Məhkəmə qərarları › İş №2(009)-1847/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1847/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1847/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və onun nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14,195 manat məbləğində maddi zərərin, 50.000 manat mənəvi zərər, 1250 manat hüquqi yardım üçün ödənilmiş pul və 30 manat dövlət rüsumunun və 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh1 xx.xx.2017-ci il tarixdə, saat 19:23 radələrində, Cavabdeh2 məxsus olan və sonuncunun da həmin günü salonda arxa oturacaqda olduğu, 2007-ci il istehsalı olan «LEXUS GS 350» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi etibarnamə olmadan, Səbail rayonu, Salyan yolu ilə Bakı istiqamətində özünün göstərdiyi kimi saatda 60-70 km surətlə hərəkət etdirərkən ondan 40-50 metr irəlidə «Wolkswagen Tiquan” markalı (həmin avtomobil onun mülkiyyətində olmuş və həmin an tərəfindən idarə edilən «Wolkswagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur) avtomaşının həmin yolu kəsib keçdiyini gördüyünü və «X6» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq (Mad. 50. İ. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş şürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİ. Nəqliyyat vasitələri:1)yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə;) həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, avtomobilin surətini azaltmamış, avtomobili dayandırmamış və idarə etdiyi avtomaşınla saat 19:23:49-da, onun idarə etdiyi avtomobilin sağ arxa tərəfindən avtomobilinin ön tərəfi ilə vurub onun mülkiyyətində olan avtomobilin: 1350 manat dəyərində arxa sağ qapısının; -həmin qapının 190 manat dəyərində rezininin; -onun hər birinin dəyəri 75 manat olmaqla, cəmisi 150 manat dəyərində üst və alt petlələrinin (həngəmaları); - həmin qapının 330 manat dəyərində bir ədəd spoylerinin; -dəyəri 1050 manat təşkil edən arxa sağ qanadın; - 330 manat dəyərində arxa sağ qanadüstü kantın; -1350 manat dəyərində damın sağ hava yastığının; -damın 970 manat dəyərində sağ hava yastığının; -595 manat dəyərində ön sağ təhlükəsizlik kəmərinin; -595 manat dəyərində ön sol təhlükəsizlik kəmərinin; -1 ədədinin dəyəri 965 manat olmaqla,cəmisi 1930 manat dəyərində 2 ədəd təkər diskinin; - 220 manat dəyərində arxa sağ üst ştanqın; - 200 manat dəyərində arxa sağ amortizatorun; - 475 manat dəyərində ön sağ sapfanın; - 385 manat dəyərində ön sağ stupitsanın podşipnikinin; - 405 manat dəyərində ön sağ alt çaşkanın; -105 manat dəyərindəl ədəd ön sağ şarovoyun; - 80 manat dəyərində 1 ədəd ön sağ tyaqanın; - 95 manat dəyərində ön sağ nakoneçnikin; - 65 manat dəyərində ön sağ lingin; - 1080 manat dəyərində ön sağ çöl qranatın; - 65 manat dəyərində ön sağ əyləcin şlanqının; - 30 manat dəyərində 1 litr əyləc mayesinin və 50 manat dəyərində materialın, cəmisi isə 12095 (on iki min doxsan beş) manat dəyərində hissələrin yarasız hala gətirilməklə onların da quraşdırılması üçün 2100 (iki min yüz) manat işçi haqqı ilə birlikdə cəmisi 14195 (on dörd min yüz doxsan beş) manat məbləğində maddi zərər yetirmişdir. Bu yol nəqliyyat hadisəsi Səbail RPİ-ndə araşdırılarkən hadisə yerində quraşdırılmış «Təhlükəsizlik şəhər Xidməti»nin TŞ 1-220 nömrəli video müşahidə qurğusunun, 3-cü kamerasının xx.xx.2017-ci il tarixdə saat 19:00:23-dan 19:25:00-dək olan görüntüsünə baxış keçirilərkən onun idarə etdiyi ağ rəngli “Wolkswagen Tiquan’’ markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən «Su İdmanı» kompleksinin qarşısında mövcud olan dairəyə daxil olub üzü idman kompleksi istiqamətində dayanıb sağdan gələn avtomobillərə yol verdiyi, 20 saniyə dayanıb sağdan gələn maşınları buraxdıqdan sonra saat 19:23:46-da üzü «Su İdmanı» kompleksi istiqamətində hərəkətə başladığı, saat 19:23:49-da, «Su İdmanı» kopleksi istiqamətində hərəkətdə olduğu vaxt sağ tərəfdən gələn qara rəngli «LEXUS GS 350» minik markalı avtomaşının gəldiyi sürətlə də mənim avtomaşınını vurması müşahidə edilir (bax: cinayət işi başlanmasının rədd edilməsi haqqındakı xx.xx.2018-ci il tarixli Qərar). xx.xx.2017-ci il tarixli «yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə olan Protokol»u, hadisə yerinə olmuş TŞ 1 -220 nömrəli video müşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2017-ci il tarixdə saat 19:23:00-dan etibarən19:25:00-dək qeydə alınmış görüntüləri və Cavabdeh2 xüsusi mülkiyyətində olan 2007- ci il buraxılışlı, «LEXUS GS 350» minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyətinin yoxlanılmasına dair «Protokol»un da surətini istintaq orqanından almışdır. Həmin videogörüntüdə görünür ki, Cavabdeh2 məxsus qeyd edilən avtomaşını həmin günü qardaşı Cavabdeh1 idarə etmişdir. Hadisə anına gəldikdə isə videogörüntüdən görünür ki, cavabdehin hadisənin qarşısını almağa tam texniki imkanı olmuş və hadisə baş verən zaman onun sağ və sol yanında heç bir nəqliyyat vasitəsi olmamış, yol tamamilə boş olmuş və o, onun avtomobilini vurduqdan bir neçə saniyə sonra həmin istiqamətdən başqa avtomobillərin gəlməsi müşahidə olunur. Qeyd edilən avtonəqliyyat hadisəsi üzrə Səbail RPİ-nin İŞ-ndə toplanmış materiallar əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı xx xxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, «iş üzrə təyin edilmiş avtotexniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinə görə “Wolkswagen Tiquan" markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücü Cavabdeh1 da hərəkətlərində «X6» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». Avtomobilin sahibi, Cavabdeh2 da özünün hadisə vaxtı avtomobildə olmasını göstərdiyindən o, avtomobilini idarə etməyi şifahi etibar etdiyi Cavabdeh1 həmin avtomobili yol hərəkəti qaydalarını kobud surətdə pozmaqla idarə etdiyini görsə də, onun bu hərəkətlərinin qarşısını almamış, əksinə sürücü Cavabdeh1 hadisə törətdiyini gördükdən sonra, özünü hadisə yerində olan tibb işçilərinə və polis əməkdaşlarına özünü təqdim etməyərək, hadisə yerini xəlvəti tərk etmişdir. Cavabdeh2 hadisə yerini xəlvəti tərk etməklə ona məxsus avtomobillə onun avtomobilinə yetirilmiş maddi zərərə görə məsuliyyətdən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. iş materiallarından görünür ki, Cavabdeh1 Cavabdeh2 mülkiyyətindəki 2007-ci il buraxılışı olan «LEXUS GS 350» minik markalı, 99- LN-949 dövlət qeydiyyat nişanlı avtomobili digər Cavabdeh2 şifahi razılığı əsasında idarə etmişdir və bu da Cavabdeh2 avtomobilinin onun sahibliyindən iradəsinə zidd çıxmadığını sübut edir. Təhqiqat zamanı Cavabdeh2 Cavabdeh1 avtomobili ilə bağlı notarial qaydada yazılı etibarnamə verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasları müəyyən edilmişdir (14.2.6. Başqa şəxsə zərər vurulması.14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Odur ki, onun avtomobilinin bərpası üçün çəkdiyim 14195 (on dörd min yüz doxsan beş) manat məbləğində pul müştərək qaydada cavabdehlər tərəfindən ona vurulmuş zərər kimi qiymətləndirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb mənə verilməlidir. Avtomobilimin təmirinə çəkdiyi xərclərlə bağlı borca düşdüyündən həmin vaxt mülkiyyətində olmuş “Wolkswagen Tiquan” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2019-cu ildə X2 adında şəxsə satdım və həmin avtomobili idarə etmək üçün ondan etibarnamə aldım. xx.xx.2020-ci ildə V.Ş.Saydumov mənə həmin avtomobillə bağlı bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qüvvədə olan yeni etibarnamə ilə avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək hüququ verən etibarnamə vermişdir. Hazırda həmin avtomiobil onun istifadəsindədir. Bundan başqa, o təqaüdçü olmaqla, ahıl insandır və ətrafda baş verən qorxulu hadisələrə verdiyi reaksiya, gənc nəslə nisbətən onda daha pis nəticə yaradır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində o qəza zamanı bərk qorxub mənəvi iztirablar çəkmişdir, hətta hadisənin videogörüntüsündə də onun uzun müddət avtomobildən düşə bilməməyi də bunu sübut edir. Məhz bu səbəbdən də çəkdiyi mənəvi iztirablar nəticəsində ona dəymiş mənəvi zərəri 50.000 (əlli min) manat qiymətləndirir. Həmin məbləğ mənəvi zərər də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməlidir. o hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlayıb ona 1250 (min iki yüz əlli) manat xidmət haqqı ödəmişdir və həmin xərci də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsi-vəkilinin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarından olan: xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilmişdir ki, “Lexus GS” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X6” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Volkswagen Tiquan” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində “X6” Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qərarda eyni zamanda qeyd edilmişdir ki, hakim Aytən Əliyevanın xx.xx.2017-ci il tarixli qərarı ilə, İddiaçı İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İşin hallarından aşkar göründüyü kimi, yol nəqliyyat hadisəsinin xx.xx.2017-ci il tarixdə saat 20:50 radələrində baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, sözügedən yol-nəqliyyat hadisəsinin göstərilən tarixdə və saatda baş verməsi iş materiallarında əks olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yYol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X6” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. “X6” Qanunun 63.1-ci maddəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir Cavabdeh1 idarə etdiyi və digər cavabdeh Aytən Ağazadəyə məxsus olan avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşaraq nəticədə hər iki avtomobil xəsarət almışdır. İş materialları ilə təsdiq olunur ki, hadisənin baş verməsində hər iki avtomobilin təqsiri olmuşdur. Belə ki, iddiaçı tərəfindən yol hərəkəti nişanının tələblərinə riayət edilməmiş, Cavabdeh1 tərəfindən isə yol hərəkəti sürəti aşılmaqla avtomobil idarə edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, avtomobil sahibi o halda zərərin əvəzini ödəmək məsuliyyəti daşıyır ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsin. Lakin hazırki işdə göründüyü kimi yol-nəqliyyat hadisəsinin baş verməsində iddiaçının da təqsiri olmuş və iddiaçı da öz növbəsində 200 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki halda cavabdeh tərəfindən iddiaçıya dəymiş olan ziyanın əsasında delikt dayanmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbini təmin etmədiyindən iddia tələbinin “mənəvi zərər” hissəsini araşdırmağa zərurət görmədiyindən, həmin hissəni araşdırmır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və hüquqi yardım üçün ödənilən pul vəsaiti) iddiaçının özünə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan və 1250 manat hüquqi yardım üçün ödənilmiş rüsumdan ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zərər» barədə iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu və 1250 manat hüquqi yardım göstərilməsi ilə bağlı rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar