Məhkəmə qərarları › İş №2(009)-1853/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1853/2023

08.09.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1853/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi L.E.Əlizadənin iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maraqlı şəxs internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yayılması qadağan edilən məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə 14 avqust 2023-cü il tarixli 3-27-101/1-M-12/1-42/2023 nömrəli məktubla müraciət ünvanlanmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının Konstitusiyanın özündə və Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş hallarda və çərçivədə məhdudlaşdırılması qanunauyğun hesab olunur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.2-ci maddəsinə əsasən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar yayılması qadağan edilən informasiya hesab olunur.Aparılan araşdırma nəticəsində müraciətdə qeyd olunan Maraqlı şəxs internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsində nəzərdə tutulan (milli nifrət və düşmənçiliyin salınmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkilinə açıq çağırışlar əsasları üzrə) yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən Maraqlı şəxs internet informasiya ehtiyatının və (və ya) onun host provayderinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi Maraqlı şəxs internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X2 ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs - Maraqlı şəxs internet informasiya ehtiyatının və onun domen adının sahibinə dair ünvan və ehtiyatında internet informasiya yerləşdirilmədiyi üçün və onun haqqında digər məlumatlar aşkarlanması mümkün olmadığından, ona məhkəmə iclası barədə məlumat verilməsi mümkünsüz olmuş, bu səbəbdən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-27-101/1-M-12/1-42/2023 nömrəli müraciətdən belə məlum olur ki, müraciətçi www.feministpeacecollective.com saytının antihökümət və erməniləri dəstəkləyən propaqandalar yayılmasının bloklanmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən maraqlı şəxsə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə www.feministpeacecollective.com internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə dair müraciət daxil olmuşdur. Bildirirlər ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.2-ci maddəsinə əsasən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar yayılması qadağan edilən məlumatlar hesab olunur. Həmin Qanununun 13- 3.1 -ci və 13-3.2-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir. Bildirirlər ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 729 nömrəli Fərmanına əsasən həmin Qanunun 13-3.1-ci və 13-3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, www.feministpeacecollective.com internet informasiya ehtiyatından yayılması qadağan edilmiş informasiya tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadığı təqdirdə həmin internet informasiya ehtiyatının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Maraqlı şəxs internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsində nəzərdə tutulan (milli nifrət və düşmənçiliyin salınmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkilinə açıq çağırışlar əsasları üzrə) yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən Maraqlı şəxs internet informasiya ehtiyatının və (və ya) onun host provayderinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxsə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə qeyd edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsi internet informasiya ehtiyatının və onun domen sahibinin həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməsini müəyyən edir. Yayılması qadağan edilən informasiyalar sırasına təhqir və böhtan xarakter daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar da daxil edilmişdir. Belə məlumatların aşkara çıxarılması zamanı qanunvericilik müvafiq icra hakimiyyəti orqanına internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.84-cü yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq vəzifəsini həyata keçirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 13-3.1-ci, 13- 3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli Fərmanından görünür ki, adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi qanunvericilik hazırki ərizəçiyə internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın müəyyən edilməsi səlahiyyəti verməklə, belə informasiyanın aşkara çıxarılması zamanı edilmiş xəbərdarlıqdan sonra nəticə çıxarılmayacağı təqdirdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək səlahiyyətini də verir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasinin Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. İnsanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13-2.3.10-1-ci maddəsi). Həmin Qanunun 13-2.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adi və elektron poçt ünvanı həmin internet informasiya ehtiyatında aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə qədər müvafiq tədbirlər görülsə də, yəni maraqlı şəxsə xəbərdarlıq məktubları göndərilsə də, maraqlı şəxs tərəfindən həmin məktublarda qeyd edilən nöqsanlar aradan qaldırılmamış, internet informasiya ehtiyatı tərəfindən qanunla yayımı qadağan edilmiş məlumatların internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.2-ci maddəsinə əsasən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar yayılması qadağan edilən informasiya hesab olunur. AR MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Beləliklə məhkəmə qeyd edir ki, Maraqlı şəxs internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuş, internet informasiya ehtiyatında yayılması qadağan edilən təbliğat xarakterli məlumatlar internet saytında yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması təmin olunmalı, Maraqlı şəxs internet portalının informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 355-22.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. İnternet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə eyni zamanda qeyd edir ki, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. AR Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasına hər kəsin fikir və söz azadlığı Konstitusiya ilə qorunur, lakin həmin azadlıq həyata keçirilərkən nəzərə alınmalıdır ki, bu irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsin səbəb olmasın. Digər tərəfdən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 10-cu mddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Qanunun 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyasının tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qournması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Konstitusiyanın 47-ci maddəsinin İİİ hissəsində söz azadlığının məhdudlaşdırılmasının ümumi meyarları müəyyən edilərək göstərilir ki, «irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir». Belə hərəkətlər heç zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə, bu əməllər cinayət məsuliyyətinə səbəb olur. Bu da ondan irəli gəlir ki, belə əməllərə fikrin yayılması cəmiyyətin sabitliyini pozar, insanların hüquq və azadlıqlarını təhlükə altında qoyar. Nəzərə almaq lazımdır ki, qanunvericilik konkret olaraq digər millət və ya insana münasibətə görə deyil, belə münasibəti, fikri söz formasına çevirib təbliğ etməyə görə məsuliyyət müəyyən edir. Buda ondan irəli gəlir ki, heç kəs öz fkirinə görə məsuliyyətə cəlb oluna bilməz. Lakin bu fikirlər artıq sözə keçib başqa insanlara da təbliğ edildikdə, ictimai təhlükəli əməl xarakteri alır. Beləliklə məhkəmə hesab edir ki, göstərilən internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan, qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 35520-355-22-ci maddələrini rəhbər tutub məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs internet informasiya ehtiyatına müraciət məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar