Məhkəmə qərarları › İş №2(009)-1853/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1853/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1853/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 210 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 noyabr 2021-ci il tarixdə iş üzrə Cavabdeh sürücülük kursu üzrə təlim keçmək adı altında iddiaçını aldadaraq 210 manat pulunu ələ keçirmişdir. Belə ki, Cavabdeh özünü iddiaçıya qadın sürücülük kursu təşkil edən şəxs kimi təqdim etmişdir. Bu səbəbdən də onunla əlaqə saxlayaraq iddiaçıya da təlim keçməsini xahiş etmişdir. Cavabdeh təlim keçməsi üçün 210 manat xidmət haqqı ödəməli olduğunu bildirmiş və həmin məbləği özünə məxsus 416973.....8110 saylı plastik bank kartına köçürməyini xahiş etmişdir. İddiaçı həmin karta 03 noyabr 2021-ci il tarixdə Cavabdeh plastik bank kartına 210 manat pul köçürmüşdür. Köçürmə "xxxx" ASC tərəfindən təsdiq edilir. Cavabdeh müxtəlif bəhanələrlə təlimin keçirilməsini təmin etməmişdir. Dəfələrlə pulunun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" ASC-nin İddiaçı ünvanlandığı 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, 03 noyabr 2021-ci il tarixdə İddiaçı məxsus 416974......3600 nömrəli plastik kartdan Cavabdeh məxsus 416973......8110 nömrəli plastik karta 210 manat məbləğdə pulun “kartdan karta” köçürülməsi həmin tarixdə uğurla tamamlanmışdır. İş üzrə "xxxx" Hüquq və Konsaltinq Şirkəti MMC-nin 29 dekabr 2021-ci il tarixli Cavabdeh ünvanlandığı pretenziya məktubundan görünür ki, 5 gün müddətində 210 manat pulun ödənilməsi tələb edilir, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə AA 322269 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1985-ci ildə Laçın şəhərində anadan olmuş, 1992-ci ildə Laçın şəhərini tərk etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Sürücülük təlimi keçməsi ilə əlaqədar iddiaçı cavabdehin bank hesabına 210 manat pul köçürmüşdür. Cavabdeh öhdəliyi icra etmədiyindən cavabdehin hesabına köçürdüyü pulu geri tələb edir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (Mülki Məcəllənin 777.1, 777.2 maddələri). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2). Məhkəmə hesab edir ki, cavabdeh şifahi tapşırıq müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və bununla da müqavilənin şərtlərini pozduğundan iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar