu fəaliyyətsizlik nəticəsində mənə həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, mənzilin hüquqi statusu müəyyən olunmadığından orada hər hansı təmir işləri aparmaq mümkün olmamış, mənzil yaşayış və ya gəlir məqsədilə istifadə edilə bilməmişdir. Əgər bu hüquqlar vaxtında təmin olunsaydı, 2011-2014- cü illərdə mənzili münasib qiymətlərlə təmir etdirmək və istifadəyə yararlı vəziyyətə gətirmək mümkün olardı. Lakin bu gün tikinti və təmir materiallarının, ustalıq xidmətlərinin qiymətləri dəfələrlə artmış, nəticədə mənzil üçün nəzərdə tutulmuş ilkin xərclər qat-qat yüksəlmişdir. Mən uzun illər ərzində bu mənzildən nə istifadə edə bilmişəm, nə də hər hansı fayda götürmüşəm, Bundan əlavə, cavabdeh qurumun qanuni vəzifəsini yerinə yetirməməsi, məhkəmə qətnamələrinin icrasını təmin etməməsi, vətəndaş müraciətlərinə laqeyd yanaşması məndə ciddi psixoloji gərginlik yaratmış, əsəb və narahatlıqla illərlə yaşamağıma səbəb olmuş, hüquqi dövlətə olan inamımı sarsıtmışdır. Yaşlı və sağlamlıq imkanları məhdud bir qadın olaraq, bu illər ərzində davam edən süründürməçilik mənim mənəvi əzab çəkməyimə səbəb olmuşdur. Bu halların hər biri mənəvi zərərin kompensasiya olunması üçün əsas yaradır. Bütün bunlarla yanaşı, 2025-ci il ərzində mən Səbail Rayon İcra Şöbəsinin verdiyi saysız-hesabsız vədlərə inanaraq, dəfələrlə Tovuz rayonundan Bakı şəhərinə gəlmək məcburiyyətində qalmışam. İcra məmurları hər dəfə mənə “bu həftə iş icra olunacaq”, “gələn ay sonuna qədər məsələ həllini tapacaq” kimi gerçəkliyi əks etdirməyən, vətəndaşı aldatmağa yönəlmiş vədlər verirdilər. Yaşlı bir qadın olaraq, bu vədlərə ümidsiz halda bel bağlayıb, xərc və fiziki əziyyət bahasına uzaq məsafəni qət edirdim. Hər dəfə Bakıya gələndə, heç bir iş görülmədiyini, bütün deyilənlərin yalan olduğunu görmək isə məni həm maddi, həm də mənəvi baxımdan dərindən sarsıtdı. Bu laqeyd münasibət mənim insan və vətəndaş kimi ləyaqətimi, hüquqa və dövlətə olan inamımı zədələmiş, illərlə çəkdiyim zəhmətin və gözləntilərimin puç olmasına səbəb olmuşdur. Hüquqi dövlət prinsipləri şəraitində bu cür süründürməçilik və rəsmi qurum tərəfindən aldatma halı, sadəcə vəzifə səhlənkarlığı deyil, vətəndaşın şüurlu şəkildə incidilməsidir. Əlavə olaraq bildirirəm ki borclu şəxs - "xxxx" MTK-nm rəhbəri X3 fərqli vaxtlarda Daxili İşlər Nazirliyinə etdiyim müraciətlər nəticəsində bir neçə dəfə tapılaraq saxlanılmış və müvafiq qaydada Səbail Rayon İcra Şöbəsinə təhvil verilmişdir. Lakin bu fakta baxmayaraq, mən hər dəfə Səbail Rayon İcra Şöbəsinə müraciət etdikdə eyni cavabla qarşılaşmışam: “borclu şəxs axtarışdadır”.Bu, artıq rəsmi strukturlar arasında əlaqəsizliyin, məsuliyyətsizliyin və qanuni qərarların icrasına etinasızlığın bariz nümunəsinə çevrilmişdir. Çünki aydındır ki, borclu şəxs faktiki olaraq bir neçə dəfə tapılıb və hətta polis tərəfindən icra orqanına təhvil verilibsə, hər dəfə onun yenidən axtarışda olması barədə bildirişlərin verilməsi icra orqanının vəzifə borcundan yayınmasının nəticəsidir. Belə halların davam etməsi məhkəmə qərarlarının məzmun və mahiyyət etibarilə heçə endirilməsi, vətəndaşın hüquqlarına və məhkəmə sisteminə olan inamına zərbə vurulması deməkdir. Məhz bu səbəbdən mən, hüquqlarımın pozulmasına səbəb olan cavabdeh İcra Şöbəsinin fəaliyyətsizliyinə görə həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edirəm. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəfin izahatını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-356/2024 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında olan hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 26 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi ödəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. İcra vərəqəsindən eyni zamanda görünür ki, iş üzrə tələbkar X2, borclu "xxxx" Mənzil-Tikinti Kooperatividir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçının barəsində mübahisə açdığı iş üzrə icra vərəqəsinə əsasən tələbkar hazırki iş üzrə iddiaçı deyil, X1r. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-356/2024 saylı icra vərəqəsində göstərilən tələbin icrası istiqamətində Səbail rayon icra şöbəsinin səhlənkarlığı nəticəsində ona dəymiş zərərin tutulmasını xahiş edir. Lakin işdə olan sübutlardan görünür ki, həmin icra vərəqəsi üzrə tələbkar X2 olmaqla, hazırki iddiaçıya heç bir aidiyyatı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1825/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1825/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver