Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1836/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair mülki işə 05 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evinin üzərinə cavabdehin təqdimatı əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə həbs qoyulmuşdur. Həmin zaman sözügedən əmlak "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda isə iddiaçı tərəfindən bank qarşısında olan öhdəliyi yerinə yetirilmişdir. Bir müddət sonra iddiaçı qeyd olunan evi notariat kontorunda oğluna hədiyyə etmək istədikdə ona məlum olmuşdur ki, mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər Prokurorluğu iddiaçıya cavab məktubunda onun məhkəmə müdafiəsindən istifadə hüquqlarının olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ona məxsus əmlaklar müsadirə olunaraq satılmış və zərərçəkmişlərə dəyən zərər ödənilmişdir. Hazırda kirayədə yaşayır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" ASC-nin DƏDRX-ə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evinin yüklülüklərinin ləğv olunması xahiş olunur və bu əmlak üzrə heç bir aktiv öhdəlik mövcud deyildir. Səbail rayon Məhkəməsinin 16 mart 2010-cu il tarixli Qərarının surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 iyun 2010cu il tarixli 1(101)-508/2010 saylı Hökmünün surətindən görünür ki, İddiaçı AR CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək cəzaları qismən toplamaq yolu ilə əmlakı müsadiə olunmaqla qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. CPM-nin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. Məhkəmə qeyd edir ki, hüququn qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələblərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqların qorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalıdır. CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, hazırda əsassız olaraq iddiaçıya məxsus əmlakın üzərində həbsin mövcudluğu iddiaçının konstitusion hüquqlarını pozmaqla eyni zamanda onun öz əmlakı barəsində sərbəst surətdə sərəncam hüquqlarını da məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evi həbsdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evi həbsdən azad edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1836/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1836/2022
05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver