Məhkəmə qərarları › İş №2(009)-1844/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1844/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1844/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı və 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdeh “X2 X5 və Ticaret Limited” şirkətinin Azərbaycan nümayəndəliyinə (X4 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «əmək müqaviləsinə xitam verilməsi» barədə iddia ərizəsi üzrə mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər “X2 X5 və Ticaret Limited” şirkətinin Azərbaycan nümayəndəliyinə və X4 Xidmətinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi şirkət 2018-ci il tarixdən bağlanıb. İddiaçı müxtəlif orqanlara adının rəsmi portaldan çıxarılması ilə bağlı müraciət etsə də, imtina cavabı almışdır. Şirkətin hüquqi ünvanında və şirkət təsisçisinin ünvanı ilə əlaqə saxlamaq da mümkün deyildir. Sonradan iddiaçı ərizə verərək, X4 Xidmətinin iş üzrə cavabdeh qismindən çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsi və cavabdeh ilə 12 mart 2018-ci il tarixdə bağlanmış xxxxxxx000101 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını və 3-cü şəxsin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Sosial arayış vərəqəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 12 mart 2018-ci il tarixdə xxxxxxx000101 nömrəli əmək müqaviləsi bağlanmış və iddiaçı katib vəzifəsinə işə qəbul edilmişdir və sözügedən müqavilə hazırki vaxtadək qüvvədədir. AR Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. AR Əmək Məcəlləsinin: 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. 9-cu maddəsinin “q” bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. Bundan sonra işçi işdən azad olunması ilə bağlı işəgötürənə və müvafiq dövlət orqanlarına müraciət etsə də, imtina cavabı almışdır. İşçinin hazırda rəsmi portalda əmək müqaviləsinin qüvvədə olması ilə bağlı qeyd olduğundan işçi başqa işəgötürənlə yeni əmək müqaviləsi bağlaya bilmir. Bu hal isə hazırda işçinin işsiz qalmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və onunla “X2 X5 və Ticaret Limited” şirkətinin Azərbaycan nümayəndəliyi arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “X2 X5 və Ticaret Limited” şirkətinin Azərbaycan nümayəndəliyi arasında bağlanmış 12 mart 2018-ci il tarixli xxxxxxx000101 nömrəli əmək müqaviləsinə xitam verilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar