Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1834/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-1271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Hüseynova (Mehdibəyova) Ülviyyə Səxavət qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzili birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin mənzil üzərində iddiaçı X1 1/2 və Mehdiyeva (Hüseynova) Ülviyyə Səxavət qızının 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Adıçəkilən qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə əmlakın bölünmə üsulu müzakirə və müəyyən edilməmişdir. Qətnamənin icrasında problem yarandığından məhkəməyə yeni iddia ilə müraciət etməli olmuşdur. Belə ki, cavabdehlə paylı mülkiyyətlərində olan mənzildə birgə yaşamaqları mümkün deyil. Həmin mənzil aralarında iki yerə bölünsə də, heç birini öz əmlaklarından normal şəkildə istifadə edə bilmirlər. Ona görə də aralarında ciddi problemlər yaranmışdır. Cavabdehə mənzilin satılaraq öz aralarında bölünməsi və ya birinin adında olan payın digərinə satılmasını təklif etsə də, onunla bu barədə razılaşa bilməmişdir. Buna görə də hesab edir ki, həmin mənzil açıq həracda satılaraq aralarında paylarına uyğun şəkildə bölünməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzilin açıq hərracda satılması və dəyərin aralarında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun özünün şəxsi evi var. Uşaqları ilə birlikdə orda yaşayır, dörd uşağı təkcə alimentlə saxlamaq çətin olduğu üçün hazırki mübahisəli mənzili kirayə vermişdir. cavabdehin başqa ailəsi var, cavabdeh həmin evdə 2 il yaşamamışdır. Avqustun əvvəlində cavabdeh həmin evdə yaşmaq istədiyini bildirmiş, o demişdir ki, kirayəşinlər avqust ayının 20-də evi tərk edəcəklər. Lakin avqust ayının 10-da cavabdeh qeyri-qanuni anası ilə birlikdə evə daxil olmuş və qapının açarını dəyişmişdir. Onu həmin evə buraxmırlar. O təklif etmişdir ki, cavabdeh evin yarı pulunu ona versin və ev cavabdehə qalsın. Ev iki otaqlıdır, şəhərin mərkəzindədir. Cavabdeh ona 30000 manat pul təklif etmiş, bu isə real deyil. Ona görə o istəyir ki, birgə yaşayış mümkün olmadığından, ev hərracdan satılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Hüseynova (Mehdibəyova) Ülviyyə Səxavət qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzilinin birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylara bölünməsi və həmin mənzil üzərində iddiaçı X1 1/2 və Mehdibəyova (Hüseynova) Ülviyyə Səxavət qızının 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamə daşınmaz əmlaklar üzərində X3 və Mehdibəyova (Hüseynova) Ülviyyə Səxavət qızının paylı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi üçün əsas olması qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanılmış və tərəflərin birgə nikahda olduqları zaman mübahisəli Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzil əldə etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzil tərəflər arasında bərabər paylarla bölünmüş və həmin mənzil üzərində İddiaçı 1/2 pay hüququ və Hüseynov Vəfadarın 1/2 pay hüququ tanınmışdır. İddiaçı mübahisəli mənzildə birgə yaşayışın mümkün olmamasını, öz payının cavabdeh tərəfindən alınması barədə təklifinin rədd edilməsini nəzərə alaraq, mənzilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin aralarında bərabər şəkildə bölüşdürülməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər(maddə 220.4). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin iddiaçı mübahisəli mənzildən özünə məxsus payının naturada ayrılmasının mümkün olmamasını, mümkün olmadığı halda digər mülkiyyətçinin ona kompensasiya ödənilməsindən imtina etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Yəni bu mərhələləri keçmədən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməsi qanunun yuxarıda göstərilən tələbləri baxımından yol verilmir və bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, paylı mülkiyyətçilərin birgə yaşayışının qeyri-mümkün olması daşınmaz əmlakın hərracdan satılma əsası kimi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əmlakın real surətdə bölünməsinin mümkün olmaması, ondan payın naturada ayrılmasının açıq-aşkar məqsədəuyğun olmaması yalnız xüsusi biliyə malik olan mütəxəssisin (ekspertin) arayışı və ya rəyi il müəyyən edilə bilər. Beləliklə iddiaçı mübahisəli mənzildən payının naturada ayrılmasının yol verilməməsi ilə əlaqədar sübutlar təqdim etmədiyindən, həmçinin həmin tələb irəli sürmədən hazırki tələblərlə məhkəmədə çıxış etdiyindən, bununla da Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmaması sübut olunmadığından, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı cavabdeh X2 qarşı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən 17 saylı evin 5 saylı mənzilin açıq həracda satılması və dəyərin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev